Müstəqillik xalqımızın ən
böyük sərvətidir
Müsəlman Şərqində ilk demokratik respublika kimi adını tarixə yazan Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin çoxəsrlik
sosial-iqtisadi, ictimai-siyasi
və mədəni inkişafının, xalqımızın
milli oyanışı
və dirçəlişi
proseslərinin məntiqi
nəticəsi və tarixi zərurət kimi yarandı.
Birinci dünya müharibəsinin
sona çatması, Rusiyada oktyabr inqilabı və çarizmin süqutundan sonra yaranmış gərgin vəziyyət, Rusiyanın tərkibində
saxladığı bütün
ərazilərə lazımi
qədər nəzarət
edə bilməməsi
Azərbaycan Xalq Cümhuriyyətinin yaranması
üçün əlverişli
şərait yaratmışdı.
Bununla belə, 1918-ci
ildə Azərbaycanı
müstəqilliyə aparan
yollar heç də asan və
hamar deyildi. Lakin qabaqcıl ziyalılarımızın yorulmaz
səylərinin nəticəsi
olaraq azadlığa aparan yollardakı bütün maneələr
dəf edildi. Məhz onların milli və müstəqil
dövlətçiliyin bərpa
olunmasına xidmət
edən əqidə və məslək birliyi son nəticədə
öz sözünü
dedi. Bu ziyalılar 1918-ci ildə yaranmış vəziyyətdə
birləşərək Tiflisdə
Azərbaycanın “İstiqlal
Bəyannaməsi”ni elan
etdilər və Azərbaycan Xalq Cümhuriyyətinin, müasir
respublikamızın müstəqilliyinin
əsasını qoydular.
Azərbaycan Xalq Cümhuriyyətinin
dövlətçilik tariximizdəki
rolunu hər zaman yüksək qiymətləndirən ümummilli
lider Heydər Əliyev 1918-ci ildə dövlət müstəqiliyimizin
qazanılmasında böyük
xidmətləri olmuş
şəxslərin adlarının
Azərbaycan xalqının
yaddaşına əbədi
həkk olunduğunu bildirmişdir:
“1918-ci il mayın 28-də
Azərbaycanın istiqlaliyyətinin
elan edilməsində,
Xalq Cümhuriyyətinin
təşəkkül tapmasında
və fəaliyyət
göstərməsində cümhuriyyətə
rəhbərlik etmiş
şəxslərin - Əlimərdan
bəy Topçubaşovun,
Məmmədəmin Rəsulzadənin,
Fətəli xan Xoyskinin, Nəsib bəy Yusifbəylinin, Səməd
bəy Mehmandarovun, Əliağa Şıxlinskinin
və başqalarının
böyük xidmətləri
olmuşdur. Bu görkəmli dövlət
xadimlərinin, vətənpərvər
ziyalıların, peşəkar
hərbçilərin adları
xalqımızın yaddaşına
əbədi həkk olunmuşdur”.
Azərbaycan Xalq Cümhuriyyətinin
yaranması, tariximizə
bəxş etdiyi müstəqillik müsibətlər
və çətin mübarizələr hesabına
başa gəldi. Çünki məlum olduğu kimi, müstəqilliyin elan olunmasına kənardan mane olmaq istəyən
qüvvələr də
çox idi, elə Azərbaycanın
özünün siyasi-ictimai
həyatında da vəziyyət rəvan deyildi. Bütün bu çətinliklərə
baxmayaraq, qarşısına
müstəqil, azad və demokratik respublika qurmaq kimi şərəfli vəzifə qoymuş ilk milli hökumət
cəmi 23 aylıq fəaliyyəti dövründə
xalqımızın milli
mənlik şüurunu
özünə qaytardı,
onun öz müqəddəratını təyin
etməyə qadir olduğunu əyani şəkildə bütün
dünyaya nümayiş
etdirdi. Həyata keçirilən tədbirlər
xalqımızın dövlətçilik
ənənələrinin bərpasına
və milli mənlik şüurunun güclənməsinə böyük
təsir göstərdi.
Qısa müddətdə Azərbaycan
Xalq Cümhuriyyətinin
bütün dövlətçilik
atributları yaradıldı,
dövlət quruculuğu
sahəsində mühüm
addımlar atıldı,
Azərbaycan milli ordusu formalaşdırıldı.
