Xatirələrdə
yaşayan vətəndaş alim.
Müseyib Ağababa oğlu
Müseyibov 1927-ci il may ayının 5-də Tovuz rayonunun Qaraxanlı kəndində
dünyaya göz açmış, ağrılı-acılı
vaxtlarda - İkinci Dünya müharibəsi illərində orta və ali məktəbi
bitirmişdir. 1949-cu ildə
Azərbaycan Dövlət
Universitetində (indiki
BDU) aspiranturaya daxil
olmuş, 1954-cü ildə
“Ceyrançölün geomorfologiyası”
mövzusunda namizədlik
dissertasiyasını müvəffəqiyyətlə
müdafiə edib, 27 yaşında coğrafiya elmləri namizədi elmi dərəcəsi almışdır. Gənc alim
M.Müseyibov 1954-cü ildə
ADU-nun coğrafiya kafedrasında işə başlamış, 1955-ci ildə
dosent vəzifəsinə
seçilmişdir. İşgüzar
alim Müseyib müəllim ona dərs demiş və həmişə adlarını böyük
qürur və ehtiramla çəkdiyi Heydər Əfəndiyev, Məmmədəmin Salayev,
Hadı Əliyev,
Abdulla Şahbazov və başqalarının
əhatəsində elmi
fəaliyyətini davam
etdirərək 1963-cü ildə
“Orta Kür əyilməsinin geomorfologiyası”
mövzusunda doktorluq dissertasiyasını müdafiə
etmiş, 1964-cü ildə
professor elmi adı almışdır.
Bakı Dövlət
Universitetinin (əvvəllər
Azərbaycan Dövlət
Universiteti) geologiya-coğrafiya
fakültəsi yarandığı
vaxtlarda (1945-ci il) fakültədə cəmi
bir - coğrafiya elmləri doktoru, fiziki coğrafiya kafedrası fəaliyyət
göstərirdi. Həmin
kafedraya 1960-cı ildən
gənc yaşlarından
coğrafiya və geologiya elminin mürəkkəb sahələrinə
maraq göstərən,
görkəmli coğrafiyaşünas-alim,
professor Müseyib Müseyibov rəhbərlik
edirdi. Müharibədən
sonrakı onilliklərdə
bütün elm sahələrində olan tərəqqi coğrafiyada
da hiss olunmağa
başladı və fiziki coğrafiyadan yeni istiqamətlər ayrıldı. Bu işdə Müseyib Müseyibovun əvəzsiz
xidmətləri olmuşdur.
Onun təşəbbüsü
ilə bu gün coğrafiya fakültəsində 5 kafedra
fəaliyyət göstərir
ki, bunlar da professor Müseyib
Müseyibovun rəhbərlik
etdiyi fiziki coğrafiya kafedrasının
bazasında yaradılıb.
Məhz onun səyi nəticəsində
bu kafedraların elmi istiqamətləri müəyyən edilmiş,
onların koordinasiyasına
şərait yaradılmışdır.
O, həmçinin kafedraların
elmi potensialının
inkişaf etdirilməsi
sahəsində səyini
əsirgəməmişdir.
Görkəmli alimin bütövlükdə
coğrafiya elmi və onun aparıcı
sahələrindən - landşaftşünaslıq,
geomorfologiya, neotektonik
hərəkətlərin tədqiqi
sahəsində əldə
etdiyi nailiyyətlər
təkcə respublikamızda
deyil, ümumittifaq miqyasında tanınmış
və hazırda inkişaf etmiş ölkələrdə (Almaniya,
Fransa, Rusiya və b.) Yer
elmləri sahəsində
analoqu olmayan elmi nəticələrdən
sayılır. Azərbaycanın təbiətinə, onun gözəlliklərinə, sərvətlərinə
vurğun olan M.Müseyibovu burada baş verən neotektonik hərəkətlər,
landşaftların təkamülü,
bu hadisələrin səbəbləri və təsir dairəsi həmişə maraqlandırmış
və bu maraq milli sərhədləri aşaraq regional səviyyədə
elmi tədqiqatlarla nəticələnmişdir. Onun
səsi həmişə
beynəlxalq simpozium, konqres və konfranslarda eşidilirdi.
O, 200-dən çox elmi əsərin - monoqrafiya, dərslik və dərs vəsaitlərinin müəllifi,
zəngin informasiya tutumlu xəritə və atlasların yaradıcısı olmuşdur.
