Şairi düşünərkən...

 

Şair Atif Zeynallı...

Azərbaycan poeziyasının, Azərbaycan şeirinin yüksəliş mərhələsi olan 70-80-ci illərdə bu ad şeir-sənət həvəskarlarının ürəyində, hafizəsində özünə möhkəm yer tutmuşdu.

Atif Zeynallı XX əsrin ikinci yarısı Azərbaycan poeziyasında öz dəst-xətti ilə seçilən, böyük poeziya ümmanında özünə yer tutan şairlərimizdəndir. Zaman bizi addım-addım o dövrün çoxsaylı adlarla təmsil olunmuş ədəbi mühitindən uzaqlaşdırdıqca, biz sanki o mühitin mənəvi inkişafımızdakı rolunu daha dərindən duyaraq qiymətləndirmək imkanı əldə edirik.

O illərdə daha çox orta nəsil kimi tanınan, sevilən, seçilən istedadlı şairlər nəsli yetişib püxtələşmişdi. Mayasında Vətən torpağının füsunkarlığının, dağ vüqarlı Kəpəzin, doğma Bakının, dəli xəzrinin coşdurduğu Xəzərin vəsfi dayanan milli poeziyanı yeni inkişaf səviyyəsinə elə onlar qaldırmışdılar. Zeynal Xəlil, Hüseyn Arif, Fikrət Sadıq, İlyas Tapdıq, Əli Vəkil, Famil Mehdi, Tofiq Bayram, Əliağa Kürçaylı, Gülhüseyn Hüseynoğlu, Məmməd Aslan, Qaçay Köçərli, Vaqif Nəsib, Gəray Fəzli, Davud Ordubadlı, Aslan Kəmərli, Kələntər Kələntərli, Oqtay Rza kimi şairlər... Onların içində Atif Zeynallı da (1927-1991) vardı.

Atif Zeynallı haqqında söz açmazdan əvvəl onun yetişdiyi ədəbi mühitə nəzər salmaq lazım gəlir. Çünki o, öz mühitinin, öz dövrünün yetirməsi idi, Hələ yeniyetməlik illərindən ürəyində şeirə məhəbbət oyanan şairin ilk poeziya nümunələri ötən əsrin 40-50-ci illərinə təsadüf etsə də, onun bir şair kimi tanındığı, sevildiyi dövr məhz 60-70-ci illər olmuşdu. Bu, o dövr idi ki, şairlər Vətənin dünəni və bu günü haqqında daha cəsarətli fikirlər səsləndirir, şeirlərində bəzi məqamları “örtüksüz” dilə gətirməkdən çəkinmirdilər. Şübhəsiz ki, sovet ideologiyasının ən qatı çağlarında Azərbaycan kimi respublikada yaradıcı insanlara, ilk növbədə şairlərə verilən bu imkanlar öz-özünə yaranmamışdı. Bu imkanı onlara bəxş edən, hələ o illərdən milli mədəniyyətin qeyrətini çəkən, şeir-sənət adamlarını təqiblərdən qoruyan, sonralar Azərbaycan xalqının milli dövlətçilik, qürur simvoluna çevriləcək ulu öndər Heydər Əliyev idi. Təsadüfi deyildi ki, o illərdə şairlərin başından, necə deyərlər, bir tük belə əskik olmadı, baxmayaraq ki, şeirlərindəki bir çox misralar açıqdan-açığa milli özünüdərkə, azərbaycançılıq ahənginə kökləmişdi. Bu imkandan, bu qayğıdan Atif Zeynallı da yetərincə bəhrələnirdi. Onun şeirlərindəki vətən yanğısı, əzəmətli keçmişimiz, eləcə də füsunkar təbiət lövhələrinin vəsfi 70-ci illər Azərbaycan poeziyasının sevilən, oxunan nümunələrindən idi. Azərbaycanın Cənub bölgəsinə yaradıcılıq ezamiyyəti zamanı İran sərhədi yaxınlığında yolda şlaqbaum görən şair “Şlaqbaum” adlı cəmi iki bəndlik şeir yazmışdı. Birinci bənddə avtomobillərin, qatarların toqquşmaması üçün yolu kəsən şlaqbaumdan danışan şair, ikinci bənddə yazırdı:

Şlaqbaum da var,

Qolu kəsir.

