Azərbaycan jurnalistikasının vicdanı

 

Bilmirəm biz tələsirik, yoxsa zaman tez keçir. Birgözümüzü açırıq ki, illər arxada qalıb, saçımıza dən düşüb, qayğılar alnımıza dağ cığırları kimi iz salıb. Hamı belədir, əvvəl-əvvəl heç kəs zamanın belə sürətlə ötəcəyinin fərqinə varmaz. Bir də görər ki, onillikləri arxada qoyub. Amma əsas odur ki, illəri boşa verməyəsən, ömrün müdrik çağından keçdiyin yola nəzər salanda qürurlanmağa, özünə təsəlli verib qəlbini ovutmağa nələrinsə olsun. Bu mənada onun həyat yolu heç də hədər ötməyib, bəlkə də çoxlarına örnək olası bir ömür hekayəsinə çevrilib.

Haqqında sizlərə söhbət açmaq istədiyim AZƏRTAC-ın İdarə Heyətinin sədr müavini, Əməkdar jurnalist Dağbəyi İsmayılovun həyat hekayəsi də yazılmamış bir dastandır. Həmişə onun haqqında düşünəndə böyük dahilərdən birinin bu fikrini xatırlayıram: “İztirablar mübarizəyə çağırışdır, biz yalnız iztirablarımız zamanı həyatımızı hiss edirik”.

Onunla ilk tanışlığım dünyanın bulanıq vaxtına düşdü. Azərbaycan Dövlət Nəşriyyatının dördüncü mərtəbəsində hər zaman xatirəsini ehtiramla andığım qocaman bir jurnalistlə söhbət edirdik. Bu zaman şux yerişli, ağsaçlı bir şəxs bizimlə səmimi və hörmətlə salamlaşdı. O, bizdən uzaqlaşandan sonra mənim marağımı görən həmin qocaman jurnalist dedi: “Görünür Dağbəyi İsmayılovu tanımadın, o Azərbaycan jurnalistikasının vicdanıdır”.

Onun haqqında belə yüksək fikri eşidəndə maraq məni götürdü. Kimdən soruşdumsa Dağbəyi İsmayılov haqqında birmənalı olaraq yüksək fikir söylədi.

Tale elə gətirdi ki, onunla AZƏRTAC-da bir yerdə işləyəsi oldum. Sadəliyi, işinə olduqca böyük məsuliyyətlə yanaşması, xüsusilə də gənclərə diqqəti deyilənlərin heç də əbəs olmadığını bir daha təsdiqlədi.

Mənəvi keyfiyyətləri ilə seçilən kamil insanlar dünyagörüşü, sözü, fikri, düşüncə tərzi ilə həm də yetişdikləri mühiti və ailəni, bəzən isə zamanı qabaqlayaraq gələcəyi ifadə edirlər. Yəni, insan xarakterinin formalaşmasında onun doğulub boya-başa çatdığı, suyunu-çörəyini daddığı, havasını udduğu təbiətin, habelə əhatə olunduğu ictimai, elmi-mədəni mühitin da rolu az deyil. Dağbəyi İsmayılovun mənalı ömür yoluna nəzər salanda bu həyat həqiqəti bir daha təsdiqini tapır.

Dağbəyi İsmayılov 1948-ci il avqustun 1-də Qubadlı rayonunun Çərəli kəndində dünyaya göz açıb. 1966-cı ildə Qubadlı qəsəbə orta məktəbini, 1968-ci ildə Naxçıvan Pedaqoji Məktəbini bitirib. 1968-1970-ci illərdə öz kəndlərindəki orta məktəbdə müəllim işləyib. 1970-1975-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) jurnalistika fakültəsində ali təhsil alıb. Qırx ildən artıqdır ki, mətbuatda çalışır. 1975-ci il avqustun 1-dən 2002-ci il noyabrın 15-dək “Bakı” və “Baku” qəzetlərinin redaksiyasında müxbir, şöbə müdiribaş redaktorun müavini vəzifələrində işləyib.

