Suvarılan torpaqların hidrogeoloji-meliorativ vəziyyəti

 

Respublikamızda aqrar sahənin inkişaf etdirilməsi və ərzaq təhlükəsizliyinin təmin olunması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Ölkəmizdə əhalinin ərzaqla etibarlı təminatına dair hərtərəfli tədbirlər görülür və ərzaq təhlükəsizliyinin birbaşa asılı olduğu aqrar sahənin inkişafına yönələn irimiqyaslı dövlət proqramları həyata keçirilir.

Dövlət proqramlarının icrasından irəli gələn vəzifələrin həyata keçirilməsi üçün ilk növbədə respublikanın kənd təsərrüfatına yararlı torpaqlarının meliorativ vəziyyətinin və su təminatının yaxşılaşdırılması tələb olunur. Respublikamızda suvarılan torpaqların ümumi sahəsi 1 milyon 438 min hektar təşkil edir və ölkədə istehsal olunan kənd təsərrüfatı məhsullarının 90-95 faizi həmin torpaqlarda istehsal olunur. Suvarılan torpaqların təxminən üçdə birindən çoxu, yəni 565 min hektarı mexaniki üsulla, o cümlədən 349 min hektardan çoxu elektrikləşdirilmiş, 68 min hektardan çoxu dizel nasos stansiyaları, 148 min hektardan çoxu isə subartezian quyuları vasitəsi ilə suvarılır.

Azərbaycanda kənd təsərrüfatının perspektiv inkişafı üçün mövcud torpaq-iqlim şəraiti respublikamızda suvarılan torpaq sahələrinin 3-3,5 milyon hektara qədər artırılmasına imkan yaradır. Lakin su ehtiyatlarının çatışmazlığı mövcud ehtiyatlardan səmərəli və qənaətlə istifadə olunması istiqamətində əlaqədar təşkilatlar və təsərrüfat sahibləri qarşısında həlli vacib olan məsələlər qoyur.

Bu səbəbdən də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev respublikamızda aqrar sektora, xüsusilə meliorasiyasu təsərrüfatı sahələrinə daim diqqət və qayğı göstərir. Ölkə başçısı hər ilin yekunlarına dair keçirilən müşavirələrdə suvarılan torpaqlarda həyata keçirilən meliorativ tədbirləri və əkin sahələrinin suvarma suyu ilə təmin edilməsini yüksək qiymətləndirməklə yanaşı, mütəmadi olaraq bu sahədə özünün müvafiq tövsiyə və tapşırıqlarını verir. Azərbaycan MeliorasiyaSu Təsərrüfatı ASC-də öz fəaliyyətini ölkə başçısının tövsiyə və tapşırıqları əsasında quraraq suvarılan torpaqların meliorativ vəziyyətinin və su təminatının yaxşılaşdırılması sahəsində görüləcək işlərin istiqamətlərini müəyyən edərək ardıcıl tədbirlər həyata keçirir.

Son illərdə respublikamızın əkinəyararlı torpaq sahələrinin hidrogeoloji-meliorativ vəziyyətinin yaxşılaşdırılması, yeni kollektor-drenaj şəbəkələrinin, hidroqovşaqların və su anbarlarının yaradılması, əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi, torpaqların bataqlaşmasının və şorlaşmasının qarşısının alınması məqsədilə görülən kompleks meliorativ tədbirlər nəticəsində kənd təsərrüfatı bitkilərinin məhsuldarlığında əhəmiyyətli dərəcədə artım müşahidə edilmişdir.

Azərbaycan MeliorasiyaSu Təsərrüfatı ASC-nin həyata keçirdiyi genişmiqyaslı işlər və qarşıda duran vəzifələr Hidrogeoloji-Meliorativ Xidmət İdarəsində (HGMXİ) də geniş təhlil olunur, görüləcək işlərin və qarşıda duran vəzifələrin əsas istiqamətləri dəqiqləşdirilir.

HGMXİ-nin əsas məqsədi Azərbaycan Respublikasında suvarılan torpaqların hidrogeoloji-meliorativ vəziyyətini və onlarda baş verən dəyişikliyi öyrənmək, torpaqların şorlaşmasının və bataqlaşmasının səbəblərini araşdırmaq, suvarılan torpaqların meliorativ vəziyyətini qiymətləndirmək və onların yaxşılaşdırılması üzrə müvafiq tövsiyələr hazırlamaq, meliorasiya xidmətlərinin inkişafı ilə bağlı digər işləri yerinə yetirməkdən ibarətdir.

