Qurtuluş özünütəsdiq tarixidir
15 iyun Milli Qurtuluş Günüdür
Ulu öndər Heydər Əliyevin
1993-cü il iyunun 15-də Azərbaycanda siyasi hakimiyyətə
xilaskar missiyalı qayıdışı bizi milli müstəqilliyimizi
itirmək təhlükəsindən xilas etdi. Bununla da ölkənin
ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında,
beynəlxalq əlaqələrdə dönüş
yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə
uyğun müstəqil dövlət quruculuğu prosesi
başlandı. Azərbaycanın dövlət müstəqilliyi
hər cür daxili və xarici təhdidlərdən qurtuldu.
Ümummilli liderin həyata keçirdiyi təxirəsalınmaz
tədbirlərin nəticəsi kimi bir tərəfdən Milli
Ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini
qorumağa qadir nizami silahlı qüvvələrin
yaradılması, torpaqlarımızın müdafiə
olunması ilə bağlı mühüm addımlar
atıldı, digər tərəfdən atəşkəsə
nail olmaq üçün bütün siyasi və diplomatik
vasitələr işə salındı və bunun da nəticəsində
1994-cü ilin mayında ölkəmiz üçün həyati
əhəmiyyət kəsb edən atəşkəs əldə
edildi.
1993-cü il iyunun 15-də Azərbaycan
parlamentində dərin məzmunlu nitq söyləyən ulu
öndər Heydər Əliyev respublikanı xaos və anarxiya
burulğanından çıxarmaq, xalqın etimadını
doğrultmaq üçün səylə
çalışacağını bəyan etdi: “...Azərbaycan
Respublikasının dövlət müstəqilliyi ən əsas
məsələdir. Müstəqil Azərbaycanda demokratiya
inkişaf etdirilməlidir. Siyasi plüralizmə geniş yol
verilməlidir. Azərbaycan Respublikasında Konstitusiyanın
pozulmasına, qanun pozuntularına yol verilməməlidir.
Dövlət quruculuğu və cəmiyyətin
formalaşması məhz demokratik prinsiplər əsasında
olmalıdır. Siyasətdə və iqtisadiyyatda sərbəstlik,
hürriyyət, insan azadlığı, insan
hüquqlarının qorunması və sərbəst
iqtisadiyyat, bazar iqtisadiyyatı prinsipləri bərqərar
olmalıdır. Yəni bizim respublikamız bir il bundan öncə
başladığı yolla getməkdə davam etməlidir.
Bu, düzgün yoldur, doğru yoldur, bu yolla bizim respublika daha
qətiyyətlə getməlidir. Əmin olmalısınız
ki, mən bu yola həmişə sadiq olacağam”.
Ulu öndər Heydər Əliyevin
iyunun 15-də Ali Sovetin sədri seçilməsi böyük
strateqin yalnız hakimiyyətə qayıdışı deyil,
eyni zamanda xalqın qurtuluş və özünütəsdiq
tarixidir. Bu tarixi qayıdış, ilk növbədə Azərbaycanın
varlığını, müstəqilliyini, dövlətçiliyini
qoruyub saxlamış, ölkəni parçalanmadan, vətəndaş
müharibəsindən, düşmən
işğalının geniş miqyas almasından xilas
etmişdi.
Azərbaycan daxilində yaranmış nisbi sabitlikdən və beynəlxalq aləmdə ölkəmizə artan inam və maraqdan istifadə edərək 1994-cü ilin 20 sentyabrında “Əsrin müqaviləsi” adlandırılan ilk neft müqaviləsinin imzalanması və onun gerçəkləşdirilməsi ulu öndər Heydər Əliyev tərəfindən işlənib hazırlanmış və müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən yeni neft strategiyasının həyata keçrilməsinin parlaq təzahürüdür.
Heydər Əliyevin rəhbərliyi altında aparılmış son dərəcə gərgin fəaliyyət nəticəsində Azərbaycan xalqının taleyi ilə pərdəarxası oyunlara, siyasi anarxiya və eksperimentlərə son qoyuldu, ölkədə cinayətkarlığın qarşısı tam alındı, bütün qanunsuz silahlı dəstələr ləğv olunmuşdu ki, bunlar da bütövlükdə Azərbaycanda dövlət quruculuğu prosesinin uğurla aparılması üçün şərait yaratdı. Azərbaycan dövlətçiliyinin mövcudluğuna böyük təhlükə olan 1994-cü il oktyabr və 1995-ci il mart dövlət çevrilişi cəhdlərinin qarşısı Heydər Əliyevin qətiyyəti sayəsində alınmış, dövlət müstəqilliyi qorunub saxlanmışdır.
1995-ci il noyabrın 12-də müəllifi Heydər Əliyev olan müstəqil Azərbaycanın Konstitusiyası qəbul olundu. Ulu öndər hakimiyyətə qayıtdıqdan sonra ölkəmizdə zəruri dövlət təsisatlarının yaranması və dövlət quruculuğu prosesi böyük vüsət almışdır ki, bunun da əsasını müstəqil Azərbaycanın Konstitusiyası təşkil edirdi. Ondan sonrakı dövrdə Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olması, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla, sürətlə həyata keçirilməsi şəxsən Heydər Əliyevin adı ilə bağlıdır.
Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə başlıca qayəsini müstəqillik, azərbaycançılıq, dövlətçilik, ədalətlilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərlər təşkil edən yeni bir ideologiyanın əsası qoyulmuşdur. Heydər Əliyevin apardığı daxili siyasət Azərbaycanın hər bir vətəndaşına azad, sərbəst yaşamaq hüquqlarını təmin etmək və öz rifahını yaxşılaşdırmaq imkanları yaratmaqdan ibarət olmuşdur. Heydər Əliyevin fəaliyyətində iqtisadi islahatlar, bazar iqtisadiyyatının bərqarar olması, iqtisadi inkişafın təmin edilməsi, Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası, özəlləşdirmə proqramının, aqrar islahatların həyata keçirilməsi ardıcıl prioritet sahələr olmuşdur. Heydər Əliyev demokratik, hüquqi dövlət quruculuğu istiqamətində davamlı siyasət yeridərək ölkədə insan hüquq və azadlıqlarının başlıca prinsiplərinin bərqərar olması üçün əsaslı zəmin yaratmışdır. Ulu öndərin rəhbərliyi altında Azərbaycan dövlətinin xarici siyasəti, dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə əlaqələri milli maraqlara və uzaqgörən siyasi perspektivlərə əsaslanan xətlə inkişaf etməyə başlamışdır. Bu böyük şəxsiyyətin xarici siyasət məsələlərinə müstəsna əhəmiyyət verməsi, beynəlxalq miqyasda etiraf olunan uğurlu və cəsarətli addımlar atması, milli məqsədlər naminə ən nüfuzlu tribunalardan bacarıq və məharətlə istifadə etməsi Azərbaycan dövlətçiliyinin bugünü və gələcəyi baxımından son dərəcə əhəmiyyətli olmuşdur. Onun fəal diplomatiyası nəticəsində Azərbaycan dünyanın demokratik dövlətlərinin və aparıcı ictimai təşkilatlarının ölkəmizə, onun zorla cəlb olunduğu silahlı münaqişəyə münasibətinin əsaslı surətdə dəyişməsinə nail ola bilmişdir.
Ulu öndər Heydər Əliyevin xarici siyasətinin əsasını sülh, beynəlxalq hüquq normalarına, sərhəd və ərazi bütövlüyünün toxunulmazlığına hörmət və qarşılıqlı surətdə faydalı əməkdaşlıq prinsipləri təşkil etmişdir. Onun dünya təcrübəsinin bütün naliyyətlərinin, xarici siyasətinin əsasında isə, ilk növbədə, milli müstəqilliyin möhkəmləndirilməsi, bütün mübahisəli məsələlərin sülh və danışıqlar yolu ilə həll edilməsi, qarşılıqlı surətdə faydalı iqtisadi, elmi və mədəni əməkdaşlıq yaradılması, dövlətlərarası əlaqələrə mane olan hər cür halların aradan qaldırılması prinsipləri dayanırdı.
Heydər Əliyevin siyasi, iqtisadi, ictimai və mədəni sahələrdə həyata keçirdiyi planlar artıq Azərbaycanın gerçəkliyinə çevrilmişdir. Onun fəaliyyəti də, şəxsiyyəti də Azərbaycan tarixinin ayrılmaz bir hissəsini təşkil edir. Hər bir azərbaycanlının taleyində Heydər Əliyev dühasının bir zərrəsi vardır. Bu faktın özü hər bir azərbaycanlı üçün qürur və iftixar mənbəyidir. Ulu öndər Azərbaycanın tarixi inkişaf prosesinə təkan vermişdir. Müstəqil müasir Azərbaycan dövlətinin qurucusu kimi milli dövlətçiliyimizin ideya əsasını məhz Heydər Əliyev yaratmışdır. Bütün həyatını öz xalqına bəxş etmiş ulu öndərin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq əsl dövlət idarəçiliyi məktəbinə çevrilmişdir. Azərbaycan xalqının hələ neçə-neçə nəsli bu böyük məktəbdən, Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaqdır.
Ulu öndərin qurub-yaratdığı, müstəqilliyə qovuşdurduğu Azərbaycan hazırda Prezident İlham Əliyevin rəhbərliyi altında sürətlə inkişaf edir, qarşıya qoyduğu hədəflərə doğru inamla irəliləyir. Respublikamız ümumbəşəri dəyərlərə əsaslanaraq mütərəqqi inkişaf kursu seçməklə, demokratikləşmə, insan hüquq və azadlıqlarının təminatı sahəsində ciddi nailiyyətlərə imza atır. Dövlət başçısı cənab İlham Əliyev respublikanın sosial-iqtisadi inkişafına paralel gedən demokratikləşmə prosesini bir-birindən təcrid olunmuş şəkildə götürmədən hər iki xətti Azərbaycanın gələcək yüksəlişinin mühüm şərti hesab edir. Cənab İlham Əliyev çıxışlarında hər zaman bildirir ki, hər hansı ölkənin inkişafı heç də təbii sərvətlərin zənginliyi ilə deyil, demokratikləşmə proseslərindən, qanunun aliliyinin qorunmasından, vətəndaş cəmiyyəti təsisatlarının inkişafından asılıdır. Azərbaycanın bugünkü dinamik iqtisadi inkişafı isə deməyə əsas verir ki, respublikamız yaxın gələcəkdə bütün sahələrdə dünyanın qabaqcıl ölkələrindən birinə çevriləcəkdir.
Elsevər QULİYEV,
“UDT-Texnika MMC”nin
direktoru
Respublika.- 2017.-15 iyun.- S.9.