Azərbaycanlıların
soyqırımının 100-cü ildönümü ilə
bağlı Qubada respublika elmi konfransı keçirilib
Martın 31-də Quba Soyqırımı
Memorial Kompleksinin zalında 1918-ci il azərbaycanlıların
soyqırımının 100-cü ildönümünə həsr
edilmiş respublika elmi konfransı keçirilib.
AZƏRTAC-ın bölgə
müxbiri xəbər verir ki, Mədəniyyət və Turizm
Nazirliyinin, Azərbaycan Milli Elmlər Akademiyasının və
Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı
ilə “Soyqırımlarının dərsləri”
mövzusunda keçirilən konfrans “Quba soyqırımı”
filminin nümayişi ilə başlayıb.
Azərbaycan Milli Elmlər Akademiyasının
vitse-prezidenti, akademik İsa HƏBİBBƏYLİ
çıxış edərək son iki yüz ildə Azərbaycan
xalqının başına gətirilən müsibətlərdən
danışıb. Akademik respublika elmi konfransının
dövlətimizin başçısının “1918-ci il azərbaycanlıların
soyqırımının 100 illiyi haqqında” 2018-ci il 18 yanvar
tarixli Sərəncamına əsasən təşkil
olunduğunu diqqətə çatdırıb. Qeyd
edib ki, azərbaycanlıların kütləvi
qırğını, repressiyalara məruz qalması, doğma
yurdlarından sürgün edilməsi və didərgin
salınması XX əsr tarixinin ən faciəli və dəhşətli
ağrılarındandır. 1918-ci ilin mart-aprel aylarında
daşnak-bolşevik birləşmələrinin Azərbaycanın
müxtəlif bölgələrində törətdikləri
amansız qətliamların əsas məqsədi azərbaycanlıları
milli etnos kimi yer üzündən silmək, onların tarixi
torpaqlarına yiyələnmək olub.
rmənilərin azərbaycanlılara
qarşı soyqırımı siyasətinin mərhələlərlə
davam etdiyini vurğulayan akademik bildirib ki, 1937-ci ilin qanlı
repressiya hadisələrində də tarix sübut edib ki, erməni
barmağı çevik şəkildə işləyib.
1946-1948-ci illərdəki deportasiya hadisələri də əslində
soyqırımlarının başqa formasıdır.
Tarixi Azərbaycan torpaqları olan, təmiz sulu, sərin
havalı Qərbi Azərbaycandan azərbaycanlılar zorla
şoran, isti rayonlara köçürülməklə
onların böyük bir hissəsi məhv edilib. Beləliklə,
bu faciələrin baş verməsindən indiyədək 100
minlərlə azərbaycanlı qətlə yetirilib, məscidlər,
qəbiristanlıqlar dağıdılıb, kəndlər, qəsəbələr
viran edilib.
“Bu hadisələr nəhayət
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin başlanması ilə nəticələndi”,
- deyən İsa Həbibbəyli qeyd edib ki, Azərbaycanın
ovaxtkı rəhbərliyinin zəifliyi, səriştəsizliyi,
vətənpərvər mövqe tuta bilməməsi nəticəsində
torpaqlarımızın bir hissəsi Ermənistan tərəfindən
işğal olundu, minlərlə həmvətənimiz qətlə
yetirildi. Səriştəsiz rəhbərliyin bu
ədalətsizliyə hətta siyasi-hüquqi qiymət verməyə
cürəti çatmadı. Yalnız Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyevin siyasi
hakimiyyətə qayıdışından sonra bu hadisələrə
obyektiv siyasi-hüquqi qiymət verildi. Ulu Öndərin qəbul
etdiyi qərarlar əsasında ölkəmizin arxivləri Azərbaycan
elminə, ictimaiyyətinə, dünyaya açıldı və
bu hadisələr barədə obyektiv reallıqları öyrənmək
mümkün oldu. Məhz həmin dövrdən AMEA-da azərbaycanlılara
qarşı soyqırımlarını tədqiq edən daimi
komissiya fəaliyyət göstərir. Artıq beynəlxalq aləm
XX əsrin əvvəllərində ölkəmizdə azərbaycanlılara
qarşı ermənilər tərəfindən
soyqırımı həyata keçirildiyini təsdiq edir. Bunu
sənədlər, haqq-ədalət, Quba məzarlığı
təsdiq edir. Elmi araşdırmalar sübut edir ki, ermənilərin
azərbaycanlılara qarşı soyqırımı, terror
siyasəti sistemli və məqsədli olaraq törədilib. Məqsəd
Azərbaycan torpaqlarını ələ keçirməkdir.
Eyni zamanda, aparılan tədqiqatlar göstərir ki, bu hadisənin
coğrafiyası daha geniş olub. Orta
Asiyadakı müsəlman əhalisinə də eyni vaxtda belə
divanlar tutulub. Özbəkistanda baş verən hadisələr
Qafqaz hadisələri ilə eyni vaxta düşür və
bunun türk-müsəlman əhalisinə qarşı həyata
keçirilən vahid siyasətin tərkib hissəsi olduğu
elmi dəlillərlə isbat olunur. Qafqaz, Hindistan, Fransa,
Rusiya arxivlərindən Azərbaycana gətirilən minlərlə
sənəd ermənilərin qaniçən, cəllad,
soyqırımının icraçıları olduğunu
aydın şəkildə isbat edir. Xocalı
soyqırımı da bu hadisələrin davamıdır.
