Əfsanəvi rejissor Kaleriya
Kislova: Ömrümdə Heydər Əliyev qədər səmimi
insan görməmişəm
Sovet televiziyasının əfsanəsi
sayılan Kaleriya Venediktovna Kislova həyatının yarım əsrdən
çox hissəsini bu sahəyə həsr edib. O, çoxlu
populyar verilişlərin yaradılması üzərində
çalışıb, 1974-cü ildə informasiya baş
redaksiyasında – “Vremya” proqramında işləməyə
başlayıb. SSRİ Dövlət Mükafatı
laureatı, RF Əməkdar İncəsənət Xadimidir.
“Şərəf nişanı” ordeni, “Vətən
qarşısında xidmətlərinə görə” ordeninin
II dərəcəli medalı, RF Prezidentinin təşəkkürnaməsi
ilə təltif olunub.
Çoxillik peşəkar fəaliyyəti
dövründə Kaleriya Venediktovna SSRİ-nin və
Rusiyanın birinci şəxsləri – L.Brejnev, Y.Andropov,
M.Qorbaçov, B.Yeltsin ilə işləyib. Lakin məhz Heydər
Əliyev onun məxsusi rəisi, sonradan isə həm də
xeyirxah dostu olub. Kaleriya Kislova “Moskva-Baku” portalına
eksklüziv müsahibəsində Azərbaycan xalqının
Ümummilli Lideri haqqında xatirələrini
bölüşüb. AZƏRTAC müsahibənin xülasəsini
təqdim edir.
“Heydər Əliyev haqqında çox
danışa bilərəm, - K.Kislova söhbətinə belə
başladı, - ömrümdə Heydər Əliyev qədər
səmimi insan görməmişəm. Bakıya ilk dəfə
1978-ci ildə gəlmişəm. O vaxt mən “Vremya”
proqramının baş rejissoru və Leonid Brejnevin şəxsi
rejissoru idim. Baş katib Azərbaycana təyyarə ilə gəlməli
və Bakı şəhərini təltif etməli idi.
V.İ.Lenin adına sarayda (indiki Heydər Əliyev Sarayı)
Heydər Əliyev mənə yaxınlaşdı və
aparatların hazır olması barədə məlumat verməyimi
xahiş etdi. Kameralar artıq yerləşdirilmişdi və mən
Heydər Əliyevi bütün kameraların yanına apararaq
hər şeyi ona göstərdim. Mən
bütün birinci katiblərlə tanış idim, demək
olar ki, bütün müttəfiq respublikalarda olmuşdum və
istər bu hadisədən əvvəl, istərsə də
ondan sonra heç vaxt heç kəs kameraların
düzülüşünə və çəkilişlərə
bu cür diqqət yetirmirdi.
Bu səfər müddətində SSRİ Mərkəzi
Televiziyasının çəkiliş qrupu düz bir ay Azərbaycanda
qaldı. Bu, əfsanəvi ay idi. Biz çox işləyirdik,
hətta Heydər Əliyevlə bərabər respublikanın
səması üzərində uçmuşam. Leonid
İliç Azərbaycanı çox sevir və orada
özünü çox sərbəst hiss edirdi. Heydər
Əliyevlə onun arasında qarşılıqlı
anlaşma və yaxşı insani münasibətlər
vardı”.
K.Kislova 1981-ci ili ürəkağrısı ilə
xatırlayır. Həmin il onun valideynləri Novosibirskdə
bir-birinin ardınca dünyasını dəyişdi. Kaleriya
Venediktovnanın həyatının bu ağır günlərində
Heydər Əliyev ona zəng edib: “Kaleriya, zəng etmişəm
ki, sizə dərin hüznlə başsağlığı
verim. Deyin, sizə nə kömək edə bilərəm?
Başa düşürəm ki, siz o şəhərdə təksiniz,
üstünüzə çox qayğı düşüb. Mən
oraya adamları göndərə bilərəm, sizə
kömək edərlər”.
Mən dedim: “Təşəkkür edirəm
Heydər Əliyeviç. Çox sağ olun. Bu
telefon zəngi və bu başsağlığı mənim
üçün çox əlamətdar oldu, ona görə
ki, mənim dostluq etdiyim və Novosibirskdə olduğumu
yaxşı bilən moskvalı rəhbərlərimdən
heç biri mənə zəng etməmiş və belə sözlər
deməmişdi”.
