Regionlarda
sahibkarlığın inkişafına hərtərəfli dəstək
verilir.
“Azərbaycan Respublikası regionlarının
2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət
Proqramı”nın icrasının üçüncü ilində
Sahibkarlığa Kömək Milli Fondu tərəfindən
ayrılan kreditlərin 74 faizi bölgələrin payına
düşüb
Yeni iqtisadi şəraitdə Azərbaycanın
qarşıya qoyduğu hədəflər sırasında
qeyri-neft sektorunda xüsusi çəkiyə malik özəl
bölmənin dinamik inkişaf etdirilməsi mühüm yer
tutur. Təsadüfi deyil ki, Prezident İlham
Əliyevin 2016-cı ilin dekabrında imzaladığı
“Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları
üzrə strateji yol xəritələrinin təsdiq edilməsi
haqqında” müvafiq Fərmanla təsdiqlənən strateji
yol xəritələrindən biri də məhz özəl
sektorda yaxın, orta və uzunmüddətli dövrdə
məhsul istehsalı ilə bağlıdır.
Azərbaycanda özəl sektorun
imkanlarının artırılmasının, o cümlədən
də kiçik və orta sahibkarlıq səviyyəsində
istehlak mallarının istehsalının dəstəklənməsi
ölkəmizin reallıqlarından irəli gəlir.
Müasirləşməni strateji hədəf kimi
qarşıya qoyan Azərbaycan bütün sahələrdə
dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsinə
istinad edir. Bu cəhətdən ölkəmizdə qlobal
çağırışlar və daxili imkanlar nəzərə
alınmaqla həyata keçirilən məqsədyönlü
iqtisadi kurs da istisna deyildir. Məlumdur ki, dünyanın
qabaqcıl ölkələrində iqtisadiyyat əsasən
kiçik və orta sahibkarlığın dəstəklənməsi
hesabına inkişaf edir. Həmin ölkələrin
istehsalının əsasında məhz özəl müəssisələrdə
buraxılan müxtəlif növ məhsullar dayanır.
Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq
Azərbaycan da məhz bu yolu tutaraq özəl bölmənin
inkişafına davamlı dəstək nümayiş etdirir.
Dövlət bu sahənin inkişafına həm siyasi, həm
də maddi dəstək verir. Respublikamızda
özəl bölmənin inkişaf etdirilməsi məqsədilə
özəlləşdirmə həyata keçirilib, ayrıca
proqramlar qəbul edilib, hüquqi-qanunvericilik bazası möhkəmləndirilib.
Ölkədə sahibkarlığın inkişafının təşviq
edilməsi məqsədilə Sahibkarlığa Kömək
Milli Fondu təsis edilib.
Yeni şəraitdə biznes mühitinin
yaxşılaşdırılması istiqamətində ciddi
addımlar atılır
Müvafiq Strateji Yol Xəritəsinin müəyyənləşdirilməsi
həm də belə bir vacib amillə şərtlənir ki,
yeni iqtisadi şəraitdə ölkəmizdə sahibkarlıq
subyektlərinin dəstəklənməsinə tamamilə yeni
yanaşma tətbiq olunur. Yeni şəraitdə
respublikamızda kiçik və orta sahibkarlıq subyektlərinin
istehsal imkanlarının artırılması məqsədilə
həyata keçirilən genişməzmunlu islahatlar özəl
sektorun investisiya cəlbediciliyinin artmasına, sahibkarların
yeni ideyalarını həyata keçirmələrinə və
onların maddi imkanlarını daha da artırmalarına əlverişli iqtisadi mühit
formalaşdırır. Ölkədə yaranmış yeni
şəraitdə biznes mühitinin
yaxşılaşdırılmasını təmin etmək məqsədilə
vergi bazasının genişləndirilməsi yolu ilə
sahibkarların vergi yükünün azaldılması,
gömrük rəsmiləşdirilməsinin və bütün
idxal-ixrac əməliyyatlarının tam şəffaf
aparılması xüsusi aktuallıq kəsb edir. Bundan başqa, sahibkarlıq subyektlərində
yoxlamalar 2 il müddətinə dayandırılıb, lisenziya
tələb olunan fəaliyyət növlərinin sayı
59-dan 37-yə endirilib, lisenziyalar müddətsiz müəyyən
edilib, dövlət rüsumunun məbləği Bakıda 2 dəfə,
regionlarda isə 4 dəfə azaldılıb,
lisenziyaların İqtisadiyyat Nazirliyi tərəfindən “ASAN
xidmət” mərkəzlərində verilməsinə
başlanılıb.
