Pakistan jurnalında “Mədəniyyətlərarası Dialoqun strateji əhəmiyyəti”
sərlövhəli məqalə dərc olunub
Pakistanın “Defence Journal” jurnalında və elektron səhifəsində Mahmud Ul-Hassan Xanın “Mədəniyyətlərarası Dialoqun strateji əhəmiyyəti” sərlövhəli məqaləsi dərc olunub.
Yazıda IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyəti haqqında geniş söhbət açılır, Forumun gündəliyində olan məsələlərdən danışılır.
Məqalədə bildirilir ki, Forumda xarici ölkələrdən 120-yə qədər rəsmi şəxs, 39 beynəlxalq təşkilatdan və 50-dən çox qeyri-hökumət təşkilatından nümayəndə, hökumət başçıları, nazirlər, ekspertlər, jurnalistlər iştirak edib.
Yazıda dünyamızda müxtəlif dinlər, təriqətlər, etnik qruplar və fəlsəfi cərəyanlar arasında qarşıdurmaların artdığı bir vaxtda “mədəniyyətlərarası dialoq”un strateji əhəmiyyətinin ön plana çıxdığı vurğulanır.
Müəllif Azərbaycanın Şərq ilə Qərb arasında yerləşdiyini, həm İslam dünyasının, həm də Avropanın beynəlxalq təşkilatlarının üzvü olduğunu və bu səbəbdən də hər iki sivilizasiyadan dəyərlərini özündə birləşdirərək əsl körpü rolunu oynadığını qeyd edir. Həmçinin mədəniyyətlərarası dialoq Forumu təşəbbüsünün Azərbaycan Prezidenti İlham Əliyevin müdrikliyinin məhsulu olduğunu bildirilir və Forumun UNESCO, BMT Sivilizasiyalar Alyansı, Avropa Şurası, İSESCO və digər beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində keçirildiyi nəzərə çatdırılır.
Məqalədə mədəniyyətlərarası dialoq forumlarının tarixinə də nəzər salınır, mövzunun əhəmiyyəti haqqında danışılır, Azərbaycan Prezident İlham Əliyevin Forumun açılış mərasimindəki çıxışına geniş yer verilir.
AZƏRTAC
Respublika.-
2017.- 24 iyun.- S.6.