Azərbaycan təhsil sisteminin təkmilləşdirilməsi prioritet məsələdir

Yaşadığımız əsrdə təhsilin qarşısında duran ən aktual problemlərdən biri şəxsiyyətin formalaşdırılması məsələsidir. Bu barədə zaman-zaman müxtəlif fikirlər söylənilmiş və fərqli nəzəriyyələr yaranmışdır. Danılmaz bir faktdır ki, təhsil tək-tək insanları deyil, bütöv bir xalqı dəyişdirə bilən ən böyük amildir. Məhz bu səbəbdən dünyanın hər bir ölkəsi təhsilin inkişafına böyük önəm verir. Təsadüfi deyildir ki, Azərbaycan dövləti də milli təhsilimizin inkişafını daim diqqət mərkəzində saxlayır. Bu sahədə ən böyük məsuliyyət də, ən böyük yük də məhz Təhsil Nazirliyinin üzərinə düşür, desək, yəqin ki, yanılmarıq.

Hər il olduğu kimi, 2016-cı ildə də Azərbaycan təhsilinin təkmilləşdirilməsi, onun dünyanın mütərəqqi təhsil sisteminə inteqrasiyası istiqamətində işlər uğurla davam etdirilmiş, böyük nailiyyətlər qazanılmışdır. Bu yaxınlarda nəfis tərtibatla nəşr olunmuş “Azərbaycan Respublikası Təhsil Nazirliyi. İllik hesabat. 2016” adlı kitab da bu mənada böyük maraq doğurur. Belə ki, kitabda nazirliyin ötən il ərzində fəaliyyəti, görülən işlər, qazanılan uğurlar barədə ayrı-ayrı bölmələrdə geniş məlumat verilir. Statistik göstəricilər fonunda milli təhsilimizin inkişafının ümumi mənzərəsi əks olunur. Hər kəs üçün maraqlı olacağını nəzərə alaraq kitabdan bəzi məqamları oxucuların diqqətinə çatdırırıq:

Milli təhsilimizin inkişafı daim diqqət mərkəzindədir

Azərbaycan təhsilinin inkişafında böyük xidmətləri olan ulu öndərimiz Heydər Əliyevin ölkəyə rəhbərliyinin bütün dövrlərində həyata keçirilən tədbirlər nəticəsində milli təhsil sistemində əhəmiyyətli dəyişikliklər baş vermiş, onun inteqrasiyası istiqamətində zəruri addımlar atılmış, bu da ümumən təhsilin forma və məzmunca zənginləşməsinə, yeni təlim texnologiyalarının tətbiqinə imkan yaratmışdı. Bununla bağlı ulu öndər deyirdi: “Hər bir xalqın səviyyəsini onun bilik səviyyəsi müəyyən edir. Bilik səviyyəsinə də nail olmaq üçün təhsil daim mövcud olmalıdır və o, ardıcıl surətdə inkişaf etməlidir. Biz buna nail olmuşuq və ümidvaram ki, bundan sonra da bu məsələ diqqət mərkəzində olacaqdır. Biz gələcəkdə Azərbaycan təhsilinin daha da təkmilləşməsinə, keyfiyyətinin yüksəlməsinə nail ola biləcəyik”.

Sevindirici haldır ki, Azərbaycanda dinamik iqtisadi inkişafın sürətləndirilməsinə, cəmiyyət həyatının bütün sahələrində mütərəqqi islahatların aparılmasına böyük önəm verən Prezident İlham Əliyev elm və təhsilin problemlərini də diqqət mərkəzində saxlayaraq ulu öndərin bu sahədə müəyyənləşdirdiyi prioritetlərin də varisliyini təmin edə bildi.

Azərbaycan Prezidenti İlham Əliyevin bu sahəyə diqqətlə yanaşması, dövlət büdcəsinin vəsaitlərinin ildən-ilə artması təhsil sahəsində məhz maliyyə çatışmazlığı səbəbindən uzun illərdən bəri yığılıb qalmış bəzi problemlərin həlli məsələsini aktuallaşdırdı, dövlət investisiyalarının həcmcə artımını təmin etdi, bu sahənin dünya standartları səviyyəsinə qalxmasına geniş imkanlar yaratdı, Azərbaycanda ölkənin gələcək inkişaf modelinin və insan kapitalının formalaşmasına xidmət edən ümumtəhsil hərəkatı başlandı.