Bir bədənin iki əli,

Çatmasın bir-birinə...

Bu, sadəcə o dövrdə dəbdə olan Təbriz mövzusu, Cənub həsrəti deyildi. Bu, Azərbaycan torpaqlarını iki hissəyə bölmüş əski Çar Rusiyasının, o dövrdə isə rəsmi Moskva siyasətinin açıqdan-açığa tənqidi, təhdidi idi.

Tale elə gətirib ki, məni şair Atif Zeynallı ilə bir yox, bir neçə paralel bağlayıb. Mən onu hələ gənclik illərimdən tanımışdım və bu tanışlıq, həm də dostluq şairin həyatının sonuna qədər davam etdi. Bakının mərkəzində, hələ bu günə qədər Baksovet deyilən ərazidən iki tin yuxarıda, o zaman milli poeziyamızın, xüsusən heca vəzninin inkişafında böyük xidmətləri olmuş şair Vaqifin adını daşıyan küçədəki məşhur bir binada Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin xeyli qismi yaşayırdı. Vaxtilə bu binada Əli Tudə, İslam Səfərli, Əli Kərim, Cəlal Məmmədov, Qulu Xəlilov, İslam İbrahimov, Əfqan Əsgərov kimi şairlər, tənqidçilər, publisistlər və digər nüfuzlu qələm sahibləri yaşayırdı. Bu bina, bu həyət, bu mühit əsl sənət məkanı “milli poeziya mətbəxi” idi. Atif Zeynallının da bir şair kimi yetişməsində, püxtələşməsində bu məkanın, bu mühitin böyük təsiri olub. Zeynal Cabbarzadə, Zeynal Xəlil, Əli Kərim, Zeynal Vəfa, Ənvər Yusifoğlu və başqalarının bəzən az qala hər axşam toplaşdığı bu mühitdə Atif Zeynallı ən doğma, ən məhrəm kəslərdən idi. Yazdığı bir çox şeirləri də ilk dəfə burada səslənər, müzakirə olunardı.

O zaman hələ cavan olan, şair Atif Zeynallıya da həmin binada mənzil verilmişdi. 60-cı illərin sonunda biz də bir müddət həmin binada yaşamışdıq. Üstəlik Atifgillə yaxın qonşu idik. Mən onun yaradıcı ömrünün ən məhsuldar çağlarının necə gəlib keçməsinin şahidi olmuşam. Tale elə gətirdi ki, o həyətdən köçəndən sonra biz yenə də qonşu olduq, Hökumət evinin qonşuluğundakı binada yaşadıq. Bu, artıq 80-ci illərin sonu, 90-cı illərin əvvəlləri idi. Həmin vaxtlarda gənclik illərimin artıq arxada qalmasına baxmayaraq, böyük ruh yüksəkliyi ilə çalışır, illər boyu baş müəllim, dosent, dekan işlədiyim, o zamankı Azərbaycan Dövlət İncəsənət İnstitutunun rektoru vəzifəsində özümü doğrultmağa çalışır, yeniliklərə, tədrisin səmərəsinin yüksəldilməsinə can atırdım. Şairsə artıq qocalırdı, bəlkə də elə qocalmışdı. Əslində o, qoca deyildi, yaşı 60-ı yenicə haqlamışdı...

Atif Zeynallı ilə münasibətlərimiz təkcə qonşuluqla məhdudlaşmayıb. Məni yetişdirən mühit, mənsub olduğum ailə bizi tez-tez görüşdürərdi. Ədəbi mühit, vaxtaşırı gedib-gəldiyim Azərbaycan Yazıçılar Birliyi mənə yaxın, doğma idi. Atif Zeynallı da bu mühitin, bu ədəbi aləmin bir parçası, zərrəsi idi. Daşlarına, divarlarına şeir, sənət hopmuş, pilləkənlərində Səməd Vurğunun, Mehdi Hüseynin, Osman Sarıvəllinin, Əbülhəsənin, Əli Vəliyevin ayaq izləri qalmış bu müqəddəs ocaq hər ikimiz üçün də eyni dərəcədə doğma idi. Mən dəfələrlə Atif Zeynallını Yazıçılar İttifaqında, şəhərin mərkəzində, Sahil bağı ətrafindakı parkda gəzişən, qələm yoldaşları ilə söhbətləşən, hətta bəzən coşaraq mübahisə edən görmüşəm. Biz, həm də iş yoldaşı olmuşuq. Ən vacibi respublikamızın baş elm məbədgahı Azərbaycan Milli Elmlər Akademiyasında birgə çalışmışdıq.