Növbəti dəfə K.Kislova Bakıya
1982-ci ildə L.Brejnev ilə bərabər gəlmişdi.
Baş katib Azərbaycana ağır xəstəlikdən sonra
gəlmişdi – Daşkənddə səfərdə olarkən
körpücük sümüyünü
sındırmış və uzun müddət müalicə
olunmuşdu. Bakı aeroportunda L.Brejnevin
qarşılanmasından sonra ali qonağı müşayiət
edən kortej şəhərə yola düşdü, orada
Sovet İttifaqının birinci şəxsinin
çıxış etməsi üçün tribuna düzəldilmişdi.
Əfsanəvi rejissor xatırlayır: “Brejnev
maşından çıxdı, yuxarıdakı tribunaya
baxdı, “Ora? Yox. Mən yorulmuşam”, - dedi və
qayıdıb maşında əyləşdi. Heydər
Əliyevin də həmin maşına əyləşməkdən
başqa çarəsi qalmadı. Maşın dönüb
getdi. Biz isə artıq efirdə idik və mən göstəriş
verdim ki, işi davam etdirsinlər. Mənim səyyar televiziya
stansiyalarım yolboyu ta iqamətgaha qədər
düzülmüşdü. Qərara aldıq ki, meydanda hər
şey davam edəcək – rəqslər, mahnılar...
Bütün meydan insanla dolu idi. Mən də belə bir mənzərə
montaj etdim: maşın gəlir, insanlar meydanda rəqs edirlər.
Elə təsəvvür yaranmışdı ki, sanki
bütün şəhər böyük bir meydandır.
Axşam “Vremya” proqramını göstərəndə hər
şey təkrarlandı. Leonid İliç baxıb
demişdi: “Əcəb qəşəng idi. Amma mən
görməmişəm”.
Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin
birinci müavini seçiləndən sonra K.Kislova tez-tez onunla
ezamiyyətə getdiyini bildirərək deyir: “Bu ezamiyyətlərdə
məni ən çox heyrətləndirən onun
maşından çıxıb insanlarla söhbət etməsi
idi. Sonralar Qorbaçov və başqaları da maşından
çıxmağa başladılar, amma bu işi başlayan
Heydər Əliyev olub. Voloqdada baş vermiş bir hadisə
yadıma düşür. O, insanlarla söhbət
edirdi, bu arada bir qadın ona yaxınlaşdı. Qadın
onunla Azərbaycan dilində danışmağa başladı,
lakin Heydər Əliyev onun rus dilinə keçməsini
xahiş etdi: qoy heç kəs fikirləşməsin ki, onlar
nə isə məxfi bir məsələni müzakirə
edirlər. Heydər Əliyev qadının əslən
haradan olmasını, Voloqdaya necə gəlib
çıxmasını, rus ərinin onu incidib-incitmədiyini
soruşdu, ona salam göndərdi – tamamilə sərbəst
şəkildə”.
K.Kislova xatırlayır ki, Heydər Əliyev
keçmiş Sovet İttifaqının yeganə rəhbəri
idi ki, ezamiyyətlərdə onu müşayiət edən
jurnalistlərlə ünsiyyətdə olur, hətta onlarla bərabər
nahar və şam yeməyi yeyirdi: “O, həmişə
insanların arasında olmağa çalışırdı.
Belə vaxtlarda biz hətta müəyyən məsələləri
müzakirə etməyə başlayırdıq: ya
axşamçağı iş günü barədə öz
təəssüratlarımızı, ya da səhər
qarşıda bizi nələr gözləməsi barədə
planlarımızı”.
Məşhur rejissor “Moskva-Baku” portalına
müsahibəsində Heydər Əliyevin Moskvada ona mənzil
ayırması barədə də danışıb. Bir dəfə
Kaleriya Venediktovnanın xəstələnməsindən xəbər
tutan Heydər Əliyev öz şəxsi həkimini onun
yanına göndərmişdi: “Mən işə
çıxanda isə Nazirlər Sovetinin İşlər
İdarəsindən mənə zəng vurub dedilər ki, mənim
üçün mənzil ayrılıb. Fikirləşdim ki,
mənimlə zarafat edirlər, axı mən mənzil almaq
üçün heç bir ərizə
yazmamışdım. Məlum oldu ki, həkim mənim
yanımdan qayıdanda Heydər Əliyev soruşub: “O
qadın hansı şəraitdə yaşayır?” Həkim isə
demişdi ki, mənim ümumi sahəsi 38,76 kvadratmetrə bərabər
olan üç balaca otağım var”.
