Musiqi ilə süslənən
rəsmlər
Ruhumuzun qidası olan
musiqi aləmində, yaşadığımız dünyaya
bənzəməyən rənglər
dünyasında fərqli
baxışları, fərqli
duyumları ilə ecazkar, möhtəşəm
sənət əsərləri
yaradan sənətkarlarımız
istənilən qədərdir.
Lakin bu iki sənəti özündə, ruhunda birləşdirən, bir-birindən
ayrı tutmayan musiqiçi-rəssamlarımızı yəqin ki, barmaqla saymaq olar. Hüseyn Hacıyev də belə rəssamlarımızdandır.
1947-ci ildə
Bakıda ziyalı ailəsində dünyaya göz açan rəssam kiçik yaşlarından öz bacarığı, istedadı
ilə valideynlərinin
diqqətini çəkmiş,
hələ orta məktəbə getməmiş,
oxuyub-yazmağı doğru-dürüst
öyrənməmiş əlinə
fırça götürmüşdü.
Rəssamlığa böyük
həvəs göstərir, gah ailə üzvlərinin, gah da qonşuluqdakı,
məktəbdəki yoldaşlarının
rəsmlərini çəkir,
özünü sirli-sehrli
rənglər dünyasından
ayrı tuta bilmirdi. Odur ki, valideynləri onu Y. Qaqarin adına Pionerlər Sarayının rəssamlıq
dərnəyinə üzv
yazdırmışdılar. Elə ilk günlərdən
balaca Hüseyn öz qabiliyyəti, istedadı ilə müəllimlərinin sevimlisinə
çevrilmişdi. Lakin
onun bacarığı,
istedadı bununla da bitmirdi. Hüseynin
həm də güclü musiqi duyumu var idi.
O, tez-tez evlərindəki
fortepianonun arxasına
keçir, not bilməsə də, eşitdiyi musiqiləri ahənglə ifa edirdi. Bir-biri ilə bağlı, eyni zamanda, ayrı
yolları olan musiqi və rəssamlığa olan həvəsi Hüseynin gələcəkdə incəsənət
aləmində özünə
yer tutacağından xəbər verirdi. Bu həm valideynlərinin,
həm də müəllimlərinin gəldiyi
qənaət idi. Elə belə də oldu... Orta məktəbi əla qiymətlərlə
başa vurduqdan sonra Hüseyn sənədlərini Azərbaycan
Dövlət İncəsənət
İnstitutunun rəssamlıq
fakültəsinə verir.
Oxuduğu illərdə yaradıcılıqla
müntəzəm məşğul
olan gənc rəssamın əsərləri
Bakının sərgi
salonlarında nümayiş
etdirilir, artıq sənət aləmində
tədricən tanınırdı.
Bununla yanaşı, musiqi sənətinə yiyələnmək istəyi
də onu rahat buraxmır, əksinə, günü-gündən
güclənirdi. Bu məqsədlə 1974-cü ildə
16 saylı musiqi məktəbinin fortepiano sinfinə daxil olur. 1975-ci ildə institutu fərqlənmə
diplomu ilə bitirən Hüseyn Hacıyev tərtibatçı-rəssam
kimi işə başlayır. Lakin bütün bunlar onda musiqiyə olan həvəsini bir an belə
səngitmir, əksinə,
rəssamlıqla bərabər,
musiqi də onu öz aləminə
çəkirdi. Gənc
rəssam rənglər
dünyasındakı duyğularını
musiqi aləmində dinləndirmək arzusu ilə yaşayırdı.
Bu arzu ilə
də H. Hacıyev 1980-ci ildə o vaxtkı
Bakı Xalq Konservatoriyasının bəstəkarlıq
şöbəsinə daxil
olur. 1984-cü ildə
Azərbaycan Rəssamlar
İttifaqının üzvlüyünə
qəbul olan gənc rəssam 1985-ci ildə bəstəkarlıq
şöbəsini bitirərək
həm də həyata musiqiçi kimi atılır. Bəlkə də, sonralar yaradıcılığının
böyük bir hissəsini təşkil edən dahi bəstəkar Üzeyir Hacıbəyli dünyası
Hüseyn Hacıyevin musiqi sənətinə sonsuz məhəbbətindən
də qaynaqlanırdı.
