Azərbaycanda sahibkarlar dövlətin dəstəyindən səmərəli şəkildə faydalanırlar

 

Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditləri ilə sahibkarlar regionlarda yeni təsərrüfat və müəssisələr yaradırlar

Məlum olduğu kimi, Azərbaycanın hərtərəfli inkişafı regionların timsalında da özünü bariz şəkildə göstərir. Bu da səbəbsiz deyil. Belə ki, regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilən Dövlət proqramları bölgələrin tarazlı inkişafını şərtləndirir. Dövlət proqramları çərçivəsində respublikanın bütün bölgələrində yeni yollar çəkilib və ya yenidən qurulub, çoxlu sayda körpülər, yol qovşaqları tikilib, kommunal infrastruktur daha da yaxşılaşdırılıb, rabitə və digər xidmətlərin səviyyəsi yüksəlib, çoxsaylı sənaye, kənd təsərrüfatı, xidmət, ticarət müəssisəsi fəaliyyətə başlayıb. Məhz bu sadalananların nəticəsidir ki, Azərbaycanda regionların sosial-iqtisadi inkişafı davamlı xarakter daşıyır.

Digər tərəfdən, bu da vurğulanmalıdır ki, regionların sosial-iqtisadi inkişafına sahibkarlar da öz töhfələrini verirlər. Təbii ki, bu prosesdə dövlətin sahibkarlara dəstəyi də xüsusi rol oynayır. Belə ki, İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə sahibkarlara güzəştli kreditlər verilir. Bu kreditlər hesabına iş adamlarımız bölgələrdə yeni təsərrüfatlar və müəssisələr yaradırlar.

Bu məsələ ilə əlaqədar mütəmadi olaraq regionlarda tədbirlər keçirilir, iş adamlarına güzəştli kreditlər verilir. Belə tədbirlərdən biri də mayın 11-də İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Siyəzən rayonunun Böyük Həmyə kəndində keçirilib. Həmin tədbirdə Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlara 200 min manat güzəştli kredit verilib. Verilən kreditlər əsasən, heyvandarlıq, bağçılıq, quşçuluq sahələrinin inkişafına yönəldiləcək. İşgüzar forumda Siyəzən rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan iri fermer, müasir heyvandarlıq, zeytunçuluq və cins heyvandarlıq təsərrüfatlarının, badam bağlarının salınması və süd emalı müəssisəsinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib. Bununla yanaşı, kiçikhəcmli investisiya layihələrinin ümumi dəyərinin 100 faizədək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanılıb.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev Fondun özəl bölmənin inkişafı, xüsusən də regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər barədə məlumat verib. Bildirilib ki, indiyədək Siyəzən rayonundan olan 95 sahibkara 16,8 milyon manat güzəştli kredit verilib. Ümumilikdə, indiyədək Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 2 min 346 investisiya layihəsinin maliyyələşdirilməsinə 185 milyon manat güzəştli kredit təqdim olunub.

Forum çərçivəsində Siyəzəndə güzəştli kredit ayrılan quşçuluq sahəsi üzrə yem istehsalı müəssisəsinin fəaliyyətinə baxış keçirilib. Ümumilikdə, indiyədək istehsal gücü 59 min ton quş əti və 340 milyon ədəddən çox yumurta istehsalı olan 39 quşçuluq təsərrüfatına 132,3 milyon manat güzəştli kredit verilib. Görülən tədbirlər nəticəsində quşçuluq təsərrüfatlarının illik istehsal gücü 130 min tona çatıb, quş əti və yumurta istehsalı artıb, özünütəminetmə səviyyəsi yüksəlib.

Sahibkarlığa Kömək Milli Fondunun Qobustan rayonunun Mərəzə qəsəbəsində keçirdiyi işgüzar forumda isə Dağlıq Şirvan iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlara 1,5 milyon manat güzəştli kredit verilib. Kreditlər əsasən heyvandarlıq, quşçuluq, müalicə-sağlamlıq kompleksinin inşasına və digər sahələrin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 100-ə yaxın yeni iş yerinin açılması mümkün olacaq.

Forum çərçivəsində Qobustan rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan cins heyvandarlıq, üzümçülük, arıçılıq və bağçılıq təsərrüfatlarının, süd emalı və corab istehsalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin bütünlüklə dövlətin güzəştli krediti hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb. Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev 2017-ci ilin ötən dövründə Fondun vəsaitləri hesabına sahibkarlıq subyektlərinin 200-ə yaxın investisiya layihəsinin maliyyələşdirilməsinə 25 milyon manat güzəştli kredit ayrıldığını, bu investisiya layihələrinin reallaşdırılmasının 700-ə yaxın yeni iş yerinin yaradılmasına imkan verdiyini bildirib.

Ümumilikdə, indiyədək Dağlıq Şirvan iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 1900-ə yaxın investisiya layihəsinin maliyyələşdirilməsinə 69,1 milyon manat güzəştli kredit verilib.

Forum çərçivəsində Qobustan rayonunda güzəştli kredit ayrılmış heyvandarlıq təsərrüfatına da baxış keçirilib.

