Qəbələ Azərbaycanın ikinci turizm mərkəzidir
Azərbaycan Prezidenti İlham
Əliyev və xanımı Mehriban Əliyevanın
iştirakı ölkəmizin bu əsrarəngiz turizm məkanının
daxili potensialından səmərəli istifadəyə
dövlət səviyyəsində yüksək qayğı və
diqqət göstərildiyini bir daha təsdiq edir.
Hələ 2002-ci ildə ümummilli liderimiz
Heydər Əliyev Qəbələdə səfərdə
olarkən bu diyarın gözəlliyinə məftun
olduğunu bildirmiş və Qəbələ gecələrini
İsveçrə gecələrinə bənzətmişdi. Həmin vaxtdan da bu diyarın çiçəklənməsinin
bünövrəsi qoyulmuşdur. Ümummilli lider Heydər
Əliyevin layiqli davamçısı Prezident İlham
Əliyevin uğurlu siyasətinin nəticəsidir ki, bu
gün ölkəmizin hər bir bölgəsi kimi, Qəbələnin
də iqtisadiyyatı sürətlə inkişaf edir. Belə
vüsətli inkişaf və zəngin turizm potensialı
yaxın illərdə Qəbələnin dünyanın əsas
turizm mərkəzinə çevriləcəyinə zəmin
yaradır.
Bu gün Qəbələ şəhərinin
yaxınlığında eyni vaxtda 2000-dən çox
qonağı qəbul etmək imkanına malik olan 4 ədəd
beşulduzlu otel mövcuddur. Rayonda rahat şəkildə təbiət
qoynunda ailəvi istirahət etmək üçün, həmçinin
kiçik otellər, bir neçə istirahət mərkəzi
və turist bazası da fəaliyyət göstərir. Bölgənin
füsunkar təbiəti, təbii resursları, insan
potensialı və qonaqpərvərliyi, yüksək səviyyədə
xidmət də Qəbələni gözəl bir məkana
çevirmişdir.
Qəbələdə turizm və istirahət
komplekslərinin müxtəlifliyi nəticəsində bu
gün rayonun ərazisində kasıblar da, zənginlər də
istirahət edə bilərlər. Burada bir günlük istirahətin
qiyməti yerindən və xidmətlərin səviyyəsindən
asılı olaraq 20 manatdan 500 manatadək dəyişir. Hər
kəs öz cibinin imkanlarına uyğun məkan seçə
bilər. Hətta şəxsi maşını olanlar
üçün dağlıq ərazilərə səyahət
də mümkündür.
Məşhur “Şabalıd meşəsi”, mənzərəli
Vəndam, Qəmərvan, Yengicə, Nohurqışlaq, Bum, Həmzəli,
Durca, Bunut, Nic kəndləri turistlərin ən çox səfər
etdikləri məkanlardandır. Həmçinin
rayonun səsli-küylü dağ çayları olan Dəmiraparançay,
Türyançay, Tikanlıçay, Bum çay, Vəndam
çay və digər kiçik çaylar, Mucux və Yeddi
Gözəl şəlalələri, 60 min hektar ərazini əhatə
edən fıstıq, palıd, vələs, ardıc,
şabalıd meşələri, mineral və qeyri-mineral
bulaqlar da əcnəbi qonaqların gəzdikləri yerlərdəndir.
Regionun bitki və heyvanat aləmi qeydi-adi dərəcədə
zəngindir. Qəbələnin meşələrində və
dağ otlaq sahələrində marala, qabana, boz dovşana,
ayıya, canavara, tülküyə, çoxlu sayda nadir
quşlara – qırqovula, kəkliyə, turaca və digərlərinə
rast gəlmək olar. Mövsüm vaxtı dağlarda vəhşi
quşların bolluğu rayona çox sayda ovçu cəlb
edir.
