Görkəmli elm
xadimi və pedaqoq
Bu bir həqiqətdir ki, cəmiyyətin inkişafında alimlərin verdiyi töhfə əvəzedilməzdir. Alim olmaq, əsl elmə yiyələnmək çox da asan olmayıb, yuxusuz gecələrə qatlaşmaq, qarşıya çıxan maneələrə sinə gərmək, dünyəvi elmlərə yiyələnmək və bütün həyatını elmə sərf etmək insan ömrünün ən mənalı, şərəfli və qürurlu anlarıdır. Həmin çətin, keşməkeşli yolları keçən, bütün həyatını elmə sərf edən və fundamental elmlər sırasına daxil olan coğrafiya elmləri sahəsində uzun illər tədqiqat aparan, özünəməxsus elmi yaradıcılığı olan şəxslərdən biri də alim-pedaqoq Zahid Səttar oğlu Məmmədovdur. O, görkəmli alim və kamil pedaqoq kimi tanınır.
Böyük Baharlılar nəslinin nümayəndəsi olan Zahid Səttar oğlu Məmmədov 1947-ci il may ayının 22-də anadan olmuş, 1966-cı ildə Mincivan dəmir yolu orta məktəbini bitirmişdir. Elə həmin ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin coğrafiya və biologiya fakültəsinə daxil olub, 1970-ci ildə həmin fakültəni bitirib coğrafiya ixtisasına yiyələnmişdir. 1970-1972-ci illərdə Respublika Təhsil Nazirliyinin təyinatı əsasında Sabirabad şəhər orta məktəbində müəllim işləmişdir. Zahid Məmmədovun elmə həvəsi onu Azərbaycan Elmlər Akademiyasının Coğrafiya İnstitutuna gəlməsinə səbəb olur. 1972-ci ilin sentyabr ayından Zahid Məmmədovun elmi yaradıcılığının ilk günləri Coğrafiya İnstitutundan başlayır.
Zahid müəllim 1973-cü ildə akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunda İqtisadi Coğrafiya ixtisası üzrə əyani aspiranturaya daxil olur. 1973-1974-cü illərdə hərbi xidmətdə olmuşdur. Aspiranturaya daxil olduqdan sonra Coğrafiya İnstitutunun elmi şurasında “Naxçıvan MSSR-in maddi istehsalının və nəqliyyat iqtisadi əlaqələrinin inkişafının iqtisadi-coğrafi problemləri” adlı dissertasiya mövzusu təsdiq olunur. 1980-ci ildə dissertasiya işini müvəffəqiyyətlə müdafiə edərək coğrafiya elmləri namizədi, alimlik dərəcəsi alır. Akademik Həsən Əliyev məktəbinin yetirməsi olan gənc alim Zahid Məmmədov Azərbaycan alimləri ilə yanaşı, keçmiş SSRİ-nin nəqliyyat problemləri ilə məşğul olan görkəmli iqtisadçı, iqtisadi coğrafiyaçı alimlərdən professor İ.V.Nikolcki, A.T.Xruşov, Ç.M.Lappo, İ.P.Alampiyev və s. alimlərlə yaxınlıq etmiş və elmi məsləhətlər almışdır. Öz elmi potensialına güvənən Zahid müəllim gənc alim olaraq Coğrafiya İnstitutunda işlədiyi şöbənin elmi tədqiqat iş planına uyğun olaraq müstəqil elmi-tədqiqat hesabat işlərini yerinə yetirir. Həmin elmi tədqiqat hesabat işlərindən “Böyük Qafqazın sosial-iqtisadi inkişaf problemləri”nə dair hesabat işlərində “Şəki - Zaqatala”, “Quba - Xaçmaz”, “Dağlıq Şirvan” iqtisadi rayonlarının nəqliyyat sistemlərinin təkmilləşdirilməsi problemləri, “Naxçıvan MSSR-in nəqliyyat iqtisadi əlaqələrinin səmərələşdirilməsi”, “Gəncə - Qazax” iqtisadi rayonuna dair aparılmış tədqiqat işində nəqliyyatın səmərəliliyi bölməsini yerinə yetirmişdir. Həmçinin Coğrafiya İnstitutunda dərc olunmuş “Azərbaycanın Konstruktiv coğrafiyası”, “Böyük Qafqazın təbii resursları” adlı yazılmış monoqrafiyaların müəlliflərindən biridir. Zahid Məmmədovun yaradıcılığının birinci dövrü əsasən keçmiş sovet dövrünü əhatə etməklə apardığı elmi-tədqiqat işləri regional səviyyədə Azərbaycan iqtisadiyyatının yüksəlişinə verdiyi töhfələrdən ibarət olmuşdur.