Alim bildirib ki, Prezident İlham Əliyevin
“1918-ci il azərbaycanlıların soyqırımının
100 illiyi haqqında” Sərəncamında məsələyə
daha kompleks münasibət ifadə olunub. Sənəddə XX əsrdə
baş vermiş hadisələrin soyqırımı,
deportasiya və etnik təmizləmə xarakteri
daşıdığı çox obyektiv şəkildə
öz əksini tapıb. Biz bu gün Quba Soyqırımı
Memorial Kompleksində bu konfransı həmin Sərəncama əsasən
keçiririk. Quba məzarlığında
aparılan tədqiqatlar sübut edib ki, burada vəhşicəsinə
qətlə yetirilən Azərbaycan əhalisi, eyni zamanda,
onlarla bərabər bu torpaqlarda qədimdən tolerant şəkildə
yaşayan digər xalqların nümayəndələrinə
qarşı da ermənilər eyni ağır cəzaları,
qətliam hadisələrini törədiblər. Quba məzarlığı
xalqımızın tolerantlıq, qardaşlıq, həmrəylik
abidəsidir. Bu abidə Azərbaycan dövlətinin,
xalqının terrora, təcavüzə, işğala “yox”,
sülhə, həmrəyliyə “hə” dediyinin bir ifadəsidir.
Sonra Azərbaycan Respublikası Prezidentinin
ictimai-siyasi məsələlər üzrə köməkçisi
Əli HƏSƏNOV çıxış edib.
Azərbaycanlıların
soyqırımının 100 illiyi və Quba
Soyqırımı Memorial Kompleksi ilə bağlı
görülən işlər barədə məlumat verən
Əli Həsənov deyib ki, Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev bu il yanvarın 18-də “1918-ci il azərbaycanlıların
soyqırımının 100 illiyi haqqında” Sərəncam
imzalayıb. Sərəncama əsasən, Prezident
Administrasiyasının rəhbəri tərəfindən
“1918-ci il azərbaycanlıların soyqırımının
100-cü ildönümünə dair Tədbirlər Planı”
təsdiq edilib. Bu gün Quba soyqırımı qurbanlarının
xatirəsini anma mərasimi və öz işinə
başlayan respublika elmi konfransı da həmin Tədbirlər
Planına uyğun olaraq keçirilir. Eyni
zamanda, xatırlatmaq istəyirəm ki, dövlətimizin
başçısının tapşırığı ilə
Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev
2017-ci il iyunun 5-də “Quba şəhərində
Soyqırımı Memorial Kompleksi ilə bağlı bəzi
məsələlər haqqında” Sərəncam imzalayıb.
Sərəncama əsasən yaradılan
Komissiyanın qarşısına Kompleksdə yaranmış vəziyyətin
ətraflı öyrənilməsi və məzarlığın
durumuna təhlükə törədə biləcək proseslərin
qarşısının alınması ilə bağlı təkliflər
təqdim etmək vəzifəsi qoyulub. Bu
tapşırığa uyğun olaraq, 2017-ci il iyunun 9-da
Komissiya tam tərkibdə Quba şəhərinə gəlib,
məzarlığa baxış keçirib, burada
yaradılmış muzeyin iş şəraiti ilə
tanış olub. Komissiya belə bir qənaətə gəlib
ki, insan qalıqlarının çürüməsinin
sürətlənməsi və torpağın
sürüşmə hallarının aktivləşməsi məzarlığın
olduğu şəkildə qorunub saxlanmasını çətinləşdirir.
Ona görə də həmin ərazidəki
insan sümüklərinin dini adət-ənənələrə
uyğun dəfn olunması, qəbirüstü xatirə
lövhəsinin qoyulması, gələcəkdə zəruri
hallarda tarixi araşdırma məqsədilə qazıntı
işləri üçün şəraitin yaradılması
məqsədəuyğun hesab olunub və bu barədə
ölkə rəhbərliyinə məruzə edilib. Artıq
Komissiyanın təklifləri nəzərə alınaraq,
soyqırımı qurbanlarının qalıqları dəfn
edilib və məzarüstü xatirə lövhəsi qoyulub.
Əslində, azərbaycanlıların
1918-ci il soyqırımının Azərbaycan Xalq Cümhuriyyətinin
qurulması yolunda xalqımızın üzləşdiyi ən
ağır sınaq olduğunu vurğulayan Prezidentin köməkçisi
deyib ki, amansız qırğına və ağır itkilərə
baxmayaraq, xalqımız bu sınaqdan keçərək
öz taleyinə və torpaqlarına sahib çıxdı,
Şərqdə ilk müstəqil respublika yaratdı. İki
aydan sonra Xalq Cümhuriyyətinin yaradılmasının 100
ili tamam olur. Bu yubileyin respublikada dövlət səviyyəsində
geniş qeyd edilməsi üçün Azərbaycan Prezidenti
2017-ci il mayın 16-da xüsusi Sərəncam imzalayıb. Bu Sərəncam
tariximizin həmin şərəfli dövrünü daha dərindən
öyrənmək üçün yeni imkanlar açır.
