“Kino sənəti yaşamalıdır...”
O, operator olmaq arzusu ilə 21 yaşında “Azərbaycanfilm”
kinostudiyasına gəlir. Milli kinomuzun görkəmli
operatorları və rejissorlarının yanında
böyük kino məktəbi keçir. İlk dəfə
operator assistenti kimi “Şərikli çörək” filmində
adını titrlərdə görəndə sevincdən
göz yaşlarını gizlədə bilmir. Son dərəcə
sakit, nizam-intizamlı olması, işə ciddi münasibəti
görkəmli sənətkarların nəzərindən
yayınmır.
Tezliklə quruluşçu
operatorlar Arif Nərimanbəyov və Zaur Məhərrəmovdan
yeni dəvətlər alır. Şamil Mahmudbəyov, Tofiq
Tağızadə, Rasim Ocaqov kimi rejissorların filmlərində
operator assistenti kimi çalışır. 1977-ci ildə isə
quruluşçu operator Rafiq Qəmbərov “Vulkana doğru” bədii
televiziya filminə onu ikinci operator kimi dəvət edir.
Sevdiyi peşənin sirlərinə daha dərindən yiyələnmək
üçün 1978-ci ildə Ümumittifaq Kinematoqrafiya
İnstitutunun kinooperatorluq fakültəsinə daxil olur.
Amin Novruzov ümumi nəzəri
hazırlığı, peşə təcrübəsi ilə
sənət müəllimi, dünya şöhrətli sənətkar
Vladimir İvanoviç Yusovun diqqətini çəkir.
1983-cü ildə təhsilini başa vurandan sonra “Azərbaycanfilm”
kinostudiyasında quruluşçu operator kimi
çalışır. O, kameradan qəlbinin gözü ilə
baxmağı bacarır... Çəkdiyi epizodlar qəlbinin
işığı ilə nura boyanır. Bu işıq selində
təkrarsız rənglər dünyası, ifadə
çalarları yaradır. Amin Novruzovun ekran dili olduqca
maraqlı və obrazlıdır. Mənalı planlar və
rakurslar çəkilişlərində təsadüfi xarakter
daşımır. O,
standart formalardan qaçır, hər epizodun yeni, orijinal
quruluş həlini axtarır.
Amin
Novruzovun quruluşçu operator kimi lentə aldığı
“Musiqili xaş”, “Cin mikrorayonda”, “Süd dişinin
ağrısı”, “Özgə vaxt”, “Yalan” kimi filmlər sənətsevərlərə
yaxşı tanışdır. 1997-ci ildə
rejissor və operator kimi quruluş verdiyi “Ləqəbi
“İkadır” filmi onun rejissor kimi də sənət fəaliyyətini
səciyyələndirir.
“Mozalan” satirik kinojurnalında Amin Novruzovla bir sıra bədii
və sənədli süjetlər çəkən Xalq
artisti Vaqif Mustafayev 1984-cü ildə quruluş verdiyi “Musiqili
xaş” qısametrajlı bədii filmində də uğurlu
yaradıcılıq əlaqələrini davam etdirir. O zaman Moskvada ikiillik Ali
rejissorluq və ssenaristlər kursunda təhsil alan
Vaqif Mustafayevin bu kurs işi ilin sənət hadisələri
sırasında özünəməxsus yer tutur. Komediya janrında çəkilən filmdə
Hacı İsmayılov, Səməndər Rzayev, Yaşar Nuri,
Larisa Xalafova kimi aktyorlar maraqlı ekran obrazları
yaradırlar. Kursun rəhbəri SSRİ
Xalq artisti Eldar Ryazanov “Musiqili xaş”da uğurlu rejissor və
aktyor işi ilə bərabər peşəkar operator çəkilişlərini
də xüsusi vurğulayır. Filmdə
Amin Novruzov iri planlara üstünlük verir. Çəkilişlərin bədii estetikası,
yüksək ekran mədəniyyəti quruluşçu
operatorun cilalanmış fərdi üslubunu və peşəkarlığını
aydın göstərir.
