Qəbələ festivalı çərçivəsində
Kubanın “Jovanes Clasicos
Del Son” qrupunun konserti böyük maraqla
qarşılanıb
Uğurla davam edən X Qəbələ
Beynəlxalq Musiqi Festivalının üçüncü
günü, avqustun 1-də axşam Heydər Əliyev Konqres Mərkəzinin
qarşısında quraşdırılan açıq səhnədə
tamaşaçılara Kubanın “Jovanes Clasicos Del Son” qrupunun
konsert proqramı təqdim olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, konsertdən əvvəl “Jovenes Clasicos Del Son” qrupu haqqında məlumat verilib. Bildirilib ki, qrupun əsası 1904-cü ildə qoyulub. Qrup ənənəvi septet instrumental quruluşdadır. Akustik bas, tres, gitara, trampet, konqo, bonqolar və vokalistlərdən ibarət qrup Kuba musiqisinin yeni qüvvəsi kimi təqdim edilir. Kubalı solistlər ənənəvi və müasir dünya musiqisindən bəhrələnərək zəngin salsa, son və digər Latın ritmlərini eklektik şəkildə birləşdiriblər. Onlar ənənəvi musiqini pozmadan ona müasir toxunuş əlavə ediblər. Qrup Kuba musiqisinin pionerlərindən biri kimi tanınmaqla, “Buena Vista Social Club” ənənəsini davam etdirir. Qrupun rəhbəri Ernesto Reyes Proenzadır. Kubada onlar, eyni zamanda, “möhtəşəm yeddilik” kimi də tanınırlar. Musiqi qrupu özünəməxsus səslənmə yaratmaq üçün son, rumba, Latın-caz və digər musiqi janrlarının elementlərini bir araya gətirməklə, ənənəvi musiqiyə yeni yanaşma təklif edir. Səhnədə interpretasiya gücü ilə seçilən qrup tanınmış caz festivallarında minlərlə insanı rəqsə sövq etməyə qadirdir.
Konsertdə təkrarolunmaz və özünəməxsus səslənmə yaratmağa müvəffəq olan “Jovenes Clasicos Del Son” qrupunun möhtəşəm çıxışı festival iştirakçılarına xoş anlar yaşadıb.
Festivalın proqramına uyğun olaraq, avqustun 2-də axşam saat 18:00-da musiqisevərlərə Multipiano musiqisi
axşamı, 21:00-da isə muğam
axşamı təqdim olunacaq.
AZƏRTAC
Respublika.-
2018.- 2 avqust.- S.6.