Ölkədə biznes mühitinin
optimallaşdırılması istiqamətində
reallaşdırılan tədbirlər yaxşı səmərə
verir. “Azərbaycan Respublikası
regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi
inkişafı Dövlət Proqramı”nın icrasının
üçüncü ilinin yekunlarına həsr olunan
konfransda iqtisadiyyat naziri Şahin Mustafayev bildirib ki,
yoxlamaların dayandırılması ilə bağlı
qanunun qəbulundan sonra ötən il vergi yoxlamaları istisna
olmaqla, sahibkarlıq sahəsində cəmi 60 yoxlama
keçirilib. Müqayisə üçün 2015-ci ildə bu
yoxlamaların sayı 62 minə yaxın olub. Sahibkarların
maarifləndirilməsi məqsədilə ötən il
regionlarda 3400 sahibkarın iştirakı ilə 33
işgüzar forum keçirilib.
Sahibkarlığın inkişafı ölkə
iqtisadiyyatına böyük dəstək olub
Respublikamızda özəl bölməyə
göstərilən dövlət dəstəyi bu sahədə
diqqətəlayiq uğurların əldə olunması ilə
nəticələnib. Son 13 ildə respublikamızda məşğulluqda
və vergi daxilolmalarında özəl bölmənin çəkisi
70 faizi ötüb. Ölkəmizdə sahibkarlıq subyektlərinin
sayı 2004-cü illə müqayisədə 2,6 dəfə
artıb. Respublikamızda özəl bölmənin yüksək
səviyyədə inkişafının nəticəsi olaraq
cari ildən etibarən bu sahənin maliyyə təminatı əsasən
qaytarılmış kreditlər hesabına həyata
keçirilir. Prezident İlham Əliyev “Azərbaycan
Respublikası regionlarının 2014-2018-ci illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın
icrasının üçüncü ilinin yekunlarına həsr
olunan konfransdakı nitqində bundan məmnunluq ifadə edərək
vurğulayıb: “Son illər ərzində - 2004-cü ildən
bu günə qədər Azərbaycan sahibkarlarına təxminən
2 milyard manat dəyərində güzəştli şərtlərlə
kreditlər verilmişdir. Bu kreditlər ölkə
iqtisadiyyatının inkişafına böyük dəstək
olmuşdur. Onu da deməliyəm ki, bu il Sahibkarlığa
Kömək Milli Fondunun xətti ilə veriləcək güzəştli
kreditlərin hamısı əvvəlki illərdə
verilmiş və qaytarılmış kreditlər hesabına
veriləcək. Yəni artıq dövlət bu yükü,
necə deyərlər, öz üzərindən kənara
qoyub. Bax, məqsəd də ondan ibarət idi. Hər
il biz böyük məbləğdə - 200 milyon, bəzi
hallarda 250 milyon manat ayırırdıq və bu vəsait
hesabına işlər görülürdü, iş yerləri
açılırdı, böyük biznes imkanları
yaradılırdı. Eyni zamanda, vaxt gəldi ki, artıq dövlət
bu pulu büdcədən ayırmır və biz bunu
qaytarılmış kreditlər hesabına edirik”.