O, 1985-ci ildə Xalq artisti, kinorejissor Oqtay Mirqasımovun
quruluş verdiyi”Cin mikrorayonda” filminin çəkilişlərinə
başlayır. Milli kinomuzda mövzu və janr
baxımından tamamilə yeni olan bu filmə Amin Novruzov sənətkar
məsuliyyətilə yanaşır. Filmin
hazırlıq mərhələsində yaxından iştirak
edir.
1991-ci ildə isə Amin Novruzov Xalq artisti Ramiz Əzizbəylinin
quruluş verdiyi “Bəxt üzüyü” filmini lentə
alır. Afaq
Bəşirqızı, Valeh Kərimov, Gülşad
Baxşıyeva, Firəngiz Rəhimbəyli, Cahangir Novruzovun,
Ayşad Məmmədovun obrazları tamaşaçı
sevgisi qazanır. Quruluşçu operatorun
kompozisiya və bədii təsvir xüsusiyyətləri onun
yaradıcılıq üslubuna yeni inkişaf
yönümündən işıq salır.
“Ləqəbi “İkadır” filminin rejissoru Teymur Bəkirzadə
1995-ci ildə qəflətən dünyasını dəyişir. Filmin
quruluşçu operatoru olan Amin Novruzov özünü
rejissor kimi sınayır. Rejissor
debütü uğurlu olur. 1997-ci ildə
Minskdə “Listopad” beynəlxalq kinofestivalında iştirak edən
bu film MDB ölkələrinin İcraiyyə Komitəsinin
Prizini qazanır. Beynəlxalq kinofestivalda
Amin Novruzov rejissor və operator kimi yüksək
professionallığına görə Diplomla təltif olunur.
2002-ci ilin avqust ayında isə “Ləqəbi “İkadır”
filmi Bakıda keçirilən “Bizim naməlum kino”
festivalının proqramına daxil edilir. Amin
Novruzov uğurlu işinə görə mükafata layiq
görülür.
Ötən çağların filmlərdən söz
düşəndə Amin müəllim deyir ki, o vaxt “Azərbaycanfilm”in
çox gözəl filmləri, rejissorları var idi. Tofiq Tağızadənin, Həsən
Seyidbəylinin çəkdikləri filmlər, demək olar
ki, dünya səviyyəli filmlər idi. Gənc
yaşlarımızda o filmlərə baxaraq ilham
alırdıq. Özümüzü həmin
sənətkarlara oxşatmağa çalışırdıq.
“Uzaq sahillərdə”, “Sən niyə susursan”,
“Bir cənub şəhərində” kimi filmlər çox
sevdiyim filmlər sırasındadır. “Bir
cənub şəhərində” filminə ilk dəfə
baxanda operatorun çəkiliş üslubu mənə
çox güclü təsir bağışladı. Bu filmdə Ocaqov geniş bucaqlı obyektivdən
istifadə edərək sanki tamaşaçını ekrana
daha da yaxınlaşdırırdı. Bu
üsul aktyor oyununu incəliklərinə qədər
müşahidə etməyə, onların daxili aləmini
duymağa zəmin yaradırdı. İşıq
və başqa texniki vasitələrlə ekran
obrazlarının daha da qabardılması Rasim Ocaqov tərəfindən
çox gözəl həyata keçirilirdi. Bunlar bizim üçün əsl məktəb idi.
—Rejissor
şərhi, aktyor oyunu ilə bərabər, texniki vasitələrin
də filmin uğurundakı rolu az deyil...
—Əlbəttə.
“Özgə vaxt” filmini Hüseyn Mehdiyevlə çəkmişəm.
