Cümhuriyyət dəyərlərinin varisi: Mehriban Əliyeva

 

 (Dövlət xadiminin portreti)

 

Uca Yaradan qadını işıq timsalında, ailəyə, yaşadığı cəmiyyətə, eləcə də bəşəriyyətə nur saçmaqdan ötrü, həm də şəfqətli, mərhəmətli, qəlbi daim ülvi hisslərlə dopdolu nəcib bir bəşər övladı kimi xəlq edib. Elə bu səbəblərdən də Yer üzü qadının ziyası ilə daha cazibəli, rayihəli və mənalıdır. Həyat bu zərif cinsin varlığı, nəfəsi, yaratmaqyaşatmaq qüdrətilə gözəldir, çox gözəl!

Deyir, qadın bütün ömrünü çiçəklərdən qətrə-qətrə şirə çəkən arı təki saf, təmiz, duyğularla zənginləşməyə, qəlbində gözəlliklə süslənmiş mənəvi xəzinə yaratmağa həsr edir. Bu xəzinənin bitib-tükənməyən varidatı ilə mənəvi-əxlaqi dəyərlərə zənginlik gətirir, övlad böyüdür, tərbiyə edir, onu həyatın istisinə, soyuğuna hazırlayır. Qadın yaşam boyu həyat yollarında böyük mənalar, dəyərlər aramaqla bəşəriyyəti sülhə, əmin-amanlığa, apaydın sabahlara səsləyir. Bu ülviyyətə onun ictimai fəaliyyətini—vətənin çiçəklənməsi, xalqın sağlamlığı, firavanlığı, dövlətçiliyimizin möhkəmlənməsi yolunda çalışması zəhmətini də əlavə etsək, qadının şəffaf, parlaq adının, varlığının cəmiyyət həyatını şəfəqlərə boyadığını dərindən dərk etmiş olarıq. Belə bir qüdrətə malik olduğundandır ki, qadın cəmiyyətin tərbiyəçisi adının halal haqqını qazanıb. Odur ki, Azərbaycan qadınları tarixən özünün nəcibliyi, şərəfi, mərdliyi və məğrurluğu ilə ucada dayanıblar...

Bu fikirlərin düşüncəmdə yaratdığı aydınlıqda yaxın keçmişimizə —XIX əsrin sonları, XX əsrin əvvəllərinin tarixi yaddaşına yol alıram. Mükəmməlliyin, dözümün, dəyanətin qüdrətli daşıyıcılarından olan maarifpərvər qadınlarımızın fəaliyyətini göz önünə alınca, onların çox çətin zamanlarda mübarizələrdən keçən həyat yollarına heyrət edirəm... milli istiqlalımızın 100 illiyindən duyğulandığımız, fərəh, iftixar hissi yaşadığımız bir vaxtda Azərbaycanın tarixi taleyi gözlərimin qarşısından keçir: hansı çətinlikləri, məşəqqətləri yaşamadıq, nələrdən keçmədik! Cəmi 23 ay yaşamış Azərbaycan Xalq Cümhuriyyəti həmin dövrdə milli dirçəlişin yaranmasına böyük təkan verdi. Əsas olan da budur ki, yüzilllərin acıları içində kimliyimizin, milli mənsubiyyətimizin qayəsi olan azərbaycançılıq məfkurəsini ictimai şüurumuzda yaşada bildik, onun sayəsində bu gün müstəqilliyimizi, azadlığımızı bərpa etdik, yenidən istiqlalımıza qovuşduq. Yeni Azərbaycanın başı üstündə dalğalanan üçrəngli bayrağımız xalqı işıqlı sabahlara səslədi. Gələcək həyatımızın yenilənməsinə aparan yollar müəyyən mənada qadın zəkası, təfəkkürü ilə aydınlığa qərq oldu. Başqa sözlə, bunlar ötən 100 ildən üzü bəri, təbəddülatlar içrə yeniləşən həyatımızın həm də qadın əməyi, zəhməti ilə vüsətli inkişafının təzahürüdür.