Atif Zeynallı Moskvada, SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda aspirantura təhsilini başa vurub Bakıya qayıdandan dünyasını dəyişən günə kimi Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda işləyib. O məkanda ki, orada Mirzağa Quluzadə, Məmməd Arif, Məmməd Cəfər, Əziz Mirəhmədov, Kamal Talıbzadə kimi təfəkkür, düşüncə nəhəngləri çalışıb. Atif Zeynallı o zaman “Azərbaycan sovet ədəbiyyatı” adlanan şöbədə çalışırdı. Şöbə müdiri öz yaxın dostu, istedadlı alim və şair Qasım Qasımzadə idi. İş elə gətirmişdi ki, mən özüm də aspiranturanı bitirdikdən sonra xeyli müddət Ədəbiyyat İnstitutunda işlədim. Mövzum Hüseyn Cavid yaradıcılığında ideyalar aləminə həsr olunmuşdu. Dissertasiyanı müvəffəqiyyətlə müdafiə edib, elmlər namizədi adını alandan bir müddət sonra məni İnstitutda elmi katib vəzifəsinə təyin etdilər. O illərdə Atif müəllimlə münasibətlərimiz daha da doğmalaşdı.

Atif müəllim qəlbən həssas, kövrək insan olmasına baxmayaraq, zahirən səsli-küylü, danışdıqca coşan bir adam idi. Onun işə gəlişi ilə institutun dəhlizlərində sanki bir canlanma baş verirdi. Şöbəyə çatana qədər o, yolüstü, demək olar ki, bütün otaqlara baş çəkir, əməkdaşlarla görüşür, dostluq etdiyi insanlarla zarafatından qalmırdı. Alim kimi o, çox prinsipial, ədalətli idi. İnstitutun elmi katibi olduğum üçün müdafiələrin, müzakirələrin əksəriyyətində iştirak edirdim. Atif Zeynallının da prinsipiallığını, kimlərinsə, nələrinsə xatirinə haqqa nahaq deməyə cəhd edənlərin qarşısına kişi kimi çıxmağını, istedadlı, lakin arxasız aspirantlara, gənclərə dəstək olduğunu dəfələrlə görmüşdüm. Eyni zamanda çətinliklərdən, özünün qarşılaşdığı haqsızlıqlardan danışıb şikayətlənməyi xoşlamazdı. “Xasiyyətnaməm” şeiri də elə bu fikirlərlə tamamlanırdı:

Budur yolum, budur andım

Mən bu yolda alışsam da,

Söyləmərəm,

Niyə yandım, necə yandım!

Atif Zeynallı həm də geniş dünyagörüşünə malik, nəzəri cəhətdən savadlı, hazırlıqlı tənqidçi idi. Mən onun ədəbiyyat nəzəriyyəsi və ədəbi tənqid sahəsindəki elmi fəaliyyətini şairliyindən az əhəmiyyətli hesab etmirəm. Ədəbiyyat İnstitutunda bir yerdə çalışdığımız illərdə onun elmi görüşlərinin mükəmməlliyinin şahidi olmuşam. Müasir Azərbaycan poeziyasının müxtəlif problemlərindən, xüsusən orta və gənc nəsil şairlərinin yaradıcılığından saatlarla söz aça bilirdi. O, belə söhbətlərdən yorulmurdu, əksinə, zövq alır, sanki ruhən dincəlirdi. Səməd Vurğunu çox sevirdi. 60-70-ci illərdə qələmə aldığı şeirlərinə sanki Səməd Vurğunun ruhu çökmüşdü. Həmin illərdə yazdığı, doğma torpağın gözəlliklərini əks etdirən şeirlərində şair təbiətə sanki onun gözü ilə tamaşa edirdi. Böyük Səməd Vurğunu Azərbaycan məfhumunun bir növ sinonimi, prototipi, bəlkə də elə portreti sanırdı. Onun nəzərində Vurğun da Azərbaycan kimi böyüklük, əzəmət simvolu idi:

Vurğun dedim, Vurğunlaşdım özüm də,

Azərbaycan dünya qədər nəhəngləşdi gözümdə!