Öz növbəsində ölkədə
özəl sektorun güclənməsi milli
iqtisadiyyatımızın inkişafına sanballı töhfə
verir. Əlamətdar haldır ki, yeni şəraitdə Azərbaycanın
qeyri-neft sektoru üzrə yeni istehsal və ixrac imkanları əsasən
özəl bölmədə aktivliyin artması hesabına
yaranır. Son illərdə respublikamızda regional sənaye
quruculuğu diqqət mərkəzində saxlanılır və
burada sahibkarlıq subyektlərinin fəallığını
xüsusi qeyd etmək lazımdır. Müvafiq
dövlət dəstəyindən bəhrələnən
sahibkarlar bölgələrdə, o cümlədən də
Sumqayıtda, Mingəçevirdə, Neftçalada,
Ağstafada yeni sənaye müəssisələrinin
yaradılmasına iri həcmli investisiyalar yönəldiblər.
Belə müəssisələr hesabına ölkəmizdə
sənayenin regional strukturunun əhatə dairəsi getdikcə
genişlənir.
Ölkədə sahibkarlığın dəstəklənməsinin
güclü potensiala malik aqrar sektorun və
bütövlükdə regionların inkişafında
mühüm rol oynadığını da ayrıca qeyd etmək
lazımdır. Qeyd edək ki, sahibkarlıq subyektlərinin
artması sayəsində regionlardan vergi daxilolmaları əhəmiyyətli
dərəcədə çoxalıb, həmçinin xərclərini
yerli gəlirlər hesabına maliyyələşdirən
şəhər və rayonların sayı 6-ya çatıb. Son illərdə dövlətin güzəştli
kreditləri hesabına 43 müasir quşçuluq və 25 heyvandarlıq
kompleksinin, 39 intensiv bağçılıq təsərrüfatının,
53 logistik mərkəzin və 22 taxıl anbarının, 16
meyvə-tərəvəz emalı, 9 süd emalı, 8 ət
emalı müəssisəsinin, 28
çörək zavodunun, 46 istixana kompleksinin, 6 yem zavodunun və
digər müasir müəssisələrin yaradılması
aqrar sektorda dönüşün əldə olunmasına,
ixrac potensialının artmasına, idxaldan
asılılığın azalmasına, ümumilikdə ərzaq
təhlükəsizliyinin möhkəmlənməsinə səbəb
olub.
Hazırda sahibkarlar aqrar sektorda qabaqcıl təcrübənin
və intensiv metodların tətbiqində fəal şəkildə
iştirak edirlər. Son illərdə 20 rayonda 44 min hektaradək
ərazidə 22 sahibkar tərəfindən müasir suvarma
sistemlərinin və innovativ texnologiyaların tətbiqinə əsaslanan
32 iri fermer təsərrüfatı yaradılıb. Bundan başqa, Prezident İlham Əliyevin qeyri-neft
sektorunun inkişafının sürətləndirilməsi,
aqrar sahədə intensiv texnologiyaların tətbiqi ilə
bağlı tapşırığına uyğun olaraq ölkəmizdə
sahibkarların fəal iştirakı ilə aqroparkların
yaradılmasına başlanılıb.
Özəl bölmədə buraxılan məhsullar
uğurla xarici bazarlara çıxarılır
Regionlarda sahibkarlıq subyektləri tərəfindən
buraxılan məhsulların böyük uğurla xarici
bazarlara çıxarılması ölkəmizdə özəl
bölmənin inkişafının daha bir müsbət əlamətidir.
