NƏŞRİYYAT İŞİ HAQQINDA” QANUNA GÜNÜN REALLIĞI PRİZMASINDAN BAXIŞ

(əvvəli 19 may tarixli sayımızda)

- 8-ci maddədə “-təsisçi (həmtəsisçi) ola bilərlər. Təsisçi ilə onun təsis etdiyi nəşriyyat, poliqrafiya, yaxud kitab ticarəti və təchizat müəssisəsi arasındakı münasibətlər nizamnamə, təsis müqaviləsi və mövcud qanunvericiliklə tənzimlənir. Təsisçi nəşriyyatın tematikasını və (və ya) ixtisaslaşmasını müəyyənləşdirir, onun nizamnaməsini təsdiq edir, qanunvericilikdə nəzərdə tutulan hallarda məhkəmədə iddiaçı və ya cavabdeh kimi iştirak edir. Təsisçi eyni zamanda nəşriyyat məhsulunun naşiri, istehsalçısı və yayıcısı ola bilər” yerinə “- nəşriyyatların yalnız həmtəsisçi ola bilər, təsis edilmiş nəşriyyatla poliqrafiya, kitab ticarəti və təchizatı müəssisələri arasında münasibətlər nizamnamə, təsis müqaviləsi və mövcud qanunvericiliklə tənzimlənir. Təsisçi nəşriyyatın ixtisaslaşdığı sahəni, nəşrlərin tematikasını müəyyənləşdirir, nizamnaməni təsdiq edir, qanunvericilikdə nəzərdə tutulan hallarda məhkəmədə iddiaçı və ya cavabdeh qismində iştirak edir. Nəşrin istehsalını və yayımını təşkil edir. Əsərin nəşrə yararlı olub-olmamasını isə Azərbaycan vətəndaşlığı olan təsisçi müəyyənləşdirir” yazılmalıdır. Çünki nəşrə hazırlanan əsər, ictimai rəyə birbaşa təsir göstərib cəmiyyəti bu və ya digər səmtə yönəldə bilər. Xarici vətəndaşın ictimai rəyi formalaşdırmasına yol vermək isə düz olmaz;

- 9-cu maddədə “- nizamnaməsində göstərilən fəaliyyət istiqamətlərinə uyğun olaraq hər hansı bir mövzuda bədii, bədii-publisistik, ictimai-siyasi və elmi xarakterli əsərlərin yaradılması ilə bağlı sifariş almaq və vermək” yerinə “- “ixtisaslaşdığı sahəyə uyğun əsərlərin nəşrə hazırlanması ilə bağlı sifariş alıb vermək” yazılması, daha məntiqli olardı. Çünki mövcud reallıq cəmi 1-2 redaktoru olan nəşriyyatlarda istənilən mövzuda əsərin nəşrə yüksək keyfiyyətlə hazırlanmasını mümkünsüz edir;

- “müəlliflərlə müəllif müqavilələri bağlamaq” yerinə “- müəlliflərlə, əsər-lərinin nəşri, çap edilib yayılması məqsədilə müqavilələr bağlamaq”, “-əsərlərindən başqa ölkələrdə və xarici müəlliflərin əsərlərindən Azərbaycan Respublikasında istifadə” yerinə “-əsərlərinin başqa ölkələrdə və xarici müəlliflərin əsərlərinin Azərbaycan Respublikasında nəşr” yazılmalıdır;

- “öz məhsullarını dövlət standartlarına müvafiq tərtib etmək” yazılır. Azərbaycanda isə, nəşr işi sahəsində bu gün də, hələ 1955-ci ildən keçmiş SSRİ-də beynəlxalq normalar əsasında işlənilib hazırlanmış standartlar qüvvədə qalmağa davam edir. Onlar yenidən, poliqrafiya texnika və texnologiyasının müasir inkişaf səviyyəsi nəzərə alınmaqla işlənilməlidir;

- 10-cu maddədə “- nəşriyyat məhsullarının” yerinə “- nəşr məhsulları”, “- nəşriyyat məhsullarını istehsal edə bilərlər” yerinə “- nəşriyyatdan izn alınmadan onun qrifini daşıyan nəşri çap edə bilməz”, “-nəşriyyatdan və naşirlərdən daxil olan sifarişlər əsasında nəşriyyat məhsullarının istehsalını və buraxılışını həyata keçirə bilərlər” yerinə “-nəşr məhsulları istehsalını və buraxılışını nəşriyyatın (naşirin) sifarişi əsasında həyata keçirə bilərlər”, “- nəşriyyat məhsulunu istehsal edən poliqrafiya müəssisəsi nəşrin hazırlanmış tirajını və ya onun bir hissəsini, nəşrin orijinal nüsxəsini, maket və fotoları və ya” yerinə “-nəşri istehsal edən poliqrafiya müəssisəsi onun hazır tirajını və ya tirajın bir hissəsini, orijinal nüsxə, maket və foto-orijinalları, ya da” yazılmalıdır;

