“Naxçıvan İslam Mədəniyyətinin
Paytaxtı-2018”in bağlanış tədbiri keçirilib
Bakı. 16 dekabr. REPORT.AZ/ Dekabrın 15-də
Naxçıvan şəhərindəki Heydər Əliyev
Sarayında “Naxçıvan İslam Mədəniyyətinin
Paytaxtı-2018”in bağlanış tədbiri keçirilib.
“Report” xəbər verir ki, tədbirdə
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri,
Naxçıvan şəhərinin 2018-ci il üçün
İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə
əlaqədar yaradılmış Təşkilat Komitəsinin
sədri Vasif Talıbov, İslam Təhsil, Elm və Mədəniyyət
Təşkilatının Baş direktorunun müavini
Amina Əl-Həcri, Azərbaycanın mədəniyyət
naziri Əbülfəs Qarayev və TÜRKSOY-un Baş
katibinin müavini Fırat Purtaş “Naxçıvan İslam
Mədəniyyətinin Paytaxtı-2018”in bağlanış tədbirində
iştirak ediblər.
Tədbir Qurani-Kərimin tilavəti ilə
başlayıb.
Naxçıvan Muxtar
Respublikasının mədəniyyət naziri Natəvan Qədimova
çıxış edərək deyib ki, Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyevin milli-mənəvi
dəyərlərimizə, bütövlükdə mədəniyyətimizə
göstərdiyi qayğı və müəyyənləşdirdiyi
siyasi xətt bu gün Azərbaycanda və onun
Naxçıvan Muxtar Respublikasında uğurla davam etdirilir. Naxçıvan şəhərinin 2018-ci il
üçün İslam mədəniyyətinin paytaxtı
elan olunması bir tərəfdən bu qədim türk yurdunun
zəngin tarixi-mədəni irsi ilə bağlıdırsa,
digər tərəfdən də müasir dövrdə bu dəyərlərin
qorunub-yaşadılması sahəsində görülən
işlərin nəticəsidir.
Qeyd olunub ki, Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin
“Naxçıvan şəhərinin 2018-ci ildə İslam mədəniyyətinin
paytaxtı elan edilməsi ilə əlaqədar Təşkilat
Komitəsinin yaradılması haqqında” 2016-cı il 2 iyun
tarixli Sərəncamına əsasən 2017-ci il noyabrın
25-də və 2018-ci il iyunun 7-də Təşkilat Komitəsinin
Sədri cənab Vasif Talıbovun rəhbərliyi ilə
iclaslar keçirilib, hazırlıq işləri ilə
bağlı məsələlər müzakirə olunub və
qarşıda duran vəzifələr müəyyənləşdirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin
2017-ci il 23 yanvar tarixli Sərəncamına əsasən
“İslam Mədəniyyətinin Paytaxtı Naxçıvan -
2018” loqotipi hazırlanıb və nümayiş olunub. Həmçinin
üzərində loqotip əks olunmuş 100 min zərf, 100
min poçt markası, markalardan ibarət 200 buklet, 500
döş nişanı və suvenirlər, “İslam Mədəniyyətinin
Paytaxtı Naxçıvan-2018”in rəsmi internet səhifəsi
hazırlanıb. Naxçıvanın müasir
görüntülərini, təbiətini, tarix-mədəniyyət
abidələrini əks etdirən fotoşəkillər
seçilərək aidiyyəti üzrə təqdim edilib və
ISESCO-nun saytına yerləşdirilib. Tədbirlər
Planına əsasən Naxçıvandakı türk-islam mədəniyyəti
abidələrindən Möminə xatın, Yusif Küseyr
oğlu, Gülüstan türbələrinin və
Qarabağlar Türbə Kompleksinin ISESCO-nun siyahısına
daxil edilməsi ilə bağlı müvafiq sənədlər
hazırlanaraq aidiyyəti üzrə təqdim edilib.
2017-ci il iyulun 7-də
“Naxçıvanın türk-islam mədəniyyəti abidələri:
tarixdə və günümüzdə” beynəlxalq konfrans,
dekabrın 6-da “Ümummilli lider Heydər Əliyev dini həmrəyliyin
yaradıcısıdır” mövzusunda konfrans keçirilib.
