Taleyimizdə yaşayan
Taleh Həmid
Yaşlı və orta nəslin, elə bugünkü gəncliyin də tanıdığı bir şair vardı: Taleh Həmid. Əslində insanın fiziki yoxluğundan sonra haqqında keçmiş zamanda “vardı” kəlməsini işlətməyə məhkumuq. Lakin yaradıcı insanların, sənətkarların özlərindən sonra qalan mənəvi varidatı ilə bəhrələndikcə, söz-sənət sahiblərinin də aramızda olduğunu düşünəndə böyük inamla, “Taleh Həmid bu gün də yaşayır” fikrindən qəlbimiz işıqlanır.
Taleh təbiətin yaratdıqlarına aşiq olan, onun təzadlarını duyan və yaradıcılığında müşahidə etdiklərinə münasibətini bildirən şair idi. Bir sözlə, həyatın hər üzünə bələd olan şair bir ziyalı vətəndaş, düşündüklərini obrazlı şəkildə ifadə edən yaradıcı insan, ədəbi şəxsiyyət idi. Taleh yaxşı şair idi, mənalı yazırdı, fəlsəfi yazırdı, qəmli yazırdı, ovqatına söykənərək özünün taleyini, ictimai həyatın ağrılarını yazırdı. Azərbaycanın Şəmkir bölgəsinin Dəllər Cəyir kəndində doğulan, Bakıda çalışan, yazıb-yaradan Taleh Həmid ağır xəstəliyin sürüb gətirdiyi acı payızın bir günündə göz açdığı ocağa qayıtdı, bu dəfə əbədilik.
Bu qoca aləmin dağı, çayı var,
Fəsillər bölünüb-qışı, yayı var.
Çox da ki, hərənin ayrı payı var,
Biri çox, biri az olanlar oldu.
Kiminə az, kiminə çox pay düşən
bu dünyada onun payı az oldu. Bir dəfə
yazmışdı ki,
şair kimdir? Onu zaman yaradır, yoxsa anadan şair
doğulur? Bu suala özü cavab verirdi ki,
şairlər qəlbən,
fitrətən şair
doğulurlar. Onun özü
də anadan şair kimi doğulmuşdu, anası bədahətən şeir
deyib, atası da cavanlığında şeir yazıb. Özü də yarı zarafat, yarı gerçək deyirdi ki, biz şair nəsliyik.
Taleh hələ orta məktəbdə oxuyanda şeir yazıb, el-obasında şair kimi tanınıb, mətbuatda çap olunub. Bakıya şair kimi
gəlib. 1975-1980-ci illərdə Azərbaycan
Dövlət Universitetinin
(ADU) jurnalistika fakültəsində
təhsil alıb.
1979-cu ildə əmək fəaliyyətinə
o zaman gəncliyin nüfuzlu ədəbi orqanı olan “Ulduz” jurnalında başlayıb. Onu Yusif
Səmədoğlu işə
qəbul edib. Şeirlərini oxuyub, bəyənib
və deyib ki, sən hazır
şairsən. Burada şöbə
müdiri vəzifəsində
çalışıb. Sonradan jurnalın baş redaktoru olmuş Sabir Azəri də onun qələminə,
yazısına dəyər
verib, onu qiymətləndirib. Taleh jurnalın
sayılıb-seçilən, yüksək bədii zövqə malik əməkdaşı olub.
Elə redaksiyaya gəlişinin
ilk vaxtlarından yazılar
haqqında fikirləri
hər zaman müsbət qarşılanıb.
Hələ gənclik
illərində Respublika
Lenin Komsomolu mükafatı
laureatı adına
layiq görülüb.
Hələ tələbə olarkən
onun şeirləri çox oxunurdu, bəyənilirdi, sevilirdi. Həmin vaxtlar
o, bəxtəvər günlərini
yaşayırdı. İstedadlı, qabiliyyətli, bir də səmimi, mehriban insan olduğundan dostları çox idi. Hamı xətrini əziz tuturdu. Taleh yaxşı dost, etibarlı
adam idi.