Azərbaycanda İxracın və
İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri
Rüfət Məmmədovun “Yeni Azərbaycan”a verdiyi məlumatda
bildirilir ki, dövlət başçısının “Xarici
ölkələrə ixrac missiyalarının təşkilinə,
xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə,
“Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə,
yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə
sertifikat və patent almasına, ixracla əlaqəli tədqiqat-inkişaf
proqram və layihələrinə çəkilən xərclərin
dövlət büdcəsi hesabına ödənilən hissəsinin
müəyyənləşdirilməsi və ödənilmə
mexanizminin tənzimlənməsi
Qaydası”nın təsdiq edilməsi haqqında 2016-cı il 5
oktyabr tarixli Fərmanına uyğun olaraq, həyata
keçirilən tədbirlər nəticəsində artıq
ayrı-ayrı ölkələrə “Made in Azerbaijan” məhsullarının
ixracına başlanılıb. Son bir
neçə ay ərzində “Made in Azerbaijan” brendinin təşviqi
ilə bağlı Honq Konq da daxil olmaqla Çinə, Birləşmiş
Ərəb Əmirliklərinə, Almaniyaya, Əfqanıstana,
Pakistana, Qətərə 7 ixrac missiyası həyata
keçirilib. Çin Xalq Respublikasına səfər çərçivəsində
Beynəlxalq Şərabçılıq Sərgisində
yerli şərab məhsullarımızdan biri
qızıl medala layiq görülüb və 500 min
şüşə şərabın Çinə ixracına
dair müqavilə imzalanıb. Dubaya ixrac missiyası çərçivəsində
Azərbaycanın regionlarında istehsal edilən nar şirəsi,
alma və balın ixracına dair razılaşmalar əldə
edilib. Cari ilin yanvar ayında 18 şirkətin iştirakı
ilə Almaniyaya təşkil edilən ixrac missiyası çərçivəsində
çay və narın Almaniyaya ixracı ilə bağlı
ilkin razılaşma əldə edilib, nar şirəsinin
İsveçə ixracı ilə bağlı isə
müqavilə imzalanıb. Pakistan və
Əfqanıstana həyata keçirilən ixrac missiyaları
çərçivəsində quru süd və süd məhsulları,
nar şirəsi, qənnadı məhsulları, mebel, boru,
metal konstruksiyaları və digər tikinti
materiallarının ixracı üzrə, Qətərə
ixrac missiyası çərçivəsində isə ət,
nar şirəsi və Naftalan neftindən istehsal edilən
kosmetoloji və tibbi məhsulların ixracı ilə
bağlı ilkin razılaşmalar əldə edilib, yerli
küçə və şəhər mebellərinin Qətərə
ixracına başlanılıb. Dubayda
keçirilən “Gulfood 2017” və Almaniyada təşkil
olunmuş “Prowein” sərgilərində şirkətlərimizin
vahid ölkə stendi ilə iştirakı zamanı Dubaya ət
ixracına dair müqavilə imzalanıb, Azərbaycan
fındığının İspaniyaya ixracı ilə
bağlı sifariş qəbul edilib, meyvə-tərəvəz,
meyvə şirələri, bal, quru süd,
fındıq, ət, çay kimi yerli məhsulların
Körfəz ölkələrinə ixracına və bu
regionda fəaliyyət göstərən marketlər şəbəkələrinə
çıxışına dair danışıqlar
aparılıb.
R.Məmmədov qəzetimizə
açıqlamasında bildirib ki, 2017-ci ildə Qazaxıstan,
Rusiya, ABŞ və digər ölkələrə ixrac
missiyaları təşkil olunacaq, “World Food Moscow”, “Anuga”, “Honq
Konq Beynəlxalq Şərab və Spirtli İçkilər”
sərgilərində Azərbaycan məhsullarının vahid
ölkə stendində nümayiş olunması təmin ediləcəkdir.
Ötən il ölkəmizdə işə
salınan təşviq mexanizmi regionlarda sahibkarların
ixracyönümlü məhsul istehsalına
marağının artmasına müsbət təsir göstərib.