Onun elmi əsərləri sırasında “Qafqazın
regional geomorfologiyası”
(Moskva, 1979), “Orta Kür çökəkliyinin
geomorfologiyası” (Azərnəşr,
1975), “Təbiətin təzadları”
(Azərnəşr, 1989), “Azərbaycanın
landşaftları” (Maarif,
2003, 2011), “Azərbaycanın fiziki coğrafiyası” (Maarif, 1998) təkcə coğrafiya elminə deyil, bütün Yer elmləri sahəsinə qiymətli töhfədir.
Əməksevər alimin
yaratdığı əsərlər
bu gün elmi-tədqiqat işi aparan magistrant, doktorant, aspirantların stolüstü sorğu vəsaitinə çevrilmişdir.
“Təbiətin təzadları” kitabında
təbii landşaftların
təkamülünü elmi
əsaslarla izah edən görkəmli alimin təbiətə vurğunluğunu duymamaq mümkün deyil. Təbiətə sevgi hissilə yazılan bu əsər coğrafi təfəkkürün
formalaşması və
dərinləşməsi üçün
mühüm mənbədir.
Müseyib müəllim
ensiklopedik biliyə malik olan alimlərimizdən
idi. Onun çoxsaylı yetirmələri
bu gün də coğrafiya elmində və təhsilində layiqli yer tutublar.
Alimin böyüklüyü,
ziyalılığı, onun
vətənpərvər ruhda
olmasından çox asılıdır. “Qarabağ
hadisələri” başlayanda
bu hadisələr ona çox təsir edirdi. Bu, təbii idi, çünki Azərbaycanın tarixini, təbiətini, el-obasını
sevən ziyalı bu ağrı-acılara biganə qala bilməzdi. Bədnam erməni təcavüzü,
torpaqlarımızın işğalı
onun ürəyində
dərin kök salan yaraya çevrilmişdi.
O, qızğın döyüşlər
gedən vaxtlarda dəfələrlə sərhəd
bölgələrində olur,
yerli əhalini doğma yurdlarını tərk etməməyə
çağırırdı.
Vətənini, torpağını dərin
məhəbbətlə sevən
alim həm də təvazökar insan idi. Müseyib
müəllim həmişə
deyirdi ki, mənim üçün ən böyük ad ümummilli liderimiz Heydər Əliyev tərəfindən
verilmiş “Əməkdar
elm xadimi” fəxri adıdır.
Professor M.Müseyibov dostluqda
sədaqətli idi. Həyatsevərliyi ilə seçilən bu görkəmli alim xoşxasiyyət, ustad müəllimlərindən,
oxuduğu kitablardan əxs etdiyi bilikləri tələbələrə
və gənc müəllimlərə hövsələ
ilə aşılamağı
bacarırdı.
O, hələ ötən əsrin 70-ci illərindən
keçmiş SSRİ Ali Təhsil
Nazirliyinin Ali Coğrafiya
Təhsili elmi-metodik şurasının üzvü,
Azərbaycan SSR Ali Təhsil,
sonralar Təhsil Nazirliyi elmi-metodik şurasının sədri
kimi fəaliyyət göstərmişdir.
Onun elm, təhsil,
tərbiyə, maarifçilik
və təşkilatçılıq
sahəsində göstərdiyi
fədakarlıq universitet
rəhbərliyinin nəzərindən
kənarda qalmamışdı. Akademik Abel Məhərrəmov
onun mükafatlandırılması
üçün aidiyyəti
qurumlar qarşısında
vəsatət qaldırmışdı.
Bunun nəticəsidir
ki, M.Müseyibov
2000-ci ildə “Əməkdar
elm xadimi” fəxri adına, 2012-ci ildə isə Prezident təqaüdünə
layiq görülmüşdür.
Biz fəxr edirik
ki, Müseyib müəllimin yetirmələriyik
və uzun illər onunla birgə çalışmışıq.
Mənalı ömür sürmüş
görkəmli alim və böyük ziyalı, professor Müseyib Müseyibov daim xatirələrdə yaşayacaqdır.
Vüsət Əfəndiyev, coğrafiya
elmləri doktoru, professor, əməkdar
elm xadimi.
Həbibə SoltanovA,
coğrafiya elmləri
namizədi, dosent, kafedra
müdiri.
Respublika.- 2017.- 21 may.- S.7