Belə bir möhtəşəmlikdən qururlandığımız indiki anlarda Azərbaycanın bugünkü mənzərəsindən heyrətlənməmək olmur. Bu mənzərəni özünün ecazı, azərbaycançılıq məfkurəsi, vətənçilik əxlaqı ilə daha da rövnəqli edən Azərbaycan Xalq Cümhuriyyətinin ləyaqətli varisi, Birinci vitse-prezident, Mehriban xanım Əliyevanın xariqüladə əməllərindən bəhs etmək də olduca xoşdur. Onun genişəhatəli fəaliyyəti müasir tariximizin parlaq səhifələrindəndir. Əlbəttə, bu fəaliyyətin qüdrətindən necə bir şövqlə, həssaslıqla danışsaq da, görülən işlərin sayını-hesabını bir araya gətirmək, həqiqətən, çətindir. Biz sadəcə qəlbi vətən və xalq məhəbbəti ilə döyünən, millətinin işıqlı sabahları naminə çalışan böyük ürək sahibi, prinsipial, işgüzar dövlət xadiminin fədakarlığından riqqətlənərək haqqında düşüncələrimizi ifadə etməyə ruhlanırıq.

Bu bir həqiqətdir ki, müstəqilliyimizi arzudan reallığa çevirdiyimiz ilk vaxtlardan Vətənin əsl vətəndaşı olaraq, ölkənin inkişafı prosesində Mehriban xanım Əliyevanın xeyirxahlığı, mərhəməti, şəfqəti ilə var olması, xalqın taleyinə günəş təki saçması, genişmiqyaslı layihələri ilə bütün sahələrdə yeniliklərin yaranmasına, həyatımızın sürəkli inkişafına səbəb oldu. Əslində O, özünün işıqlı əməlləri, maarifçilik fəaliyyəti, xeyirxahlığı ilə tarixdə izi qalan bəsirətli qadınlarımızın ideyalarını bu gün daha geniş anlamda davam etdirən nəcib bir xanım, dövlət adamıdır. Təbii ki, belə bir bütövlüyə, qüdrətə malik olmaq adi bir məqamdan, qəlbdə baş qaldıran ötəri, ani fikirdən, hansısa bir hadisədən yarana bilməzdi. Çünki bir təkzibolunmaz həqiqət var ki, insan dünyaya özünün fərdiliyi, ən başlıcası rişədən, qandan əxz etdiyi bir çox xüsusiyyətlərlə gəlir. Böyüdükcə ailə, onu əhatə edən mühit xarakterinin formalaşmasına özünün təsirini göstərir. Tanrının bəxş etdiyi ağlı, kamalı sonradan böyük zəhmətlər bahasına cilalamaqla xalqına xidmət etməyi ali məqsəd olaraq şərəfli bir vəzifə kimi daşıyır. Mehriban xanım Əliyevanın da həyat amalı belə bir idrakın—fəhmin, şüurun yetkinliyindən, kamilliyindən yaranmışdı. Cəsarəti, təfəkkürünün işığı, istedadı ilə bütün həyatını xalqın, ölkənin inkişafına həsr edən bu böyük şəxsiyyətin, vətən sevdalısının işıqlı əməllərindən necə duyğulanmamaq olar!

Onun dünyaya gəlişi, uşaqlığı, məktəb çağları, gəncliyi, ali təhsil aldığı illər, həyatda müstəqil addımlarını atdığı vaxtlara nəzər salanda ilk baxışda adama adi təsir bağışlaya bilər. Ancaq bu ömrün yaşamlarına bələd olanda orada insanı duyğulandıran, heyrətləndirən məqamları görməmək, hiss etməmək mümkün deyil. Mehriban xanımın həyatında ilkinliklərlə müşayiət olunan xoş hadisələrin baş verməsi, məqsədinə doğru inamla addımlaması, qarşısına çıxan çətinlikləri cəsarətlə dəf etməsi uğurlarının nişanələridir. Mehriban xanım hələ ilk gəncliyindən öz çalışqanlığı ilə hər yerdə və hər zaman birincilik statusunu qazanması, müvəffəqiyyətlərə nail olması ilə fərqlənib. O, 1982-ci ildə Bakıda 23 nömrəli orta məktəbi qızıl medalla bitirəndə, N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olanda, 1988-ci idə İ.M.Seçenov adına 1-ci Moskva Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirdikdən sonra 1988-1992-ci illərdə Moskvada akademik Krasnovun rəhbərliyi altında Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutunda işlədiyi illərdə də özünün fəallığı, biliyi, işə münasibətilə seçilib. Onun ictimai fəaliyyətə qoşulduğu zaman Azərbaycanda xalqın milli oyanış dövrünün ilkin çağlarına təsadüf edir. Ulu öndərin təşəbbüsü ilə yaradılan və müəllifi olduğu Yeni Azərbaycan Partiyasının təşəkkül tapdığı 1992-ci ildən onun üzvü olaraq vətənin çiçəklənməsi, xalqın milli təfəkkürünün yenilənməsi, insanların yeni güc, qüvvə ilə təkmilləşməsi, müasir cəmiyyət qurulması prosesinin fəal iştirakçısına çevrildi.