Azərbaycanın müstəqilliyi Zahid Məmmədovun dünya inteqrasiyasına qoşulması üçün əlverişli şərait yaratdı. Bu proses müstəqil Azərbaycanın nəqliyyat sisteminin daha qlobal miqyasda tədqiq olunmasını tələb edir. Artıq yetkin, püxtələşmiş və müstəqil tədqiqat aparmaq bacarığına malik olan Zahid müəllim yeni iqtisadi şəraitdə ölkəmizin nəqliyyat-iqtisadi əlaqələrinin müasir problemlərinin tədqiq olunmasının ölkə iqtisadiyyatı üçün önəmli olduğunu dərk edərək bu sahədə doktorluq dissertasiyası üzərində işləmək qərarına gəlir. 1992-ci ildə “Azərbaycan Respublikasının nəqliyyat və nəqliyyat-iqtisadi əlaqələrinin inkişafının iqtisadi-coğrafi problemləri” doktorluq dissertasiyası üzərində işləyir və 1996-cı ildə doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək coğrafiya elmləri doktoru alimlik dərəcəsi alır. 2005-ci ildə Zahid müəllim sanballı tədqiqatlarına və pedaqoji fəaliyyətinə görə professor elmi rütbəsi alır. Onun Azərbaycanın nəqliyyat sektoruna dair yazdığı fundamental monoqrafiyaları Azərbaycan elminə böyük töhfələr verməkdədir. Alimin doktorluq dissertasiyasında və monoqrafiyalarında irəli sürülən elmi ideyalar, nəqliyyat iqtisadi əlaqələrin səmərələşdirilməsinə dair irəli sürülən təkliflər beynəlxalq əhəmiyyətli layihələrdə öz yerini tapmışdır.
İlk dəfə olaraq Avropa Birliyi tərəfindən həyata keçirilən TASİS və TRASEKA proqramlarının Azərbaycan iqtisadiyyatına və nəqliyyat sisteminə göstərəcəyi təsir mexanizmi professor Zahid Məmmədovun elmi tədqiqatlarında əsaslandırılmışdır (Tasis və Traseka proqramlarının koordinatoru Azərbaycanda akademik Z.Ə.Səmədzadə olmuşdur). Eyni zamanda Azərbaycanın nəqliyyat sisteminin Avrasiya məkanında mərkəzi mövqe tutması və professor Zahid Məmmədovun elmi araşdırmalarında nəqliyyatın spesifik xüsusiyyətləri və rəqabətədavamlılığı uzaqgörənliklə təhlil olunması bir sıra beynəlxalq əhəmiyyətli layihələrdə: Avropa - Qafqaz - Asiya, Trans Qafqaz, Trans Xəzər, Şərq - Qərb, Şimal - Cənub, qədim “İpək Yolu”nun bərpası, Bakı - Tbilisi - Qars dəmir yolu, Bakı - Tbilisi - Ceyhan, Bakı - Tbilisi - Qars ixrac boru kəmər layihələrində öz yerini tapmışdır. Professor Z.Məmmədov elmi yaradıcılığında nəzəriyyə ilə praktika vəhdət təşkil edir. Onun yazdığı fundamental əsərlərdə irəli sürülən elmi ideyalar respublika nəqliyyat sisteminə tətbiq edilərək istər qlobal, istərsə də regional səviyyədə nəqliyyat-iqtisadi əlaqələrin intensiv inkişafına təsir göstərmişdir. Professor Zahid Məmmədovun qələmindən çıxan hər bir əsər oxucu kütləsi tərəfindən rəğbətlə qarşılanır. Onun yaradıcılığına diqqət yetirdikdə 6 monoqrafiya, 3 dərslik, çoxsaylı proqram və metodik vəsaitlər və 160-dan çox məqalənin müəllifi olduğu aydın görünür. Professor Z.S.Məmmədovun elmi tədqiqatları əsasında yazdığı fundamental əsərlər siyahısında “XXI əsr: İqtisadi İnkişafın Nəqliyyat faktoru” (2002), “Regionların İqtisadi İnkişaf Problemləri” (2007), “Naxçıvan Təbii sərvətləri” (1993), “Azərbaycan Respublikasının Xarici İqtisadi Əlaqələri” (2004), “Azərbaycan Respublikasının Region ölkələrinə inteqrasiyası” (2015), “Təbiətdən İstifadənin İqtisadiyyatı” (2010) və s. əsərləri hər bir elm adamının stolüstü kitabı olmaqla, ölkəmizin iqtisadiyyatına, xüsusilə nəqliyyat sektoruna töhfələr verən qiymətli əsərlər hesab edilir. Monoqrafik əsərlərdə olduğu kimi, respublikanın dövlət əhəmiyyətli mötəbər qəzet və jurnallarında dərc olunmuş irihəcmli məqalələrində qlobal miqyasda nəqliyyat əlaqələrinin inkişaf etdirilməsi istiqamətləri istər strateji, istərsə də iqtisadi baxımdan yüksək qiymətləndirilir.
