“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları idman tariximizə yeni səhifələr yazacaq.
Artıq Azərbaycan
dünyada idman dövləti kimi tanınır. Bu imic elə-belə qazanılmayıb. Müstəqil respublikamız son illər həm bölgədə, həm də dünyada sürətlə inkişaf
edən ölkələr
sırasına daxil olmuş, beynəlxalq aləmdə böyük nüfuz qazanmışdır.
Ölkəmizin iqtisadi
qüdrətinin artması
digər sahələrlə
yanaşı, idmanın
inkişafını da təmin etmişdir. İdmanın maddi-texniki bazası möhkəmləndirilmiş, idmançılarımız
dünya, Avropa, olimpiya oyunlarında, digər mötəbər
yarışlarda yüksək
nəticələr qazanmış,
himnimiz səsləndirilmiş,
üçrəngli bayrağımız
dalğalandırılmışdır.
Artıq Azərbaycanın
mötəbər beynəlxalq
tədbirlərin və
yarışların təşkili
sahəsində zəngin
təcrübəsi var.
Belə ki, respublikamızda Avropa və dünya çempoinatları, “Eurovision
2012” beynəlxalq mahnı
müsabiqəsi, “Bakı-2015” ilk Avropa Oyunları,
şahmat üzrə dünya kuboku, “Formula-1” üzrə Avropa qran-prisi, Şahmat Olimpiadası və digər turnilər yüksək səviyyədə
təşkil olunub.
Bu il ölkəmiz mayın
12-22-də Bakıda keçiriləcək
və 300-dən artıq
oyun təşkilatçısını
bir araya gətirəcək IV İslam
Həmrəyliyi Oyunlarına
ev sahibliyi edəcək. Xatırladaq
ki, Azərbaycan Prezidenti İlham Əliyev “IV İslam Həmrəyliyi Oyunlarının
2017-ci ildə Bakı
şəhərində keçirilməsi
üzrə Təşkilat
Komitəsinin yaradılması
haqqında” 18 sentyabr
2015-ci il tarixli sərəncam imzalamışdır.
Həmin sərəncama
əsasən Heydər
Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri,
Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü Mehriban xanım Əliyeva sədr olmaqla Təşkilat Komitəsinin üzvlərindən
ibarət tərkibi təsdiq edilmişdir. Vurğulayaq ki, yüksək səviyyədə
keçirilmiş “Bakı-2015” ilk Avropa Oyunlarının
da Təşkilat Komitəsinin sədri olmuş ölkənin birinci xanımının bu sahədə böyük təcrübəsi
vardır. Onu da nəzərə
çatdıraq ki, hələ 2013-cü il iyulun 24-də Səudiyyə
Ərəbistanının Ciddə
şəhərində İslam
Həmrəyliyi İdman
Federasiyasının VIII Baş
Assambleyasında səsvermə
zamanı Azərbaycanın
2017-ci ildə IV İslam
Həmrəyliyi Oyunlarına
ev sahibliyi etməsi haqqında qərar qəbul edilmişdir. Səsvermədə
iştirak edən İslam ölkələrinin
57 üzvü yekdilliklə
Azərbaycana səs vermişlər.
“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının
başlanmasına 40 gündən
çox vaxt qalıb. Hazırlıq işləri plana uyğun olaraq davam edir və
əsas işlər yüksək səviyyədə
başa çatdırılmışdır.
Prosesə xarici mütəxəssislərlə yanaşı yerli kadrlar da cəlb
olunub. Yarış ilk Avropa Oyunları
zamanı istifadədə
olan arenalarda - 16 idman qurğusunda keçiriləcək. İlk
Avropa Oyunlarında olduğu kimi, Atletlər kəndi
“Bakı-2017”də də idmançıları
qəbul edəcək.
Artıq 49 ölkə
bu yarışda iştirakını təsdiq
edib.
İlk Avropa Oyunlarına
hazırlıq işlərinin
yüksək səviyyədə
aparılması və
mütəşəkkil qaydada
başa çatması
onu sübut etmişdir ki, böyük idman tədbirlərinin təşkilini
könüllülərin köməyi
olmadan təsəvvür
etmək mümkün
deyil. Ölkəmizin aparıcı
ali təhsil müəssisələrindən və gənclər təşkilatlarından olan
12 min 500-dən artıq
namizədin İslam Həmrəylik Oyunlarına
dəstək göstərmək
məqsədilə qeydiyyatdan
keçməsi bunun əyani təzahürüdür.
IV İslam Həmrəyliyi
Oyunlarına biletlər
martın 19-dan satışa
çıxarılmışdır. Ümumiyyətlə, idmanın
20 növü üzrə
500 mindən artıq biletin satışı nəzərdə tutulmuşdur.
Paytaxtın hər bir yerində bilet satışının
təşkili vətəndaşlarımızın
bu mötəbər idman yarışına marağının artmasına
və sevdikləri idman növünü rahat şəkildə seyr etməsinə şərait yaradacaq.
Həmçinin
“Bakı-2017” İslam Həmrəyliyi
Oyunları “Xəzərdən
başlayan su səyahəti” proqramının
marşrutu da məlumdur. Aprelin 5-də Dağ Salnamə
Muzeyində start veriləcək marşrut Azərbaycanın 15 bölgəsini
əhatə edəcək.