Tarixin müxtəlif dövrlərində
xalqımız erməni millətçiləri tərəfindən
soyqırımı cinayətlərinə, kütləvi
qırğınlara, deportasiyalara, etnik təmizləmələrə
və terrora məruz qalsa da, həmin hadisələrə
heç bir siyasi-hüquqi qiymət verilməsi mümkün
olmayıb. Ona görə ki, hər dəfə ermənilər
məkrli niyyətlərini öz havadarlarına, başqa
sözlə, mərkəzi hakimiyyətə, real güc sahiblərinə
arxalanaraq və onların iştirakı ilə həyata
keçirirdilər. Bu, 1905-1907-ci, 1918-1920-ci, 1948-1953-cü illərdə
və sonrakı dövrdə də məhz belə olub. Elə bu səbəbdən də
soyqırımı faktları gizlədilir və ya təhrif
olunmuş şəkildə təqdim edilir, elmi tədqiqat
işləri sərt inzibati-ideoloji nəzarət altında
aparılırdı. Nəticədə ötən əsrin
80-ci illərinin sonu 90-cı illərinin əvvəllərində
erməni ekspansionist şovinizmi bir daha baş
qaldırdı, Azərbaycan xalqı yenidən çətin
sınaqlara, deportasiyaya, etnik təmizləməyə,
işğala düçar oldu və Xocalı
soyqırımı kimi dəhşətli faciə
yaşadı.
Çıxışına davam edən Əli
Həsənov deyib: “Yalnız müstəqillik illərində
keçmişimizin gerçək mənzərəsini yaratmaq
və xalqımıza qarşı dəfələrlə
törədilmiş soyqırımı cinayətlərinə
siyasi-hüquqi qiymət vermək imkanı qazandıq. Bu
baxımdan ümummilli lider Heydər Əliyevin 1998-ci il
martın 26-da imzaladığı “Azərbaycanlıların
soyqırımı haqqında” Fərman mühüm tarixi əhəmiyyət
kəsb edir. Həmin sənəddə XIX əsrin
əvvəllərindən müasir dövrümüzə qədər
Azərbaycan torpaqlarının zəbti, kütləvi
qırğınlar, deportasiya və etnik təmizləmələrlə
müşayiət olunan faciələr ermənilərin azərbaycanlılara
qarşı düşünülmüş, planlı surətdə
həyata keçirdiyi soyqırımı siyasətinin
ayrı-ayrı mərhələləri kimi qiymətləndirilib
və 31 mart - Azərbaycanlıların Soyqırımı
Günü elan edilib.
Ulu Öndərin təşəbbüsü
ilə Xocalı soyqırımına da siyasi-hüquqi qiymət
verilib, fevralın 26-sı Xocalı Soyqırımı
Günü elan edilib. 2008-ci ildən Heydər Əliyev Fondunun
vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü
ilə başlanmış “Xocalıya ədalət!” beynəlxalq
kampaniyası çərçivəsində aparılan
işlər sayəsində faciə ilə bağlı faktlar
geniş beynəlxalq ictimaiyyətə
çatdırılıb, planetin bütün guşələrində
milyonlarla insan məlumatlandırılıb. Artıq
dünyanın 16 ölkəsi, ABŞ-ın 20-dən çox
ştatı hökumət və ya parlament səviyyəsində,
habelə İslam Əməkdaşlıq Təşkilatı
Xocalı soyqırımını rəsmən tanıyıb”.
Azərbaycan Respublikasının
1996-cı ilin mayında “Genosid cinayətinin
qarşısının alınması və onun cəzalandırılması
haqqında Konvensiya”ya qoşulduğunu xatırladan Prezidentin
köməkçisi bildirib ki, bu Konvensiya Birləşmiş
Millətlər Təşkilatının Baş Məclisi tərəfindən
1948-ci il dekabrın 9-da qəbul olunub. Lakin həmin sənədin
qəbulundan 70 il keçməsinə baxmayaraq, hələ də
dünyanın bir çox yerlərində soyqırımı
cinayətləri baş verir. Bunun başlıca səbəbi
dünyada hökm sürən ikili standartlar, beynəlxalq
birliyin, xüsusilə də aparıcı dövlətlərin
soyqırımı cinayətlərinə vaxtında adekvat
münasibət bildirməməsidir. Ona görə
də dünyanın mütərəqqi qüvvələri,
ictimai, siyasi, elm və mədəniyyət xadimləri
soyqırımı cinayətlərinə yol açan etnik,
irqi və dini dözümsüzlüyə, düşmənçilik
yaradan bütün hallara qarşı qətiyyətlə
mübarizə aparmalıdırlar. Digər
tərəfdən, Azərbaycanda olduğu kimi, hər bir
ölkədə etnik, mədəni və konfessional rəngarəngliyin
milli sərvət, bəşəri dəyər kimi qəbul
edilməsi, multikulturalizmin və tolerantlığın cəmiyyətin
həyat tərzinə çevrilməsinə nail olunması
lazımdır.