Professor Z.Məmmədovun elmi fəaliyyətinin mühüm bir tərəfi elmi-pedaqoji fəaliyyətdir. Hələ gənc yaşlarında Zahid müəllim Azərbaycan MEA Coğrafiya İnstitutunda işlədiyi vaxtda respublikamızın bir çox ali məktəblərində iqtisadi və sosial coğrafiyanın müasir problemlərinə dair tələbələr və ixtisaslı müəllim kollektivi qarşısında mühazirələr oxumuşdur. Xüsusilə, Respublika Müəllimləri Təkmilləşdirmə İnstitutunda, Bakı Şəhəri Müəllimləri Təkmilləşdirmə İnstitutunda, Azərbaycan Dövlət Pedaqoji Universitetinin xalq maarifi kafedrasında ixtisaslı coğrafiya müəllimləri, orta məktəb direktorları və direktor müavinləri qarşısında maraqlı elmi mühazirələri ilə kollektivin hörmətini qazanmışdır. Eyni zamanda Azərbaycan Dövlət Pedaqoji Universitetində, Bakı Dövlət Universitetində, Azərbaycan Dövlət İqtisad Universitetində və digər özəl universitetlərdə oxuyan tələbələrə elmin müasir aktual problemlərindən mühazirələr oxumaqla tələbə kollektivinin nüfuzunu qazanmışdır.
Professor Z.S.Məmmədov 1994-cü ildən Azərbaycan Kooperasiya Universitetində elmi-pedaqoji fəaliyyətini davam etdirir. Universitetdə ekologiya və coğrafiya kafedrasına rəhbərlik edir. Kooperasiya Universitetində işlədiyi vaxtdan bu günədək ekologiya və coğrafiya ixtisası üzrə bakalavr və magistr səviyyəsində ixtisaslı kadrların hazırlanmasında var gücü ilə çalışır. Onun bakalavrlara və magistrlərə ixtisas fənləri üzrə oxuduğu mühazirələri və tədris etdiyi məşğələ mövzuları dinləyicilər tərəfindən rəğbətlə qarşılanır. Ali məktəb üçün kadr hazırlığını yüksək səviyyədə həyata keçirmək üçün dərslik və dərs vəsaitlərinin, proqramların, metodiki göstərişlərin hazırlanmasına xüsusi fikir verir. Bu cəhətdən rəhbərlik etdiyi kafedranın proqram təminatı yüksək səviyyədədir. İşlədiyi kafedranın universitetin elmi-tədqiqat iş planına uyğun olaraq regional səviyyədə müxtəlif istiqamətli mövzuları yerinə yetirməklə bərabər, kafedranın dərsliklərlə təmin olunmasını diqqət mərkəzinə yönəldir. Professor Zahid Məmmədovun bakalavrlar üçün yazdığı dərsliklər: “Azərbaycanın Xarici İqtisadi Əlaqələri” Bakı, 2004, “Təbiətdən İstifadənin İqtisadiyyatı” Bakı, 2010, “Azərbaycanın iqtisadi və sosial coğrafiyası” (müştərək) dərslik Bakı, 2010 tələbələr tərəfindən maraqla oxunur. Zahid müəllim Azərbaycan Kooperasiya Universitetində istər ekologiya və coğrafiya ixtisasları üzrə, istərsə də iqtisad fakültələrində oxuyan tələbələrin yüksək səviyyədə bilik, bacarığına malik olduqlarını qeyd edir. Onun rəhbərlik etdiyi kafedranın müəllimləri mühazirə və məşğələləri təlimin müasir metodlarından və texniki avadanlıqlardan istifadə etməklə yüksək səviyyədə həyata keçirirlər. O, bu sahədə öz