“İslamda müdrik kəlamlar”, “Naxçıvan:
türk-islam mədəniyyəti abidələri”,
“Naxçıvan buzxanaları”, “Naxçıvan hamamları”,
“Naxçıvan türbələri” kitabları,
“Naxçıvan türk-islam mədəniyyəti abidələri:
tarixdə və günümüzdə” mövzusunda
keçirilmiş beynəlxalq konfransın materialları, eləcə
də məşhur naxçıvanlı mütəfəkkir
Nemətullah Naxçıvaninin “Qurani-Kərim”in təfsirinə həsr olunmuş çoxcildliliyinin
birinci cildi tərcümə edilərək nəşr olunub.
Ötən müddətdə “Naxçıvan: türk-islam mədəniyyəti
abidələri”, “İslam Mədəniyyətinin Paytaxtı
Naxçıvan” televiziya filmləri, “Naxçıvan-2018.
İslam mədəniyyəti” video-çarxı
hazırlanıb. 2018-ci il fevralın 21-də
ümumtəhsil məktəblərinin şagirdləri
üçün Azərbaycan Milli Elmlər
Akademiyasının Naxçıvan Bölməsində
“Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı
kimi” mövzusunda interaktiv dərs keçirilib. 2018-ci ildə
Şərur rayonunun Yengicə kəndindəki Şərq
hamamında, Nehrəm imamzadəsində, Naxçıvan
şəhər imamzadəsində və Kəngərli
rayonundakı Qarabağlar Türbə Kompleksində əsaslı
bərpa işləri aparılıb.
2018-ci il iyun ayının 20-də
“Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı –
2018”in açılışı olub. Açılış
tədbirindən sonra muxtar respublikada bir sıra tədbirlər,
o cümlədən, dünya şöhrətli ebru sənətçisi,
Türkiyə Böyük Millət Məclisinin sənət
üzrə müşaviri Hikmət Barutcugilin əsərlərindən
ibarət “Allahın gözəl adları” mövzusunda sərgi, dünya şöhrətli İran rəssamı
və miniatür ustası Mahmud Farçciyanın sənət
sərgisi, Beynəlxalq Türk Mədəniyyəti və
İrsi Fondunun “Dədə Qorqud” Kamera Orkestrinin konserti,
“İslam filmləri həftəsi”, “Naxçıvan İslam
Mədəniyyətinin Paytaxtı” mövzusunda beynəlxalq
konfrans, bu gün isə TÜRKSOY-un təşkilatçılığı
ilə “Türk İslam əxlaq fəlsəfəsinin qurucu
memarları: Türküstandan Anadoluya irfan məktəbinin
alimləri” adlı beynəlxalq konfrans keçirilib.
“Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı –
2018” tədbirləri çox mühüm ictimai-mədəni
hadisə kimi qədim diyarımızın tarixində əbədi
qalacaqdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
Sədri cənab Vasif Talıbovun dediyi kimi: “Azərbaycan
müstəqillik qazandıqdan sonra Naxçıvan Muxtar
Respublikasında İslam dəyərlərinə yeni
yanaşmanın – elmi baxışın əsası
qoyulmuş, türk-islam mədəniyyəti abidələri tədqiq
olunmuş, Naxçıvan İslam mədəniyyətinin əsas
inkişaf mərkəzi kimi bir daha öz təsdiqini
tapmışdır”.
İslam Təhsil, Elm və Mədəniyyət
Təşkilatının Baş direktorunun müavini Amina
Əl-Həcri “Naxçıvan İslam Mədəniyyətinin
Paytaxtı-2018”in bağlanış tədbirində
iştirakından məmnunluğunu bildirib, İslam Təhsil,
Elm və Mədəniyyət Təşkilatının Baş
direktoru Əbdüləziz Osman əl-Tuveycrinin minnətdarlığını
Ali Məclisin Sədrinə çatdırıb. Qeyd olunub ki, 5 min illik tarixə malik olan
Naxçıvan Qafqazın ən qədim şəhərlərindən
və mədəniyyət mərkəzlərindən biridir.
İslam dünyasında mühüm coğrafi və strateji
mövqeyə malik olan Naxçıvan şəhəri
İslam alimləri tərəfindən yüksək qiymətləndirilib.