Hidrogeoloji-Meliorativ Xidmət İdarəsi öz fəaliyyətini ölkə ərazisinin suvarılan torpaqları əhatə olunmaqla, respublikamızın əsas kanal və kollektorundakı hidrometrik məntəqələrdə və suvarılan hidrogeoloji-meliorativ xidmətin təşkil olunduğu torpaqlarda qazılmış 8692 rejim müşahidə quyuları vasitəsi ilə həyata keçirir. Əsas fəaliyyəti suvarılan torpaqlarda hidrogeoloji-meliorativ vəziyyəti və kollektor-drenaj şəbəkəsinin işinin effektivliyinin öyrənilməsi, qrunt sularının rejimi və kimyəvi tərkibi üzərində stasionar müşahidələrin aparılması, qrunt suları və torpağın su çəkintisinin kimyəvi analizi, eləcə də rejim müşahidə və çöl tədqiqat materialları əsasında hidrogeoloji-meliorativ hesabatların, həmçinin suvarılan torpaqların hidrogeoloji-meliorativ vəziyyətinin elektron xəritələrinin işlənib hazırlanmasından ibarətdir.

Aparılan rejim müşahidələri və çöl tədqiqat işlərinin nəticələri göstərir ki, respublikamızda mövcud suvarılan torpaqların hidrogeoloji-meliorativ vəziyyəti ildən-ilə dəyişir. 2016-cı ildə kənd təsərrüfatına yararlı və hidrogeoloji-meliorativ xidmət altında olan suvarılan torpaqların, o cümlədən Biləsuvar, Cəlilabad, Masallı, Lənkəran və Astara inzibati rayonlarının əraziləri üzrə 79,375 min hektar, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ və İsmayıllı inzibati rayonlarının əraziləri üzrə 116,073 min hektar, Ağdaş, Göyçay, Zərdab, Ucar, Kürdəmir, Ağsu, Hacıqabul, Şamaxı inzibati rayonlarının və Şirvan şəhərinin əraziləri üzrə 233,867 min hektar, Xaçmaz, Şabran, Siyəzən, Quba, Qusar, Xızı, Abşeron inzibati rayonlarının, Bakı və Sumqayıt şəhərlərinin əraziləri üzrə 88,374 min hektardan çox, Goranboy, Samux, Şəmkir, Tovuz, Qazax, Ağstafa, Göygöl inzibati rayonlarının, Gəncə və Naftalan şəhərlərinin əraziləri üzrə 179,252 min hektar, Sabirabad, Saatlı, Salyan, Neftçala inzibati rayonlarının əraziləri üzrə 198,763 min hektar, İmişli, Ağcabədi, Beyləqan, Füzuli inzibati rayonlarının əraziləri üzrə isə 339,782 min hektar olmuşdur. Respublikanın suvarılan torpaqlarının 609 min hektar sahəsi drenləşmişdir ki, bundan da 312,129 min hektarında açıq üfüqi, 263,899 min hektarında örtülü üfüqi, 11,188 min hektarında isə şaquli drenaj şəbəkəsi mövcuddur.

Rejim müşahidə və çöl tədqiqat işlərinin nəticələri göstərir ki, qrunt suları bütün suvarılan torpaq sahələrində yayılaraq, müxtəlif genezislərdə yatım dərinliyi 1-10 m-ə qədər və daha çoxdur. HGMXİ-nin 2016-cı ilin ölçmə və tədqiqat işlərinin göstəricilərinə əsasən hidrogeoloji-meliorativ xidmət işinin təşkil edildiyi suvarılan sahələrdə torpaqların qrunt sularının yatım dərinliyinə görə paylanması; 1 m-dən az olan sahələr 14,374 min hektar, 1,0-1,5 m hüdudlarında 74,974 min hektar, 1,5-2,0 m hüdudlarında 244,437 min hektar, 2,0-3,0 m hüdudlarında 490,576 min hektar, 3,0-5,0 m hüdudlarında 257,937 min hektar, qrunt sularının yatım dərinliyi 5,0 m-dən çox olan sahələr isə 162,848 min hektar olduğu müəyyən edilmişdir.

Hidrogeoloji-meliorativ xidmət işinin təşkil edildiyi suvarılan sahələrdə qrunt suları üzərində aparılan rejim-müşahidə işləri nəticəsində minerallaşma dərəcəsinin də dəyişməsi müşahidə olunmuşdur. Belə ki, minerallaşma dərəcəsi hər litrdən bir qram az olan sahələr 496,038 min hektar, 1,0-3,0 q/l hüdudlarında olan sahələr 436,508 min hektar, 3,0-5,0 q/l olan sahələr 145,530 min hektar, 5,0 q/l-dən çox olan sahələr isə 167,070 min hektar təşkil etmişdir.

