İki inci, iki
canlı tarix - Fidan və
Xuraman Qasımova bacıları
İyunun 17-də Heydər
Əliyev Sarayında görkəmli müğənnilər,
Xalq artistləri Fidan və Xuraman Qasımovaların
yaradıcılığına həsr edilmiş tədbir
keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə qonaqlar sənətkarların həyat və yaradıcılığından bəhs edən videoçarxa baxıblar.
Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək Fidan və Xuraman Qasımova bacılarının Azərbaycan musiqi mədəniyyətinin və vokal ifaçılıq sənətinin formalaşmasındakı xidmətlərindən söz açıb. Qeyd olunub ki, onlar müxtəlif ölkələrdə keçirilən beynəlxalq müsabiqələrdə Azərbaycanın adını hər zaman öz sənətləri ilə ucaldıblar. Milli vokal ifaçılıq məktəbinin ənənələrini ləyaqətlə qoruyub yaşadan Fidan və Xuraman bacıları dünya miqyasında tanınan və qəbul olunan sənətkarlardandır.
Nazir onların yüksək mükafatlara və fəxri adlara layiq görülməsini Prezident İlham Əliyevin mədəniyyətə və sənətə verdiyi yüksək qiymət kimi dəyərləndirib.
Bildirilib ki, geniş konsert proqramları ilə dəfələrlə ABŞ, Almaniya, Böyük Britaniya, İsveç, Avstriya, Meksika, Rusiya, Fransa, İtaliya, Danimarka, Kuba, Türkiyə və dünyanın digər ölkələrində qastrolda olan Qasımova bacıları musiqisevərləri heyran qoyublar. Onlar son illər istedadlı gənclərə xeyli vaxt sərf edir, yorulmadan yeni vokalçılar nəslini yetişdirməklə məşğul olurlar. Həmin gənclərin arasında beynəlxalq müsabiqələr diplomantları və laureatları da az deyil. Azərbaycan opera sənətinin fəxri olan müğənnilərin sorağı dünyanın ən möhtəşəm salonlarından gəlir.
Hər iki sənətkara yaradıcılıq uğurları arzulayan nazir 70 yaşı münasibətilə Fidan Qasımovanı təbrik edib. Əbülfəs Qarayev Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Fidan Qasımovaya ünvanlandığı təbrik məktubunu oxuyub.
Fidan Qasımova onların sənətinə göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib.
Tədbir iştirakçıları Fidan və Xuraman Qasımova bacılarının həyat və yaradıcılığından bəhs edən “İki inci, iki canlı tarix” adlı sənədli filmə baxıblar. Film Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Yaddaş” studiyasında ekranlaşdırılıb.
Sonra Qasımova bacıları maraqlı konsert proqramı təqdim ediblər. Onları Xalq Artisti Teymur Göyçayevin bədii rəhbərliyi və baş dirijorluğu ilə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri müşayiət edib. Konsertdə opera müğənniləri repertuarlarında yer alan musiqi əsərləri ilə yanaşı, yeni kompozisiyalar da səsləndiriblər.
Biri-birindən parlaq ifalar böyük tamaşaçı auditoriyası tərəfindən hərarətlə qarşılanıb.
AZƏRTAC
Respublika.-
2017.-18 iyun.- S.6.