Həmçinin Naxçıvan Şərq və Qərb,
Avropa və Asiya arasındakı tarixi ticarət
yollarının, mədəniyyət və təhsil əlaqələrinin
kəsişməsində yerləşir. Tarix
boyu Azərbaycan xalqının mühüm tarixi-mədəni
irsinin yaşadıldığı Naxçıvan mədəniyyət
və sivilizasiyalar arasında təmas vasitəsi olub və
mühüm körpü funksiyasını yerinə yetirib.
Özünün fərqli təbii, iqtisadi və mədəni
potensialı olan qədim Azərbaycan şəhəri
Naxçıvan öz zəngin maddi və qeyri-maddi mədəni
irsini keçmişin təcrübəsindən faydalanaraq
qoruyur və gələcəyə çatdırır.
Amina Əl-Həcri
Naxçıvan şəhərinin İslam Mədəniyyətinin
Paytaxtı elan edilməsi ilə bağlı keçirilən
tədbirlərdən danışaraq bildirib ki,
Naxçıvan şəhərinin 2018-ci il üçün
İslam Mədəniyyətinin Paytaxtı elan olunması ilə
bağlı İslam Elm, Təhsil və Mədəniyyət Təşkilatı
tərəfindən VII Beynəlxalq Klassik
Musiqi Festivalı, ISESCO-nun Yaşıl Şəhər
Strategiyasının həyata keçirilməsi ilə
bağlı Azərbaycan, Qazaxıstan, Özbəkistan,
Tacikistan, Türkiyə və Misirdən olan ekspertlərin
iştirakı ilə regional toplantı, mədəni sənaye
sahələrində investisiyaların əhəmiyyəti və
gənclər arasında işsizliyin azaldılmasında
onun rolu mövzusunda milli seminar, ekstremizm və islamafobiyaya
qarşı mübarizə mexanizmi kimi vasitəçilik və
dialoq mədəniyyəti üzrə milli seminar və digər
tədbirlər keçirilib.
Tədbirdə çıxış edən Azərbaycan
Respublikasının mədəniyyət naziri,
Naxçıvan şəhərinin 2018-ci il üçün
İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə
əlaqədar yaradılmış Təşkilat Komitəsi sədrinin
müavini Əbülfəs Qarayev deyib: Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin
“Naxçıvan şəhərinin 2018-ci ildə İslam mədəniyyətinin
paytaxtı elan edilməsi ilə əlaqədar Təşkilat
Komitəsinin yaradılması haqqında” 2016-cı il 2 iyun
tarixli Sərəncamı dövlət
başçısının bu tarixi hadisəyə verdiyi
böyük önəmin və Azərbaycanın bu qədim
diyarındakı zəngin mədəni-mənəvi irsə
yüksək qiymətinin təzahürüdür. Təşkilat
Komitəsi tərəfindən ötən dövrdə
mühüm tədbirlər həyata keçirilib.
Naxçıvan qədim tarixi və zəngin mədəniyyəti,
müasir iqtisadi imkanları və inkişafı ilə
İslam Mədəniyyətinin Paytaxtı statusunu ləyaqətlə
dünyaya nümayiş etdirdi. Həmçinin
2018-ci ilin 26 noyabr – 1 dekabr tarixlərində Mavriki
Respublikasının paytaxtı Port Luis şəhərində
UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə
Hökumətlərarası Komitəsinin növbəti
13-cü sessiyasında qəbul edilən qərarla “Yallı
(Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi
qrup rəqsləri” UNESCO-nun Təcili Qorunma
Siyahısına daxil edilmişdir. Məqsəd
ölkəmizin qədim və tarixi ərazisi olan
Naxçıvanda yaşayan əhalinin ənənəvi mədəniyyətinə
və xalq yaradıcılığına dünya miqyasında
işıq salmaq və tanıtmaq, eyni zamanda, bu ənənələri
UNESCO səviyyəsində qorumaqdan ibarətdir. Bununla da Şərur, ələlxüsus
“Köçəri” yallısını öz adına
çıxmağa çalışan Ermənistanın
“Yallı (Köçəri, Tənzərə),
Naxçıvanın ənənəvi qrup rəqsləri”
nominasiyasına qarşı təxribat xarakterli cəhdlərinin
qarşısı alınıb, növbəti dəfə bu
ölkəyə layiqli cavab verilib. Naxçıvanın
İslam Mədəniyyət Paytaxtı olması bir illə məhdudlaşmır.