“Özgə vaxt” “Azərbaycanfilm” yaranandan 10 ən
yüksək səviyyəli filmlərin
sırasındadır. Filmdə
obrazların açılması üçün texniki vasitələrdən
– işıqdan, rakursdan, xətti perspektivdən istifadə
olunub.
—Amin
müəllim, yaxın zamanlaracan kinonun teatrı üstələyəcəyi
barədə birmənalı olmayan fikirlər səslənirdi.
Və bir vaxt teatr tamaşalarında olduğu
kimi, indi kino seanslarında da tamaşaçı
qıtlığı hiss olunur. Sizcə,
bunun səbəbi nədədir?
—Məncə,
bəsit filmlərə imkan verilməsə, kino daha da
inkişaf edər. “Azərbaycanfilm” nəhəng
bir orqanizm idi. İndi onun infrastrukturu da
çöküb. Bəsitlik yaranıb,
qeyri-peşəkarlıq meydana çıxıb. Təəssüflə qeyd edirəm ki,
teleekranları zəbt edən bəsit filmlər, “Bozbaş
pikçers”lər insanların zövqünü korlayır.
—Amin
müəllim, bu gün milli kinomuzda, çoxsaylı
seriallarda operator işinin səviyyəsi Sizi qane edirmi?
—Birmənalı
deyərdim ki, qane eləmir. Lakin peşəkarlar
da var. “Vicdan haqqı” teleserialını tələbəm
Hakim Ağayev çəkir. İlk
seriyalarda işini bəyənmədim. Onu
başa salırdım ki, belə çəkmək olmaz.
İndi artıq kompozisiyanı düzəldib,
işıqlandırmadan istifadə edir.
—Videoçəkiliş
kinodünyasında böyük inqilab yaratdı. Artıq plyonkanın aşkarlanmasının,
neqativin, pozitivin çapını günlərlə gözləməyə
ehtiyac yoxdur. Rejissor monitorda epizodları
canlı olaraq izləyir. Ən mürəkkəb
quraşdırılmış epizodlar kompüter
texnologiyası ilə göz qırpımında yerinə
yetirilir. Lakin etiraf edək ki, lentdə çəkilən
filmlərin bədii-estetik səviyyəsi daha yüksək
idi...
—Videoçəkilişlərin
səviyyəsi lentə çata bilməz. “Oskar”
alan filmlər həmişə lentə çəkilir. Lentin dəyəri heç vaxt ölmür. Arzulayıram ki, bir gün kinostudiya bərpa edilsin.
Lentlə bağlı bütün texnologiya
kinostudiyada təşkil olunsun.
—Rejissorların
hansı xüsusiyyətlərini sənət obyektivinizdə
daha çox dəyərləndirirsiniz?
—Teymur Bəkirzadə,
Oqtay Mirqasımov, Hüseyn Mehdiyev, Ramiz Əzizbəyli, Tofiq
Tağızadə, Rasim Ocaqov kimi rejissorlarla işləmişəm.
Hər sənətkarın özünəməxsus
görmə qabiliyyəti var. Operatorla müştərək
işləyən rejissorlara üstünlük verirəm.
—Amin
müəllim, “Cin mikrorayonda” filminin çəkilişlərindən
30 ildən artıq bir zaman keçir. Bir
anlığa o günlərə qayıdaq. Bu gün də həmin filmin çəkilişlərində
unutmadığınız xatirələri bölüşməyinizi
xahiş edirik.
—Ən
xoş xatirələrimdən biri Moskvada Demodedovo aeroportunda
rejissor Oqtay Mirqasımovla görüşəndə mənə
“Cin mikrorayonda” filmini təklif etməsi oldu. Film
çox mürəkkəb idi. Aktyor birinci
səhnədə pitonla çəkilirdi. Pitonun
uzunluğu iki metr yarım olardı. Pitonu
soyuducuya qoyurdular. Çəkilişə
başlayanda işıqların təsirindən isinişən
piton cini oynayan aktyoru sıxırdı. Bu
hadisə heç yadımnan çıxmır.