Ünsiyyətdə olduğu adamlar
Talehin söhbətlərindən,
şeirlərindən zövq
alırdı. Onunla
olanda heç kim darıxmazdı,
əksinə, mənən
zənginləşər, kamilləşərdilər.
Talehin yaxşı yol yoldaşlığı da
vardı, dostları onunla yol getməyi
çox xoşlayardı. Sabir Azəri
rayona gedəndə Talehsiz getməzdi. O deyərdi, Taleh əvəzsiz həmsöhbətdi,
adamı darıxmağa
qoymur. Onunla yaxın olanların
münasibəti tezliklə
dostluğa çevrilirdi.
Bizim də tanışlığımızın
ilkin vaxtlarından elə dostluğumuzun təməli qoyuldu. Qəlbən,
ruhən yaxın idik, yaradıcı söhbətlərimiz - istər
klassik ədəbiyyatımızla
bağlı, istərsə
də çağdaş
ədəbi mühitin
durumu ilə əlaqədar daim müzakirələrimiz olurdu.
Yazılarımızı bir-birimizə oxuyurduq.
Bir vaxt onunla Alma-Ataya getdik, kitab
günlərində iştirak
etdik. Orada olanda vaxtilə
o yerlərə sürgün
olunmuş azərbaycanlıları
tapdıq, görüşdük,
dərdləşdik. Taleh təbiətən
çox kövrək,
ürəyiyumşaq adamıydı.
Onlarla söhbətdən sonra mənim şair qardaşım oturub ağladı. Deyirdi, qardaş,
gör bu günahsız insanların
başı necə qovğalar çəkib, nələr, əziyyətlər
yaşayıblar. Bütün bu
hadisələrdən xəbərdar
olanda, onları eşidəndə öz dərdimi unutdum. Vətən, doğma torpaq, yurd həsrətinin
göynərtisi hələ
də gözlərindən
çəkilməyib...
Taleh Həmid təcrübəli
mətbuat işçisi
kimi yetişib formalaşmışdı. Ötən əsrin
sonlarında milli oyanış dövrünün
meydana gətirdiyi mətbuat orqanlarından biri də onun
1989-cu ildə yaratdığı,
təsisçisi və
baş redaktoru olduğu “Yeni Fikir” qəzeti idi. Bu qəzet az bir vaxtda ətrafına yeni düşüncəli,
azad fikirli əliqələmliləri topladı.
Qəzet
ziyalıların tribunası
idi. Taleh nə qədər
səmimi, humanist olsa da, eyni zamanda
prinsipial, vətən
və xalq təəssübünü çəkən,
sözün dəyərini
bilən bir ziyalı vətəndaş
idi. Haqsızlığa qarşı barışmaz
idi. O, qəzetdə
xalqın milli hisslərini oyadan, haqqı, ədaləti təcəssüm etdirən
yazılara yer verirdi. Onun jurnalistlik fəaliyyəti
bu qəzetlə parladı, publisist kimi yetişdi, yazıları rəğbətlə
qarşılandı. Taleh qəzetin
bütün yazılarını
zərrəbin dəqiqliyi
ilə oxuyur, hər birinə diqqət yetirirdi. Elə bu səbəbdən də o zaman bu qəzet çox
sevilir, çox oxunurdu. O, 1992-ci ildə
“Müstəqil” qəzetini
yaratdı, təsisçisi
və baş redaktoru oldu. 13 il bu qəzeti də yüksək zövqlə,
milli mətbuatımızın
dəyərli nümunəsi
olan bir qəzet səviyyəsində
yaşatdı. Bu qəzetin də özünün ziyalı
auditoriyası yarandı.
Taleh
2005-2015-ci illərdə isə
Regionların İnkişafının
İctimai Birliyində
sədr müavini işlədi.
Yaradıcılığını iki istiqamətdə (şair,
publisist) inkişaf etdirən Taleh Həmid Azərbaycan ədəbiyyatına “Qapımı
bahar döyür”, “Dünya yaxşıdır
hələ...”, “Məni
gözləyən olsa”,
“Təltifsiz bulud”, “Bu
gündən sabaha”, “Mənə ürəyində
yaz yeri saxla”, “Günəşdən
gizlənir yay çiçəkləri”, “Ömrün
payız sovqatı”, “Qarlı axşamların işığı”, “Sənə
məktublar yazıram”
kimi bitkin, dərin mündəricəli,
lirik-fəlsəfi məzmunlu
əsərlərinin yer
aldığı kitablar
bəxş etmişdir.