İslam aləmində
həyat mənbəyi,
şəffaflıq və
təmizlik rəmzi olan su Xəzərdən
başlayan səyahət
turunun əsas mövzusudur. Proqram çərçivəsində
Azərbaycanın su bölgələrini təmsil
edən 16 uşağın
hər biri
“Bakı-2017” su səhəngi
ilə Xəzər dənizindən su götürəcək və
öz doğma şəhərlərinə, evlərinə
aparacaq. Bununla da “Bakı-2017” Oyunları
Xəzərin gözəlliyindən,
sevgisindən və paklığından hər
evə pay verəcək. Otuz yeddi gün ərzində 300 kilometrdən
artıq məsafənin
qət olunacağı
səyahət turu Xəzər dənizindən
başlayaraq Azərbaycan
ərazisində mövcud
olan 15 su hövzəsini əhatə
edəcək. Səyahət
zamanı bu hövzələrdən toplanan
su mayın 12-də
“Bakı-2017”nin açılış mərasiminin bir hissəsi olacaq. Başlanğıcını Xəzər
dənizindən götürərək
bütün Azərbaycanı
əhatə edəcək
marşrut ölkəmizin
tarixini, mədəniyyətini,
adət və ənənələrini nümayiş
etdirmək üçün
əvəzsiz rol oynayacaq.
Mayın 12-22-də ölkəmizdə keçiriləcək
IV İslam Həmrəyliyi
Oyunlarına təşrif
buyuracaq hər bir qonaq Azərbaycandan
ən xoş arzularla ayrılacaq. Xalqımızın qonaqpərvərliyi,
öz tarixinə və mədəniyyətinə
sevgisi hər kəsə yaxşı bəllidir. Məhz Oyunlardan əvvəl regionlarımızı əhatə
edəcək səyahət,
bölgələrimizin xüsusiyyətlərini,
adətlərini, tarixini,
bir sözlə Azərbaycanın gözəlliyini
bütün dünyaya
nümayiş etdirəcək.
Beləliklə, “Xəzərdən başlayan səyahət” aprelin 5-də Bakıdan,
7-də Naxçıvandan, 9-da Astaradan, 11-də Şirvandan,
13-də Sabirabaddan, 15-də Ağcabədidən, 17-də Horadizdən
(Füzuli), 19-da Gəncədən,
21-də Şəmkirdən, 23-də Mingəçevirdən, 25-də Qaxdan, 27-də Qəbələdən,
29-da Qusardan, mayın
1-də Qubadan, mayın
3-də Qaradağdan, mayın
5-də isə Sumqayıtdan
keçəcək.
“Bakı-2017” IV İslam Həmrəylik Oyunlarına
yüksək önəm
verən dövlətimizin
başçısı cənab
İlham Əliyev hazırlıq prosesini daim diqqət mərkəzində saxlayır.
Təsadüfi deyildir ki, möhtərəm Prezident
tərəfindən 2017-ci ilin
“İslam Həmrəyliyi
İli” elan edilməsi dünyanın
50-dən çox ölkəsindən
Bakıya təşrif
buyuracaq gənc fəalları bir araya gətirməklə yanaşı, bu mötəbər tədbir
haqda ictimaiyyətin geniş məlumatlandırılması baxımından
mühüm əhəmiyyət
kəsb edir. Bu tarixi hadisə
İslam ölkələrinin
gənclərinə təkcə
idman sahəsində deyil, digər istiqamətlərdə də
bir-biri ilə əməkdaşlıq üçün
böyük perspektivlər
vəd edir. Mötəbər tədbirlərə yüksək səviyyədə
ev sahibliyi etməsi ilə dünyada yaxşı tanınan Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarına qatılacaq ölkələrə növbəti
dəfə bu mühüm yarışları
təqdim etməklə
yanaşı, həm də özünün turizm potensialını
nümayiş etdirəcək.
Nazirlər Kabinetinin
2016-cı ilin sosial-iqtisadi
inkişafının yekunlarına
və qarşıda duran vəzifələrə
həsr olunan iclasdakı nitqində Prezident İlham Əliyev qarşıdakı
Oyunların əhəmiyyəti
barədə demişdir:
“Bu il Azərbaycanda
IV İslam Həmrəyliyi Oyunları
keçiriləcək. Bu
da çox önəmli beynəlxalq tədbirdir, bütün müsəlman aləminin həmrəylik oyunlarına
biz ev sahibliyi
edəcəyik. Azərbaycan
2015-ci ildə ilk Avropa Oyunlarını keçirmişdir. Yəni,
bir ölkədə, bir şəhərdə iki il ərzində
həm Avropa Oyunları keçirilib, həm də İslam Həmrəyliyi Oyunları keçiriləcək.
Bu, təkcə idman tədbiri deyil. Əgər kimsə hesab edir ki, İslam
Həmrəyliyi Oyunları
idman tədbiridir, səhv edir. Bu, böyük siyasi tədbirdir, bu, böyük mədəni tədbirdir, bu, böyük ictimai hadisədir”.
Bəli, bu bir faktdır ki, Azərbaycan ilk Avropa Oyunlarını uğurla keçirməklə
ölkəmizin dinamik
tərəqqisini, dostluq
və əməkdaşlıq
məkanı olduğunu
bütün dünyaya
bir daha sübut etdi. Ölkəmiz qarşıdakı
“Bakı-2017” IV İslam Həmrəyliyi
Oyunlarını da yüksək səviyyədə keçirməklə
idman tarixində yeni səhifələr yazacaq, idmançılarımız
isə yeni qələbələrlə xalqımızı
sevindirəcək.
Ramiz YUSİFLİ.
Respublika.-
2017.- 12 may.- S.10.