Naxçıvan İslam sivilizasiyanın tarixi mədəni mərkəzlərindən
biri olub və bundan sonra da bu adı əbədi qoruyub
saxlayacaqdır.
Sonra “Naxçıvan İslam Mədəniyyətinin
Paytaxtı-2018”in bağlanışı münasibətilə
konsert olub. Azərbaycan Respublikasının Xalq
artisti Alim Qasımov və Əməkdar artist Fərqanə
Qasımova xalq mahnıları və
muğamlarımızı məharətlə və
böyük ustalıqla ifa ediblər. “Şərur” Xalq
Yallı Ansamblının ifasında təqdim olunan
“Köçəri” və “Tənzərə” yallıları
da alqışlarla qarşılanıb.
Konsertdən sonra Naxçıvan
Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov,
İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının
Baş direktorunun müavini Amina Əl-Həcri, Azərbaycan
Respublikasının mədəniyyət naziri Əbülfəs
Qarayev və TÜRKSOY-un Baş katibinin müavini Fırat
Purtaş səhnə arxasına keçərək
ifaçılarla görüşüblər.
Ali Məclisin Sədri uğurlu konsert
münasibətilə təbriklərini çatdıraraq
deyib: Bugünkü konsertdə Alim Qasımov ilahi eşqlə
və şövqlə oxudu. Bəlkə də
qarşıdakı illərdə sizin daha gözəl konsertləriniz
olacaq, amma bu konsert yaradıcılığınızın
zirvəsi oldu. İmprovizələr, uzlaşmalar gözəl
alındı və konsert naxçıvanlıların
yaddaşında silinməz iz qoydu. “Şərur” Xalq Yallı
Ansamblı da yallılarımızı məharətlə
ifa etdi. “Yallı (Köçəri, Tənzərə),
Naxçıvanın ənənəvi qrup rəqsləri”
UNESCO-nun Təcili Qorunma Siyahısına daxil edilmişdir.
Yallı bizim qədim irsimizdir. Ona görə də
vaxtilə muxtar respublikada yallı sənətinin UNESCO səviyyəsində
qorunması ilə bağlı tədbirlər həyata
keçirilmiş, tədqiqatlar aparılmış, “Şərur”
Xalq Yallı Ansamblının fəaliyyəti və
Naxçıvanda yallı sənəti ilə bağlı məlumatlar
hazırlanıb aidiyyəti üzrə təqdim olunmuşdur.
Ali Məclisin Sədri ifaçılara yeni
yaradıcılıq uğurları arzulayıb.
İslam Təhsil, Elm və Mədəniyyət
Təşkilatının Baş direktorunun müavini Amina
Əl-Həcri deyib: İfa olunan mahnılar, muğamlar və
yallılar Azərbaycan xalqının özünəməxsusluğunu,
tarixini və zəngin mədəni irsə malik olduğunu
göstərir. Bunlar sadəcə musiqi və rəqs
deyil, həm də bir xalqın qədim tarixinin
yaşadılmasıdır.
Azərbaycan Respublikasının mədəniyyət
naziri Əbülfəz Qarayev deyib: Bugünkü konsertdə təqdim
olunan bütün yaradıcılıq nümunələri UNESCO-nun
siyahısına daxil edilib. Muğam
ifaçılığı, tar, kamança və yallı
bir daha təsdiq etdi ki, Azərbaycan xalqının
yaratdığı incəsənət nümunələri
bütün bəşəriyyətə məxsusdur. Bütün bunların bir arada “Naxçıvan
İslam Mədəniyyətinin Paytaxtı-2018”in bağlanış
tədbirində ifa olunması isə mühüm əhəmiyyətə
malikdir. Çünki Naxçıvanda tarixin və mədəni
irsin qorunub-saxlanılması və təbliği sahəsində
kompleks işlər görülür.
Azərbaycan Respublikasının Xalq Artisti Alim
Qasımov göstərilən diqqətə və
yaradıcılıqlarına verilən yüksək qiymətə
görə Ali Məclisin Sədrinə minnətdarlıq edib.
Sonra ifaçılarla və “Naxçıvan
İslam Mədəniyyətinin Paytaxtı-2018”in
bağlanış tədbirinin iştirakçıları ilə
xatirə şəkilləri çəkdirilib.
Respublika.-2018.-
16 dekabr.- S.5.