Ölkədə təhsilin səviyyəsinin müasir standartlara uyğunlaşdırılması, milli təhsilimizin inkişafı istiqamətində görülən işlərə yüksək dəyər verən dövlət başçısı demişdir: “Azərbaycanda təhsil sisteminin təkmilləşməsinə çox böyük diqqət göstərilir. Təhsil bizim gələcəyimizdir. Təhsilin səviyyəsi ölkəmizin perspektivlərini müəyyən edəcəkdir. Biz inkişaf etmiş ölkələrin təcrübəsini yaxşı bilirik və görürük ki, o ölkələr, sözün əsl mənasında, inkişaf edir ki, orada təhsilin səviyyəsi yüksəkdir. Biz çalışırıq ki, Azərbaycanda bu sahəyə daim diqqət göstərilsin, praktiki tədbirlər görülsün, həm təhsil sisteminin maddi-texniki bazası güclənsin, eyni zamanda və ən önəmlisi təhsilin keyfiyyəti artsın. Həm orta, həm də ali məktəblərdə bu proses ardıcıllıqla, vahid sistem şəklində aparılmalıdır və aparılır”.

Təhsil biliklərin əldə edilməsi və fəaliyyətdə tətbiqi üçün ən vacib amildir. Məhz intellektual potensialın formalaşdırılmasında, maddi sərvətlərin insan kapitalına çevrilməsində də təhsilin müstəsna əhəmiyyəti var. İstənilən cəmiyyətin taleyi ilk növbədə onun üzvlərinin inkişaf səviyyəsindən asılıdır, istedadlı, yüksək təhsilli, iradəli şəxslərdən ibarət cəmiyyət daha mükəmməl ümumi yaşayış formaları yaradır və inkişaf edir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin uzaqgörənliklə söylədiyi: “Biz maddi dəyərlərimizi, iqtisadi potensialımızı insan kapitalına çevirməliyik. Çünki insanın savadı, biliyi onun gələcək həyatını müəyyən edir, ölkənin hərtərəfli inkişafına xidmət edir” —kimi konseptual müddəaların əsasında da məhz həmin yanaşma dayanır.

Söylənən bu fikirlərin reallaşdırılmasında isə ən böyük məsuliyyət təhsil sisteminin üzərinə düşür. Bu məsuliyyəti düzgün qiymətləndirən təhsil naziri Mikayıl Cabbarovun da dediyi kimi: “Çünki məhz Təhsil Nazirliyinin başlıca missiyası vətəndaşa məktəbəqədər təhsildən başlayaraq ali təhsilədək xidmət etməkdən ibarətdir. Bu günün gəncinin gələcəyin faydalı vətəndaşı olması üçün həm mənəvi, həm də vətənpərvər ruhda yetişdirməyi özünün ali məqsədi hesab edən müasir təhsil, təlim və tərbiyə sistemi formalaşdırılmalıdır. Bu məqsədlə ölkə başçısının 2013-cü ildə imzaladığı “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” qeyd olunan hədəflərə nail olunması üçün “yol xəritəsi” hesab olunur”.