Mehriban Əliyeva 1995-ci ildə Azərbaycan Mədəniyyət Fondunun prezidenti, 2002-ci ildə isə Azərbaycan Gimnastika Federasiyasının prezidenti kimi çətin vəzifələrin məsuliyyətini öhdəsinə alaraq bütün işlərin ibtidasından başlayıb yorulmadan, səylə çalışdı. Unudulmuş, yaddan çıxmış sahələri köhnəlikdən, passivlikdən çıxararaq onlara yeni ictimai məzmun verən qlobal işlər gördü. İctimai həyata atıldığı ilk illərdən Mehriban xanımın Azərbaycan xalqına, onun mədəniyyətinə xidmət etmək istəyi daxilində bulaq təki çağlayırdı. Düşünmək, çalışmaq, yeni yollar axtarmaq gərəkdi. O, işlərin və vəzifələrin həcmindən qorxmadan, çəkinmədən, usanmadan fəaliyyət göstərirdi. Sonra bu fəaliyyət istiqamətləri həyatımızın böyük sahələrinə vüsətli şəkildə sirayət etdi. Xalqın mənafeyi yolunda yeni işlər görüldü, böyük təcrübə qazanıldı, uğurlar, irəliləyişlər, təkanlar, dəstəklər yarandı.

Bu qədər irimiqyaslı işləri əhatə edən ictimai fəaliyyət ona bir qadın, ana kimi bağlandığı ailəsi qədər doğmalaşdı, şəxsi taleyinə çevrildi. Doğulduğu, gözəl tərbiyə aldığı ailədən əxz etdiyi azərbaycançılıq ideyalarını sonradan şəxsi həyatına başladığı ailədə daha geniş anlamda dərk etdi, təkmilləşdirdi. Heydər Əliyev məktəbi Onun kökdən gələn azərbaycançılıq məfkurəsinin formalaşmasına, alicənab, mərdanə, humanist bir azərbaycanlı xarakterinin dolğunlaşmasına öz təsirini göstərdi. Belə nəcib və mübariz keyfiyyətlərə malik olduğundan yaranmış imkanlarını dövlətçiliyin möhkəmlənməsinə, vətənçilik əxlaqının yeni dəyərlərlə inkişafına səfərbər etdi. Heydər Əliyevin dövlətçilik konsepsiyasını, bununla paralel apardığı vətənçilik əxlaqını həm də daimi müşahidələrdən, ictimai fikirlərdən öyrənmiş, yaxşı mənimsəmiş fiziki və mənəvi varisi Prezident İlham Əliyevlə birgə ulu öndərin yaratdığı yeni azərbaycançılıq ideyalarının davaminkişaf etdirilməsinə başladılar.

Mehriban Əliyeva 2004-cü il mayın 10-da —ulu öndərin doğum günündə təsis olunmuş Heydər Əliyev Fondunun prezidenti kimi fəaliyyətə başlayanda həyatımızın bütün sahələrində —təhsil, səhiyyə, mədəniyyət, idman, elmtexnologiya, ekologiya, sosial yönümdə irimiqyaslı layihələrlə işlər görməyi nəzərdə tutmuşdur. Bu, xalqın gələcəyini möhkəm özüllər üstə qurmağa, onu inkişaf etdirməyə aparan ən işıqlı yol idi. Bu, ulu öndərin apardığı yaradıcılıq və quruculuq işlərinin davamı olaraq vətən və xalq naminə fəaliyyət göstərməyin yolu idi. Bu vəzifələrin hər biri ayrılıqda müxtəlf sahələrdə fərdi təşəbbüskarlıq, yeni layihələr, proqramlar ilə icra olunurdusa, indi cəm halda daha geniş aspektdə vahid bir ideyanın inkişafına istiqamət aldı.