Ü.Hacıbəyli irsinin vurğunu və tərənnümçüsü
olan rəssamın yaradıcılığında bu mövzu mühüm
yer tutur. Rəssamda Üzeyir bəy dühasına olan sevgi, məhəbbət,
ehtiram isə milli mədəniyyətimizin
görkəmli nümayəndələrindən
biri, Xalq rəssamı Mikayıl Abdullayevin adı ilə də bağlıdır. Belə ki,
o vaxt M.Abdullayev Bakı Metropoliteninin “Nizami” stansiyasının bədii tərtibatını
verərkən gənc
rəssam ona kömək etmiş, məsuliyyəti, sənətə
olan marağı ilə Mikayıl Abdullayevin hədsiz rəğbətini qazanmışdı.
1983-1985-ci illərdə dahi
bəstəkarın 100 illik
yubileyi ilə əlaqədar əsərlərini çapa
hazırlayan “İşıq”
nəşriyyatı kitabın
bədii tərtibatını
Mikayıl Abdullayevə
sifariş verir. Lakin başqa bir dövlət sifarişini yerinə yetirən Xalq rəssamı sifarişi qəbul edə bilmir və “bunu yüksək səviyyədə, həm
də qısa vaxtda H.Hacıyev yerinə yetirə bilər”-deyir. Beləliklə, nəşriyyat
kitabın tərtibatını
Hüseyn Hacıyevə
həvalə edir və rəssam ona tapşırılan bu məsuliyyətli işi böyük həvəslə, zövqlə
yerinə yetirir. Ü.Hacıbəyli sənətinin vurğunu
olan rəssam dahi bəstəkarın “Leyli və Məcnun”,
“Koroğlu” operalarının
partitura və klavirlərinin, “Sənsiz”
və “Sevgili canan” romanslarının klavirlərinin baş rəssamı olmuş, onun əlyazmalarını
bərpa etmiş, “Arşın mal alan”, “Leyli və
Məcnun”, “O olmasın,
bu olsun”, “Koroğlu” əsərlərinə
gözəl rəsmlər
çəkmişdir. Eyni
zamanda, rəssam bəstəkarın “Leyli və Məcnun”, “Koroğlu” operalarının
partitura və klavirlərinin 25-ə yaxın
not əlyazmasını
da bərpa etmişdir. Bununla yanaşı, Hüseyn
Hacıyev Bülbülün
“Azərbaycan xalq mahnıları” toplusuna, Q.Qarayevin “Don Kixot” simfonik qravürləri klavirinin cildinə, “Oxuma, gözəl”, “Gürcüstan
təpələrində” silsilə
romanslarına, Elza İbrahimovanın “Mahnılar”
toplusuna və Azər Rzayevin fortepiano ilə oxumaq üçün mahnılarına, L.İmanov
haqqında alboma,
A.Məlikovun “Məhəbbət
əfsanəsi” baletinin
klavirinə, İ.S.Baxın
“İki və üçsəsli invensiyalar”
notuna, A.Zeynallının
“Uşaq suitası” və s. daxil olmaqla 200-ə yaxın kitaba tərtibat vermiş, Azərbaycan Dövlət Akademik Opera və Balet
Teatrı, Azərbaycan
Dövlət Filarmoniyasının
emblem, möhür və ştampının eskizlərini
hazırlamışdır.
Təkcə kitab tərtibatı ilə deyil, təsviri incəsənətin
bir neçə janrında fırçasını
sınayan rəssamın
ən çox sevdiyi janr isə
portret janrıdır.
Onun görkəmli oftalmoloq Zərifə Əliyevanın, Mehriban Əliyevanın, Xurşudbanu
Natəvanın, görkəmli
filosof Seyid Yəhya Bakuvinin, Zülfüqar Hacıbəyovun,
Ceyhun Hacıbəylinin,
Dədə Qorqudun, M.Ə.Sabirin, C.Məmmədquluzadənin,
S.Vurğunun, Q.Qarayevin
portretləri rəsm qalereyalarının, sərgi
salonlarının bəzəyidir.