Məktəbəqədər təhsil

vahid təhsil sisteminin

ilk pilləsidir

Məktəbəqədər təhsil uşaqların intellektual, fiziki və psixoloji inkişafında, potensial imkanlarının üzə çıxarılmasında, məktəbə hazırlanmasında, onlarda mədəni keyfiyyətlərin, müstəqillik, yaradıcılıq, təşəbbüskarlıq hisslərinin və həyati bacarıqların formalaşmasında mühüm rol oynayır. Maddi sərvətlərin insan kapitalına çevrilməsinin təməli məhz məktəbəqədər təhsil müəssisələrində qoyulur. Bu səbəbdən də məktəbəqədər təhsil sisteminin inkişafı Azərbaycan Respublikasının dövlət təhsil siyasətinin strateji istiqamətlərindən birini təşkil edir və bu sahəyə xüsusi diqqət yetirilir. Belə ki, 2015-ci ildə 5 yaşlı uşaqlar üçün məktəbəhazırlıq proqramı təşkil edilmiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən 2016-2017-ci tədris ilindən başlayaraq, 2020-ci ilədək uşaqların məktəbəhazırlıqla əhatə olunma səviyyəsinin mərhələlərlə 90 faizə çatdırılmasını təmin etmək üçün zəruri tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.

Qeyd olunan proqram 2015-ci ildə bütün 5 yaşlı uşaqların 24 faizini əhatə edirdisə, 2016-cı ildə bu göstərici 55 faizə çatmışdır.

Məktəbəqədər təhsilin uşaqların məktəbdəki bilik və bacarıqlarının göstəricilərinə və gələcək nailiyyətlərinə necə təsir etməsi məsələsi beynəlxalq təcrübədə öyrənildiyi kimi, ölkəmizdə həyata keçirilən 5 yaşlı uşaqların məktəbəhazırlıq proqramının nəticələri də Təhsil Nazirliyi tərəfindən təhlil edilmiş, tədqiqat aparılan 89 pilot məktəbdə I sinif şagirdlərinin bilik səviyyəsi qiymətləndirilmiş və nəticə şagirdlərin hazırlıq qrupunda iştirak etməsi faktı ilə müqayisə edilmişdir.

Təhlillər onu göstərmişdir ki, Təhsil Nazirliyinin təşkil etdiyi məktəbəhazırlıq pilot qruplarında iştirak etmiş I sinif şagirdlərinin bilik səviyyələri digər müəssisələrdə hazırlıq keçmiş şagirdlərdən, məktəbə hazırlıqsız daxil olan şagirdlərdən də yüksək olmuşdur.

Aparılan tədqiqatın nəticələri bir daha onu sübut etdi ki, yaxşı təşkil olunmuş məktəbəqədər təhsil gələcəkdə sosial davranış, yüksək akademik qiymətlər, həmçinin yüksək təhsil dərəcəsi əldə etmək də daxil olmaqla, uzunmüddətli inkişafa səbəb olur. Bütün bunları nəzərə alaraq, Təhsil Nazirliyinin təklifləri əsasında respublikanın bütün bölgələrinin dövlət ümumtəhsil müəssisələrində dövlət büdcəsi vəsaiti hesabına məktəbəhazırlıq qrupları yaradılmışdır.

Beləliklə, 2016-2017-ci tədris ilində respublikanın 2,795 ümumtəhsil məktəbində 4.410 qrupda 86.970 nəfər uşaq məktəbəhazırlıq təhsilinə cəlb edilmişdir.

Ümumi təhsil: islahatlar və perspektivlər

Əvvəlki illərdə olduğu kimi, 2016-cı ildə də ümumi təhsilin inkişafı istiqamətində mühüm işlər həyata keçirilmiş və ayrı-ayrı sahələrdə böyük uğurlar əldə olunmuşdur. İlk növbədə təmayüllü məktəblərin şəbəkəsi genişləndirilmişdir. Belə ki, 2015-2016-cı tədris ilində 58 məktəbdə 176 sinif komplektində təxminən 3.700 nəfərə yaxın şagird X sinifdə təmayüllər üzrə tədrisə cəlb olunmuş, 2016-2017-ci tədris ilindən Azərbaycanın 5 şəhər və 36 rayonunun 124 məktəbində təhsilin təmayüllər üzrə təşkilinə başlanılmışdır. Hazırda 324 sinifdə 7.268 şagirdə tam orta təhsil təmayüllər üzrə tədris olunur. Müəyyən olunmuş pilot məktəblər müvafiq təmayüllər üzrə tədris planı və fənn proqramları ilə təmin edilmişdir.

