Azərbaycan Xalq Cümhuriyyəti
Şərqdə ilk demokratik, hüquqi və dünyəvi
dövlət olmuşdur
Müsəlman Şərqində
ilk demokratik cümhuriyyətin məhz Azərbaycan
torpağında yaranması xalqımızın o dövrdə
və o illər ərəfəsində - XIX əsrin sonunda və
XX əsrin əvvəllərində milli müstəqillik,
azadlıq duyğuları ilə yaşaması ilə
bağlıdır. O illərdə
xalqımızın qabaqcıl şəxsiyyətləri,
mütəfəkkir adamları, ziyalıları
xalqımızda milli azadlıq, milli müstəqillik
duyğularını gücləndirmiş, milli dirçəliş,
milli oyanış əhval-ruhiyyəsi yaymış və
bunların hamısı məntiqi olaraq Azərbaycan Xalq
Cümhuriyyətinin yaranmasına gətirib
çıxarmışdır. Biz ilk Demokratik Cümhuriyyətin
yaranması gününü əziz tutaraq, onu Azərbaycanın
dövlət müstəqilliyi günü – Respublika
Günü elan etmişik və bu, bizim milli
bayramımızdır.
Heydər ƏLİYEV, ümummilli lider.
28 May Respublika
Günü - Azərbaycan Xalq Cümhuriyyətinin əsasının
qoyulduğu gündür. Xalqımızın
azadlıq və müstəqillik mübarizəsi tarixinə
qızıl hərflərlə həkk olunmuş 1918-ci il mayın
28-i Şərqdə ilk dəfə azad, demokratik, dünyəvi
dəyərlərə söykənən müstəqil bir
respublikanın yarandığı dünyaya bəyan edildi.
Xalqımız 1918-ci il mayın 28-də çar
Rusiyasının bir əsrdən artıq davam edən müstəmləkə
əsarətindən azad oldu. Həmin gün Azərbaycan Milli
Şurasının iclasında İstiqlal Bəyannaməsi qəbul
edildi. Azərbaycan Xalq Cümhuriyyətinin qurulması XX əsrdə
xalqımızın həyatında yeni bir mərhələ,
tarixi hadisə oldu. Xalqımızın siyasi
şüur səviyyəsinin, intellektual və mədəni
potensialının, yüksək istedad və qabiliyyətinin
göstəricisi idi. 1918-ci il mayın 28-də Azərbaycanın
istiqlaliyyətinin elan edilməsində, Xalq Cümhuriyyətinin
təşəkkül tapmasında və fəaliyyət
göstərməsində Cümhuriyyətə
rəhbərlik etmiş şəxslərin - Əlimərdan bəy
Topçubaşovun, Məmməd Əmin Rəsulzadənin, Fətəli
xan Xoyskinin, Həsən bəy Ağayevin, Nəsib bəy
Yusifbəylinin, Səməd bəy Mehmandarovun, Əliağa
Şıxlinski və başqalarının böyük xidmətləri
olmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti
Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin
xüsusiyyətlərini üzvi şəkildə birləşdirən
yeni dövlət və cəmiyyət nümunəsi idi. Cəmi 23 ay fəaliyyət göstərməsinə
baxmayaraq, ilk respublika dövründə həyata keçirilən
tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının
yaradılması və gələcək inkişaf yolunun
müəyyənləşdirilməsi baxımından
mühüm əhəmiyyət kəsb etdi. Demokratik hüquq və azadlıqların bərqərar
olması, etnik və dini mənsubiyyətdən asılı
olmayaraq bütün vətəndaşların bərabər
hüquqlarının tanınması, hətta bir çox
Avropa ölkələrindən daha əvvəl qadınlara
seçki hüququnun verilməsi, Azərbaycan dilinin dövlət dili elan edilməsi, təhsil və
mədəniyyətin inkişafına xüsusi diqqət
göstərilməsi, nizami milli ordunun, təhlükəsizlik
strukturlarının qurulması və sair işlər Xalq
Cümhuriyyəti hökumətinin yürütdüyü
siyasətin miqyasını, mahiyyət və mənasını
əyani şəkildə səciyyələndirir. Müsəlman