O, XX əsrin əvvəllərində mövcud olmuş klassik ədəbi irsə də bələd idi. Xüsusən Cavid, Hadi və S.Mənsur romantizmini yüksək qiymətləndirirdi. Cavid barəsində söhbətlərimiz də olurdu. Bu, elmi mövzum olduğundan məni çox maraqlandırırdı. Qəribədir ki, bir şair kimi bütün yaradıcılığı boyu təsviredici xarakterli, realist ruhlu, oynaq, əlvan təbiət lövhələri yaradan, Vətəni və onun gözəlliklərini vəsf edən sənətkar ömrünün son illərində özünün də hörmət etdiyi, lakin yaxın getmədiyi romantizmə meyil etməyə başlamışdı. Həm də bu romantizm, əksər hallarda olduğu kimi, məhz bədbin ruhlu bir romantizm təsiri bağışlayırdı.

Şair müasir nəsrin inkişafında Mehdi Hüseyn, Hüseyn Abbaszadə, İsmayıl Şıxlı, Fərman Eyvazlı və başqalarının rolunu yüksək qiymətləndirir, İlyas Əfəndiyev dramaturgiyasını teatr sənətinin inkişafında mühüm mərhələ hesab edirdi. Xüsusən də “Atayevlər ailəsi” onu çox təsirləndirmişdi.

Atif Zeynallı poeziyasının əsas simvollarından biri Xəzər idi. Uşaqlıqdan çılğın Xəzərin qayalı, qumsal sahillərində böyüyən şair üçün dəniz bir növ Vətənin, Azərbaycanın simvolu idi. Uzaq gənclik illərində nəşr olunmuş ilk kitabının adını “Sahildə” qoymuşdu. Bundan bir qədər sonra ikinci kitabı çapa hazırlananda onun da adını “Yenə o sahildə” qoydu. Beləliklə, dəniz mövzusu şairin yaradıcılığının əsas istiqamətlərindən oldu.

O, hətta öz övladının da adını Xəzər qoymuşdu. Bu məqam məni şairlə, onun ailəsi ilə, övladı ilə birləşdirən paralellərdən biridir və bu gün də davam edir. Mən Xəzərin oxuduğu ozamankı İncəsənət İnstitutunda onun müəllimi, dekanı olmuşam. Sonralar rektor işləyəndə qabiliyyətli bir gənc olduğunu görüb təhsilini başa vuran kimi onu institutda müəllim saxladım. O, etimadı tamamilə doğrultdu. Xəzər bu gün də rəhbərlik etdiyim kollektivdə müəllim işləyir, mədəniyyət təhsilinin inkişafına öz töhfəsini verir. Hər dəfə onu görəndə atasını xatırlayıram, nostaljilər məni çəkib o illərə aparır.

Bu günlərdə şair Atif Zeynallının 90 illiyi əməkdaşı olduğu Ədəbiyyat İnstitutunda geniş qeyd edildi. Şairin xatirəsi uzun illər çalışdığı kollektivdə böyük ehtiramla anıldı.

Zaman dəyişsə də, vaxtilə milli poeziyaya yeni nəfəs gətirən 60-80-ci illər lirikası, bu lirikanı özlərinin zəngin yaradıcılığı ilə cilalamış adlar, imzalar bu gün də xatirələrdə yaşayır. Biz onları unutmamalıyıq, çünki o ədəbi irs bizim bu gün inkişaf etmiş, sayca artmış, texnogen zəmanənin imkanlarından yararlanaraq özünə daha çevik təqdim, reklam imkanları əldə etmiş müasir şeirimizin yaxın keçmişdən boylanan, hələ köhnəlməyə macal tapmayan sələfidir. Bu şeirlərin bir çoxunda özünü büruzə verən düşüncə ziyası, fikir işartıları bu gün üçün də aktualdır. Və nə qədər ki, yaxın keçmişin zəngin poetik irs qoyub getmiş poeziya təmsilçiləri unudulmayıb, istedadlı şair, tanınmış ədəbiyyatşünas-alim Atif Zeynallı da onların arasında daim xatırlanacaq.

 

Timuçin ƏFƏNDİYEV,

Əməkdar elm xadimi, professor.

 

Respublika.- 2017.-15 iyun.- S.14.