Suvarılan torpaqların hidrogeoloji-meliorativ vəziyyətinin qiymətləndirilməsində əsas göstəricilərindən biri də torpağın şorlaşma dərəcəsidir. Hidrogeoloji-meliorativ xidmətin təşkil olunduğu suvarılan sahələrdə HGMXİ tərəfindən torpağın üst 0-100 sm dərinlikdəki qatı üzrəaparılmış tədqiqatların nəticələri göstərir ki şorlaşmamış sahələr 956,900 min hektar, zəif şorlaşmış 170,197 min hektar, orta şorlaşmış 76,915 min hektar, şiddətli şorlaşmış 29,707 min hektar, çox şiddətli şorlaşmış sahələr isə 11,427 min hektar olmuşdur.

Azərbaycan MeliorasiyaSu Təsərrüfatı ASC-nin Hidrogeoloji-Meliorativ Xidmət İdarəsinin ötən il qrunt sularının səviyyəsi və minerallaşma dərəcəsi üzərində apardığı rejim müşahidələrinin, çöl-tədqiqat işlərinin nəticələri suvarılan torpaqların hidrogeoloji-meliorativ vəziyyətinin, eləcə də qrunt sularının yatım dərinliyinə, minerallaşma dərəcəsi və torpaqların şorlaşma dərəcəsinə görə qiymətləndirilməsinə imkan vermişdir. Müəyyən edilmişdir ki, hidrogeoloji-meliorativ vəziyyətə görə, 420,784 min hektar yaxşı, 693,307 min hektar, 131,055 min hektarda isə kafi, ancaq pisləşmə təhlükəsi olan torpaqlardır.

Əldə olunan nəticələr deməyə əsas verir ki, əsaslı tədbirlər görməklə 486 min hektar torpaq sahəsində hidrogeoloji-meliorativ vəziyyət yaxşılaşdırılmalıdır. Bu tədbirlər çərçivəsində 154,132 min hektar sahədə yeni KDŞ-nin (kollektor drenaj şəbəkəsi) tikintisi, 73,406 min hektar sahədə KDŞ-nin təmiri və yenidən qurulması, 257,555 min hektar sahədə isə suvarma şəbəkələrinin təmiri və bərpası işləri aparılmalıdır.

Qrunt suları üzərində aparılan rejim müşahidələrinin, çöl tədqiqat işlərinin və kimyəvi analizlərin nəticələri kameral işlərdə, illik hidrogeoloji-meliorativ hesabatlarda və tədqiqatlar əsasında tərtib edilmiş xəritələrdə öz əksini tapmışdır. Bu görülən işlər respublikamızın suvarılan torpaqlarında hidrogeoloji-meliorativ vəziyyətin yaxşılaşdırılmasında, hidrogeoloji-meliorativ tədbirlərin planlı şəkildə və səmərəli həyata keçirilməsində mühüm əhəmiyyət kəsb edir.

Hidrogeoloji-Meliorativ Xidmət İdarəsi öz nizamnaməsi əsasında fəaliyyətini günün tələbləri səviyyəsində qurmaqla yanaşı, maddi-texniki bazanın gücləndirilməsi və xidmət sahələrinin təkmilləşdirilməsi sahəsində də davamlı olaraq məqsədyönlü tədbirlər həyata keçirir. Son iki ildə idarənin regional zonalarında aparılmış çöl-tədqiqat işlərinin hesabatlarının online qaydasında tərtib edilməsinə başlanmış və hazırda bu işlər davam etdirilir. Müasir texniki vasitələrlə təchiz edilmiş Hidrogeoloji-Meliorativ Məlumatların Hazırlanması və İnnovasiya Mərkəzində yaradılmış internet portalında çöl-müşahidə məlumatlarının operativ toplanması təşkil olunmuşdur. Məlumatların online vasitəsi ilə daxil edilməsinəticəsində inzibati rayonlar üzrə suvarılan torpaqlarda rejim-müşahidə quyularının koordinatlarının topoqrafik xəritəyə köçürülməsi, yeraltı suların yatım dərinliyi, qrunt sularının minerallaşma dərəcəsi, torpaqların şorlaşması və hidrogeoloji-meliorativ vəziyyəti xəritələrinin tərtibatı işlərinin əhatə dairəsi xeyli genişləndirilmişdir. Əvvəllər kameral qaydada xəritələrin işlənməsi, rənglənməsi əl ilə yerinə yetirilirdisə, hazırda xəritələr müasir kompüter texnologiyaları ilə, rəngli və rəngsiz HPDesign JETT920HPGL2, və XEROX 6204iwdeformat avadanlıqları vasitəsilə hazırlanır.