Şərqində ilk respublika - Azərbaycan Xalq Cümhuriyyəti
1918-ci il mayın 28-də Tiflisdə Azərbaycan Milli
Şurası Azərbaycanın müstəqilliyi haqqında
“İstiqlal bəyannaməsi”ni qəbul etdi. Milli
Şuranın 24 səslə (iki nəfər - Sultan Məcid Qənizadə
və Cəfər bəy Axundov bitərəf qaldı) qəbul
etdiyi qərar və altı bənddən ibarət
“İstiqlal bəyannaməsi”, yaxud “Misaği-milli” (əqdnamə)
Azərbaycan millətinin varlığını bütün
dünyaya bəyan etdi. Beləliklə, Azərbaycan
dövlətçiliyi tarixində ilk Konstitusiya aktı -
“İstiqlal bəyannaməsi”nin qəbulu ilə Azərbaycan
dövlətçiliyi Xalq Cümhuriyyəti formasında elan
olundu. “İstiqlal bəyannaməsi”ndə demokratik dövlətə
məxsus atributların - hakimiyyətin xalqa mənsub
olması, vətəndaşların mülki və siyasi hüquqlarının təmsil edilməsi,
bütün xalqların və hər bir kəsin milli, dini,
sinfi, silki və cinsi mənsubiyyətindən asılı
olmayaraq, azad inkişafı üçün şərait
yaradılması, ən nəhayət, hakimiyyətin
bölünməsi kimi prinsiplərin dövlət fəaliyyətinin
əsası kimi bəyan edilməsi Azərbaycan
xalqının suveren, demokratik, hüquqi dövlət yaratmaq əzmində
olduğunu bütün bəşəriyyətə
nümayiş etdirdi. Mayın 30-da Azərbaycanın
öz müstəqilliyini elan etməsi barədə
dünyanın əsas siyasi mərkəzlərinə
radio-teleqrafla məlumat verildi. “İstiqlal bəyannaməsi”ni
qəbul edən Milli Şura Azərbaycan hökumətini təşkil
etməyi bitərəf Fətəli xan Xoyskiyə
tapşırdı. Cənubi Qafqazın özünü
müstəqil elan etmiş üç dövləti - Azərbaycan,
Gürcüstan və Ermənistanın nümayəndələri
Batumda Osmanlı dövləti ilə danışıqlar
apararaq iyunun 4-də ayrı-ayrılıqda müqavilə
imzaladılar. Müqaviləni Azərbaycan tərəfindən
Milli Şuranın sədri M.Ə.Rəsulzadə və xarici
işlər naziri M.Hacınski imzaladılar. Müqavilənin
şərtləri Ermənistan və Gürcüstan
üçün çox ağır idi, Azərbaycanla
Osmanlı dövləti arasında isə “daimi sülh və
dostluq münasibətləri”ni bərqərar edirdi. Nəhayət,
1920-ci il yanvarın 11-də Parisdə Müttəfiq Dövlətlərin
Ali Şurası Azərbaycanın istiqlaliyyətinin de-fakto
tanınması haqqında yekdilliklə qərar qəbul etdi.
Yanvarın 14-də bu xəbər Azərbaycana
çatdırıldı və parlament onu təntənəli
şəkildə qeyd etdi. Bu hadisə münasibətilə
ümumi amnistiya elan edildi. Yanvarın 19-da Azərbaycanın və
Gürcüstanın rəsmi nümayəndələri Paris
Sülh Konfransı Ali Şurasının iclasına dəvət
edildilər. Antanta Cənubi Qafqazın yeni
dövlətlərini tanımaqla onları xarici təcavüzdən
qorumaq üçün öz üzərinə öhdəliklər
götürdü. Azərbaycan Xalq Cümhuriyyətinin de-fakto
tanınmasına qədər dövlət quruculuğu sahəsində
uzun illər təcrübəsi olmayan xalq qısa bir müddət ərzində normal fəaliyyət
göstərən dövlət aparatı yaratmağa, 20- dən
çox dövlətlə, o cümlədən Türkiyə,
Gürcüstan, Ermənistan, İran, Belçika, Hollandiya,
Yunanıstan, Danimarka, İtaliya, Fransa, İsveçrə,
İngiltərə, ABŞ, Ukrayna, Litva, Polşa, Finlandiya və
başqaları ilə baş konsulluq, konsul agentlikləri
səviyyəsində əlaqələr qurmağa nail oldu. Azərbaycan