AZPROMO-nun rəhbəri Rüfət Məmmədov bildirib ki,
sahibkarlara ixrac etdikləri qeyri-neft məhsullarının
gömrük dəyərinin 3 faizdən 6 faizədək hissəsinə
büdcə vəsaitləri hesabına təşviq vəsaiti
verilir. Cari ilin birinci rübündə
İqtisadiyyat Nazirliyinə bu istiqamətdə 84 müraciət
daxil olub və Rusiya, ABŞ, Çin, Belarus və digər
ölkələrə ixrac olunmuş kənd təsərrüfatı
və sənaye məhsulları üzrə 520 min manatdan
çox ixrac təşviqi ödənilib.
İxracın təşviqi ilə
yanaşı, bu sahədə inzibati prosedurların sadələşdirilməsi
və şəffaflığın artırılması təmin
olunur, xarici ölkələrdə ixracatçılarımıza
dəstək ola biləcək təşkilati tədbirlər
görülür, layihələr həyata keçirilir.
Belə ki, elektron gömrük bəyannaməsinin
tətbiqinə başlanılıb, ixrac üçün tələb
olunan sənədlərin sayı azaldılıb, qeyri-neft məhsulları
üzrə malların mənşə ölkəsinin müəyyən
edilməsi üçün ekspertiza xidmətləri tarifləri
orta hesabla 30 faiz, mənşə sertifikatının
verilmə müddəti 3 gündən 1 günə endirilib.
Regionlarda sahibkarlara dəstək tədbirləri
müxtəlif istiqamətləri əhatə edir
Özəl bölmənin
inkişafı strategiyasına uyğun olaraq regionlarda
sahibkarlara dəstək tədbirləri davam etdirilir.
İqtisadiyyat Nazirliyinin İctimaiyyətlə əlaqələr
şöbəsinin baş məsləhətçisi Vüsalə
Quliyeva qəzetimizə verdiyi açıqlamada bildirib ki,
sahibkarlara dəstək tədbirləri müxtəlif istiqamətləri
əhatə edir. Elə bu günlərdə iqtisadiyyat naziri
Şahin Mustafayev Goranboyda Gəncə, Naftalan, Xocalı şəhərləri
və Goranboy rayonundan olan vətəndaşları qəbul
edib. Nazirliyin aidiyyəti struktur bölmələrinin
rəhbərlərinin iştirakı ilə keçirilmiş
qəbulda nazir Şahin Mustafayev qəbula gələn vətəndaşların
müraciətlərini dinləyib, müraciətlərdə
qaldırılan məsələlərin bir hissəsi yerindəcə
öz həllini tapıb, digər müraciətlərin
operativ araşdırılması və həlli
üçün nazirliyin müvafiq struktur bölmələrinə
konkret tapşırıqlar verib.
Eyni zamanda, qəbula gələn
sahibkarların təklifləri müzakirə edilib,
onların, heyvandarlıq, meyvəçilik,
üzümçülük, turizm və s. sahələr
üzrə investisiya layihələrinin güzəştli
kreditlər hesabına maliyyələşdirilməsi barədə
müvafiq göstərişlər verilib. Ümumiyyətlə,
indiyədək keçirilmiş vətəndaş qəbullarında
müraciət edən sahibkarların investisiya layihələrinin
maliyyələşdirilməsinə 100 milyon manatdan çox
güzəştli kredit ayrılıb.
Bir qədər bundan əvvəl isə
İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin
Lənkəran nümayəndəliyinin təşkilatçılığı
ilə Biləsuvar rayonunda fəaliyyət göstərən
“Biləsuvar Aqro” MMC-də sahibkarlar üçün treninq
keçirilib. “Mövcud və yeni ixrac
bazarlarına çıxış imkanları”, “Made in
Azerbaijan” brendinin yaradılması və inkişafı”
mövzularını əhatə edən treninqdə
iştirakçılara ixrac bazarları, ixrac sahəsində
mövcud qanunvericilik, ixracın stimullaşdırılması
tədbirləri və tətbiq edilən güzəştlər,
ixracyönümlü məhsulların istehsalı, brendləşmənin
məhsul ixracının artırılmasında rolu, “Made in
Azerbaijan” brendinin yaradılması və s. barədə məlumat
verilib. Bununla yanaşı, tədbir
iştirakçıları Apellyasiya Şuraları,
sahibkarların təkrar şikayətlərinə
baxılması prosedurları, eləcə də
İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən
elektron xidmətlərlə bağlı məlumatlandırılıblar.