Sözün bu məqamında qeyd etmək yerinə düşər ki, Azərbaycan mətbuatının tanınmış simalarından biri olan Nəsir İmanquliyevin 30 il rəhbərlik etdiyi “Bakı” və “Bakuaxşam qəzetləri o dövrün digər mətbu nəşrləri üçün örnək olub. Nəsir müəllim yüzlərlə gənc jurnalistə bu peşənin sirlərini öyrədib. Bu sırada Dağbəyi İsmayılovun da adı var. Hörmətli müəlliminin istək və arzusu ilə “Bakı” və “Bakuaxşam qəzetlərində işə başlayan Dağbəyi İsmayılov təkcə ona olan inamı doğrultmayıb, əksinə, özü də neçə-neçə gəncə sənətin sirlərini öyrədib və hazırda da bu işi uğurla davam etdirməkdədir.

Dağbəyi İsmayılov 2002-ci il noyabrın 15-də AZƏRTAC-a buraxılış redaktoru vəzifəsinə təyin olunub. 2003-cü il yanvarın 6-dan 2005-ci il fevralın 2-dək agentlikdə baş redaktor vəzifəsində fəaliyyət göstərib. 2005-ci il fevralın 3-dən 2008-ci il fevralın 1-dək agentliyin baş direktorunun müavini vəzifəsini icra edib. 2008-ci il fevralın 1-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə AZƏRTAC-ın baş direktorunun müavini təyin olunub.

Yubilyarımız ötən illər ərzində öz savadı, redaktorluq qabiliyyəti, yazı üslubu, peşəkarlığı və ən əsası, işinə sonsuz sevgisi ilə kollektivin böyük hörmətini qazanıb. 1977-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvü olan Dağbəyi İsmayılov 1982-ci ildə həmin təşkilatın “Qızıl qələm” mükafatına layiq görülüb. O, “Heydər Əliyev və AZƏRTAC”, “AZƏRTAC-dan AZƏRTAC-a mürəkkəb və şərəfli yol” kitablarının, eləcə də Azərbaycan mətbuatının problemləri ilə bağlı məqalələrin müəllifi, çoxsaylı kitabların redaktorudur. Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə “Tərəqqi” medalına və “Əməkdar jurnalist” fəxri adına layiq görülüb.

Dağbəyi İsmayılovun mətbuatda ilk böyük yazısı “Azərbaycan gəncləri” qəzetində dərc olunub. Metronun “Elmlər Akademiyası” stansiyasında tunelin qazılmasından bəhs edən yazını hazırlayarkən D.İsmayılov universitetin 4-cü kursunda oxuyurmuş. Yubilyar o günləri belə xatırlayır: “Mənə tapşırıldı ki, yeni metro tunelinin qazılması ilə bağlı yazı hazırlayım. “Elmlər Akademiyası” stansiyası çox çətinliklə qazılıb. Mən də tunelə düşüb iki saat prosesini müşahidə etdim. Hər şeyi görmüşdüm deyə çox yaxşı, oxunaqlı bir yazı hazırlaya bildim. Bu yazı mənim üçün böyük önəm daşıyırdı. Ona görə ki, jurnalistikaya vizit kartım idi”.

Bu gün Dağbəyi İsmayılov onu tanıyanlar tərəfindən Azərbaycan xalqının maraqlarını yüksək səviyyədə qorumağa qadir vətənpərvər insan, peşəkar jurnalist, xeyirxah vətəndaş kimi qəbul olunur. Onun əsl jurnalist kimi peşəkarlığı hər zaman öz sözünü deyir və informasiyaların yüksək keyfiyyətlə hazırlanıb operativ buraxılmasında böyük rol oynayır. O, Azərbaycan mətbuatında öz üslubunu yaratmış qələm adamlarındandır. Adətən jurnalist qələmini kotana bənzədirlər. “Kotan işlədikcə parıldadığı kimi, qələm də yazdıqca cilalanır” deyiminin haqq olduğuna D.İsmayılovun prosesini görənlər bir daha inanırlar.

Onun bir peşəkar kimi məharəti Azərbaycan dilindən yüksək səviyyədə istifadə bacarığı ilə bağlıdır. O, dilimizin bütün qrammatik qaydalarına riayət etməklə sözü ən yüksək məqamında, yerində, özü də lazım olduğu qədər işlədə bilir.

Bu gün agentliyimizdə çalışan gənclər Dağbəyi müəllimdən çox şey öyrənirlər. Bu işdən onun özüzövq alır. Axı, təcrübəli qələm adamı yaxşı bilir ki, jurnalistika elm deyil, peşədir. Peşəni isə kitab oxumaqla öyrənmək mümkün deyil.