- 11-ci maddədə “-nəşriyyat məhsulunun sifarişçisi ola bilər” yerinə “- müəllifi olduğu əsərin sifarişçisi ola bilər”, “toplular; digər əsərlər” yerinə “digər toplu və əsərlər”, “-müəyyən edir və onun istifadə və yayımı qaydasını müstəqil həll edir” yerinə “-nəzərə almaqla, onun istifadə və yayımı qaydasını müəyyənləşdirir”, “-nəşriyyat məhsulunu hazırlayana (poliqrafiya müəssisəsinə) öz məhsulunun hazırlanmasını, yayıcıya isə həmin məhsulun yayılmasını sifariş edə bilər” yerinə “-poliqrafiya müəssisəsinə öz məhsulunun çapını, yayıcıya isə həmin məhsulun yayımını həvalə edə bilər”, “-sifariş obyektinin mülkiyyətçisi olan şəxs, sifarişçi, naşir, çap məhsulunu hazırlayan və yayıcı arasında” yerinə “-nəzərə alınmaqla, müəllif (həmmüəllif) və ya onun nümayəndəsi ilə naşir, naşirlə çap məhsulunu hazırlayan və yayımını təşkil edən arasında” yazılmalıdır;

- 15-ci maddədə “- Vətəndaşlar və təşkilatlar öz əlyazmalarını və digər materialları öz hesablarına və müəllif redaktəsi ilə çap etdirə bilərlər” yerinə “- Vətəndaşlar öz əlyazmalarını və təşkilatlar hər hansı materialları nəşriyyatla müqavilə bağlamaqla öz hesablarına çap etdirə bilərlər” yazılmalıdır;

- 16-cı maddədə “Nəşriyyat məhsulunu istehsal edənlər (poliqrafiya müəssisəsi, digər hüquqi və fiziki şəxslər) nəşriyyatın (naşirin), yaxud onun nümayəndəsinin razılığı olmadan nəşriyyat məhsulunu buraxa bilməzlər” yerinə “İstehsal müəssisələri (poliqrafiya), hüquqi və fiziki şəxslər müəllifin, nəşriyyatın (naşirin), yaxud onun nümayəndəsinin razılığı olmadan nəşri təkrar çap etdirə bilməzlər;

- 18-ci maddədə “buraxılış yeri və ili” yerinə “buraxıldığı il və yer”, “hesab-nəşriyyat həcmi; fiziki həcmi” yerinə “uçot-nəşr həcmi; fiziki və şərti həcmi”, “şriftin növü” yerinə “əsas mətnin şrift növü”, “göstərən nişan (işarə)” yerinə “təsdiq edən nişan (işarə)” yazılmalıdır;

- 19-cu maddədə “Nəşriyyat məhsulunun hazırlanması və istehsalı prosesində bədii və texniki tərtibatla əlaqədar yaradılmış məhsul” yerinə “Nəşrə hazırlanan əsərin nəşriyyatda redaktə (elmi, ədəbi) edildiyi, bədii və texniki tərtibat verildiyi, çapa hazırlandığı hallarda nəşr” yazılmalıdır;

- 20-ci maddədə “obyektlərin hüquq sahibinin icazəsi olmadan həmin obyektlərin tam, yaxud qismən surətinin çıxarıldığı (çap edildiyi) hallarda zərər çəkən hüquq sahibinin hüquqlarının bərpası Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq təmin edilir” yerinə “əsərlərin hüquq sahibinin icazəsi olmadan surətinin tam, yaxud qismən çıxarıldığı (çap edildiyi) hallarda zərər çəkən hüquq sahibinin hüquqlarının bərpası Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq təmin edilir. Nəşriyyat hüququ olmayan təşkilatlardan qəbul edilmiş nəşrlərin poliqrafiya müəssisələri tərəfindən çapına, kitab ticarəti müəssisələri tərəfindən yayımına, həmçinin dövlət standartlarını pozaraq buraxılış məlumatları olmadan çap edilib yayılmasına yol vermiş fiziki və hüquqi şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar” yazılmalıdır;