Siyəzən rayonunda güzəştli kreditlər
hesabına quş yemi istehsalı müəssisəsi
yaradılıb
“Azərbaycan Respublikası
regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi
inkişafı Dövlət Proqramı”nın icrasının
üçüncü ilində Sahibkarlığa Kömək
Milli Fondu tərəfindən 2500 sahibkara 190 milyon manatadək
güzəştli kredit verilib və nəticədə 8100-dən
çox yeni iş yerinin açılması imkanı
yaranıb. Kreditlərin 74 faizi regionların payına
düşür. Bu il sahibkarlıq subyektlərinə
qaytarılmış vəsaitlər hesabına 150 milyon manat
güzəştli kreditin verilməsi nəzərdə tutulur.
İqtisadiyyat Nazirliyinin rəsmisi
V.Quliyeva bildirib ki, regionlarda sahibkarlara dəstək tədbirləri
çərçivəsində növbəti işgüzar
forum Siyəzən rayonunun Böyük Həmyə kəndində
təşkil edilib. İşgüzar forum çərçivəsində
Siyəzən rayonunun iqtisadi potensialının
reallaşdırılması məqsədilə
prioritet hesab olunan iri fermer, müasir heyvandarlıq,
zeytunçuluq və cins heyvandarlıq təsərrüfatlarının,
badam bağlarının salınması və süd emalı
müəssisəsinin yaradılması üzrə nümunəvi
investisiya layihələrinin təqdimatı keçirilib,
kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin
100 faizədək hissəsinin dövlətin güzəştli
kreditləri hesabına maliyyələşdiriləcəyi
bildirilib, sahibkarlara nümunəvi layihələr və
metodiki materiallar paylanılıb.
Sahibkarlığa Kömək Milli Fondunun
icraçı direktoru Şirzad Abdullayev Fondun özəl
bölmənin inkişafı, xüsusilə regionlarda
sahibkarlıq fəaliyyətinin genişləndirilməsi
istiqamətində həyata keçirdiyi tədbirlər barədə
məlumat verib. Bildirilib ki, indiyədək Siyəzən
rayonundan olan 95 sahibkara 16,8 milyon manat güzəştli kredit
ayrılıb. Qeyd edilib ki, ümumilikdə indiyədək
Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən
sahibkarlıq subyektlərinin 2346 investisiya layihəsinin maliyyələşdirilməsinə
185 milyon manat güzəştli kredit verilib.
İşgüzar forum çərçivəsində
Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən
sahibkarlara 200 min manat güzəştli kredit verilib. Verilən
kreditlər əsasən, heyvandarlıq,
bağçılıq, quşçuluq sahələrinin
inkişafına yönəldiləcək.
Forum çərçivəsində
Siyəzəndə güzəştli kredit ayrılan
quşçuluq sahəsi üzrə yem istehsalı müəssisəsinin
yenidən qurulması işlərinə baxış
keçirilib. Ümumiyyətlə, indiyədək istehsal
gücü 59 min ton quş əti və 340 milyon ədəddən
çox yumurta istehsalı olan 39 quşçuluq təsərrüfatına
132,3 milyon manat güzəştli kredit verilib. Görülən
tədbirlər nəticəsində quşçuluq təsərrüfatlarının
illik istehsal gücü 130 min tona çatıb, quş əti
və yumurta istehsalı artıb, özünütəminetmə
səviyyəsi yüksəlib.
