Şərəfli ziyalı ömrü
Respublikamızda ağsaqqal iqtisadçı alimlərdən biri kimi tanınan Dağıstan Eynal oğlu Yusifov 1942-ci ildə Ermənistanın Qafan rayonunun Gığı kəndində anadan olub, 1958-ci ildə həmin kənd orta məktəbi bitirib. 1961-ci ildə Qafan rayonunda erməni dilində Dağ-mədən texnikumuna qəbul olub, 1963-cü ildə isə oranı bitirib. 1963-cü ildə Geoloji kəşfiyyat idarəsində mühəndis texnik vəzifəsində çalışmışdır. 1964-cü ildə ADU-nun geoloji-coğrafiya fakültəsinə qəbul olub, 1969-cu ildə isə həmin fakültənin coğrafiya müəllimi və coğrafiyaşünas ixtisasını bitirmişdir.
Zəngin həyat yolu keçmiş D.Yusifov 1969-cu ildən AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunda kiçik elmi işçi vəzifəsində işləmişdir. 1972-1977-ci illərdə aspirantura təhsili almış, 1978-ci ildə müdafiə edərək kənd təsərrüfatı elmlər namizədi adına layiq görülmüşdür. 1979-cu ildə baş elmi işçi vəzifəsinə keçirilmiş, işlədiyi müddətdə dəfələrlə direktorluq tərəfindən mükafatlandırılmışdır. 1983-cü ildə institutun elmi şurasının məsləhəti əsasında AMEA-nın Rəyasət Heyətinin nəzdində yaradılmış (KEPS) “Təbii sərvətlər və məhsuldar qüvvələri öyrənən komissiya”da torpaq və bitkiçilik şöbəsinə baş elmi işçi kimi köçürülüb. 1984-cü ildə SSRİ Ali Attestasiya komitəsi tərəfindən baş elmi işçi diplomuna layiq görülmüşdür. 1989-cu ildə həmin şöbəyə müdir təyin olunub. D.Yusifov komissiyada işlədiyi müddətdə həmkarlar təşkilatının sədri vəzifəsində çalışıb.
Alimin səmərəli elmi fəaliyyəti “Xarakteristika aqrofiziçeskix svoystva moçc Milskoy stepi” (1986), “Dağ-mədən istehsalı və ətraf mühitin qorunması” (1988), Azərbaycan Dövlət nəşriyyatı, “Uspexa poçvovedeniə i aqroximii Azerbaydjane” (1989) şərikli, “Gəncəbasar torpaqlarının su fiziki xassələri” (1991), “Torpaq fizikası” ilk dəfə Azərbaycan dilində (1995) kimi monoqrafiyalarda öz əksini tapmışdır.
Alimin “Azərbaycan iqtisadiyyatı” (1995, şərikli, Ağrıdağ nəşriyyatı), “Bazar iqtisadiyyatı şəraitində aqrar münasibətlərin inkişafı və təkmilləşdirilməsi” (2006, şərikli), “Mil düzü landşaftlarının mühafizəsi” (2012, şərikli) və başqa elmi məqalələri aqrar sahənin inkişafına xidmət edib. “Su ehtiyatlarından istifadənin iqtisadi və mühafizə problemləri” adlı məqaləsi (“Respublika”, 30 noyabr 2004-cü il), “Respublika iqtisadiyyatının inkişafında təbii ehtiyatların rolu və dünya təcrübəsi” (“Respublika”, 18 mart 2008-ci il), “Azərbaycanda çayçılığın əkilib becərilməsində torpaq iqlim şəraitinin rolu” (“Respublika”, 9 avqust 2008-ci il), “Azərbaycan iqtisadiyyatının inkişafında təbii ehtiyatların rolu” (“Respublika”, 4 mart 2009-cu il), “Respublikada torpaqların yayılması, səmərəli istifadəsi və oların mühafizəsi problemləri” (“Elm”, 23 may 2010-cu il), “Abşeronda ekoloji durum və sağlamlıq” (“Respublika”, 13 senytabr 2009-cu il).
O, dövri mətbuat səhifələrində müntəzəm olaraq elmi məqalələrlə çıxış edir. Dağıstan müəllim respublika mətbuatında müntəzəm olaraq Heydər Əliyev haqqında çıxışlar etmişdir. Bu baxımdan “Heydər Əliyevin Azərbaycan Respublikasına qayıdışı” (“Azərbaycan”, 10 avqust 1994), “Tariximizin bütün qərinəsi Heydər Əliyevin adı ilə bağlıdır” (“Respublika”, 20 dekabr 2003-cü il) adlı məqalələri elmi ictimaiyyət tərəfindən rəğbətlə qarşılanıb. “Heydər Əliyev fövqəlbəşər insan idi” (“Respublika”, 23 may 2004-cü il) məqalələrini nümunə göstərmək olar.
Dağıstan Yusifov işlədiyi şöbədə elmi işlərin və tədqiqatların səmərəli aparılması ilə yanaşı, uzunmüddətli tədqiqatları nəticəsində “İnsan, təbiət və cəmiyyət” adlı dərs vəsaiti 2014-cü il, 205 səh., “Avropa” nəşriyyatında çapdan çıxmışdır. “Tibbi coğrafiya və müasir ekologiyanın əsasları” adlı dərs vəsaiti 2017-ci il, 317 səh., “Avropa” nəşriyyatında çap olunmuşdur. “İnsan ekologiyasının əsas tərkib hissələri” isə AMEA-nın “Elmi həyat” jurnalında dərc olunub (2017-ci il).
1990-2015-ci illərdə bir sıra universitetlərdə Dağıstan Yusifov kənd təsərrüfatı üzrə fəlsəfə doktoru kimi çalışmışdır. Elm və Təhsil Mərkəzi, “Təfəkkür” universitetinin professorudur.
D.Yusifov hazırda “Regional inkişaf və təbii sərvətlərdən istifadə problemləri” şöbəsində çalışır. İşlədiyi müddətdə 2 dərs vəsaitinin, 3 monoqrafiyanın müəllifi, 1 monoqrafiyanın elmi redaktoru, 6 monoqrafiyada kollektiv üzvü kimi fəsillərin iştirakçısı olub, 7 fənn üzrə proqram tərtib edib, 165 elmi məqalənin müəllifidir.
Ağsaqqal alimimizi 75 illik yubileyi münasibəti ilə ürəkdən təbrik edir, ona cansağlığı, ailə xoşbəxliyi arzu edirik.
Tahir
İBRAHİMOV,
AMEA
İqtisadiyyatİnstitutunun aparıcı elmi işçisi,
iqtisad üzrə fəlsəfə doktoru,
dosent.
Tariyel QURBANOV,
AMEA İqtisadiyyat İnstitutunun aparıcı elmi
işçisi,
iqtisad üzrə fəlsəfə doktoru.
Respublika.-
2017.- 24 iyun.- S.9.