2017-ci il fevralın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən Təhlükəsizlik Şurasının iclasını indi də xatırlayıram. Həmin gün ölkə başçısı Sərəncamla Mehriban xanım Əliyevanı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin etdiyini bildirdi. Bundan sonra Prezident Mehriban Əliyevanın keçdiyi həyat yoluna, ölkənin ictimai-mədəni həyatında fəal iştirak etdiyinə və bunları icra etdiyi vəzifələrin, gördüyü işlərin timsalında yığcam, həm də mənalı şəkildə diqqətə çatdırdı. Onun həyata keçirdiyi layihələrin, proqramların, beynəlxalq konfransların Azərbaycanın imicinə qazandırdığı nüfuzundan bəhs etdi. Xüsusən də mədədəniyyətimizin inkişafına göstədiyi qayğıya nəzər salan Prezident mühüm məqamlara toxunaraq qeyd etdi ki, Heydər Əliyev Fondunun mədəniyyətlə, incəsənətlə bağlı layihələri bizim mənəvi, tarixi, mədəni irsimizin qorunması işində əvəzolunmaz rol oynamışdır. Bizim milli sərvətimiz olan muğam sənətinin yenidən inkişafı və beynəlxalq arenaya çıxarılması məhz Heydər Əliyev FondununMehriban Əliyevanın şəxsi təşəbbüsü nəticəsində mümkün olmuşdur. Azərbaycanda keçirilən muğam müsabiqələri artıq həyatımızın ayrılmaz hissəsinə çevrilmişdir. Gənc nəslin tərbiyə olunmasında milli-mənəvi dəyərlər, ənənələr xüsusi rol oynayır. Bu, sadəcə sənət növü deyil, bu, bizim mədəni sərvətimizdir.

İlham Əliyev burada bir vacib nüansı da xatırladaraq dedi ki: “Mehriban Əliyeva UNESCO-nunISESCO-nun xoşməramlı səfiridir. Dünyada ikinci belə şəxsiyyət yoxdur ki, hər iki mötəbər təşkilatın eyni zamanda səfiri olsun. Bu, Onun dinlərarası, sivilizasiyalararası dialoqa verdiyi töhfə ilə bağlıdır. Bu töhfə ölkəmizin siyasətinin təzahürüdür. Çünki bu gün Azərbaycan dünya miqyasında sivilizasiyalararası dialoqa ən çox töhfə verən ölkələrdən biri kimi tanınır. Əlbəttə ki, UNESCO-nunISESCO-nun xoşməramlı səfiri kimi Mehriban xanım bu işə də çox önəmli töhfə verir. 2015-ci ildə birinci Avropa oyunlarının keçirilməsinə göstərdiyi xidmətlərə görə Mehriban xanım Əliyeva Azərbaycan dövlətinin ən ali mükafatı olan “Heydər Əliyev” ordeni ilə təltif edilmişdir...”.

Bu fikirlərdən sonra Mehriban Əliyevanın da özünün məzmun-mündəricəsilə yadda qalan çıxışından bəzi fikirləri səsləndirməyə bilmirəm: “Biz Azərbaycanın ictimaisiyasi həyatında fəal iştirak edirik. Biz infrastruktur layihələri icra edirik. Eyni zamanda, biz, 13 il (hazırda 14 ilred.) ərzində ayr-ayrı insanların problemlərinə heç zaman biganə qalmamışıq. İnsanlarla ünsiyyətdə olmaq, onları dinləmək və eşitmək, köməyə ehtiyacı olana kömək etmək, mənəvi dəstək vermək Heydər Əliyev Fondunun hər bir əməkdaşının birbaşa vəzifəsidir. Hesab edirəm ki, bu, dövlət qurumlarında çalışan bütün insanların əsas borcu və vəzifəsidir. Gündəlik fəaliyyətimizdə insansevərlik, mərhəmət, qarşılıqlı hörmət, mehribançılıq unudulmamalıdır. Əksinə, məhz bu mənəvi dəyərləri uca tutaraq ən yüksək qələbələr əldə etmək, ən böyük zirvələrə qalxmaq olar”. Bu fikirlər ölkənin birinci xanımı, Birinci vitse-prezident Mehriban Əliyevanın xarakterini güzgü kimi əks etdirir, onun həyat amalı da bu ali keyfiyyətlərin tərcümanıdır. O, xalqın məhəbbətini də məhz humanizmi, insanpərvərliyi, mərhəməti, şəfqəti, mehribanlığı ilə qazanıb.

