Görkəmli kino xadimlərinin
xatirəsi yad olunub
Avqustun 1-də C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının kollektivi 2 avqust - Milli Kino Günü ilə əlaqədar professional təhsil almış ilk Azərbaycan rejissorlarından Səməd Mərdanovun Yasamal qəbiristanlığında məzarını ziyarət edib.
AZƏRTAC xəbər verir ki, Əməkdar incəsənət
xadimi, kino tədqiqatçısı
Aydın Kazımzadə rejissorun həyat
və yaradıcılığından söz
açıb. Diqqətə çatdırıb ki, cəmi 30 il ömür yaşamasına baxmayaraq,
Səməd Mərdanovun yaradıcılığı milli kino sənətinin
inkişafına təsir göstərib. O, ilk sovet kinokomediyalarından olan “Mavi dənizin sahilində” filminin rejissoru olub.
Sonra kollektiv birinci Fəxri xiyabana gələrək milli kinomuzun inkişafında mühüm xidmətləri
olan görkəmli sənət adamlarının
məzarlarını ziyarət
edib. Burada Üzeyir Hacıbəyli, Qara Qarayev, Tofiq Quliyev, Əjdər İbrahimov, Rəşid Behbudov, Mustafa Mərdanov, Cəfər Cabbarlı, Ələsgər Ələkbərov,
Nəsibə Zeynalova,
Maqsud İbrahimbəyov,
Məmməd Qurbanov, Leyla Bədirbəyli, İsa Hüseynov, Müslüm Maqomayev, Cahangir Cahangirov, Bəşir Səfəroğlu
və digər sənətkarların məzarları
üzərinə tər
çiçəklər düzülüb.
“Azərbaycanfilm”
kinostudiyasının direktoru,
Əməkdar incəsənət
xadimi Müşfiq Hətəmov çıxış
edərək bildirib ki, Azərbaycan kinosunun 120 illik yubileyi ərəfəsində
milli kinomuzun inkişafında xidmətləri
olan insanları yad etmək həm də onları gənc nəslə tanıtmaqdır.
Mərasimdə Xalq artistləri Rasim Balayev, Şamil Süleymanlı, Əməkdar
artistlər Elxan Qasımov, Ənvər Həsənov mərhum sənətkarların yaradıcılığından
söz açıblar,
xatirələrini bölüşüblər.
Çıxışlarda qeyd edilib ki,
Azərbaycan kinosu böyük tarixə malikdir və ötən dövr ərzində ölkəmizin,
xalqımızın həyatının
müxtəlif sahələrinə
aid maraqlı filmlər
çəkilib. Bu filmlər
ölkəmizdə, keçmiş
sovetlər məkanında
və eləcə də ittifaqın sərhədlərindən kənarda
nümayiş olunub, rəğbətlə qarşılanıb.
Bu Azərbaycan kinematoqrafiyası dünya
kino sənətinin ayrılmaz hissəsidir.
Vurğulanıb ki, ümummilli lider Heydər Əliyevin mədəniyyət
və incəsənət
xadimlərinə, kino
sahəsində çalışanlara
göstərdiyi diqqət
və qayğı hazırda Prezident İlham Əliyev tərəfindən uğurla
davam etdirilir. Dövlət
başçısının “Azərbaycanda kino sənətinin inkişaf etdirilməsi haqqında”
2007-ci il 23 fevral tarixli Sərəncamı milli kinomuzun maddi-texniki bazasının möhkəmləndirilməsinə
yeni təkan verib. O da bildirilib
ki, ölkə başçısının müvafiq
Sərəncamı ilə
təsdiq olunmuş “Azərbaycan kinosunun
2008-2018-ci illər üzrə
inkişafına dair Dövlət Proqramı”nın icrasını
təmin etmək məqsədilə bu sahənin inkişafı istiqamətində mühüm
işlər görülüb.
Əlamətdar gün münasibətilə
ölkəmizin kino ictimaiyyətinin nümayəndələri
tərəfindən ikinci
Fəxri xiyabanda uyuyan kino xadimlərinin
də məzarları
ziyarət olunub.
Anım mərasimində
Azərbaycan Respublikası
Kinematoqrafçılar İttifaqının
sədri, Xalq artisti Şəfiqə Məmmədova, Əməkdar
incəsənət xadimi
Cəmil Quliyev, eləcə də “Salnamə”, “Yaddaş”, “Debüt”, “Mozalan” studiyaları və Nizami Kino Mərkəzinin əməkdaşları iştirak
ediblər.
Mərasim iştirakçıları
Ağasadıq Gəraybəyli,
Adil İsgəndərov,
Rasim Ocaqov, Həsən Məmmədov,
Siyavuş Aslan, Hacıbaba Bağırov, Yaşar Nuri, Məlik Dadaşov, Nəcibə Məlikova, Məmməd Əlili, Əliabbas Qədirov və digər görkəmli kino xadimlərinin məzarlarını
ziyarət ediblər. Məzarların
önünə tər güllər düzülüb.
Korifey sənətkarların Azərbaycan kino sənətinin inkişafında misilsiz xidmətləri xatırlanıb.
Onların yaratdığı filmlərin, obrazların indi də hər bir azərbaycanlı
ailəsində sevə-sevə izlənildiyi vurğulanıb.
Respublika.-
2018.- 2 avqust.- S.6.