—Operator
çəkiliş meydançalarında bəzən günəşdən,
bəzən buluddan, bəzən də küləkdən
asılı qalır. Sənət həyatınızda
filmdəki əfsanəvi cinin köməyini
arzuladığınız anlar varmı?
—(Gülür). Çox olub. İstərdim,
kino yenidən yaşasın və biz də çəkilişlərə
cəlb olunaq.
— Böyük tamaşaçı sevgisi qazanan
“Bəxt üzüyü”nün çəkilişlərində
kadr arxasında qalan gülməli hadisələr də az
olmayıb yəqin...
—“Bəxt üzüyü”nü çəkəndə
ləzzət aldım. Şüvəlanda çəkirdik.
Çəkilişlərin birində kamera çiynimdə
Afaq xanımın ardınca qaçırdım. Gözlənilmədən
Afaq xanım yıxıldı. Mən də müvazinətimi
saxlaya bilməyib kamera ilə üstünə aşdım...
—Siz uzun illərdi ki, Azərbaycan Dövlət
Mədəniyyət və İncəsənət Universitetində
operator sənətini tədris edirsiniz. Bəs, elmi-nəzəri
mülahizələrinizi, operator sənətkarlığı
barədə tövsiyələrinizi qələmə almaq barədə
düşünmürsünüz ki? Bizcə, bu gənc
operatorlar üçün çox əhəmiyyətli bir dərslik
olardı...
—Mən İncəsənət Universitetinin
professoruyam. Kino sənəti kafedrasına rəhbərlik edirəm.
Həmkarım SSRİ Dövlət Mükafatı laureatı
Rafael Qəmbərovla İncəsənət Universitetinin tələbələri
üçün dərslik yazmışıq. Bu, dərslikdə
operator sənəti, rəngkarlıq və fotoqrafiya sənəti
vəhdət təşkil edir. Rafael Qəmbərovla eyni
zamanda proqram və dərs vəsaitləri də
yazmışıq. Hazırda yenə bir kitabı
tamamlamışıq.
Amin müəllim “Ləqəbi “İkadır”
filmindən də danışır...
—Bu filmi çəkmək üçün məkanı
Belarusiyada seçdik. 90-cı illərdə xaotik vəziyyət
yaranmışdı. Biz naturanı Azərbaycanda tapmaq məcburiyyətində
qaldıq. Natura çəkilişlərini İvanovka kəndində
apardıq. Filmə baxan mütəxəssislər belə
çəkilişlərin Azərbaycanda olduğuna inana
bilmir. Filmdə dörd dövlətin – Rusiyanın,
Belarusiyanın, Türkmənistanın və Azərbaycanın
aktyorları çəkilirdi. Belarusiyada “Özgə vaxt”
filminin aşkarlanması zamanı kinostudiyanın direktoruna
müraciət etdim. Direktor dedi ki, filmi videoda gətirin, nazirə
göstərək, bəyənsə, müştərək
tamamlayarıq. Filmin videovariantını Belarusiyaya apardım.
Məni direktorun yanına çağırdılar. Direktor məni
öpüb dedi ki, təbrik edirəm, nazir filmin müştərək
çəkilişlərinin davamına icazə verdi. Film
alındı...
Gələn il kinomuzun 120 yaşı tamam olur.
Düşünürəm, nə qədər ki, peşəkarlar,
sənətkarlar var, kinonu bərpa eləmək
lazımdır. Bizim dövlət hər şeyə qadirdir.
Sputnik buraxan dövlət kinonu bərpa edə bilər. Mən
kino istehsalının bərpasını çox istərdim.
Kino milli-mənəvi dəyərlərimizi əks etdirmək
üçün gözəl vasitədir. Kino sənəti
yaşamalıdır.
Hatəm ƏSGƏROV, rejissor.
Respublika.-
2017.- 6 oktyabr.- S.7.