Bu gün turizm sektoru Qəbələ
rayonunda iqtisadiyyatın əlverişli bir hissəsi olmaqla
kiçik və orta sahibkarlıq üçün möhkəm
baza yaradır, yeni iş yerlərinin açılmasına
kömək edir, regionun infrastrukturunun
formalaşdırılmasında mühüm rol oynayır.
Bütün bunlar 2008-2013-cü illəri əhatə
edən regionların sosial-iqtisadi inkişafı Dövlət
Proqramının və həmçinin yoxsulluğun
azaldılması və iqtisadi inkişaf üzrə Dövlət
Proqramının əsas müddəalarının uğurla həyata
keçirilməsinə əlverişli zəmin
yaratmışdır. Bu dövlət proqramlarının
uğurla icrası nəticəsində rayonda yoxsulluğun səviyyəsi
kəskin şəkildə aşağı
düşmüş, işsizlərin sayı minimuma
enmişdir. Həmçinin Qəbələdə
istehsalın planlı şəkildə aparılması da
turizm sənayesinin inkişafı ilə bağlıdır.
Qəbələnin turizm obyektləri hər il
nüfuzlu sərgilərə, beynəlxalq səviyyəli
ixtisaslaşdırılmış yarmarkalara qatılır və
dünya bazarında öz məhsullarını nümayiş
etdirir. Rayonun turizm sektorunda çalışan
peşəkarlar yaxşı bilirlər ki, xarici turistləri
necə qarşılamaq lazımdır, onlar nəyi görmək,
hansı adət-ənənələrlə tanış olmaq
istəyirlər, milli mətbəximizin hansı nümunələrini
daha çox xoşlayırlar, hansı servisə
üstünlük verirlər.
Rayonun təbii iqlim şəraiti də burada
turizmin inkişafı üçün yeni perspektivlər
açır. Relyefi müxtəlif olan Qəbələnin
şimal hissəsi Böyük Qafqaz dağ silsiləsinin cənub
yamacına, mərkəzi hissəsi Alazan-Həftəran vadisinə,
cənub hissəsi isə Acınohur ön
dağlığına daxildir. Respublikanın ən
yüksək dağ zirvəsi olan Bazardüzü (4466 metr) bu
rayonun ərazisində yerləşir.Bölgənin iqlimi
aşağı hissələrdə qışı quraq
keçən mülayim isti, yüksək dağlıqda isə
soyuq və rütubətli, illik yağıntı cənubda
500-600, şimaldakı yüksək dağlıqda isə
1600 millimetrədək olur. Bu amillər rayonda yay və
qış turizminin inkişafına əlverişli imkanlar
açır.
Azərbaycanın ən gözəl məkanlarından
biri olan Qəbələ həm də çoxlu sayda tarixi abidələri,
maddi-mədəniyyət nümunələri ilə məşhurdur.
Tarix-diyarşünaslıq muzeyində bu diyarın qədimliyini
əks etdirən yüzlərlə eksponat, tarixi maddi-mədəniyyət
nümunələri Qəbələ haqqında tam təəssürat
yaradır. Nağıllar aləmini xatırladan muzeyə daxil
olan kimi açıq səma altında Qəbələnin
daşyonma sənəti nümunələri ilə
rastlaşmaq olur. Muzeydə insan özünü qədim
dövrlərdəki kimi hiss edir. Hazırda muzeydə 12 mindən
çox tarixi-elmi əhəmiyyətə malik əşya
saxlanılır. Bütün bu nümunələr
Qəbələnin 2500 illik tarixinin əyani sübutudur.
Şanlı keçmişə malik olan Qəbələnin
hansı daşını tərpətsən, haraya ayaq bassan
orada min illər bundan əvvəlki tariximizin izlərini
görmək olar.