2015-ci ildə şair-publisist Taleh Həmidin “Yəhya bəy Dilqəm” adlı ikihissəli lirik-psixoloji dramı Naxçıvan Dövlət
Musiqili Dram Teatrında
tamaşaya qoyulmuşdur.
O, Yazıçılar Birliyinin
üzvü idi.
Bir dəfə Taleh bizə gəldi, yorğun və üzgün idi, xəstəxanadan çıxmışdı. Xəstə olduğumdan
mənə baş çəmək, dərdləşmək,
söhbətləşmək istəmişdi. Özü
ağrıların içində
olsa da, mənim halıma
yanır, səhhətimdən
yaman nigarançılıq
keçirirdi. Dedi, səni görməsəm,
dayana bilmirəm, indi gördüm-rahat oldum. Bundan sonra çıxıb
getdi. Arxayın vaxtı gələcəyini
dedi, təəssüf
ki, bir də
gəlmədi, qapımızı
döymədi... Talehin
gənclik çağlarında
yazdığı belə
bir şeiri vardı:
Taleyin gül açan anındayam mən,
Demək, doğmaların
yanındayam mən,
Elə bil anamın yanındayam mən,
Qapını bahar döyür,
Qapını bahar döyür.
Taleh, doğurdan da, yanımızdadı...
Deyiləsi, yazılası çox
sözüm var, deyərdi. Ömür imkan verəydi
kaş... daha bir ömür yaşasaydı, sözü
bitib-tükənməzdi. Onun çox geniş qəlbi, həssas ürəyi vardı, insanlara qarşı olduqca diqqətli idi. Dostlarının sevinci, fərəhi
kimi, dərdini, kədərini də özününkü bilirdi.
Ömür yarı
yasda, ötüşür
vədə
Bu gündən sabaha gümanın nədi,
İllər baxmadılar
sərhədə, sədə,
Mənə nəyi verib, nəyi istədi.
Ömrü yarı getdi Taleh, çox yazacaqdı, çox qəlbləri oxuyacaqdı,
çox yeni fikirlərini mətbuatda işıqlandıracaqdı.
Onun həkiminə müraciətlə yazdığı
bir şeiri vardı:
Deyirsən bir azca soyuq olum
mən,
Çox şeyə çox yerdə fikir verməyim.
Deyirsən, de necə
soyuq olum mən,
Qoruyum özümü çox hisslərdən.
Qışın qış
qayğısı, yazın
yaz günü,
Mənim ürəyimin adıdı-adı.
Bu sevinc yükünü, bu qəm yükünü
Çəkirəm, qəlbimim dadıdı-dadı.
Taleh Həmidə çox şeirlər həsr etmişəm. 2010-cu ildə “Günəş” nəşriyyatında
çap olunmuş “Bir ömürlük məhəbbət” kitabımda
“Şairə şikayətlər”
silsilə şeirlər
Taleh Həmidə ünvanlanıb.
Eh, sən hardan biləsən
Dostun nə çəkdiyini.
Təki canın
sağ olsun,
Mənə zəng
etməsən də,
Gəzib aramasan da...
Sən mənim
taleyimsən,
Taledən qaçmaq
olmaz...
Yayın ilk ayında
dünyaya göz açan (19 iyun, 1952) şair dostum, qəmli payızın orta çağında (1 noyabr, 2016-cı il)
əbədiyyətə qovuşdu.
Doğma
Şəmkirin Dəllər
Cəyir kəndində
ana torpağa tapşırıldı. Allah sənə rəhmət eləsin, əziz dost. Əsərlərin yaşadıqca,
sən də yaşayacaq, xatırlanacaqsan...
İsmayıl VƏLİYEV,
Filologiya elmləri
doktoru,
professor.
Respublika.-
2017.-18 iyun.- S.5.