- 22-ci maddədə “Nəşriyyat məhsulunu və digər çap məhsullarını hazırlayan müəssisə sifarişçinin hesabına buraxılmış hər bir nəşrin pulsuz məcburi nüsxələrini Azərbaycan Respublikasının Milli Kitabxanasına, Kitab Palatasına, Azərbaycan Mətbuat Şurasına, qanunvericilik və müvafiq icra hakimiyyəti orqanlarının və qanunvericilikdə nəzərdə tutulmuş digər orqanların kitabxanalara, ödənişli nüsxələri isə müəyyən edilmiş qaydada müvafiq idarə, müəssisə və təşkilatlara göndərir. Məcburi nüsxələr nəşrin ümumi tirajına daxildir” yerinə “Nəşr məhsullarını (kitab, broşürə, jurnal, almanax, qəzet və s.) hazırlayan müəssisə hazırladığı bütün nəşrlərin (“tam məxfi” qrifli nəşrlər istisna olmaqla) məcburi nüsxələrini pulsuz Azərbaycan Respublikasının Milli Kitabxanası və qanunda nəzərdə tutulmuş digər orqanların kitabxanalarına, Azərbaycan Mətbuat Şurasına (qəzet), ödənişli nüsxələri isə müəyyən edilmiş qaydada müvafiq idarə, müəssisə və təşkilatlara göndərir. Məcburi nüsxələr nəşrin ümumi tirajına, onların hazırlanmasına çəkilən xərc sifarişçinin ödədiyi məbləğə daxil edilir və sifarişçi ilə bağlanan müqavilədə öz əksini tapır. Məcburi nüsxələrin vaxtında və tam həcmdə göndərilməsini təmin etməyən poliqrafiya müəssisəsinin rəhbəri qanunla müəyyən edilmiş qaydada inzibati və maddi məsuliyyət daşıyır” yazılmalıdır. Bir də, yaxşı olar ki, qanunda məcburi nüsxələrin (pullu, pulsuz) göndərilməli olduğu yerlərin adları və nüsxələrin sayı dəqiqliklə göstərilsin;

- 25-ci maddədə “Dövlət Kitab Palatası Azərbaycan Respublikasında buraxılmış bütün çap məhsulları növlərinin toplanmasını, biblioqrafik qeydiyyatını və kataloqlaşdırılmasını, nəşriyyat fəaliyyəti sahəsində inkişafın dinamikasını göstərən statistik materialların hazırlanmasını və mətbuatın dövlət statistikasının aparılmasını Kitab Palatası” yerinə “2003-cü ildən Milli Kitabxananın nəzdində şöbə kimi fəaliyyət göstərən Dövlət Kitab Palatası Azərbaycan Respublikasında buraxılmış bütün nəşr məhsulları növlərinin (“tam məxfi” qrifli nəşrlər istisna olmaqla) toplanmasını, biblioqrafik qeydiyyatını və kataloqlaşdırılmasını, nəşriyyat fəaliyyəti sahəsində inkişafın dinamikasını göstərən statistik materialların hazırlanmasını və mətbuatın dövlət statistikasının aparılmasını” yazılmalıdır;

- 26-cı maddədə “-Azərbaycan Milli Ensiklopediyasının, digər ensiklopedik nəşrlərin hazırlanması üçün zəruri olan sənəd və məlumatları, başqa informasiyaları” yerinə “Azərbaycanda hazırlanan ensiklopedik, sorğu-məlumat nəşrləri üçün zəruri olan sənəd, informasiya və məlumatları” yazılması və qanunun bütün bu dəyişiklik və əlavələrlə yanaşı, “Nəşriyyat işi haqqında” yerinə “Nəşr işi haqqında” Azərbaycan Respublikasının Qanunu adlandırılması da məntiqəuyğun olardı.

Hazırda Azərbaycanda nəşriyyat fəaliyyəti ilə məşğul olan və ya olmağı arzulayan şəxslərin bu sahədə təhsil alıb təcrübə məktəbi keçməsinə nəzarət edilməsi (bu sahənin lisenziyalaşdırılması yolu ilə), hər müəssisənin qarşısında konkret sahə üzrə ixtisaslaşma, hər ilin axırında kütləvi informasiya vasitələrində oxuculara nəşrə hazırladığı əsərlərlə, uğur qazandığı sərgilərlə bağlı hesabat verilmə tələbinin qoyulması, etibarı doğrultmayanların lisenziyalarının geri alınmasının da qanunla tənzimlənməsi nəşrə hazırlanan əsərlərin keyfiyyətini yüksəldər, naşirlərin məsuliyyətini artırar, təsadüfi şəxslərin ideologiyanın bu vacib sahəsinə axınının qarşısını alardı.