Sahibkarlığa Kömək Milli Fondunun Neftçala Sənaye Zonasında keçirdiyi işgüzar forumda isə Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlara 5,3 milyon manat güzəştli kredit verilib. Kreditlər əsasən pambıq əkini və emalı müəssisəsinin yaradılmasına, heyvandarlıq, tərəvəzçilik sahələrinin inkişafına yönəldiləcək və bu investisiya layihələrinin reallaşdırılması 200-ə yaxın yeni iş yerinin açılmasına imkan yaradacaq. Aran iqtisadi rayonundan 80-ə yaxın sahibkarın iştirak etdiyi işgüzar forumda sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə məlumat verilib, Neftçala Sənaye Zonasında sənaye məhsullarının istehsalı və emalı ilə bağlı hazırlanan nümunəvi investisiya layihələrinin, o cümlədən çörək və şirniyyat məhsulları, plastik qablar, polietilen paketlər, corab, sabun, qablaşdırma materialı istehsalı, süd emalı, bal emalı və qablaşdırılması, meyvəqurutma müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, sahibkarların təklifləri öyrənilib, maarifləndirici materiallar paylanılıb.

Tədbirdə Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev qeyd edib ki, indiyədək Neftçala rayonundan olan 240-dək sahibkara 11 milyon manatadək güzəştli kredit verilib. Bildirilib ki, dövlət başçısının sənayeləşmə siyasətinə uyğun olaraq, son illər 160-a yaxın müasir sənaye müəssisəsinin maliyyələşdirilməsinə 510 milyon manat güzəştli kredit ayrılıb. Güzəştli qaydada maliyyələşdirilən müəssisələrdə istehsal olunan məhsullar idxalı əvəz etməklə yanaşı, ölkənin sənaye potensialının reallaşdırılmasında mühüm rol oynayacaq.

Forum iştirakçılarının diqqətinə çatdırılıb ki, regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, yerli ehtiyatlardan səmərəli istifadə etməklə sənaye sahələrinin inkişaf etdirilməsi, məşğulluqda sənayenin xüsusi çəkisinin artırılması baxımından sənaye zonalarının yaradılması böyük əhəmiyyət kəsb edir. Neftçalada fəaliyyət göstərən sənaye zonasında dövlətin güzəştli kreditləri hesabına balıq yemi istehsalı müəssisəsi maliyyələşdirilib. Bundan əlavə, sənaye zonasında dövlətin güzəştli krediti hesabına plastik tara istehsalı üzrə investisiya layihəsinin maliyyələşdirilməsi müzakirə olunur.

Forum çərçivəsində Neftçala Sənaye Zonasında ildə 25 min ton balıq yemi istehsal etmək gücündə olan müəssisədə avadanlıqların quraşdırılması işlərinə baxış keçirilib.

Onu da qeyd edək ki, məcburi köçkün olan sahibkarlar da dövlətin bu qayığısından bəhrələnirlər. Belə ki, İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun təşkilatçılığı ilə mayın 18-də Quzanlı qəsəbəsində keçirilən işgüzar forum çərçivəsində Ağdam və ətraf rayonlardan olan sahibkarlara 628 min manat güzəştli kredit verilib. Verilən kreditlər əsasən, cins heyvandarlıq, arıçılıq, pambıqçılıq və sair sahələrin inkişafına yönəldiləcək. 90-a yaxın sahibkarın iştirak etdiyi forumda Ağdam rayonunun iqtisadi potensialının reallaşdırılması istiqamətində müzakirələr aparılıb və Sahibkarlığa Kömək Milli Fondu tərəfindən rayonda prioritet hesab olunan taxılçılıq, cins heyvandarlıq, tərəvəzçilik, pambıqçılıq və soya əkini təsərrüfatlarının, çörək istehsalı və süd emalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanılıb. Bildirilib ki, kiçikhəcmli investisiya layihələrinin ümumi dəyərinin 100 faizədək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcək.

SKMF-nin icraçı direktorunun müavini Arif Vəliməmmədov bu ilin ötən dövrü ərzində 320-yə yaxın sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 31,7 milyon manat güzəştli kredit verildiyini, bu layihələrin reallaşdırılmasının 900-dən çox yeni iş yerinin açılmasına imkan yaratdığını vurğulayıb. O, Fondun güzəştli kreditləri hesabına məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə həyata keçirilən layihələr barədə məlumat verərək, “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na uyğun olaraq indiyədək 2000-ə yaxın məcburi köçkün sahibkarın investisiya layihəsinin maliyyələşdirilməsinə 41 milyon manat (bu tədbirdə verilən kreditlər də daxil olmaqla) kredit verildiyini bildirib.

Diqqətə çatdırılıb ki, ümumilikdə, indiyədək Yuxarı Qarabağ iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 1200-ə yaxın investisiya layihəsinin maliyyələşdirilməsinə 36,8 milyon manat güzəştli kredit verilib.

Forum çərçivəsində Ağdam rayonunun Əfətli kəndində güzəştli kredit hesabına maliyyələşdirilmiş “Qara inək fermer təsərrüfatı” MMC-nin cins iribuynuzlu müasir heyvandarlıq kompleksinə baxış keçirilib.

Qeyd edək ki, ötən ilin aprel ayında ermənilər tərəfindən atəşkəsin pozulması nəticəsində “Qara inək fermer təsərrüfatı” MMC-yə ciddi ziyan dəymiş, çoxlu sayda mal-qara tələf olmuşdu. İqtisadiyyat Nazirliyinin SKMF tərəfindən təsərrüfata əlavə güzəştli maliyyə dəstəyi göstərilib və təsərrüfat fəaliyyətini bərpa edib.

Nardar BAYRAMLI

Yeni Azərbaycan.-2017.- 26 may.-S.7