Diaqnostik qiymətləndirmə müəllimlərin bilik və bacarıqlarının artırılması, tədrisin keyfiyyətinin yaxşılaşdırılmasında böyük əhəmiyyət kəsb edir. 2015-2016-cı illərdə Bakıda keçirilən diaqnostik qiymətləndirmədə 28.758 nəfər, ölkənin 12 bölgəsində isə 26.290 müəllim iştirak etmişdir. 2016-cı ilin iyun ayı ərzində müəllimlərin iş yerinin dəyişdirilməsi üzrə müsabiqə keçirilmiş və bu müsabiqədə 1.621 nəfər iştirak etmişdir ki, bu da əvvəlki ildəkindən 714 nəfər çox olmuşdur.

Müəllimlərin işə qəbulu üzrə müsabiqəyə də maraq artmışdır. Sözügedən müsabiqənin nəticələrinə əsasən bu il kənd məktəblərinə işə düzələn 1.758 nəfər gənc mütəxəssisə Nazirlər Kabinetinin qərarına uyğun olaraq, həvəsləndirmə tətbiq edilmişdir. Ötən il həvəsləndirmə tədbirləri 1.735 müəllimə şamil olunmuşdu.

Müəllimlərə mütəmadi dəstək vermək, onların inkişafını təmin etmək, müəllim fəaliyyətinə nəzarət etmək, təkmilləşməyə ehtiyacı olan müəllimləri müxtəlif təlimlərə göndərmək, təcrübəli müəllimlərin yeni gələn müəllimlərə kömək göstərməsi üçün şərait yaratmaq ümumtəhsil müəssisələri rəhbərlərinin birbaşa vəzifəsidir. Təhsil Nazirliyi 2013-2014-cü tədris ilindən başlayaraq, hər il təhsilin keyfiyyətinin artırılması, təhsilin idarə olunmasının təkmilləşdirilməsi məqsədilə məktəb rəhbəri olmaq istəyən müəllim və direktor müavinləri üçün təlimlər təşkil edir.

2016-cı ildə ölkənin müxtəlif rayonlarından ümumilikdə 180 nəfər bu təlimlərdə iştirak etmiş və onlardan 27 nəfər direktor vəzifəsinə təyinat almışdır.

Ölkənin şəhər və rayonlarının ümumtəhsil məktəblərində vakant olan məktəb direktoru vəzifəsinə seçimin obyektiv, şəffaf aparılması, səriştəli, peşəkar, müasir idarəetmə bacarıqlarına malik şəxslərin seçilməsi, bu işin daha səmərəli tənzimlənməsi məqsədilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsdiq etdiyi qaydalara əsasən cari ilin aprel ayında müsabiqə elan edilmiş, müsabiqədə iştirak edən 1.591 nəfərdən 208 namizəd seçdiyi vakant yer üzrə direktor vəzifəsinə işə qəbul edilmişdir.

Beynəlxalq təcrübə göstərir ki, müəllimlərin yetişməsi üçün nə qədər səy göstərilərsə, təhsilin də səviyyəsi o qədər yuxarı olar. Bu mənada 500 və yuxarı bal toplayan abituriyentlərin müəllimlik ixtisasını seçməsinə təşviq olunması məqsədilə Təhsil Nazirliyinin həyata keçirdiyi tədbirlər də öz müsbət nəticəsini verməkdədir. Əgər 2015-ci ildə müəllimlik ixtisasını 697 nəfər seçmişdisə, 2016-cı ildə onların sayı 977 nəfər olmuşdur. Bu isə öz növbəsində 40 faiz artım deməkdir.

2016-cı ildə respublika və beynəlxalq fənn olimpiadalarında iştirak edən şagirdlərin də, qazanılan medalların da sayı artmış “Sağlam təhsil – sağlam millət” layihəsi uğurla davam etdirilmiş, “Məktəblinin dostu” pilot layihəsinə start verilmişdir. Qeyd edək ki, Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birgə həyata keçirilən “Məktəblinin dostu” layihəsi təhsilin idarə edilməsinin təkmilləşdirilməsi, valideynlərin ümumtəhsil müəssisələrinin həyatında daha yaxından iştirakını təmin etmək məqsədilə təşkil olunmuşdur.

