BDU ilə Xarkov Milli Texniki Universiteti arasında anlaşma memorandumu imzalanıb

 

Ukraynanın Xarkov Milli Texniki Universitetinin ölkəmizə səfərə gəlmiş nümayəndə heyəti aprelin 24-də Bakı Dövlət Universitetində (BDU) olub.

AZƏRTAC xəbər verir ki, görüşdə universitetlərarası əlaqələrin inkişafı barədə anlaşma memorandumu imzalanıb.

Sənəddə tədqiqatçı, aspirant və magistrantların mübadiləsi, birgə layihələr üzrə elmi araşdırmaların aparılması, seminar və konfransların təşkili, alim və müəllimlərin ixtisaslarını artırmaq məqsədilə təcrübə mübadiləsinin keçirilməsi və digər məsələlər nəzərdə tutulur.

BDU-nun rektoru, akademik Abel Məhərrəmov universitetdə elmin, təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlərdən, əldə olunan uğurlardan, bu ali təhsil müəssisəsinin beynəlxalq əlaqələrindən danışıb.

Xarkov Milli Texniki Universitetinin rektoru, Ukrayna Milli Elmlər Akademiyasının müxbir üzvü Yevgeni Sokol rəhbərlik etdiyi ali məktəbin fəaliyyəti barədə məlumat verib. Bildirilib ki, 22 fakültəsi və 20 mindən çox tələbəsi olan universitetdə müxtəlif ixtisaslar üzrəmütəxəssislər hazırlanır.

Y.Sokol Xarkov Milli Texniki Universitetinin Almaniya, ABŞ, Fransa, Böyük Britaniya və digər ölkələrin ali məktəbləri ilə əməkdaşlıq etdiyini diqqətə çatdırıb.

Respublika.- 2018.- 25 aprel.- S.5.