Bəlkə də mənim həmin iclasın məramına bir daha qayıtmağım, unudulmaz məqamları təkrarən xatırlamağım yeni fikir kimi səslənməyəcək, amma vacib olan bir məqam var ki, bunlar tarixdir, o, zamanı gəldikcə xatırlanmalı, onun ibrətamizliyi unudulmamalıdır.

Mehriban xanımın belə bir məsuliyyət və məhəbbətlə gördüyü işlər ölkə həyatının demək olar ki, bütün sahələrində böyük dəyişikliyin yaranmasına səbəb olmuşdur. Həmin iclasda görülən işlər barədə hesabat xarakterli çıxışı da icra olunmuş işlərin həqiqi nümunəsi idi. Onun — “Biz fəxr edirik ki, son illər ölkəmizdə baş verən müsbət meyillərdə, dəyişikliklərdə, inkişafda, Azərbaycanın beynəlxalq arenada nüfuzunun artmasına biz öz kiçikolsa, töhfəmizi verməyi bacarmışıq. Mən əminəm ki, vəzifəsindən asılı olmayaraq, insan öz yolunu, peşəsini seçəndə hər hansı bir işinə, əməyinə vicdanla yanaşmalı, qarşısına aydın məqsədlər qoyub, bu məqsədlərə nail olmağa çalışmalı, söz və işlərində bütöv olmalıdır”, — qətiyyətli fikirləri həyata, insanlara, onların gələcəyinə bəslədiyi ümidin, inamın apaydın təzahürüdür. Elə həmin gündən Birinci vitse-prezident kimi xalqa xidmət missiyası özünün axtarış istiqamətlərini daha da genişləndirdi. O, istər ölkədaxili, istərsə də beynəlxalq miqyasda həyata keçirdiyi bütün proqram və layihələrə həssaslıqla, milli təəssübkeşlik baxımından yanaşaraq böyük ideallara doğru əməllərini yeni layihələrin timsalında davam etdirdi. Vaxtilə cümhuriyyət qurucularının, maarifçi qadınlarımızın dini-fanatizmin, savadsızlığın tüğyan etdiyi vaxtlarda Azərbaycanın tarixi taleyi ilə bağlı gördükləri milli-bəşəri əhəmiyyətli işlər bu gün Mehriban Əliyevanın genişəhatəli fəaliyyəti sayəsində yeni düşüncədə davam etdirilir. O, sözün həqiqi mənasında Cümhuriyyət dəyərlərinin ləyaqətli varisidir...