İnklüziv təhsil. Bu, sağlamlıq imkanları məhdud şəxslərin təhsilidir. “İnklüziv təhsil” modeli xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsili ilə yanaşı, onların həyata transformasiyasını və inkişafını nəzərdə tutur. Xüsusi qayğıya ehtiyacı olan uşaqların sağlam uşaqlarla birlikdə təhsil alması onları cəmiyyətdən və yaşıdlarından təcrid olunmaqdan xilas edir, onların həyata inteqrasiyasına, inkişafına və hüquqlarının təmin olunmasına kömək edir.

Bu məqsədlə 2016-cı ildə xüsusi təhsil sistemində interaktiv proseslər həyata keçirilmiş və xüsusi qayğıya ehtiyacı olan uşaqların yaradıcılıq potensialının inkişafı sahəsində inklüziv təlimin keyfiyyətinin yüksəldilməsi istiqamətində səmərəli işlər görülmüşdür. İlk növbədə əlilliyi olan uşaqların ümumi təhsilə cəlb olunması məqsədilə pilot məktəblərin sayı artırılmışdır.

Ümumiyyətlə, respublikada sağlamlıq imkanları məhdud uşaqlardan 9.355 nəfəri evdə, 2.558 nəfəri xüsusi məktəblərdə, 2.725 nəfəri isə xüsusi internat məktəblərində təhsilə cəlb olunmuşdur.

Ötən il “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı” çərçivəsində Təhsil Nazirliyinin müvafiq qurumlarla işi gücləndirilmiş, dövlət məktəblərində ingilis dilində danışıq qabiliyyətlərinin inkişaf etdirilməsi (SPEX), “Məktəb İcma Qurumları” layihələrinin davamlılığı təmin olunmuş, “Sabahın alimləri”, “Ədəbiyyat biliciləri”, “Ən yaxşı təqdimat” və s. kimi layihələrin əhatə dairəsi genişləndirilmiş, şagirdlərin məktəbdənkənar fəaliyyəti istiqamətində rəngarəng tədbirlər həyata keçirilmişdir.

İlk peşə-ixtisas təhsili

ixtisaslı kadr hazırlığını

təmin edir

Son illər ölkəmizdə dinamik inkişaf edən iqtisadiyyatın bir çox sahələrinin ixtisaslı kadrlarla tələbatının dolğun ödənilməsi, əhaliyə göstərilən texniki peşə xidmətlərinin beynəlxalq tələblər səviyyəsində qurulması və s. ölkəmizdə peşə təhsilinin inkişafı məsələlərini də gündəmə gətirmişdir.

İlk peşə-ixtisas təhsili sahəsində peşə hazırlığının səmərəliliyini artırmaq və rəqabətqabiliyyətli ixtisaslı kadrların hazırlanmasını təmin etmək məqsədilə 2016-cı ildə Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi yaradılmış, müxtəlif istiqamətlər üzrə ixtisaslaşmış Bakı Dövlət Peşə Təhsili Mərkəzləri və Gəncə Dövlət Peşə Təhsil Mərkəzləri təşkil edilmişdir.

Eyni zamanda “Azərbaycan Respublikasında ilk peşə-ixtisas təhsilinin inkişaf Konsepsiyası”nın, Azərbaycan Respublikası Prezidentinin “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”nin təsdiqi və bundan irəli gələn məsələlər haqqında 16 mart 2016-cı il tarixli sərəncamına əsasən “Azərbaycan Respublikasında Peşə təhsili və təlimi sektorunun Strateji Yol Xəritəsi”nin nazirliyin müvafiq bölmələri ilə birlikdə “Dövlət və bələdiyyə tərəfindən yaradılan ilk peşə-ixtisas təhsili müəssisələrinin nümunəvi nizamnaməsi”nin və “Azərbaycan Respublikasında ilk peşə-ixtisas təhsilinin Dövlət standartları”nın yeni layihələri hazırlanmışdır.