Xalq Cümhuriyyətinin dövlət quruluşu parlamentli
respublika idi. Yeni yaranmış dövlət
öz fəaliyyəti dövründə “türkləşmək,
islamlaşmaq və müasirləşmək” ideyası
uğrunda mübarizə aparırdı. Hökumət Gəncədəki
fəaliyyəti dövründə - 1918-ci il iyunun 27-də Azərbaycan
dilinin dövlət dili elan edilməsi haqqında fərman imzaladı. Azərbaycan dilli savadlı
kadrların çatışmazlığı nəzərə
alınaraq, dövlət idarələrində müvəqqəti
olaraq rus dilindən də istifadə olunmasına icazə
verildi. İyunun 24-də üzərində ağ rəngli
aypara və səkkizguşəli ulduz təsviri olan
qırmızı bayraq dövlət bayrağı kimi qəbul
edildi, noyabrın 9-da isə həmin bayraq üçrəngli
- mavi, qırmızı və yaşıl zolaqlardan ibarət
olan bayraqla əvəz olundu. 1919-cu il sentyabrın 1-də
Bakı Dövlət Universitetinin təsis olunması
haqqında qərar qəbul olundu. Kənd Təsərrüfatı
İnstitutunun yaradılması haqqında qanun qəbul olundu.
1919-cu ilin oktyabrında mətbuat sahəsində senzura ləğv
olundu. Azərbaycanın müxtəlif regionlarında kişi
və qadın seminariyaları açıldı, dövlətin
hesabına yüzə yaxın gənc azərbaycanlı ali təhsil
almaq məqsədilə Avropanın universitetlərinə
göndərildi. Ticarəti və daxili
bazarı dirçəltmək məqsədilə 1918-ci il
avqustun 27-də azad ticarət haqqında fərman verildi,
oktyabrın 30-da ticarət donanmasının fəaliyyəti bərpa
olundu. 1919-cu ilin yayında Azərbaycan Xəzər
donanması yaradıldı. Azərbaycan Xalq Cümhuriyyətinin
mübahisəsiz ərazisi 97,3 min kvadratkilometr idi. Gürcüstanla 8,7 min kvadratkilometr, Ermənistanla isə
7,9 min kvadratkilometr həmsərhəd ərazi Azərbaycan
hökuməti tərəfindən mübahisəli torpaq
sayılırdı. Azərbaycanın əhalisi 2 milyon 862 min
nəfər idi ki, onun 70 faizini müsəlmanlar təşkil
edirdi. 1920-ci ilin aprelində Denikinin qoşunlarını
məğlub edən XI rus ordusu Azərbaycan sərhədlərinə
yaxınlaşdı. Həmin günlərdə A.Mikoyan
başda olmaqla, Bakı bolşevikləri Azərbaycan xalqı
adından XI rus ordusunu Azərbaycana dəvət etdilər.
Qabaqcadan razılaşdırılmış plana görə,
rus ordusu Bakıda bolşevik qiyamının
başlanmasından 1-2 gün sonra Azərbaycana soxulmalı
idi. Bununla da dünya ictimaiyyətində belə bir rəy
yaradılacaqdı ki, Azərbaycan hökuməti xarici hərbi
müdaxilənin deyil, daxili qiyamın qurbanı olmuşdur.
Lakin Bakıda qiyam başlanmamış - aprelin 26-dan 27-nə
keçən gecə XI ordu hissələri Azərbaycan ərazisinə
daxil olub Bakıya doğru irəliləməyə
başladılar. Sərhəd qüvvələrindən ibarət
azsaylı Azərbaycan ordu hissələri düşmənə
müqavimət göstərə bilmədi. Sovet
Rusiyasının Azərbaycana əsl münasibətini
V.İ.Leninin 1920-ci il martın 17-də Qafqaz Cəbhəsi Hərbi-İnqilab
Şurasının üzvləri Smilqa və Orconikidzeyə
göndərdiyi teleqram dolğun əks etdirir: “Bakını zəbt
etmək bizə olduqca və olduqca zəruridir, bütün səylərinizi
buna verin”. 1918-ci il may ayının 28-də Azərbaycanın
istiqlaliyyətinin elan edilməsi xalqımızın tarixində
və taleyində çox mühüm siyasi hadisə idi.