Bu gün Heydər Əliyev Fondunun yaranmasından 14 il keçir. Amma onun gördüyü işlər, Vətənə, xalqa, azərbaycançılıq məfkurəsinə xidməti, fəaliyyətin həcmi, əhatə dairəsi genişdir. Onun sosial sahədə xalqa xidməti misilsizdir. Məni Mehriban xanımın humanizmi, mərhəməti və bütünlükdə qayğılarının içərisində daim nəzarətdə saxladığı bir cəhət daha çox duyğulandırır. Onun xeyirxahlığı, şəfqəti, sayəsində gördüyü işlərlə bağlı xatırladacaqlarım (bunlar Heydər Əliyev Fondunun gördüyü işlərə istinad edilir - Ş.N.) da xalqın qəlbində özünə böyük bir sevgi yaradıb. Uşaq evlərində körpələrin, valideyn himayəsindən məhrum olan uşaqların qayğısına qalmaq, ehtiyaclarını təmin etmək, onların sağlam böyüməsi, cəmiyyətdə öz yerini tuta bilməsi, böyüdükcə həyat yollarında onlara məhrəmliklə dəstək olmaq şəfqətli, mərhəmətli xanımın ən ümdə vəzifələri sırasındadır. Bu, ilk növbədə uşaqların gələcəkdə rahat fəaliyyət göstərmələri, həyata aydın baxışlarının yaranması məqsədindən qaynaqlanmışdır. Bundan başqa, respublikamızın müxtəlif rayonlarında məskunlaşmış məcburi köçkünlər, Qarabağ müharibəsi veteranları, aztəminatlı və çoxuşaqlı ailələr üçünyeni yaşayış massivlərinin salınması, Bakıda uşaq evlərində tərbiyə almış, yaşı 18-dən yuxarı olan qızlar üçün, 2013-cü ildə isə uşaq evləri və internat məktəblərinin məzunu olan gənclər üçün yaşayış binalarının istifadəyə verilməsi Heydər Əliyev Fondunun gördüyü genişmiqyaslı işlər sırasındadır. Bitib-tükənməyən bu layihələr yeni təşəbbüslər sayəsində uğurla davam etdirilir. Bunlar, əlbəttə ki, yenilənən cəmiyyətdə yeni düşüncəli insanın yetişdirilməsi məqsədindən doğmuşdur. Bu gün həyatımızın elə bir sahəsi yoxdur ki, dövlətin, Birinci vitse-prezidentin nəinki diqqətindən kənarda qalsın, əksinə, bütün sahələrdə insanların, xüsusən də gənclərin biliyinin, dünyagörüşünün artması, sosial həyatının yaxşılaşmasından ötrü görülən işlər ürəkaçandır.

Bu qədər genişmiqyaslı layihələr, xalqa xidmət, eləcə də beynəlxalq aləmdə milli-bəşəri dəyərlərin güzgüsü olan mədəniyyətimizin təbliği Mehriban xanıma çoxlu sayda mükafatlar qazandırmışdır. Bunlar Onun gözləmədiyi, ummadığı vaxtlarda, çəkdiyi zəhmətləri sayəsində zaman-zaman tərcümeyi-halına yazılıb. Əlbəttə, bu təltiflərin hər birinin birinci xanımın həyatında öz yeri var. İndiki məqamda onları bir-bir sadalamaq, yazıya gətirmək qeyri-mümkündür. Düşüncəmə görə, onların içərisində Mehriban Əliyevaya böyük fərəh hissi yaşadan, qəlbinə rahatlıq gətirən xalqın ona olan inamı, intəhasız sevgisidir. Bunu hər zaman hiss etməksə, Onun böyük xoşbəxtliyidir...

Mehriban Əliyevanın bütün çıxışları, müsahibələri özünün zənginliyi, dərin məzmunu, yenilikçi düşüncəsi ilə böyük maraq doğurur. Bu, fitri istedad sahibinin milli-bəşəri dəyərlərə sadiqliyi, dünya cəmiyyətinə nikbin baxışlarının məntiqi ifadəsidir. Ağlına, zəkasına görə Onu başqa dövlətlərdə də tanıyır və hörmət edirlər. Onun genişmiqyaslı fəaliyyəti ölkənin ictimai-sosial, mədəni həyatını əhatə etməklə tükənmir, O, Azərbaycanın milli-mənəvi dəyərlərini, mədəniyyətini, ölkəmizin özünəməxsusluğunu, özəlliklərini dünya cəmiyyətində böyük fədakarlıqla, uğurla təbliğ edir. Qədim ənənələrimizlə bağlı multikultural dəyərləri, tolerantlığı başqa ölkələrdə əməli işləri ilə nümayiş etdirir. Unutmayaq ki, bütün bunlar əfsanəvi bir qəhrəman tərəfindən deyil, zərif, incə təbiətli, həm də güclü, aydın təfəkkürə, təxəyyülə malik olan qadının — ölkənin birinci xanımı Mehriban Əliyevanın bilavasitə çalışmaları sayəsində həyata keçirilir...