HGMXİ-nin topogeodeziya şöbəsi tərəfindən regional zonalar üzrə, plan əsasında cari təmir edilmiş rejim müşahidə quyularının koordinatlarının GPS vasitəsi ilə dəqiqləşdirilməsi və Hidrogeoloji-Meliorativ Hesabatların Hazırlanması və İnnovasiyalar Mərkəzinin internet imkanlarından istifadə etməklə, respublikanın rayonları üzrə tərtib edilmiş elektron topoqrafik xəritədə yerləşdirilməsi həyata keçirilmişdir.

Müasir laboratoriya avadanlıqlarından istifadə olunmaqla, avtomatlaşdırılmış və kombinə edilmiş metodlarla, qısa müddətdə daha keyfiyyətli və daha çox kimyəvi-analitik təhlillər aparılmasına nail olunmuşdur. Belə ki, yeni avadanlıqların quraşdırılması cari ildə torpağın su çəkintisinin kimyəvi analizinin miqdarının iki dəfə artırılmasına imkan yaratmışdır. Suyun minerallaşma dərəcəsi müasir standartlara cavab verən HANNA-9034Hİ elektron cihaz vasitəsi ilə aparılır ki, bu da zaman və keyfiyyət baxımından üstünlük təşkil edir.

Respublikamızda məqsədyönlü şəkildə aparılmış aqrar islahatlar torpaqların ayrı-ayrı mülkiyyət formalarında, fərdi və fermer təsərrüfatları arasında bölüşdürülməsi ilə nəticələnmişdir. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, bir çox hallarda rejim müşahidə quyularının qazılması, onların istismarı və mühafizəsi fərdi təsərrüfat sahibləri və fermerlər tərəfindən birmənalı qarşılanmır. Bəzi hallarda onların mühafizəsinə əməl olunmur və istismarına lazımi şərait yaradılmır. Təsərrüfat işləri zamanı laqeydlik nəticəsində quyuların sıradan çıxması həmin quyuların təmirinə və ya yenidən qazılmasına zərurət yaradır ki, bu da əlavə xərcə səbəb olur. Təsərrüfat sahibləri onu da dərk etməlidirlər ki, rejim müşahidə quyuları suvarılan torpaqların hidrogeoloji-meliorativ vəziyyətinin öyrənilməsi üçündür. Bu quyular vasitəsilə tədqiqatlar həmin torpaqlarda hidrogeoloji-meliorativ vəziyyətin öyrənilməsi, meliorativ tədbirlərin planlaşdırılması, su ehtiyatlarından səmərəli istifadə edilməsi, su təminatının yaxşılaşdırılması və s. məqsədlər üçün aparılır. Bütün bunlar isə sonda torpaqların münbitləşməsinə, bataqlaşmanın və şorlaşmasının qarşısının alınmasına, eləcə də kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının artırılmasına xidmət edir.

Odur ki, yerli icra nümayəndələri, bələdiyyələr, fərdi təsərrüfat sahibləri və kənd əhalisi öz fəaliyyətini respublikamızda aqrar sahənin inkişaf etdirilməsinə yönəltmiş HGMXİ ilə sıx əməkdaşlıq etməlidirlər. Rayon icra orqanları və yerli bələdiyyələrin suvarılan torpaq sahələrində aparılan hidrogeoloji-meliorativ tədqiqatların mahiyyəti, hidrotexniki qurğuların və rejim müşahidə quyularının mühafizəsinin ümumxalq işi olması barədə, təsərrüfat sahibləri, həmçinin kənd əhalisi arasında izahat işləri aparmaları məqsədəuyğun olardı.

Azərbaycan MeliorasiyaSu Təsərrüfatı ASC-nin Hidrogeoloji-Meliorativ Xidmət İdarəsi dünyada baş verən qlobal iqtisadi böhran şəraitinə baxmayaraq, bütün qüvvələrini səfərbər edərək 2017-ci ildə də qarşıda duran vəzifələrin öhdəsindən layiqincə gələcək, respublikamızda suvarılan torpaqların hidrogeoloji-meliorativ vəziyyətinin qiymətləndirilməsi, eləcə də onun yaxşılaşdırılması üçün tədbirlərin hazırlanması üzrə məqsədyönlü fəaliyyətini bundan sonra da davam etdirəcəkdir.

 

Saleh SADIQOV,

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin

Hidrogeoloji-Meliorativ Xidmət İdarəsinin rəisi.

Respublika.- 2017.- 24 iyun.- S.9.