Elmi konfransın əhəmiyyətinə
toxunan Əli Həsənov deyib: “Bugünkü
respublika elmi konfransı erməni millətçilərinin
insanlığa qarşı əməllərini ifşa etməklə
yanaşı, bir daha belə halların baş verməməsi,
insanların sülh və əmin-amanlıq şəraitində
təhlükəsiz yaşayışının təmin
olunması istiqamətində Azərbaycan dövlətinin həyata
keçirdiyi məqsədyönlü fəaliyyətə
ölkəmizin elmi ictimaiyyətinin bir töhfəsidir”.
Mədəniyyət və turizm
naziri Əbülfəs QARAYEV çıxış edərək
konfransın keçirildiyi Quba Soyqırımı Memorial
Kompleksinin olduqca təsirli, insanı çox kədərləndirən,
eyni zamanda, böyük düşüncələrə
çağıran bir məkan olduğunu deyib. İnsanı
düşündürən ilk amil ondan ibarətdir ki, nə
qədər vaxt keçsə də, həqiqət öz
yerini tapacaq. Bu gün toplaşdığımız məkan
bunun əyani təsdiqidir.
Kompleksin yaranma tarixindən danışan nazir
bildirib ki, burada tikinti aparılmalı idi və hazırlıq
işləri zamanı quyular aşkar olundu. Quyuların
birində 500-dən çox insan cəsədinin
qalıqları tapıldı və 100 il keçəndən
sonra erməni vandalizmini, vəhşiliyini sübut edən bu
insan sümükləri torpağın üzünə
çıxdı. Azərbaycan Milli Elmlər
Akademiyasının, Mədəniyyət və Turizm Nazirliyinin
və digər aidiyyəti qurumların 2007-ci ildən 2009-cu
ilədək apardıqları tədqiqatlar zamanı müəyyən
olundu ki, təkcə bir quyuda 500 deyil, 1500-dən çox
insanın kəsilmiş, doğranmış şəkildə
qalıqları var.
“Təbii ki, Azərbaycan rəhbərliyi
tərəfindən xüsusi qərarlar, sərəncamlar
verildi, tədqiqatlar aparıldı və bütün bunlar
kompleksin ərsəyə gəlməsinə təkan verdi”, -
deyə Əbülfəs Qarayev əlavə edib ki, bu kompleksin
inşası ilk gündən Azərbaycan Respublikasının
Birinci vitse-prezidenti Mehriban Əliyevanın şəxsi nəzarəti
altında ərsəyə gəlib. Bütün bu işlər
Heydər Əliyev Fondunun dəstəyi ilə
görüldü və Quba Soyqırımı Memorial Kompleksi
kimi bir abidə yaradıldı.
“Bu məkan, eyni zamanda, bizi daim diqqətli və
ayıq olmağa çağırır. Bu məkan deyir:
baxın və agah olun! Çünki erməni
işğalçı siyasəti heç də yalnız torpaqların
işğalı ilə məhdudlaşmır”, - deyən nazir
bildirib ki, mən iki faktı gətirmək istəyirəm. Bu
yaxınlarda Azərbaycan Prezidenti Bərdədə türbənin
bərpasından sonra açılışında iştirak
etdi. Böyük tarixi məkandır. 1960-cı illərdə
- Sovet İttifaqı dövründə Azərbaycanda bərpa
təşkilatına rəhbərlik edən erməni kərpicdən
tikilmiş o abidənin üzərinə 60 tonluq beton
örtüyü qoymuşdu. Məqsəd ondan ibarət idi ki,
Azərbaycan xalqına aid olan tarixi abidə getdikcə
çöksün, dağılsın. Bu gün bu proses Azərbaycanın
işğal altındakı ərazilərində davam edir. Bu
gün Azıx mağarasında qanunsuz qazıntı işləri
aparırlar, uydurduqları faktlar əsasında özləri
üçün saxta tarix yazırlar. Dağlıq
Qarabağda bir daş tapdılar və yazdılar ki, bu, Tiqrana
kəndinin qalıqlarıdır. Orada Tiqrana kəndi necə
ola bilər ki, orada heç vaxt ermənilər
yaşamayıblar?! Onlar Azərbaycanın Dağlıq
Qarabağ bölgəsinə köçürülüblər.
Bu köçün 150 illiyi ilə bağlı özləri
abidə qoymuşdular, onu da dağıtdılar ki, bu iz
qalmasın. Bu gün ermənilər bu torpaqlarda yaşayan azərbaycanlının,
rusun, gürcünün, ləzginin, yəhudinin və digər
millətlərə məxsus olan çörəyi də beynəlxalq
səviyyədə öz adlarına çıxırlar.
UNESCO səviyyəsində deyirlər ki, lavaş, musiqi, rəqs
bizimkidir, hər şey bizimkidir. Bu çirkin siyasət davam
edir. Biz beynəlxalq ictimaiyyəti daim məlumatlandırmalıyıq.