Qafqaz sıra dağlarının cənub ətəklərində
yerləşən və qüdrətli Alban dövlətinin
900 il ərzində paytaxtı olmuş qədim Qəbələni
tarixçilər əfsanəvi Babil, Troya, Pompey kimi şəhərlərə
bənzədirlər. Qədim Qəbələ şəhərini
əhatə edən qala divarlarının qalıqları
rayonun Çuxur Qəbələ kəndindədir. Qala
bişmiş kərpicdən, çay və karxana
daşlarından tikilmişdir. Qazıntı
zamanı orada çoxlu divar və döşəmə
qalıqları, ocaq yerləri, təndirlər, dulusçu
kürələri, həmçinin sümük və daş əşyalar,
qədim mis pullar tapılmışdır. Çuxur Qəbələ
Dövlət Tarix Mədəniyyət Qoruğunun 480 hektar ərazisi
vardır. Qoruq dünya əhəmiyyətli tarix və mədəniyyət
abidələri siyahısına daxil edilmişdir. Bundan əlavə, rayonun Böyük Əmili və
Nic kəndlərində alban məbədləri, Bum qəsəbəsində
XIX əsrə aid məscid, Bayramkoxa kəndində IX-XIV əsrlərə
aid Ustacan qalası, Həzrə kəndində XV əsrə
aid Şeyx Bədrəddin və Şeyx Mansur məqbərələri
turistlərin böyük marağına səbəb olan
abidələrdəndir. Nazirlər Kabinetinin qərarı ilə
rayonun ümumilikdə 93 tarixi mədəniyyət abidəsi
dövlət mühafizəsinə
götürülmüşdür. Onlardan biri, qədim Qəbələ
şəhərinin qalıqları dünya əhəmiyyətli
arxeoloji abidələr siyahısına aiddir. Səkkiz
memarlıq, 53 arxeoloji abidə ölkə, digərləri isə
yerli əhəmiyyətlidir.
Qədim Qəbələnin maddi-mədəniyyət
nümunələri ilə yanaşı, müasir Qəbələ
şəhəri də turistlərin böyük
marağına səbəb olur. Müasir Qəbələ
geniş, rahat asfalt yolları və küçələri,
möhtəşəm binaları, beynəlxalq aeroportu,
dünya səviyyəli konqres salonu, beşulduzlu otelləri,
yaraşıqlı parkları, idman meydançaları, istirahət
mərkəzləri olan modern şəhərdir.
Arxitekturası gündən-günə dəyişən və
gözəlləşən müasir Qəbələ Azərbaycanın
əsas turizm məkanlarından biri sayılır.
Qəbələnin son illər
beynəlxalq tədbirlərə ev sahibliyi etməsi də bu
rayona işgüzar səfərə və istirahətə gələnlərin
sayını dəfələrlə artırmışdır.
Şəhərin Heydər Əliyev adına Konqres Mərkəzində
hətta dövlət başçıları səviyyəsində
zirvə görüşlərinin keçirilməsinə
yaradılmış şərait dünya standartlarının
bütün tələblərinə tam cavab verir. Təsadüfi
deyildir ki, 2013-cü il avqustunda Qəbələ Konqres Mərkəzində
Türkdilli Dövlətlərin Əməkdaşlıq
Şurasının III Zirvə toplantısı
keçirilmişdir.
Ənənəvi Qəbələ beynəlxalq
musiqi festivalının sorağı da bu gün dünyanın
hər yerinə yayılmışdır. Festivala hər il məşhur
musiqiçilər və bəstəkarlar, tanınmış
ifaçılar toplaşırlar. Qonaqlar musiqi bayramında
iştirak etməklə yanaşı, rayonun müasir turizm
obyektlərində dincəlir, tarixi abidələri ilə
tanış olur, əsrarəngiz təbiətini seyr edirlər.
Hər il Qəbələ rayonunda turizm mövsümünə
rəsmən iyunun 15-də başlanılsa da, demək olar ki,
mayın ortalarından etibarən turistlərin bu diyara intensiv
axını müşahidə olunur.
Qəbələ özünəməxsus,
dadlı-tamlı mətbəxi ilə də diqqəti cəlb
edir. Müxtəlif növ paxlavaları, qozla hazırlanan Həmzəli
halvasını Qəbələdən başqa heç yerdə
görmək olmur. Döşəməli plov və
daşarası kababı isə Qəbələ mətbəxinin
şahı sayılır.