2016-2017-ci tədris ilində Nazirlər Kabineti tərəfindən dövlət ilk peşə-ixtisas təhsili müəssisələrinə 154 ixtisas üzrə 18.820 nəfər şagird qəbulu planı müəyyən edilmiş, əmək bazarının tələbatını daha dolğun təmin etmək məqsədilə təhsil nazirinin müvafiq əmri ilə 15 yeni ixtisas “İlk peşə ixtisas təhsili üzrə ixtisasların təsnifatı”na əlavə edilmişdir.

İlk peşə-ixtisas təhsilinin ictimai statusunun yüksəldilməsi, inkişafı və təhsilin məzmununun təkmilləşdirilməsi istiqamətində bir sıra layihələr həyata keçirilmiş, beynəlxalq əməkdaşlıq genişləndirilmişdir.

Ali və orta-ixtisas təhsil

sistemi yeniləşir

2005-ci ildə Azərbaycan Bolonya prosesinə qoşulandan sonra Avropa təhsil məkanına inteqrasiyanı təmin etmək məqsədilə böyük işlər görülmüşdür. Ali təhsildə aparılacaq islahatların konturları yenidən müəyyənləşdirilmiş, bakalavr hazırlığının məzmununa və səviyyəsinə qoyulan minumum dövlət tələblərinin strukturu təsdiq olunmuş, yeni nəsil dövlət təhsil standartları işlənib hazırlanmış, “Ali təhsil müəssisələrində kredit sistemi ilə tədrisin təşkili barədə nümunəvi əsasnamə” təsdiq edilmişdir.

Götürülmüş öhdəliklərin həyata keçirilməsi istiqamətində tədbirlər əvvəlki illərdə olduğu kimi, 2016-cı ildə də davam etdirilmişdir.

2016-cı ilin sentyabrında Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Fransa-Azərbaycan Universiteti fəaliyyətə başlamışdır. Hazırda universitetdə kimya mühəndisliyi, kompüter elmləri, geofizika mühəndisliyi, neft-qaz mühəndisliyi ixtisasları üzrə kadr hazırlığı aparılır.

2015-ci ilin sentyabr ayından fəaliyyətə başlayan və Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən həyata keçirilən “Ali təhsil sisteminin Avropa Ali Təhsil Məkanına inteqrasiyasının inkişafı üzrə Azərbaycan Respublikası Təhsil Nazirliyinə dəstək” adlı Tvinninq layihəsinin məqsədi Avropa ali təhsil məkanının standartlarına inteqrasiya yolu ilə ölkəmizin ali təhsil sisteminin gücləndirilməsidir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin və digər aidiyyəti qurumların institusional potensialının artırılması əsas hədəf seçilmişdir.

Əsas tərəfdaşlar kimi Azərbaycan Respublikası Təhsil Nazirliyi, Finlandiya Təhsilin Qiymətləndirilməsi Mərkəzi və Estoniya Ali Təhsildə Keyfiyyətin təmin olunması üzrə Agentliyi çıxış edir. Tvinninq layihəsinin 2017-ci ilin avqustuna qədər davam etməsi və layihə çərçivəsində dörd fəaliyyət sahəsi üzrə konkret nəticələrin əldə olunması gözlənilir.

Təhsil Nazirliyinin 2015-ci ilin dekabrında “Thomson Reuters” şirkəti ilə imzaladığı müqaviləyə əsasən iki qurum arasında əməkdaşlıq davam etdirilmiş, bu, Azərbaycanın 40 ali təhsil müəssisəsini əhatə etmişdir. Dünyanın ən tanınmış elmi-analitik informasiya təminatçısı olan “Thomson Reuters” şirkəti ilə əməkdaşlıq rəqabətqabiliyyətli insan kapitalının hazırlanması siyasətinə əsaslanır və ölkəmizin inkişaf konsepsiyasına dəstək göstərilməsi məqsədini daşıyır.