Biz Azərbaycan xalqının, burada əsrlərlə
yaşayan digər xalqların yaratdığı nemətləri,
adət-ənənələri qorumalıyıq və gənc
nəslə ötürməliyik. Onlar bilməlidirlər ki,
bu nemətləri, bu adət-ənənələri burada daimi
yaşayan xalqlar yaradıblar. Bədnam qonşularımız
isə işğalçılıq siyasəti yürüdərək
milli mədəniyyətimizə əl uzadır, ona sahib
çıxmaq istəyirlər. Lakin unutmasınlar ki, bu,
heç vaxt mümkün olmayacaq. Çünki biz öz sərvətlərimizi
qoruyuruq və dövlətimizin siyasəti beynəlxalq səviyyədə
ona yönəlibdir. Heç kəs Azərbaycan
xalqının mədəni sərvətlərinə,
torpaqlarına sahib çıxa bilməz. Bu gün bu məkan
bir nümunədir, milli yaddaşımızın bir hissəsidir.
Bizim məqsədimiz milli mədəniyyətimizi,
milli sərvətlərimizi qoruyub yaşatmaq və dünyaya
sübut etməkdir ki, erməni faşizmi bu gün də
yaşayır və ona qarşı bütün bəşəriyyət
tərəfindən mübarizə aparılmalıdır.
Quba Rayon İcra Hakimiyyətinin
başçısı Ziyəddin ƏLİYEV
çıxış edərək deyib ki, Azərbaycan
torpaqlarında sonradan məskunlaşdırılmış
nankor və mənfur ermənilər tarix boyu xalqımıza
qarşı bir neçə dəfə dəhşətli
soyqırımları törədib, öz məkrli məqsədlərinə
çatmaq üçün hər cür vəhşiliyə,
vandalizmə əl atıblar. 1918-ci ilin mart ayından etibarən
azğın erməni silahlı dəstələrinin Azərbaycan
torpaqlarında həyata keçirdikləri kütləvi etnik
təmizləmə və təcavüz siyasəti nəticəsində
Bakı, Quba, Şamaxı, Göyçay, Salyan,
Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran, Gəncə
və digər bölgələrdə on minlərlə
günahsız azərbaycanlı qətlə yetirilib,
xalqımıza qarşı XX yüzilliyin ən faciəli
soyqırımlarından biri törədilib. Həmin
ilin aprel-may aylarında erməni daşnakları Quba qəzasında
amansız vəhşiliklər törədib, onlarla kənd,
Quba şəhərinin özü talanlara və
yanğınlara məruz qalıb, qəzanın müsəlman
və yəhudi əhalisi kütləvi surətdə qətlə
yetirilib.
İcra başçısı
deyib ki, 2007-ci ilin aprel ayında Quba şəhərində
torpaq işləri aparılarkən aşkar edilmiş kütləvi
məzarlıq erməni vəhşiliklərinin bariz nümunəsi,
azərbaycanlıların soyqırımının danılmaz
sübutudur. Məzarlıq aşkar edildikdən sonra Quba
ziyalıları, ictimaiyyəti ali orqanlara müraciət edərək
bu istiqamətdə araşdırmaların
aparılmasını xahiş etmişlər. Müvafiq
qurumlardan əraziyə mütəxəssislər ezam
olunmuş, dərhal tədqiqatların aparılmasına
başlanmışdır. Tədqiqatlar nəticəsində
məlum olmuşdur ki, bu kütləvi məzarlıq 1918-ci
ilin aprel-may aylarında cəllad Amazaspın ermənilərdən
ibarət 3 min nəfərlik quldur dəstəsinin Qubada yerli
dinc əhaliyə qarşı törətdiyi vəhşiliyin
illər boyu gizli qalan qanlı izidir. Aparılan
bütün tədqiqatların və araşdırmaların nəticəsi
olaraq Azərbaycan Respublikasının Prezidenti “Quba şəhərində
Soyqırımı Memorial Kompleksinin inşa edilməsi barədə”
2009-cu il 30 dekabr tarixli Sərəncam imzalayıb. Sərəncama
müvafiq olaraq 2012-2013-cü illərdə Heydər Əliyev
Fondu tərəfindən ümumi sahəsi 3,5 hektar olan
Soyqırımı Memorial Kompleksi inşa edilib. Memorial
Kompleksin 2013-cü il sentyabrın 18-də dövlət rəsmilərinin
iştirakı ilə açılışı olub.
“Memorial Kompleksə respublikamızın
rəhbərliyi tərəfindən yetirilən xüsusi diqqət
onun yalnız tarixi əhəmiyyəti ilə məhdudlaşmır”,
- deyən Ziyəddin Əliyev bildirib ki, Azərbaycan
Respublikasının bu gün də Ermənistan tərəfindən
təcavüzə məruz qalması, bir milyondan
artıq qaçqın və məcburi köçkün
faktı, xüsusilə Xocalı soyqırımı onu
göstərir ki, millətçi ermənilərin
xalqımıza qarşı törətdikləri qanlı
cinayətlər heç də bu günün hadisəsi deyil.