Qəbələnin özəlliklərini
sadalamaqla qurtarmaz. Burada həm böyüklərin, həm də
uşaqların istirahət etməsi, əylənməsi
üçün hər cür şərait vardır.
Rayonda turizm sektorunun
inkişafı üçün ixtisaslı kadrlar hazırlayan
Qəbələ Rayon Turizm və Otelçilik üzrə
Peşə Tədrisi Mərkəzi respublikamızın
müxtəlif bölgələrindəki turizm obyektlərinin
kadrla təmin edilməsi istiqamətində uğurla fəaliyyət
göstərir. Tədris mərkəzində mehmanxana
inzibatçısı, mühasib-fərdi kompyuter,
barmen-bufetçi-xörəkpaylayan, aşpaz qənnadçı
ixtisası üzrə kadrlar hazırlanır.
Bu gün Qəbələdə
irili-xırdalı 100-dən artıq turizm obyekti fəaliyyət
göstərir. Son 7 il ərzində Qəbələdə
müasir turizm obyektlərinin sayı 5 dəfə artaraq 19-a
çatmışdır. “Qafqaz” brendi altında fəaliyyət
göstərən beşulduzlu otellər, o cümlədən
“Qafqaz Resort”, “Qafqaz Riverside”, “Qafqaz Sport”, “Qafqaz Karvansaray” otelləri
xidmətin səviyyəsinə görə ölkənin ən
qabaqcıl otelləri sırasındadır. “Sərin
meşə”, “Duyma”, “Karvan”, “Yeddi gözəl”, “Sahil”,
“Selbasar”, “Ay işığı”, “Yengicə”, “Xanlar”, “Çənlibel”,
“Soyuq bulaq”, “Gilan”, “Qəbələ” otel və istirahət mərkəzləri
son illərdə inşa edilən turizm obyektlərindəndir
və bu məkanlarda qonaqların mənalı, xoş istirahəti
üçün hər cür şərait yaradılmışdır.
Gün ərzində bu obyektlərdə,
ümumilikdə, 2500-ə yaxın qonağa milli, türk və
Avropa yeməklərinin daxil olduğu restoran xidmətləri və
müasir otelçilik, meşə gəzintisi, atla gəzinti,
balıq ovu, göldə qayıqla gəzinti, rayonun görməli
yerlərinə və tarixi abidələrinə səyahət
xidmətləri göstərilə bilir. Bundan əlavə,
turistlər “Qəbələnd” istirahət və əyləncə
mərkəzinin, otellərin nəzdindəki fitnes
sağlamlıq mərkəzlərinin, sauna, masaj salonu,
türk hamamı və diskotekaların xidmətlərindən
də bəhrələnirlər.
Hazırda rayonun ərazisində inşa edilən
“Aquapark” istirahət və əyləncə və “Golf Resort”
idman və istirahət mərkəzləri də gələcəkdə
rayona daha çox turistin cəlb olunmasına xidmət edəcəkdir.
Çoxsaylı otellər,
“Beltmann” piano fabriki, Stend və Ox Atıcılığı
Kompleksi, Atçılıq Mərkəzi, “Qəbələ”
İdman Klubunun Uşaq Futbol Akademiyası, stadionlar kompleksi, Qəbələ
Mədəniyyət Mərkəzi bölgənin mədəniyyət,
turizm, idman infrastrukturunda mühüm yer tutur.
Hər il Mədəniyyət və
Turizm Nazirliyinin dəstəyi və “Gilan-Turizm” MMC-nin təşkilatçılığı
ilə Qəbələ rayonunun turizm potensialının təqdimatı
ilə bağlı infoturların təşkili, yerli və
xarici turizm şirkətlərinin nümayəndələrinin
bu məkanla yaxından tanış olması bölgədə
turizmin daha sürətlə inkişafına təkan
verir.
