Görkəmli ictimai-siyasi xadim
Firidun İbrahimiyə
həsr olunmuş tədbir
Dünən Beynəlxalq Mətbuat Mərkəzində 1945-1946-cı illərdə Azərbaycan
Milli Hökumətinin
Baş prokuroru olmuş, görkəmli inqilabçı, ictimai-siyasi
xadim, jurnalist, publisist Firidun Qəni oğlu İbrahiminin vəfatının
70 illiyinə həsr olunmuş tədbir keçirilmişdir. Cənubi
Azərbaycanda milli demokratik hərəkatın
rəhbərlərindən olan Firidun İbrahimi
1919-cu il noyabrın
20-də Cənubi Azərbaycanın
Astara şəhərində
anadan olmuşdur.
1945-ci ildə Tehran Universitetinin hüquq fakültəsini bitirmişdir.
Tələbəlik illərində
inqilabi hərəkata
qoşulmuşdur. Təbriz
şəhərində nəşr
olunan İran Xalq Partiyasının orqanı olan “Xavəri nov” (“Təzə xəbər”) qəzetinin redaktoru olmuşdur. 1945-ci ilin noyabr ayında Azərbaycan Demokratik Firqəsinin qurultayında
Firidun İbrahimi Milli Məclisə nümayəndə seçilmişdir.
O, 1945-ci il dekabr ayının 12-də Azərbaycan
Milli Hökumətinin
Baş prokuroru təyin olunmuşdur.
F.İbrahimini 1947-ci il mayın 22-də Təbriz şəhərinin
“Gülüstan bağ”ında
dar ağacından asmışlar. Həkim Azəri Fərhad
və mühəndis Ələkbərli Ələddin
bu faciəni öz gözləri ilə görmüş və belə nəql etmişlər:
“1947-ci il may ayının 22-də Təbriz
şəhərində günəşli
havada böyük canlanma var idi.
Əhali “Gülüstan
bağı”na yığışdı. Orada
dar ağacı qurulmuşdu. Camaata məlum idi ki, bu gün
Milli Hökumətin Baş prokuroru Firidun İbrahimini dar ağacından asacaqlar. “Gülüstan bağı” şah qoşunu və jandarmları ilə əhatə olunmuşdu. Saat 12-yə yaxın ucaboylu, enlikürək, əynində milə-mil pencək, ağ köynək və qırmızı qalstuk taxmış, şux geyimli Firidun İbrahimini jandarmların
əhatəsində dar
ağacına gətirdilər.
O vaxta qədər Firidun İbrahimini görməmişdim. Birdən
əhali təlatümə
gəldi. Jandarmlara və şah qoşununa hücum çəkmək istədilər.
Xalqın nahaq qanının töküləcəyindən
ehtiyat edən Firidun İbrahimi əlini yuxarı qaldırdı və uca səslə dedi: “Mənim əzizlərim, həmvətənlərim,
səbr edin, qoy qan tökülməsin!
Çox keçməz
ki, Azərbaycan xalqı qələbə çalacaq və yenidən Azərbaycanda Milli Hökumət qurulacaq. Yaşasın Azərbaycan xalqı! Yaşasın doğma Ana Vətənimiz Azərbaycan!”.
Firidun İbrahimi
məsləkdaşlarına müraciətində deyirdi:
“Bizim keçdiyimiz yolda dar ağacı,
həbs, sürgün,
edam da ola
bilər. Lakin bu yol şərəfli
yoldur. Xalqımız mübarizə alovları içərisindən çıxmış
cavanlar və qocaman demokratlar öz sədaqətləri
ilə gələcək
nəslin qəhrəmanlığı
və mübarizəsi
üçün ilham
mənbəyi olacaqdır”.
Tədbiri giriş sözü
ilə “İranlı Mühacirlər Cəmiyyəti”
İctimai Birliyinin sədri, Əməkdar jurnalist Rəhim Hüseynzadə açaraq
tədbir iştirakçılarını
salamladı və Firidun İbrahiminin xidmətlərindən danışdı.