Aztəminatlı ailələrdən olan tələbələrin təhsilalma imkanlarını genişləndirmək, eləcə də onların təhsil məsrəflərinin maliyyələşdirilməsinə dəstək olmaq məqsədilə 2016-cı ildə “Maarifçi” Tələbə Kredit Fondu fəaliyyətə başlamışdır ki, onun da əsas missiyası təhsil haqqını ödəməkdə çətinlik çəkən aztəminatlı ailələrdən olan tələbələrə uzunmüddətli güzəştli kreditlər verilməsi yolu ilə ali təhsil almaqda bərabər imkanların yaradılmasıdır.

Ali təhsil sistemində aparıcı və uğurlu layihə olan SABAH qrupları 2014-2015-ci tədris ilində 7 ali təhsil müəssisəsində formalaşdırılmış, 2016-2017-ci tədris ilində onların sayı 11-ə çatdırılmışdır. Hazırda SABAH qruplarında təhsil alan tələbələrin sayı 2.300-ü keçmişdir.

“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 2015-2016-cı tədris ilində Dövlət Proqramına sonuncu sənəd qəbulu həyata keçirilmiş və müsabiqə nəticəsində dünyanın aparıcı ali təhsil müəssisələrində təhsil hüququ qazanmış 373 tələbənin adı Proqram təqaüdçüləri siyahısına daxil edilmişdir. Bununla da, 2007-ci ildən bu günə qədər Xaricdə Təhsil üzrə Dövlət Proqramı çərçivəsində təhsil almaq hüququ qazanmış tələbələrin sayı 3.558 nəfərə çatmışdır.

Bütün bunlarla yanaşı, Azərbaycanın ali təhsil müəssisələrində oxumaq istəyən xarici vətəndaşların da sayı artmışdır. 2016-2017-ci tədris ili üzrə hazırda ölkəmizdə 5.007 nəfər əcnəbi tələbə təhsil alır. Əcnəbi tələbələrin üstünlük təşkil etdiyi ali təhsil müəssisələri sırasında ilk üçlüyü Azərbaycan Tibb Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti və Bakı Dövlət Universiteti tutur.

2016-cı ildə orta ixtisas təhsili müəssisələrinin şəbəkəsinin optimallaşdırılması, təkrarlanmanın aradan qaldırılması, idarəetmənin, maliyyələşdirmənin, kadr hazırlığının səmərəsinin və keyfiyyətinin yüksəldilməsi məqsədilə bır sıra struktur dəyişikliyi edilmişdir.

Təbii ki, böyük bir qurumun nailiyyətlərini, uğurlarını bir qəzet yazısında tam əhatə etmək mümkün deyil, lakin qeyd olunanlar belə deməyə əsas verir ki, Təhsil Nazirliyi Dövlət Strategiyasının qarşıya qoyduğu hədəflərə çatmaq üçün bundan sonrakı illərdə də öz fəaliyyət tempini qoruyub saxlayacaqdır. Bu inam təhsil naziri Mikayıl Cabbarovun söylədiyi fikirlərdə də ifadə olunur: “İnanıram ki, yaxın gələcəkdə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 6 dekabr 2016-cı il tarixli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndə təhsilin inkişafı üzrə müəyyənləşdirilmiş başlıca hədəflərə — insan kapitalının formalaşması və inkişafı üçün təhsilin bütün pillələrində keyfiyyətin artırılmasına, eləcə də əmək məhsuldarlığının yüksəldilməsini təmin etmək məqsədilə insan kapitalının inkişafına, araşdırma və təkmilləşdirmə sahəsinə investisiya qoyuluşunun stimullaşdırılmasına nail ola biləcəyik. Bununla da, Azərbaycanda insan kapitalının inkişafında fasiləsizliyin (ömür boyu öyrənmək) təmin edilməsi, məktəbəqədər və ümumi təhsil də daxil olmaqla, peşə təhsili və ixtisaslı kadr hazırlığının əmək bazarının tələblərinə uyğunlaşdırılması, eləcə də “elm-təhsil-istehsalat” əlaqələrinin təkmilləşdirilməsi istiqamətində proqramların hazırlanması və həyata keçirilməsi bundan sonra da davam etdiriləcəkdir”.

Zümrüd QURBANQIZI,

Respublika.-2017.- 23 may.- S.10.