Rayonda turizmin inkişaf dinamikasına nəzər
salsaq görərik ki, bu yerlərə turist axını
yüksələn templə davam edir. Məsələn, 2008-ci
ildə Qəbələyə 14 min 630 turist gəldiyi halda,
2013-cü ildə bu rəqəm 45 mini keçmişdir. Turist
axınının artmasına səbəb olan amillərdən
biri də əvvəlki illərlə müqayisədə otel
və restoran xidmətlərinin qiymətlərində endirimlərlə
bağlıdır. Qiymətlərin aşağı
düşməsinə səbəb isə rayonda turizm obyektlərinin
çoxluğu və onların arasındakı rəqabətlə
əlaqədardır.
Qəbələ təbii şəraitinin zənginliyi
və qədim tarixi ilə ilin bütün fəsillərində
dünyanın bütün guşələrindən turistləri
özünə cəlb edir. Hazırda Azərbaycanın
gözəl təbiəti məşhur olan Qəbələdə
qış turizmi sürətlə inkişaf etdirilir. Görülən işlərin nəticəsidir ki,
31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi
Günü və Yeni il münasibətilə ölkəmizdə
bir həftə davam edən bayram tətili günlərində
Qəbələdə istirahət edən turistlərinin
sayı xeyli artmışdır. Həmin
günlərində rayona qarın yağmasını fürsət
bilərək Qəbələyə gələn yerli və
xarici turistlərin ixtiyarına yeni əyləncə mərkəzi
və attraksionlar verilmişdir. Əsasən də hava şəraitinə
uyğun gəzinti və ekskursiyalar, qayıqla balıq ovu və
qış fəsli üçün ən maraqlı olan
qarlı havada motorlu xizəklərdə gəzinti təşkil
olunmuşdur.
Qəbələyə gələn yerli turistlərlə
yanaşı, əcnəbilərin də sayı çox
olmuşdur. Məlumata görə, bir həftə ərzində
rayona 4 minədək turist gəlmişdir.
Rayonda istirahət edən xarici
turistlərdən Malayziya vətəndaşı Patrisa Seva,
hindistanlı Coco Aburahman, iranlı Anita Şərifi,
ukraynalı İvanna Kovalenko, turkiyəli Azmi Bostan, rusiyalı
Olqa Koroleva Qəbələ ilə bağlı təəssüratlarını
AZƏRTAC-ın müxbiri ilə bölüşmüşlər.
Onlar Qəbələdə turizm sektorunun sürətlə
inkişaf etdiyini, bu sahəyə böyük sərmayə
qoyulmasının şahidi olduqlarını bildirmişlər.
Turistlər öz ölkələrində Qəbələ
haqqında, xüsusən də burada keçirilən beynəlxalq
musiqi festivalları, idman yarışları, konfranslar barədə
çox eşitdiklərini, 2013-cü ildə Qəbələnin
MDB-nin mədəniyyət paytaxtı kimi bir sıra tədbirlərə
ev sahibliyi etməsi barədə məlumatlı
olduqlarını söyləmişlər.
Qəbələdə ləziz yeməklərin
dadına baxan turistlər bu rayondakı turizm obyektlərində
gözləmədikləri yeniliklərin şahidi
olduqlarını bildirmişlər. Onların yekdil rəyləri
belə olmuşdur: “Qəbələnin gözəl təbiəti,
buradakı beşulduzlu otellər kompleksi, yaradılmış
şərait, qonaqpərvər insanlar və yüksək xidmət
bizdə xoş təəssüratlar yaratmışdır.
Füsunkar təbiətin, uca dağların və
yaşıl meşələrin əhatəsində, təmiz
havada istirahət edirik, müxtəlif əyləncə mərkəzlərinin
imkanlarından bəhrələnirik”.
Bir sözlə, bu gün qədim Qəbələ
özünün ikinci gənclik dövrünü
yaşayır və tədricən keçmiş şöhrətini
özünə qaytarmaqdadır.
Rasim Amanov
Respublika.-
2018.- 4 fevral.- S.4.