Gəncə Dövlət
Universitetinin 80 illik yubileyi təntənə ilə qeyd edilib
Respublikamızın qərb bölgəsində
ən böyük ali təhsil müəssisəsi olan Gəncə
Dövlət Universitetinin bu il fəaliyyətə
başlamasından 80 il keçir. Bu münasibətlə
universitetdə təntənəli yubiley tədbiri təşkil
olunub.
Yubiley tədbirində təhsil
naziri Ceyhun Bayramov, Gəncə Şəhər İcra Hakimiyyətinin
başçısı Niyazi Bayramov, respublikamızın və
dünyanın bir sıra nüfuzlu universitetlərinin, elm-təhsil
mərkəzlərinin rəhbərləri, nümayəndə
heyətləri, görkəmli alimlər, Milli Məclisin
deputatları, ictimai-siyasi xadimlər və universitetin
professor-müəllim heyəti iştirak edib.
AZƏRTAC-ın bölgə
müxbiri xəbər verir ki, tədbir
iştirakçıları əvvəlcə Gəncə
şəhərinin mərkəzinə gələrək Heydər
Əliyev meydanında Ümummilli Liderin abidəsini ziyarət
edib, önünə əklil və tər çiçəklər
düzüb, dahi rəhbərin xatirəsini anıblar.
Sonra universitetin ən böyük tədris
binası olan 5-ci korpusun əsaslı yenidənqurmadan sonra
açılışı olub.
Bildirilib ki, yeni tədris binası universitetin
daxili imkanları hesabına müasir təhsil standartları səviyyəsində
yenidən qurulub. Ümumi ərazisi 4,8 hektar olan 4 mərtəbəli
tədris binası müasir infrastruktura və zəngin
maddi-texniki bazaya malikdir. Korpusda 2 mərtəbəli tədris
binası, 99 otaq, idman və 306 yerlik iclas zalı, kiçik
iclas zalı, tibb məntəqəsi, yeməkxana və idman
sahəsi var. Həmçinin yeni tədris
binasının nəzdində Heydər Əliyev guşəsi,
universitetin tarixini əks etdirən muzey, 30 min kitab fonduna malik
Nuru Paşa adına kitabxana, Əlil Tələbələr
üçün Mərkəz, Müasir Təlim Mərkəzi,
E-Öyrənmə Mərkəzi, Aleksandr Düma adına
Fransa Mədəniyyət Mərkəzi, Dil Resursları Mərkəzi
və iki müxtəlif istiqamətdə fəaliyyət
göstərəcək kompüter mərkəzi
yaradılıb.
Təhsil Nazirliyinin əməkdaşlarının,
ali təhsil müəssisələri rektorlarının,
deputatların, universitetlə əməkdaşlıq edən
xarici ali təhsil ocaqlarının nümayəndə heyətlərinin
də iştirak etdiyi yubiley tədbiri Azərbaycanın
Dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Yubiley tədbirində
çıxış edən GDU-nun rektoru, professor Yusif Yusibov
universitet haqqında məlumat verərək bildirib ki, zəngin
ənənələrə, özünəməxsus tarixi
keçmişə malik olan bu ali təhsil ocağı ötən
80 ildə təkcə ölkəmiz üçün yox, həmçinin
qonşu respublikalar üçün də peşəkar,
səriştəli pedaqoji kadrlar hazırlayıb və qərb
regionunda maarifçiliyin inkişafında öz xidmətlərini
göstərib. Gəncə Dövlət Universitetinin maarif
istiqamətində təhsil almış məzunları bu
gün Azərbaycanın müxtəlif şəhər, rayon
və kəndlərində, xüsusilə də qərb
regionunda pedaqoji fəaliyyətlə məşğul olurlar.
Ali təhsil ocağının
yaranma tarixinə diqqət çəkən rektor bildirib ki, Gəncə
Dövlət Universiteti Azərbaycan Xalq Komissarları Sovetinin
1938-ci il 14 aprel tarixli qərarı ilə Gəncə şəhərində
İkiillik Müəllimlər İnstitutu kimi 23 müəllim
və 244 tələbə ilə fəaliyyətə
başlayıb. 1943-cü ildən etibarən
Kirovabad İkiilik Müəllimlər İnstitutunun
bazasında tam ali təhsil verən, yüksək ixtisaslı
pedaqoji kadrlar hazırlayan dördillik Kirovabad Dövlət
Pedaqoji İnstitutu yaradılıb, 1986-cı ildə şəhərə
Gəncə adının qaytarılması ilə əlaqədar
Kirovabad Dövlət Pedaqoji İnstitutu Gəncə Dövlət
Pedaqoji İnstitutu adlandırılıb, 2000-ci ildə isə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə
institutun profili genişləndirilməklə Gəncə
Dövlət Universiteti yaradılıb.