Qanuna, həmçinin poliqrafiya avadanlığının hazırlanmadığı, kağız, cild materialları, təbəqə və s.-nin istehsal edilmədiyi respublikamızın ərazisinə gətirilən poliqrafiya materialları, yeni texnika və texnologiyanın idxal vergisindən azad edilməsi, dövlət tərəfindən maliyyələşdirilən nəşrlərin ölkə daxilində hazırlanmasının təmin edilməsi və xaricdə hazırlananlar (ayrı-ayrı şəxslər və ya özəl şirkətlər tərəfindən maliyyələşən) üçün təyin olunan gömrük rüsumunun artırılmasını təmin edən maddənin daxil edilməsi də, yerli istehsalçının hüquqlarının müdafiəsi, mənafeyinin nəzərə alınması baxımından faydalı olub bu sahənin inkişafını sürətləndirərdi.

Hazırda respublikada gələcəyin naşir, ədəbi, texniki və bədii redaktorlarının, kitab tərtibatçıları və dizaynerlərin müasir tələblər səviyyəsində yetişdirilməsi üçün tələb olunan “Texniki redaktə”, “Poliqrafiya texnikasının və texnologiyasının əsasları”, “Nəşriyyat texnologiyasının əsasları”, “Redaksiya-nəşriyyat işinin texnologiyası” və s. dərsliklərin, eləcə də nəşrlərin bədii-texniki tərtibatı sahəsində metodiki əsasların olmaması və məqsədyönlü elmi tədqiqatların aparılmaması, eləcə də ali təhsilli ədəbi, texniki, bədii redaktor, naşir və dizayner hazırlığının lazımi səviyyədə təşkil olunmaması da, bu sahənin inkişafını ləngidir. Halbuki, BDU-da jurnalistika, kitabşünaslıq və nəşriyyat işi kafedralarının birgə səyi ilə naşir, elmi, ədəbi redaktor, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində bədii və texniki redaktor, dizayner hazırlığının təşkili elə də çətin iş deyil. Bu sahədə aparılması tələb olunan elmi tədqiqatların keyfiyyətini təmin edib dərslikləri yazmaq iqtidarında olan (bilik+təcrübə) peşəkarlara zəruri maliyyə dəstəyinin verilməsi, mütəxəssis hazırlığı ilə bağlı təşkilati məsələlər də tənzimlənməlidir.

Yeri gəlmişkən, hələ orta əsrlərdə kağız, boya kimi materialların hazırlanması sahəsində zəngin ənənələri olan Azərbaycana, indi bu materiallar xaricdən gətirilir. Poliqrafiya materialları istehsalının yerli xammal (istehsalat, məişət tullantıları və s.) hesabına təşkili qeyri-neft sektorunun inkişafı ilə bağlı dövlət proqramından irəli gələn məsələlərin və işsizlik probleminin həllinə yardım edib poliqrafiya materiallarının çeşidini artırmağa, göstəricilərini yaxşılaşdırmağa imkan verər, daşınıb gətirilməsinə sərf olunan maddi vəsaitə qənaət edilməsini təmin edərdi.

Poliqrafiya işçilərinin keçmiş peşə bayramı olan - “Çap günü”nün (“Denğ peçati“) bərpa edilməsi, yüksəkixtisaslı mütəxəssislərə “Əməkdar poliqrafçı” fəxri adının verilməsi də dövlət sektorunda işin canlanmasına, gənclər arasında bu sənətə marağın artmasına xidmət edərdi.

Respublikada fəaliyyət göstərən kitab satışı obyektləri və kitabxanalar, nəşriyyat və mətbəələr, kağız və s. kimi poliqrafiya materiallarını respublikaya gətirən müəssisələrin işinin bir-biri ilə əlaqələndirilməməsi də nəşrlərin bədii-texniki tərtibat və icra keyfiyyətinə öz mənfi təsirini göstərir. İnformasiya ilə yanaşı, həm də ideya daşıyıcısı olan kitabın redaktə olunmadan çapa verilməsi, ictimai rəyə göstərə biləcəyi təsirin hesaba alınmaması, elmi-ədəbi dəyərinə, bədii və texniki tərtibatına nəzarət olunmaması müharibə vəziyyətində yaşamağa məcbur edilən bir dövlət üçün məqbul sayıla bilməz.

Bütün bunların “Nəşriyyat işi haqqında” Azərbaycan Respublikasının Qanununda öz əksini tapması bu sahənin inkişafına xidmət edər, Azərbaycanda kitab nəşrini canlandırardı.

İradə ƏlƏsgƏrova, Əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru.

Respublika.- 2017.- 21 may.- S.7