Miniatür ustası kimi də tanınan
Hüseyn Hacıyev bu əsərlərində
təbii boyalara üstünlük verir, təbiətə, gözəlliyə
sevgisini böyük həssaslıqla ifadə edir, kövrək qəlbi hər bir əsərində duyulur. Onun “Bakı bağları”
miniatür tablosu Bakının cənnət
bağlarının əsrarəngiz
gözəlliklərinin təsviridir.
Şah İsmayıl Xətainin “Musiqi və şeir məclisi” adlı miniatür kitabı da rəssamın yüksək peşəkarlığının
və istedadının
məhsuludur. Gözəl,
nəfis tərtibatı
ilə göz oxşayan əsər 5 il ölkəmizin Fransadakı səfirliyində
nümayiş etdirilmişdir.
1984-cü ildə “Qurani-Kərim”in Azərbaycan
dilinə tərcüməsi
Xalq rəssamı Oqtay Sadıqzadə ilə Hüseyn Hacıyevin birgə bədii tərtibatında
işıq üzü
görüb. Bu ilin mart ayında
görkəmli bəstəkarın
ev-muzeyində təqdimatı
keçirilən Mədəniyyət
və Turizm Nazirliyinin sifarişi ilə çap olunmuş albom-kitabın tərtibatçı rəssamı
da Hüseyn Hacıyevdir.
Bir çox musiqi
pyeslərinin, etüdlərin,
sonetlərin müəllifi
olan Hüseyn Hacıyev dəfələrlə
beynəlxalq rəsm müsabiqələrində iştirak
etmiş, 1980-ci ildə
Moskvada elan edilmiş “Olimpiada-80” Beynəlxalq
Plakat müsabiqəsinin
laureatı olmuş,
2007-ci ildə Prezident
İlham Əliyevin Sərəncamı ilə
Bakıda İstiqlal abidəsinin layihələndirilməsi
üzrə keçirilən
beynəlxalq müsabiqədə
“İstiqlalın tunc yaddaşı” adlı abidənin plakatını
işləmişdir. Eyni zamanda
Azərbaycan Rəssamlar
İttifaqının Azərbaycan
Respublikası Dövlət
Gömrük Komitəsi
ilə birgə keçirdiyi “Narkomaniya və narkotik vasitələrin yayılmasına
qarşı mübarizədə
ümumdünya gömrük
sisteminin rolu” mövzusunda müsabiqə-sərginin
də iştirakçısı
olmuşdur.
Bu günlərdə “Koroğlu” operasının
yaranmasının 80 illik
yubileyi ərəfəsində
bəstəkarın ev
muzeyində təşkil
olunan sərginin müəllifi də yorulmaq, usanmaq bilmədən işləyən,
bu möcüzələr
dolu sənət aləmində öz dəst-xətti olan, bir-birindən dəyərli,
sevilən əsərlər
yaradan tanınmış
rəssam H.Hacıyevdir.
Hər zaman tamaşaçısını
yeni əsərləri,
tərtibatları ilə
sevindirən, onu intizarda qoymayan rəssam ötən ilin may ayında
dahi bəstəkarın
ev muzeyində fərdi sərgisi ilə öz tamaşaçısı qarşısında
yaradıcılıq hesabatı
verdi. Yaşının və sənətinin
kamil çağını
haqlamış, Üzeyir
Hacıbəyli sənətini
sevə-sevə tərənnüm
edən, onun yaradıcılığının dərinliklərinə baş
vuran və sənətində yaşadan,
çəkdiyi rəsmləri
musiqiyə kökləyən
Hüseyn Hacıyevə
musiqi aləmində və rənglər dünyasında
rəngarəng sənət
əsərləri, yaradıcılıq
uğurları arzulayırıq.
Mehparə ƏLİYEVA.
Respublika.- 2017.- 25 may.- S.11.