tələbkarlığını daim artırır. Zahid müəllim bir ziyalı kimi işlədiyi pedaqoji kollektivin hörmət və rəğbətini qazanmışdır. Bu onun sadə və təvazökar olmağından və insanlara qayğıkeşliklə yanaşmağından irəli gəlir. Zahid müəllim elmdə öz sözünü demiş və fundamental əsərləri ilə elmdə özünü təsdiq etmiş alim, pedaqoqdur. Professor Zahid Məmmədov istər respublika, istərsə də beynəlxalq miqyasda keçirilmiş konfrans və simpoziumlarda doğma Azərbaycanımızı ləyaqətlə təmsil edərək öz elmi çıxışları ilə hörmət qazanmışdır. Respublikadan kənarda Rusiya Federasiyası, Qazaxıstan, Gürcüstan, İran İslam Respublikası (Təbriz şəhəri 1993) və s. ölkələrdə keçirilmiş konfranslarda etdiyi çıxışlar alimə hörmət gətirmişdir.
Professor Zahid Məmmədov Azərbaycan MEA akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunda, Azərbaycan MEA İqtisadiyyat İnstitutunda, Azərbaycan Dövlət Aqrar Universiteti nəzdində fəaliyyət göstərən dissertasiyaların müdafiə şuralarının üzvü olmuşdur. Həmçinin Azərbaycan Kooperasiya Universitetində elmi şuranın və elmi metodik şuranın üzvüdür. Eyni zamanda son zamanlar Bakı Dövlət Universiteti və Azərbaycan Kooperasiya Universiteti nəzdində yaradılmış müdafiə şurasının üzvü seçilmişdir. Professor Zahid Məmmədov üzvü olduğu dissertasiyaların müdafiə şuralarında dissertantlara, doktorantlara müdafiə zamanı qayğıkeşliklə etdiyi çıxışlar hər bir iddiaçının ürəyincə olmaqla onlara böyük uğur gətirmişdir. Bu da alimin qayğıkeş, ziyalı, ədalətli və obyektiv alim-pedaqoq olmağından irəli gəlir. Bu səbəbdən də o, müxtəlif illərdə müdafiəyə təqdim olunmuş çoxsaylı iqtisadi və iqtisadi coğrafi sahədə, istər fəlsəfə doktoru, istərsə də elmlər doktoru dissertasiyalarının opponentləri olmuş və onlar müvəffəqiyyətlə müdafiə edərək iddiasında olduqları elmi adları almağa nail olmuşlar.
Akademik Ziyad Səmədzadənin ideya müəllifi və baş redaktor olduğu 7 cildlik Böyük İqtisadi Ensiklopediyasında redaksiya heyətinin üzvü Zahid Məmmədov haqqında da biblioqrafik məlumat verilir. Professor Zahid Məmmədov “Kooperasiya”, “Təfəkkür” elmi-praktik jurnallarının, “Həkəri” qəzetinin redaksiya heyətinin üzvüdür. Hazırda fəaliyyətini davam etdirən “İqtisadiyyat” qəzetinin redaksiya heyətinin, akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunda fəaliyyət göstərən “Coğrafiya” cəmiyyətinin üzvüdür. “Qızıl qələm” mükafatı laureatıdır. Həcc və Məşhəd ziyarətlərində olmuşdur.
Zahid Məmmədov ömrünün müdrik çağında gənclik ehtirası ilə yazıb-yaradır. Ona möhkəm cansağlığı, elmi-pedaqoji fəaliyyətində müvəffəqiyyətlər arzu edirik.
Vüsət ƏFƏNDİYEV,
Coğrafiya elmləri
doktoru, professor,
Əməkdar elm xadimi.
Respublika.-
2017.-18 iyun.- S.5.