Dəstək tədbirləri cəbhə
bölgəsində fəaliyyət göstərən
sahibkarları da əhatə edir
Respublikamızda özəl bölmənin
inkişafına dəstək tədbirlərinin cəbhə
bölgəsində fəaliyyət göstərən
sashibkarlıq subyektlərini əhatə etməsi də təqdirəlayiq
haldır. Sahibkarlığın güzəştli kreditləşdirilməsi
məsələlərinə dair növbəti işgüzar
forum Ağdam rayonunun Quzanlı qəsəbəsində
keçirilib.
90-a yaxın sahibkarın
iştirak etdiyi forumda Ağdam rayonunun iqtisadi
potensialının reallaşdırılması istiqamətində
müzakirələr aparılıb və İqtisadiyyat
Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən
rayonda prioritet hesab olunan taxılçılıq, cins
heyvandarlıq, tərəvəzçilik, pambıqçılıq və soya əkini təsərrüfatlarının,
çörək istehsalı və süd emalı müəssisələrinin
yaradılması üzrə nümunəvi investisiya layihələrinin
təqdimatı keçirilib, kiçik həcmli investisiya
layihələrinin ümumi dəyərinin 100 faizədək
hissəsinin dövlətin güzəştli kreditləri
hesabına maliyyələşdiriləcəyi bildirilib,
sahibkarlara nümunəvi layihələr və metodiki
materiallar paylanıb.
İqtisadiyyat Nazirliyinin
Sahibkarlığa Kömək Milli Fondunun icraçı
direktorunun müavini Arif Vəliməmmədov bu ilin ötən
dövrü ərzində 320-yə yaxın sahibkarlıq
subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə
31,7 milyon manat güzəştli kredit verildiyini, bu layihələrin
reallaşdırılmasının 900-dən çox yeni
iş yerinin açılmasına imkan
yaratdığını vurğulayıb. Fondun
güzəştli kreditləri hesabına məcburi
köçkünlərin məskunlaşdığı ərazilərdə
həyata keçirilən layihələr barədə məlumat
verən Arif Vəliməmmədov qeyd edib ki,
“Qaçqınların və məcburi köçkünlərin
yaşayış şəraitinin
yaxşılaşdırılması və məşğulluğunun
artırılması üzrə Dövlət Proqramı”na
uyğun olaraq indiyədək 2000-ə yaxın məcburi
köçkün sahibkarın investisiya layihəsinin maliyyələşdirilməsinə
41 milyon manat kredit verilib.
İşgüzar forum çərçivəsində
müvəkkil kredit təşkilatları vasitəsilə
Ağdam və ətraf rayonlarda fəaliyyət göstərən
sahibkarlara 628 min manat güzəştli kredit verilib. Verilən kreditlər əsasən, cins
heyvandarlıq, arıçılıq,
pambıqçılıq və s. sahələrin
inkişafına yönəldiləcəkdir. Ümumiyyətlə,
indiyədək Yuxarı Qarabağ iqtisadi rayonunda fəaliyyət
göstərən sahibkarlıq subyektlərinin 1200-ə
yaxın investisiya layihəsinin maliyyələşdirilməsinə
36,8 milyon manat güzəştli kredit verilib.
Forum çərçivəsində Ağdam
rayonunun Əfətli kəndində güzəştli kredit
hesabına maliyyələşdirilmiş “Qara inək fermer təsərrüfatı”
MMC-nin cins iribuynuzlu müasir heyvandarlıq kompleksinə
baxış keçirilib. Qeyd edək ki, ötən
ilin aprel ayında ermənilər tərəfindən atəşkəsin
pozulması nəticəsində “Qara inək fermer təsərrüfatı”
MMC-yə ciddi ziyan dəymiş, çoxlu sayda mal-qara tələf
olmuşdu. İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək
Milli Fondu tərəfindən təsərrüfata əlavə
güzəştli maliyyə dəstəyi göstərilib və
təsərrüfat fəaliyyətini bərpa edib.
Mübariz
ABDULLAYEV
Yeni Azərbaycan.-
2017.- 23 may.- S.7.