1918-ci ilin iyunun 27-də
isə Azərbaycanın
tarixində ilk dəfə olaraq Azərbaycan dili rəsmən dövlət dili elan edildi. Həmin
il noyabrın 9-da Azərbaycanın indiki üçrəngli dövlət
bayrağı qəbul
edildi, eyni zamanda, Azərbaycan vətəndaşlığı haqqında qanun da qəbul olundu.
Dövlətçilik göstəricilərinə
və prinsiplərinə
görə, Şərqdə
ilk demokratik respublika olan Azərbaycan artıq özünün parlamenti,
hökuməti, ordusu və pul vahidi
olan müstəqil, suveren bir dövlət
idi.
Azərbaycan Xalq Cümhuriyyəti az bir müddətdə
mövcud olsa da, öz başlıca
tarixi missiyasını
yerinə yetirdi: Azərbaycan xalqının dövlətçiliyinin
bərpasında, dövlət
müstəqilliyinin əldə
edilməsində, demokratik
quruluş yaratmaq istiqamətində tarixi rol oynadı. Ən əsası, Xalq Cümhuriyyətinin yaranması ilə vaxtilə itirilmiş dövlətçiliyimiz bərpa
edildi, Azərbaycanın
müstəqil gələcəyinin
əsası qoyuldu.
Eyni zamanda, bu hadisə xalqımızın tarixində
ilk dəfə demokratik prinsiplər əsasında müstəqil
Azərbaycan dövlətinin
və hökumətinin
yaradılmasının təməlini
qoymuş oldu. Sovet Rusiyasının hərbi təcavüzü nəticəsində
1920-ci il aprelin 28-də
süqut etməsinə
baxmayaraq, qısa bir müddət ərzində həyata keçirdiyi tədbirlər,
dəyərli işlər
xalqın dövlətçilik
tarixində böyük
izlər buraxdı. Bu tədbirlər xalqımızın milli mənlik şüurunun güclənməsinə
də böyük təsir göstərdiyi üçün bolşevik
işğalından sonra
da müstəqillik hissləri azərbaycanlıları
heç zaman tərk etmədi, azadlıq ideyaları şüurlara hakim kəsildi. Cümhuriyyətin
süqutu onu göstərdi ki, müstəqilliyi qoruyub saxlamaq, müdafiə etmək onu əldə etməkdən
daha da çətindir.
Ötən əsrin
70-ci illərindən başlayaraq
hər şey dəyişdi. 1969-cu ildə
Heydər Əliyevin rəhbərliyə başlamasından
sonra respublikada xalqın mənəvi dəyərləri özünə
qayıtdı, ölkə
xammal bazasından istehsalçıya çevrildi.
Heydər Əliyevin sayəsində tezliklə
Azərbaycanı və
onun mədəniyyətini
bütün dünyada
daha yaxından tanımağa başladılar.
Bu gün haqlı olaraq Heydər Əliyevin Azərbaycanda hakimiyyətinin
birinci dövrü ölkəmizin intibah dövrü adlandırılır.
Hazırda müstəqil Azərbaycanın
iqtisadi yüksəlişində
baza rolunu oynayan sənaye və kadr potensialı
ulu öndər Heydər Əliyevin o illərdəki məqsədyönlü,
düşünülmüş, uzaqgörən fəaliyyəti
sayəsində təşəkkül
taparaq formalaşdı.
Ulu öndər sanki Azərbaycanın gələcəkdə
müstəqil dövlət
olacağını hiss
edirdi. Nəhayət, 1991-ci ildə xalqımız
özünün dövlət
müstəqilliyini bərpa
etdi, cümhuriyyətin
dövlətçilik ənənələrini
davam etdirərək bu tarixi varislik
üzərində yeni
Azərbaycan dövlətini
yaratdı. Ulu öndər Heydər Əliyevin dediyi kimi, “Bu dövlət,
bu quruluş
1918-ci ildə yaranmış
ilk Xalq Cümhuriyyətinin varisidir.
Bütün dövlət
onun varisidir, bütün respublika onun varisidir, bütün xalq onun varisidir”.
Mahir MUSAYEV.
Respublika.-
2017.- 27 may.- S.6.