Universitetin sonrakı inkişafı ümummilli
lider Heydər Əliyevin və Prezident İlham Əliyevin
ölkəmizdəki digər elm-təhsil müəssisələrinə
olduğu kimi, bu universitetə də göstərdiyi diqqət
və qayğı ilə bağlı olub. Hazırda
universitetdə 8 fakültə, 13 şöbə, 8 mərkəz
fəaliyyət göstərir, 6 mindən çox tələbə
təhsil alır. Tələbələrin təlim-tərbiyəsi
ilə 550 nəfərə qədər professor-müəllim
heyəti məşğul olur. Universitet yüksək keyfiyyətli
maddi-texniki bazaya malikdir və onun 5 tədris binası, tələbə
yataqxanası və 655 min nüsxə kitab fonduna malik
kitabxanası var. Bütün tədris binaları əsaslı
surətdə təmir olunub və auditoriyalarda keyfiyyətli tədris
prosesi üçün lazımi şərait yaradılıb.
Yüksək ixtisaslı mütəxəssislərin
hazırlanması üçün 32 tədris
laboratoriyası, 5 ixtisas kabineti, 2 tədris emalatxanası,12
kompüter mərkəzi və geniş auditoriyalar
mövcuddur. Hazırda bakalavriat səviyyəsində
40, magistratura səviyyəsində 63 ixtisas üzrə kadr
hazırlığı aparılır. 2017-ci ildə müasir
idarəetmə sisteminə uyğun olaraq strukturun
optimallaşdırılması məqsədilə yeni
İnnovasiyalar Departamenti və onun nəzdində 5 şöbə,
8 mərkəz, 6 tədris və 1 elmi-tədqiqat
laboratoriyası, həmçinin Əlavə Təhsil
fakültəsi yaradılıb.
“Son illər Gəncə Dövlət
Universitetinə, onun kollektivinə inamın nəticəsi
olaraq tələbə qəbulu planının yerinə
yetirilməsi 97 faizə qədər yüksəlib və GDU
respublika universitetləri içərisində ilk
üçlüyə daxil olub. Həmçinin universiteti
seçən yüksək bal toplamış tələbələrin
sayında da artım müşahidə olunub. Hazırda 90 nəfərdən
çox tələbə “Gələcəyin müəllimi”
təqaüdünü alır. Məhz bu
göstəricilər universitet üçün son 10 ilin ən
yaxşı göstəricisidir və yaradılan
işçi qrupun Gəncə şəhəri və ətraf
rayonların məktəblərində məqsədyönlü
şəkildə apardığı təbliğat işlərinin,
tədris üçün yaradılan şəraitin və
maddi-texniki bazanın yaxşılaşdırılmasının
nəticəsidir”, – deyə rektor qeyd edib.
Professor Yusif Yusibov bildirib ki, universitetin məzunları
dövlət qulluğuna aid olan vakansiyaları tutmaq
üçün Dövlət İmtahan Mərkəzi tərəfindən
keçirilən imtahanlarda son illər uğurlu nəticələr
qazanıb. Belə ki, GDU Azərbaycan Respublikası Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyası, UNEC, BDU və
ADNSU-dən sonra 5-ci pillədə qərarlaşıb.
Universitetdə aparılan elmi-tədqiqat fəaliyyəti
haqqında da məlumat verən Yusif Yusibov beynəlxalq əməkdaşlıq
əlaqələrindən də danışıb. Bildirilib
ki, ali təhsil ocağının 40-dək xarici və
respublikadaxili universitetlərlə, AMEA-nın elmi-tədqiqat
institutları ilə qurulmuş əlaqələri beynəlxalq
əməkdaşlığa və təhsil mübadilə
proqramlarına xidmət edir. Fransa universitetləri
ilə ikitərəfli əlaqələr yaradılıb,
universitetin 11 tələbəsi Strasburq Universitetində magistr
dərəcəsi almağa müvəffəq olub, həmçinin
“Fransız dili müəllimliyi” ixtisası üzrə təhsil
alan tələbələrin Yekun Dövlət Attestasiyası
Strasburq Universitetindən dəvət edilmiş müəllimlər
tərəfindən aparılıb. Fransa hökumətinin qərarı
ilə fransız dili kafedrasının 3 müəllimi bu dilin
təbliğindəki xidmətlərinə görə
“Akademik Palma” (Kovaler dərəcəsi) ordeni ilə təltif
olunub.