Onun redaktor kimi əsas funksiyasından biri də əməkdaşların fərdi üslubunu agentliyin ümumi üslubuna uyğunlaşdırmasıdır. O, agentliyimizdə yüksək səviyyəli jurnalistlərin sayının çox olmasına çalışır. Uzun illər mətbuatda külüng vuran Dağbəyi İsmayılov yaxşı bilir ki, redaktoru peşəkar olmayan hər hansı bir media qurumunda peşəkar müxbirlər yetişə bilməz. Bütün toplantılarda onun gənc nəslə öyüd dolu müraciəti, bir ata qayğısından, işini sevən, ona can yandıran əsl qələm adamının məsuliyyətindən irəli gəlir.

Dağbəyi İsmayılov gənclərlə hər bir görüşündə bu fikirləri səsləndirir: “Elə yazılar hazırlayın ki, o yazılarda Azərbaycan dili öz gözəlliyi, oxunaqlılığı, şirinliyi, rəvanlığı ilə göz oxşasın. Elə yazın ki, Həsən bəy Zərdabinin, Əbdürrəhim bəy Haqverdiyevin, Mirzə Cəlilin, Sabirin ruhu inciməsin. Zəhmətdən qorxmayın, yazmaqdan usanmayın, çoxlu mütaliə edin. Hər şey insanın öz əlindədir, bu gün agentliyimizin rəhbərliyi tərəfindən sizlər üçün yaradılmış bu gözəl şəraitdən yetərincə faydalanın, təcrübəli qələm adamlarından öyrənməkdən utanmayın. Öyrənin ki, sizdən də öyrənsinlər”.

Əsl jurnalist üçün vacib keyfiyyətlərdən birionun aydın mövqeyə sahib olması, taleyüklü məqamlarda xalqının mənafeyi baxımından ən doğru, dürüst olanı seçməsi, lazımi anda qətiyyət, cəsarət nümayiş etdirməsidir. Mənəvi dünyasının, vicdanının səsi Dağbəyi İsmayılovu təkcə özü üçün yaşamağa səsləməmişdir. O, əsl ziyalılara xas olan tərzdə dövrünün ictimai-siyasi hadisələrinə laqeyd yanaşmayıb. Fəaliyyətinin bütün mərhələlərində doğma Azərbaycanı, onun inkişafını, çiçəklənməsini düşünən Dağbəyi İsmayılov əsl vətənsevər kimi həm də Qarabağ müharibəsinin ilk günlərindən ürəkağrısı ilə erməni məkrinə, onların mənfur qəsbkarlıq siyasətinə müxtəlif səviyyələrdə etirazını və nifrətini bildirib, xalqına, torpağına dərindən bağlı bir azərbaycanlı kimi haqq səsini ucaldıb.

Yaxşı insan, böyük həyat yolu keçmiş Dağbəyi İsmayılov həm də gözəl ailə başçısıdır. O, övladlarını, nəvələrini hər zaman azərbaycançılıq havasında kökləyir və onların əsl vətəndaş kimi yetişməsinə çalışır.

Onun torpaq sevgisi, doğma Qubadlı rayonuna, düşmən tapdağı altında inləyən yurd yerlərinə sonsuz məhəbbəti adi sözdə deyil, əməldə də özünü göstərib. O, torpaqlarımızın azadlığı uğrunda şəhid vermiş bir atadır. “Azərbaycan” qəzetində çalışmış, Qarabağ uğrunda döyüşlərdə şəhid olmuş Elgün İsmayılov məhz o ailədə dünyaya göz açaraq, əsl vətənpərvər kimi yetişmişdi.

AZƏRTAC-ın bütün kollektivi 70 illik yubileyi münasibətilə Dağbəyi İsmayılovu səmimi qəlbdən təbrik edir, ona uzun ömür, cansağlığı arzulayır.

... Həmişə belədir, işə hamıdan tez gəlsə də hamıdan gec gedir. Ad günündə belə idi. Çünki onun həyat amalı dəb-dəbədən çox-çox uzaqdır. O, işini, ona tapşırılmış vəzifəni yerinə yetirən, icra edən sadə bir əsgərdir. Hər zaman əmrə hazır olan, nizam-intizamlı, səliqəli bir əsgər. Məhz ona görə ucala bilib, həm işdə, həm onu tanıyanların qəlbində.

 

Abdulla Suvar

 

Respublika.- 2018.- 2 avqust.- S.5.