Sonra Azərbaycan Demokrat Firqəsinin Mərkəzi Komitəsinin
üzvü, Azərbaycan
Milli Məclisinin nümayəndəsi,
Milli Hökumət zamanında Azərbaycanın
Baş prokuroru olmuş Firidun İbrahimiyə həsr olunmuş “Qartal ömrü” sənədli
filmi nümayiş olundu.
“İranlı
Mühacirlər Cəmiyyəti”
İctimai Birliyinin sədri Rəhim Hüseynzadə daha sonra qeyd etdi
ki, çapa hazırladığımız onun
“Azərbaycanın qədim
tarixindən” kitabına
ön söz yazarkən əslində Firidun İbrahimi dünyasına kifayət qədər bələd olmadığımdan sıxıntı
keçirdim. Şair və yazıçılarımız belə desək qismən işlərini görüblər. Mirzə
İbrahimovdan sonra Balaş Azəroğlu, Mədinə Gülgün,
Söhrab Tahir, onların davamçıları
Arif Səfa, Tariyel Ümid poema və digər
poetik nümunələrdə
öz sözlərini
deyiblər.
Firidun İbrahimiyə həsr
olunmuş bu kitab onun adını,
soyadını daşıyan,
prokurorluq orqanlarında
37 il qüsursuz işləyib təqaüdə
çıxmış, Azərbaycan
Respublikasının prokurorluq
orqanlarının fəxri
əməkdaşı adına
layiq görülmüş
Firidun Ənuşirəvan
oğlu İbrahimiyə
minnətdarıq. O, 70 il arxivlərdə yatan, 1946-cı ildə Təbrizdə buraxılan
kitaba bir növ əsirlikdən nicat verərək Azərbaycan oxucusuna təqdimatının təşəbbüskarı
olub.
Sonra söz
AMEA-nın Şərqşünaslıq
İnstitutunun elmi işçisi, tarixçi-alim
Əkrəm Rəhimova
verildi. Əkrəm Rəhimov çıxışında
qeyd etdi ki, bugünkü tədbirdə iştirak və çıxış
etmək mənim üçün olduqca ağırdır. Ona görə ki, mənim bu ailə
ilə yaxınlığım
və bağlılığım
olub. Bu tədbir məni olduqca kövrəltdi.
Firidun İbrahimi
ilə ünsiyyətdə
olmuş “İranlı
Mühacirlər Cəmiyyəti”
İctimai Birliyinin İdarə Heyətinin üzvü, tibb elmləri namizədi Ədilə Çernikbulənd
çıxışında bildirdi ki, əvvəlcədən
bilirdim ki, tədbirdə qələbəlik
hökm sürəcək.
Mən onu ilk dəfə 1946-cı il iyulun 6-da Təbrizdə Azərbaycan
Demokrat Cavanlar Təşkilatının birinci
qurultayında görmüşəm.
Qurultay üçün
Təbrizin ən böyük zalı ayrılmışdı. Şair
Mədinə Gülgünlə
orada tanış oldum. Bizdən Muxtar Didəkunan çıxış etdi və Ərdəbil cavanlarının “21 Azər”
Hərəkatının nailiyyətlərinin
qorunması üçün
hər cür fədakarlığa hazır
olduğunu bildirdi. Məni F.İbrahimi ilə də o, tanış etdi. F.İbrahiminin qurultayda qısa, lakonik çıxışı dəfələrlə
alqışlandı. Çox
təəssuf ki, bu, birinci və
sonuncu görüşümüz
oldu. Amma əbədi xatirə kimi yaddaşımda qaldı.
Tədbirin sonunda
“İranlı Mühacirlər
Cəmiyyəti” İctimai
Birliyi sədrinin birinci müavini əmisi F.İbrahiminin adını və soyadını daşıyan
Firidun İbrahimi tədbirin təşkilatçılarına
və iştirakçılarına
dərin minnətdarlığını
bildirdi.
Müşfiq MİRZƏ
Respublika.- 2017.- 25 may.- S.7