Gəncə Dövlət
Universiteti Avropa İttifaqının “Tempus” proqramının
“Tempus-CURDEUS”, “Tempus–UNİVİA”, “Tempus–ESFİDİP”,
“Erasmus+” proqramının AESOP layihələrində fəal
iştirak edib, layihələrin nəticəsi olaraq ali təhsil
ocağında Əlil Tələbələr
üçün Mərkəz, Avropa Araşdırmaları
Mərkəzi, Tələbə Ombudsman Mərkəzi
yaradılıb və Tələbə Ombudsmanı təyin
edilib. Hazırda GDU İspaniyanın Valensiya Politexnik
Universitetinin koordinatoru olduğu “Erasmus+” PETRA layihəsində
iştirak edir və bu çərçivədə Müasir
Təlim Mərkəzi ilə bərabər E-Öyrənmə
Mərkəzi də təşkil olunub. Hazırda universitet
Bakı Biznes Universitetinin koordinatoru olduğu “Erasmus+” EQAC layihəsinə
tərəfdaş kimi qoşulub. Üç il davam edəcək
bu layihənin sonunda Keyfiyyətin Təminatı Mərkəzinin
yaradılması nəzərdə tutulur.
Universitetin 80 illik yubileyi
münasibətilə ali təhsil müəssisənin kollektivini
təbrik edən təhsil naziri Ceyhun Bayramov ölkədə
təhsilə göstərilən diqqət və
qayğıdan danışıb, ali təhsil
ocağının kollektivinə xoş arzularını
çatdırıb.Yubiley tədbirinin əlamətdar bir ildə
qeyd edildiyini deyən nazir bildirib ki, 2018-ci il Prezident
İlham Əliyevin müvafiq Sərəncamına əsasən
“Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilib. Hər iki yubiley tədbirinin arasında rəmzi
bağlılığın olduğunu deyən Ceyhun Bayramov
vurğulayıb ki, Azərbaycanda dövlətçilik ənənələrinin
formalaşdırılmasında, xalqımızın
ictimai-siyasi və mədəni həyatında çox zəngin
irs qoymuş Azərbaycan Xalq Cümhuriyyəti fəaliyyəti
dövründə, həmçinin təhsil sahəsində də
tarixi qərarlar qəbul edib.
Nazir Ceyhun Bayramov ötən illərdə
Prezident İlham Əliyev tərəfindən təhsilin müxtəlif
pillələrini əhatə edən istiqamətlər üzrə
mühüm dövlət sənədlərinin qəbul
edildiyini və layihələrin həyata keçirildiyini diqqətə
çatdırıb.
Sonra təhsil naziri “2007-2015-ci illərdə
Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili
üzrə Dövlət Proqramı”nın ölkəmizdə
milli təhsilin inkişafı və kadr potensialı ilə təminatında
qazandırdığı üstünlüklərdən
danışıb, həmçinin “2019-2023-cü illər
üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin
artırılması üzrə Dövlət Proqramı”nın
icrasının respublikamızda rəqabətqabiliyyətli və
dayanıqlı iqtisadi inkişafın təşkili və
milli təhsil sisteminin yüksəkixtisaslı kadrlarla təmin
edilməsi istiqamətində verəcəyi töhfələrdən
söz açıb.
Gəncə Şəhər İcra Hakimiyyətinin
başçısı Niyazi Bayramov çıxış edərək
GDU-nun 80 illik yubileyi münasibətilə kollektivə xoş
arzularını çatdırıb. Bildirib ki, əsası
ümummilli lider Heydər Əliyev tərəfindən
qoyulmuş təhsil islahatı Prezident İlham Əliyevin rəhbərliyi
ilə uğurla həyata keçirilir. Gəncə Dövlət
Universitetinin istifadəyə verilən yeni tədris korpusu
dövlətimizin başçısının təhsilin
inkişafına göstərdiyi diqqət və
qayğısının bariz nümunəsidir.
“Burada yaradılan şərait təhsilin səviyyəsinin
müasir Avropa standartlarına
uyğunlaşdırıldığını göstərir.
Fərəhli haldır ki, GDU-da təhsilin inkişafı onun
reytinqini daha da artırıb. Yalnız
respublikanın qərb bölgəsindən deyil, müxtəlif
rayonlardan olan yüksək bal qazanmış abituriyentlərin
də Gəncə Dövlət Universitetini seçməsi
diqqətəlayiqdir. Əsas məqsəd gələcəyin
vətənpərvər, ziyalı vətəndaşını,
yüksək səviyyəli mütəxəssisini
hazırlamaqdır. Odur ki, bu məqsədə çatmaq
üçün professor-müəllim heyətinin üzərinə
böyük vəzifələr düşür.
Ümidvarıq ki, kollektiv bu işin öhdəsindən
layiqincə gələ biləcək”, – deyə Niyazi Bayramov
qeyd edib.
Sonra Prezident İlham Əliyevin
2018-ci il 31 oktyabr tarixli sərəncamları ilə təhsilin
inkişafındakı xidmətlərinə görə Gəncə
Dövlət Universitetinin fəxri adlarla və “Tərəqqi”
medalı ilə təltif olunan 23 əməkdaşına
dövlət mükafatları təqdim olunub.
Respublika.-
2018.- 6 dekabr.- S.6.