Azərbaycan Demokratik Respublikasının elan
edilməsi milli tariximiz üçün çox əhəmiyyətlidir.
Hər şeydən əvvəl ona görə ki, millətimizin
şərəfi xilas edildi və böyük bir təhlükədən
qurtulduq. O zaman Rusiyada baş vermiş inqilablar imperiyanı
dağıtmışdı. Belə bir şəraitdə ya
öz müstəqilliyini elan edib milli dövlətini
yaratmalı, ya da hansısa dövlətin müstəmləkəsinə
çevrilməli idik. Yeganə yol Azərbaycan Demokratik
Respublikasının elan edilməsi idi. XIX əsrin əvvəllərində
itirilmiş milli-dövlətçiliyin bərpası
faktı millətin taleyində mühüm hadisə kimi təqdirəlayiq
idi. ADR qısa vaxtda öz parlamenti, hökuməti, ordusu və
pul vahidi olan demokratik respublikaya çevrildi. Tarixi faktlar da təsdiqləyir
ki, Azərbaycan Demokratik Respublikası bu dövrdə
yaranmış milli respublikalar içərisində ən demokratik
dövlət idi. Azərbaycanda yaşayan bütün xalqlar və
siyasi partiyalar parlamentdə təmsil olunurdu. Digər tərəfdən
ADR ənənəvi tarixi ərazilərimizə sahib
durmuşdu. Eyni zamanda Azərbaycanın milli sərvətlərindən
xalqımızın mənafeyinə uyğun istifadə edilirdi.
ADR-in müstəqilliyinin elan olunmasından 23 ay
sonra - 1920-ci ilin aprelində xarici təcavüz nəticəsində
beynəlxalq münasibətlərə və beynəlxalq
hüquqa zidd olaraq dünya ölkələri tərəfindən
tanınmış suveren dövlət - Azərbaycan Demokratik
Respublikası zorla, silah gücünə devrildi. Hakimiyyət
rus imperiyası tərəfindən qəsb edildi. Buna
baxmayaraq, Şərqdə ilk müstəqil müsəlman
dövlətinin yaradılması xalqımızın
yaddaşına əbədi həkk oldu.
1991-ci ildə Sovet
İmperiyası çökmə həddinə
çatdı. Azərbaycan həmin ilin oktyabrın 18-də
öz müstəqilliyini bərpa etdi. 1993-cü ilin may-iyun
aylarında səriştəsiz idarəetmə nəticəsində
ölkədə siyasi böhranın son dərəcə kəskinləşməsi
ilə ölkədə vətəndaş müharibəsinin
baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi
yarananda xalqın çağırışı ilə
ümummilli lider Heydər Əliyev ikinci dəfə hakimiyyətə
gətirildi və Azərbaycan müstəqilliyinin yeni mərhələsinə
qədəm qoydu. Müasir müstəqil Azərbaycan dövlətinin
qurucusu kimi milli dövlətçiliyimizin ideya əsasını
məhz Heydər Əliyev yaradıb. Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyevin 1993-cü
ilin yayında tarixi xilaskarlıq missiyasını öz üzərinə
götürməsi Azərbaycan Respublikasını AXC-nin
varisi elan etməsi və bu missiyanı müdrikliklə
reallaşdırması müstəqillik tariximizin öz dəyərini
heç zaman itirməyəcək səhifələrindən
birini təşkil edir. Bir tərəfdən
ölkə daxilində ictimai-siyasi sabitliyin böhran halına
çatması, bir tərəfdən erməni hərbi təcavüzünün
genişlənməsi, digər tərəfdən də Azərbaycanın
ərazi bütövlüyünün qarantı olacaq milli ordu
daxilində özbaşınalıq və parçalanmalar
və digər məqamlar müstəqil dövlət
quruculuğunu, ən başlıcası, müstəqilliyin
özünün qorunmasını çox ciddi çətinliklər
qarşısında qoymuşdu. Belə bir
mürəkkəb şəraitdə böyük siyasi xadim,
müdrik dövlət rəhbəri yorulmaz və səmərəli
fəaliyyəti ilə ölkəni bu vəziyyətdən
çıxardı və Azərbaycanın müstəqilliyini
dönməz və əbədi etdi.
Elman
RƏHİMOV
Respublika.-
2017.- 25 may.- S.9