“1985-ci il Heydər Əliyev üçün
çox çətin il oldu. Həmin dövrdə Zərifə
Əziz qızı özünü pis hiss edirdi. Mən onu səfərdən
əvvəl görmüşdüm. Biz iki dəfə
görüşmüşdük – Leninskiye Qorıda
qadınları qəbul edərkən, sonra isə
Böyük Teatrda, Heydər Əliyev 8 mart münasibətilə
orada məruzə ilə çıxış edirdi. Zərifə
xanım məni çağırıb dedi: “Bilirəm ki, siz
Altaya uçacaqsınız, orada Heydər Əlirza oğlunun
qaldığı yerdə yaşayacaqsınız. Fikir verin
ki, ona soyuq dəyməsin. O, papaq qoymağı və şərf
bağlamağı xoşlamır, o yerlər soyuqdur, o isə
cənub adamıdır”. Zərifə xanım onun
qayğısına elə qalırdı”.
1985-ci il aprelin 15-də Zərifə Əliyeva
dünyasını dəyişdi.
“Mən Heydər Əliyevin yanına getdim. Onun
kabinetinə girəndə Heydər Əliyevin üzünə
baxanda ürəyim ağrıdı – bu, tamam başqa adam
olmuşdu. Təxminən səhər saat 11-in yarısı
idi. O, xəstəxanadan təzəcə gəlmişdi.
Bütün gecə orada olmuş, yatmamışdı.
Çox sarsılmışdı, rəngi qapqara idi. Mən
yaxınlaşıb ona bəzi sözlər dedim, amma belə
vəziyyətdə bu sözlərin nə xeyri vardı. O,
göz yaşlarını saxlaya bilmədi. Mən də onunla
bərabər hönkürdüm. O mənə dedi: “Başa
düşürsənmi mən təkcə xanımımı
yox, dostumu itirmişəm. O, çox yaxşı dost idi...”
Sonra dəfn mərasimi oldu, Zərifə
Əziz qızını Novodeviçye qəbiristanlığında
dəfn etdilər. Qohumlar və siyasi büronun bütün
üzvləri toplaşmışdı. Təkcə Mixail
Qorbaçov gəlməmişdi...”
“Hələ Əliyevlərin bütün ailəsi
Bakıda yaşayanda İlham Moskva Dövlət Beynəlxalq
Münasibətlər İnstitutunun tələbəsi idi və
Moskvada yaşayırdı. Yayın axırlarında məhsul
yığımı dövrü idi. Biz müxbirlərdən
materiallar alırdıq. Mən onları gözdən
keçirib münasib olanları seçirdim. Bir də belə
bir plyonka gördüm: “Azərbaycan Kommunist
Partiyası Mərkəzi Komitəsinin birinci katibi rayonlara səfər
edir”. Əvvəlcə buna fikir vermədim, şəkillərə
və mətnə nəzər saldım, sonra diqqətlə
baxanda gördüm ki, Heydər Əliyevi müşayiət
edən qrupda onun oğlu İlham da var. Əvvəlcə
gözlərimə inanmadım, sonra iri planda baxıb yəqin
etdim. Bu, həqiqətən o idi. Axı avqust ayı yay tətilinin
sonu idi, bütün “qızıl” gənclik haradasa çimərlikdə
dincəlirdi... O isə kolxozlara və tarlalara səfər edən
atasını müşayiət edirdi”.
K.Kislova müsahibəsinin sonunda deyir: “Onu əbəs
yerə Azərbaycanın xilaskarı adlandırmırlar. Ona görə ki, həmin vaxt onun 70 yaşı
olmasına və bir neçə dəfə infarkt keçirməsinə
baxmayaraq, özündə qüvvə tapmışdı. O,
çox müdrik insan idi, cəsarətli qərarlar qəbul
etməyi bacarırdı. Məhz o, vətəndaş
müharibəsinin qarşısını aldı və
ölkəni ən ağır vəziyyətdən
çıxardı”.
Fəridə Abdullayeva
Respublika.-
2017.- 14 may.- S.3