Bu qırğınların tarixi çox qədimlərə
gedib çıxır və 1918-ci il hadisələri məhz
həmin tarixin bariz nümunəsidir. Ancaq
xalqımızın gözəl bir misalı var, qisas yerdə
qalmaz. İnanırıq ki, qüdrətli Silahlı Qüvvələrimiz
tezliklə erməni cəlladlarına öz yerlərini
göstərəcək, torpaqlarımız işğaldan azad
olunacaq, tarixi ədalət bərpa ediləcəkdir.
AMEA-nın Tarix İnstitutunun direktoru, Milli Məclisin
deputatı akademik Yaqub MAHMUDOV çıxışında
bildirib ki, bu gün biz Azərbaycan xalqına qarşı
soyqırımı cinayətinin törədildiyini sübut edən
bir məkandayıq. Biz ona görə buradayıq ki, dövlətimiz
öz millətinə, xalqımızın tarixinə dərin
qayğı və ehtiramla yanaşır, xalqımızı
tarixinə qovuşdurmaqdan ötrü bütün
addımları atır.
“Bizim torpaqlarımızda erməni
tarixi yoxdur”, - deyən akademik bildirib ki, 1918-ci il mayın 29-da
İrəvan onlara verilənə qədər burada erməni
dövləti olmayıb. İlk dəfə erməni vilayəti
anlayışı çar I Nikolayın fərmanı ilə
Türkmənçay müqaviləsi imzalanandan sonra
Qarabağ, Naxçıvan İrəvan
xanlığının yerində gələcəkdə erməni
dövləti yaratmaqdan ötrü Ermənistan vilayəti
yaradıldı - Armeniya. Bu, 1828-ci ilə təsadüf edir.
Amma tarix saxtalaşdırıldı. Həmin
qırğınları törədən qüvvələr təzə
tarix yaratdılar. Məqsəd bu regionda başqa xalqların
hamısını məhv etmək, türk-islam amilini silmək,
Qacarlar İranını və Osmanlı dövlətini aradan
qaldırmaqdan ötrü ocaq yaratmaq idi. O ocaq da ondan ibarət
oldu ki, erməniləri kütləvi surətdə bizim
torpaqlara köçürdülər. İrəvan
xanlığının ərazisinə, Naxçıvana gətirdilər,
buranın camaatı ayağa qalxdı, onları qovub ərazidən
çıxardılar.
Beləliklə, Cənubi Qafqazda tarixin əvvəlki
gedişatı pozuldu. Məqsəd yalnız bu idi –
türk-islam amilini, yerli xalqları məhv edib “böyük
Ermənistan” yaratmaq. Birinci Dünya müharibəsinin
gedişində erməniləri inandıra bildilər ki,
Osmanlı imperiyasını bölüşdürəcəyik.
Erməniləri ruhlandıran, onları qəddarlaşdıran
da bu şirnikləndirici vədlər idi.
Azərbaycan dövləti bizim
qarşımızda xalqımızın və Vətənimizin
həqiqi tarixini yazmaq vəzifəsi qoyub. Bizim institutun alimləri
xarici ölkələrin arxivlərində Azərbaycanla
bağlı sənədləri ölkəmizə gətiriblər.
Bu sənədlər Azərbaycan xalqına, bu
regionda türk, müsəlman əhaliyə, digər millətlərin
nümayəndələrinə qarşı törədilmiş
soyqırımları faktını əyani surətdə təsdiq
edir. Ən tutarlı fakt odur ki, vaxtilə İrəvan və ətrafındakı
9 min kvadratkilometr sahəsi olan Azərbaycan torpaqları
ermənilərə dövlət yaratmaq üçün
verildi. Şərt qoyuldu ki, bir daha Azərbaycandan torpaq istəməməlisiniz,
soyqırımını dayandırmalısınız, bu
torpaqlarda azərbaycanlılara eyni hüquqları verməlisiniz.
Yaradılan Ararat Ermənistan respublikası isə orada
dövlət səviyyəsində soyqırımı həyata
keçirdi. Şaumyanla, Andraniklə əlaqə yaratdılar
və Azərbaycan Xalq Cümhuriyyətini çökdürməkdən
ötrü əllərindən gələni etdilər. Amma Azərbaycan
xalqı, Azərbaycan dövləti yaşadı.
Bizim arxamızda ermənilərin arxasında
olan böyük qüvvələr yox idi. Onlara verilmiş
silahlardan da bizdə yox idi. Amma dövlətçilik mədəniyyəti
olan Azərbaycan xalqı, türk-islam birliyi mübarizə
apardı. Bu, bizim qəhrəmanlıq səhifəmizdir. Bu gün
biz yaşayırıq. Biz qüdrətli xalqıq, bizim qədim
dövlətçilik mədəniyyətimiz var. Bu gün
qarşımızda duran vəzifə ondan ibarətdir ki,
müstəqilliyimizi qoruyaq, torpaqlarımızı
işğaldan azad edək. Bu yolda hamımıza uğurlar diləyirəm.
