Xocalı faciəsinin 26-cı ildönümü
ilə bağlı “Badam ağacı çiçəkləyəndə” tamaşasının təqdimatı
olub
Fevralın 22-də Akademik Milli
Dram Teatrında Xocalı faciəsinin
26-cı ildönümü ilə bağlı “Badam ağacı çiçəkləyəndə” tamaşasının premyerası
olub.AZƏRTAC xəbər
verir ki, tədbirdə Prezident Administrasiyasının gənclər
siyasəti və idman məsələləri
şöbəsinin müdiri
Yusuf Məmmədəliyev, Heydər
Əliyev Fondunun vitse-prezidenti, “Xocalıya ədalət!” beynəlxalq
kampaniyasının təşəbbüskarı
Leyla Əliyeva, xarici ölkələrin Azərbaycandakı səfirliklərinin
nümayəndələri, gənclər təşkilatlarının
təmsilçiləri iştirak
ediblər.Tamaşadan əvvəl
Xocalı soyqırımı, həmçinin
Azərbaycanın Ermənistan
tərəfindən işğal
olunmuş torpaqları
barədə məlumat
verilib. Bildirilib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən
gecə Xocalının
dinc əhalisinə qarşı Ermənistan silahlı birləşmələri
soyqırımı törədiblər.
Bu qanlı qırğında
613 nəfər, o cümlədən
106 qadın, 63 uşaq
və 70 ahıl qətlə yetirilib, 1275 nəfər girov götürülüb, 150 nəfərin
taleyi isə bu günə qədər məlum deyil. Faciə zamanı Xocalının
487 sakini, o cümlədən
yetkinlik yaşına çatmamış 76 uşaq
əlil olub, 26 uşaq hər iki valideynini itirib.
Sonra tamaşaya
baxış olub.
“Badam ağacı
çiçəkləyəndə” tamaşası Azərbaycan
Respublikasının Prezidenti
yanında Gənclər
Fondunun təşkilatçılığı
ilə “Xocalıya ədalət!” kampaniyası
çərçivəsində hazırlanıb. Tamaşa
Xocalıdan didərgin
düşmüş sakinlərin
xatirələri üzərində
qurulub. Qayğısız
həyat yaşayan xocalılar bir gecədə vəhşicəsinə
qətlə yetirilirlər,
erməni silahlıları
tərəfindən əsl
soyqırımına məruz
qalırlar.
Tamaşa Akademik
Milli Dram Teatrının səhnəsində
Gənc Tamaşaçılar
Teatrının yaradıcı
heyəti tərəfindən
ərsəyə gətirilib.
“Badam ağacı çiçəkləyəndə” tamaşasında Gənc Tamaşaçılar Teatrının
aktyor heyəti ilə yanaşı, kütləvi səhnələrdə
Azərbaycan Dövlət
İqtisad Universitetinin
tələbələri də
yer alıblar.
Tamaşanın “Badam ağacı çiçəkləyəndə” adlandırılması heç
də təsadüfi deyil. Çünki badam ağacı çiçəkləməyə başlayan ilk ağacdır. “Xocalıya
ədalət!” kampaniyasının
loqosunda əks olunmuş badam çiçəyi Azərbaycanın
Dağlıq Qarabağ
regionunun qədim yaşayış məskənlərindən
olan Xocalıda 1992-ci il fevralın 25-dən
26-na keçən gecə
ermənilər tərəfindən
törədilmiş soyqırımına
münasibətdə
ədalətin təmin
edilməsinə və
bu cür qəddar əməllərin
təkrar olunmamasına
ümidi əks etdirir.
Rejissor Gülnar Hacıyevanın
quruluş verdiyi tamaşada əsas obrazları aktyorlar Kərəm Hadızadə,
Zemfira Əbdülsəməd,
Mirzağa Mirzəyev,
Elnur Kərimov, Asya Atakişiyeva, Güşvər Şərifova,
Mehriban Hüseynova, Zülfiyyə Alhüseynova,
Elşən Şıxəliyev
və Manaf Dadaşov canlandırıblar.
Tamaşa başa
çatandan sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva aktyorlarla görüşüb
qısa söhbət edib.
Respublika.-
2018.- 23 fevral.- S.4.