Ötən bir neçə ildə Mehriban xanım haqqında yazdığım məqalələrdən birində belə bir fikri nəzərə çatdırmışdım ki, mən artıq Mehriban Əliyevaya tarixdə qalacaq bir bədii obraz kimi yanaşıram. Və görürəm ki, Mehriban xanımın obrazı olduqca yetkingüclü xarakterə malikdir. Burada maraqlı cəhətlərdən ümdəsi odur ki, O, düşüncə-xəyallardan deyil, həyatın özündən gəlmiş, zamanın özünün yetişdirdiyi obrazdır. Onun siyasi, eləcə də xeyirxahlıq mücəssəməsi olan portretindəki cizgilər yetərincədir. Fikrimizcə, XXI əsrin ən nüfuzlu şəxsiyyəti və xalq adamı, səsini millətin səsinə qatan Birinci xanımın obrazını böyük bir ədəbi əsərdə, elə roman janrında yaratmağın zamanıdır. Tarixdə iz qoyan ağıllı, müdrik, tədbirli, xeyirxah, cəngavər və diplomat qadınlarımızın obrazı istər xalq ədəbiyyatında, istərsə də yazılı ədəbiyyatda yarananda çox zaman müəlliflər təxəyyüldən gələn uydurma təsvirləri canlandırmaq, obrazı sevdirməkdən ötrü çox boyalardan istifadə edirlər.

Zənnimizcə, Mehriban Əliyevanın obrazını bədii ədəbiyyata gətirmək istəyən müəllifin, sənətkarın onun portretini yaratmaqda bir çətinliyi olmaz. Çünki obraza təxəyyüldən gələn rənglər, təsvirlər əlavə etməyə heç bir ehtiyac yoxdur. Mehriban xanım həyatdan gələn dolğun bir obrazdı. Vətənpərvər, maarifpərvər ziyalı, milli düşüncəyə, azərbaycançılıq məfkurəsinə sahib olan, qəlbində vətən, xalq sevgisi çağlayanbu yola bir ömür həsr edən tarixi şəxsiyyətdir. Taleyin ona bəxş etdiyi alın yazısından səmərəli istifadə etməklə bütün səylərini ortaya qoyan, bütün fəaliyyəti boyu gördüyü işləri zərgər incəliyi, dəqiqliyi ilə aparan və bunların müqabilində xalqın gözündə ləyaqətli vətəndaş, xeyirxah hami, dost, həssas, qayğıkeş ana kimi sevilən bir Azərbaycan qadınıdır.

İllər boyunca apardığım müşahidələr Onun haqqında qənaətimi hər zaman xatırlamağıma yol açır. İndiki məqamda sözümə yekun olaraq, həmin fikri səsləndirməyə ehtiyac duydum: Mehriban Əliyeva bütün hallarda — çətin və mürəkkəb situasiyalarda, xoş, fərəhli anlarında belə dəyişməzdir: dəyanətli, güclü, qətiyyətli və bütövdür. Hər yerdə, hər zaman özüdür. Ən ümdəsi də olduğu kimi görünən bir inci, nur timsalında İnsandır...

...Uca Yaradan bu möhkəm iradəli, qətiyyətli, xeyirxah, nəcib qadını sanki yaşadığı cəmiyyətə nur saçmaqdan ötrü, həm də şəfqətli, mərhəmətli, qəlbi daim ülvi hisslərlə dopdolu nəcib bir bəşər övladı kimi xəlq edib. O da bu alicənablığı Tanrının lütfü kimi qəbul edərək, onu Azərbaycanın tərəqqisi, vətən övladlarının gələcəyi naminə işıq təki yollarına çiləyir. Alicənablıq isə bitib-tükənməyən bir xəzinədir. Ömür-həyat davam etdikcə, bu ali keyfiyyət ürəklərdə, gözdə-könüldə öz izini yaşadır. Mehriban xanımın qurub-yaratmaqyaşatmaq eşqi tükənməyən bir işıq selidir, bu hərarəti, şəfqəti duymaq, ondan faydalanmaq da gözəldir, çox gözəl!

P.S. Bu məqalə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın doğum günü ərəfəsində qələmə alınıb... Dünyaya gəlişiniz mübarək, əziz və sevimli Mehriban xanım! Varlığı ilə qürur duyduğunuz xalqın məhəbbəti daim Sizə yar olsun!

 

Şəfəq NASİR,

filologiya üzrə fəlsəfə doktoru.

 

Respublika.- 2018.- 28 avqust.- S.6.