Sonra konfransda Dini Qurumlarla İş üzrə
Dövlət Komitəsinin sədri Mübariz QURBANLI
çıxış etdi. Komitə sədri bildirdi ki, bu
gün dünyanın hər yerində - harada azərbaycanlılar,
harada Azərbaycanın səfirliyi, konsulluğu, harada azərbaycansevərlər
varsa, onlar xalqımıza qarşı soyqırımı
qurbanlarının xatirəsini yad edirlər. Bu tədbirlərdə
son zamanlar soyqırımı ilə əlaqədar yazılan
çoxsaylı tədqiqat əsərləri, üzə
çıxarılan materiallar barədə ətraflı məlumat
verilir. Bu iş mütəmadi aparılmalı, beynəlxalq
ictimaiyyətə çatdırılmalıdır ki, ermənilər
tarixdə təkcə azərbaycanlılara qarşı deyil, əksər
xalqlara qarşı soyqırımları törədiblər.
Ermənilər harada məskunlaşıblarsa, orada monoetnik
toplum yaratmağa çalışıblar. Bu gün bunu
ABŞ-da, Fransada ermənilərin yaşadıqları məhəllələrdə
görə bilərik. Erməniləri uşaqlıqdan terror təşkilatının
üzvü kimi tərbiyə edirlər. Bu işlərin təşkilində
isə erməni kilsəsi öndə gedir. Erməni kilsəsi,
əslində, xristian kilsəsinin ayrı bir
parçasıdır. Bəlkə də dəqiq tədqiqatlar
aparılsa, alimlərin fikirlərinə istinad olunsa,
xristianlığa çox da dəxli olmayan bir kilsədir. Bu
kilsə, əslində, terror yuvasının başında
dayanır və onu qidalandırır. Bu əvvəllər də
olub və bu gün də davam etməkdədir. Ermənilər
harada olublarsa, ətrafındakılara qarşı özlərini
üstün göstərməyə
çalışıblar. Əgər çoxluqda olublarsa, digər
xalqları əzməyə, məhv etməyə
başlayıblar. Azlıqda olduqda isə yazıq cildinə
girərək imdad diləyib, pay umublar. Bu gün Rusiyanın
Krasnodar vilayətində yaşayan ermənilər orada torpaq
iddiası irəli sürürlər. Gürcüstanın
Cavaxetiya bölgəsində torpaq iddiası ilə
çıxış edirlər. Bu gün artıq onlar Avropada
da yaşadıqları yerlərdə torpaq
iddiasındadırlar.
Azərbaycanda da ermənilərin törətdikləri
soyqırımlarının məqsədi yeni torpaqlar ələ
keçirmək idi. Bu torpaqları ələ keçirmək
üçün insanları fiziki olaraq məhv edirdilər. Bu
əməllərin nəticəsidir ki, ermənilər bu
gün Azərbaycanın tarixi torpaqlarında özlərinə
dövlət qurub, adına da Ermənistan deyirlər.
Əslində bu torpaqların hamısı bizə məxsusdur.
Bunu heç bir tarixçi inkar edə bilməz.
“Ermənilər Azərbaycan
torpaqlarını mərhələlərlə işğal
ediblər”, - deyən Mübariz Qurbanlı bildirib ki, bunun nəticəsində
Xalq Cümhuriyyəti dövründə 114 min kvadratkilometr ərazimizdən
86,6 min kvadratkilometri qaldı. Ərazimizə növbəti dəfə
göz dikən ermənilər Azərbaycanın 20 faiz
torpaqlarını da işğal etdilər. Ermənilər
bizim torpaqlarımızı işğal etməklə ərazilərini
genişləndirmək siyasətini soyqırımı vasitəsilə
həyata keçirirlər. Dünya tarixində minlərlə
müharibələr olub. Bu müharibələrdə
çox sayda faciələr, qırğınlar baş verib.
Amma digər müharibələrdən fərqli olaraq, ermənilər
ələ keçirdikləri torpaqlarımızda yaşayan
bütün əhalini qovub, ya da tamamilə məhv ediblər.
Ermənilərin törətdikləri
soyqırımları yalnız insanların fiziki məhv edilməsi
ilə bitmir. Burada mədəniyyətə, dinə, millətə
məxsus dəyərlərə qarşı cinayət var. Bu
cinayətlər davam etməkdədir. İşğal
olunmuş ərazilərimizdə ermənilər bütün
tarixi, dini, mədəni abidələrimizi məhv ediblər.
Türk Tarix Qurumunun Erməni
Araşdırmaları Mərkəzinin rəhbəri, professor
Kamal ÇİÇƏK çıxışında
yüz il əvvəl ermənilərin Bakıda, Qubada və
digər bölgələrdə Azərbaycanın
türk-müsəlman əhalisinə qarşı törətdikləri
qanlı cinayətlərin, etnik təmizləmə və
soyqırımının qurbanlarının
xatirəsinə həsr olunan konfransın əhəmiyyətini
yüksək qiymətləndirib. 2008-ci ildə Quba rayonuna səfərini
xatırladan türkiyəli tarixçi deyib: “Çayın
sahilindəki bu ərazi həmin vaxt istifadə olunmayan yer idi.
Hazırda – ovaxtkı səfərimdən on il sonra
görürəm ki, burada möhtəşəm Memorial
Kompleks inşa olunub və onun daxilində çox tarixi əhəmiyyətli
muzey yaradılıb. Bu kompleksin, eləcə də muzeyin
inşasına və son dərəcə sanballı tarixi
faktların və sənədlərin nümayişi
üçün yaradılan şəraitə görə
ölkə rəhbərliyinə minnətdarlığımı
bildirirəm”.
Kamal Çiçək diqqətə
çatdırıb ki, Quba Soyqırımı Memorial Kompleksi
Azərbaycan xalqının yüz il əvvəl ermənilərin
qanlı qırğınına məruz qalan qardaş və
bacılarının xatirəsinə dərin
ehtiramının nümunəsi kimi əbədi qalacaq.
Bu abidə həm də soyqırımı qurbanlarının
xatirəsinin anılması üçün ziyarətgahdır.
Quba Soyqırımı Memorial Kompleksi, həmçinin ermənilərin
yox etməyə çalışdığı tarixin məhv
edilməsinin mümkünsüzlüyünün göstəricisidir.
Türkiyəli alim deyib ki, ermənilər
işğal etdikləri tarixi torpaqlarımızda dövlət
qurduqdan sonra bu ərazilərdə türk-müsəlman əhalisinin
izlərini silməyə çalışıblar. 2004-cü
ildə Ermənistana səfəri zamanı bunun canlı
şahidi olduğunu vurğulayan Kamal Çiçək qeyd
edib ki, bu ölkənin ərazisində türk-müsəlman
əhalisinə aid hər hansı abidə, o cümlədən
məscid, hamam, mədəniyyət mərkəzi, karvansaray
qalmayıb. Ermənilər işğal etdikləri ərazilərdə
türklərin, azərbaycanlıların izlərini silmək
üçün var gücləri ilə
çalışırlar. Hətta Qubada, Bakıda,
Naxçıvanda və digər ərazilərdə törətdikləri
soyqırımlarına dair ABŞ arxivlərində
saxlanılan sənədləri belə məhv ediblər.
Professor Kamal Çiçək rəhbəri
olduğu Türk Tarix Qurumunun Erməni Araşdırmaları
Mərkəzinin ermənilərin Azərbaycanda törətdikləri
soyqırımları ilə bağlı geniş
araşdırmalar apararaq, bu barədə tarixi faktların, məlumatların
türk və ingilis dillərində dünya ictimaiyyətinin
diqqətinə çatdırdığını bildirib. O,
bu sahədə daha səmərəli nəticəyə nail
olunmasında azərbaycanlı və türkiyəli alimlərin,
tarixçilərin birgə fəaliyyətinin önəmini
vurğulayıb.
Qafqaz Müsəlmanları İdarəsinin sədri
şeyxülislam Allahşükür PAŞAZADƏ
çıxış edərək dedi ki, məndən əvvəlki
natiqlər ermənilərin xalqımıza qarşı
törətdikləri soyqırımları haqqında ətraflı
məlumat verdilər. Mən bir məsələni əlavə
etmək istəyirəm. Bu, tarixi faktdır ki, ermənilər
ərazilərimizi işğal ediblər, xalqımıza
qarşı soyqırımları törədiblər,
insanları öldürüblər, başlarını kəsiblər.
Ermənilər bu siyasəti bu gün də davam etdirirlər.
Amma onun forması dəyişib. İndi onlar Azərbaycan
xalqına qarşı informasiya müharibəsi aparırlar,
özü də sapı bizdən olan baltalar vasitəsilə.
Mən tam əminəm ki, bu informasiya müharibəsinin də
arxasında ermənilər dayanırlar. Yəqin ki, o vaxt da
belə satqınlar olub. Onlar olmasaydı, ermənilər bizə
qarşı bu cür soyqırımları törədə
bilməzdilər.
Biz bir neçə gün əvvəl dini
konfessiyaların rəhbərləri ilə birgə tədbir
keçirdik və soyqırımı ilə bağlı
dünya ictimaiyyətinə müraciət olundu. Müraciətdə
ermənilərin xalqımıza qarşı
apardığı soyqırımı siyasəti barədə
beynəlxalq təşkilatlara ətraflı məlumat verilib.
Ona görə də mən burada geniş
çıxış etmək istəmirəm.
Mən bu müqəddəs yerdən bir daha
çağırış edirəm. Bir tərəfimdə yəhudi,
o biri tərəfimdə xristian, udin və Qafqazın
müftisi dayanıb. Azərbaycanda soyqırımına məruz
qalanlar arasında azərbaycanlılarla bərabər, ləzgilər,
yəhudilər, ruslar da olub. Ona görə də biz bu
dövləti birlikdə qorumalıyıq. Din xadimləri bu
işdə fəal olmalıdırlar. Əlbəttə, din
dövlətdən ayrıdır. Amma dindar cəmiyyətdən,
dövlətdən, dövlətçilikdən, Vətəndən
ayrı ola bilməz. Bu dövlət bizim dövlətimizdir.
Ona görə də xaricdən dövlətimizə
qarşı aparılan təxribatlara birlikdə cavab verməliyik.
Respublika.-
2018.- 2 aprel.- S.5.