Ağdam uşaq musiqi məktəbləri

 

Ağdamın Gülablı kənd Uşaq Musiqi Məktəbi 1979-cu ildən fəaliyyətə başlamışdır. Erməni işğalından sonra bu məktəb məcburi köçkün kimi öz fəaliyyətini BDU-nun 5 nömrəli yataqxanasında davam etdirmişdir. 2013-cü ildən isə məktəb Qaradağ rayonunun Müşfiqabad qəsəbəsindəki qaçqınlar üçün salınmış şəhərcikdəki Ağdam rayon 33 nömrəli köçkün tam orta məktəbində yerləşmişdir.

Məktəbdə musiqi məktəbi üçün 23 sinif ayrılmışdır ki, bu da tədrisin keyfiyyətlərinə müsbət rol oynayır.

Məktəbin direktoru Aygün Hüseynova ilə söhbət edərkən o bildirdi ki, indi məktəbdə 211 nəfər şagirdə 56 nəfər ixtisaslı müəllim dərs deyir. Hazırda məktəbdə uşaqlar fortepiano, qarmon, tar, nağara, saz, sintezator və xanəndəlik ixtisasları üzrə dərs alırlar. Onu da qeyd etmək lazımdır ki, məktəb bütün lazım olan musiqi alətləri ilə təmin olunmuşdur.

Uşaqların yüksək səviyyə və ixtisasa yiyələnməsi üçün yeni metodlarından daha geniş istifadə olunur.

Tədris-metodik və təlim-tərbiyə işi, şagirdlərin proqram tələbləri səviyyəsində bilik almaları, müəllimlərin peşəkarlıq səviyyəsinin artırılmasına xüsusi diqqət yetirilməsi, metodiki ustalıqlarını artırmaq məqsədilə tədbirlərin təşkil edilməsi, onların açıq dərslərinin keçirilməsi, təlim-tərbiyə və metodiki işlərin səmərəli aparılması kimi vacib məsələlər pedaqoji kollektivin qarşısına məqsəd qoyulur.

Direktor Aygün Hüseynova onu da qeyd etdi ki, məktəbdə, təkcə şagirdlərin deyil, eyni zamanda müəllimlərin də peşəkarlıq səviyyəsinin yüksəldilməsi sahəsində mühüm işlər görülür. Bunun nəticəsidir ki, məktəbdə təqvim günlərinə həsr olunmuş bir çox tədbirlər də həyata keçirilir. Məsələn, 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü, Yeni il bayramı, 20 Yanvar - Ümumxalq hüzn günü, 31 Mart  - Azərbaycanlıların Soyqırımı Günü, 26 fevral Xocalı soyqırımı günü, Novruz bayramı, Turizm günü, Q.Qarayevin 100 illiyi, ulu öndərimizin 95 illiyi, Cümhuriyyətimizin 100 illiyisair tədbirlər bu qəbildəndir.

Aparılan tədbirlərin və dərslərin keyfiyyətli keçirilməsinin nəticəsidir ki, məktəbin məzunları hər il musiqi təmayüllü aliorta ixtisas məktəblərinə qəbul olmuşlar. Görülmüş yüksək səviyyəli tədbirlər onu göstərir ki, son vaxtlar məktəbin şagirdlərindən 1 nəfəri Musiqi Akademiyasına, 2 nəfəri Milli Konservatoriyaya, 15 nəfəri isə musiqi kolleclərinə daxil olmuşlar.

Onu da qeyd etmək lazımdır ki, şagirdlərin bir çoxu respublikamızda keçirilən müxtəlif müsabiqələrin, tədbirlərin qalibi olmuş, şagirdlərin bir çoxu eyni zamanda respublika televiziyasının müxtəlif proqramlarında çıxış etmişlər.

 

***

 

Ağdam rayonunun 1 saylı Uşaq Musiqi Məktəbi də özünəməxsus nailiyyətlər əldə etmişdir. Qeyd etmək lazımdır ki, məktəb 1947-ci ildən fəaliyyətə başlamışdır. Erməni təcavüzü nəticəsində məcburi köçkünlük həyatı yaşamağa məcbur olmuşdur. 1994-cü ilin yanvar ayından Bakı şəhərinin Binəqədi rayonunun Dərnəgül qəsəbəsində fəaliyyətini bərpa etmişdir. 2017-ci ilin sentyabrından isə Masazır qəsəbəsindəki Zəngilan rayonunun 33 saylı məktəbinin binasında fəaliyyətini davam etdirir. Məktəbin direktoru Yeganə Vəliyeva ilə söhbət edərkən o bildirdi ki, məktəbdə fortepiano, skripka, tar, kamança, qarmon, nağara, səs şöbələri fəaliyyət göstərir. İxtisaslar üzrə 271 şagird təhsil alır ki, onlara da 64 müəllim dərs deyir. Bu müddət ərzində məktəbin məzunları respublika əhəmiyyətli tədbirlərdə fəal iştirak etmişlər. Bu məktəbi bitirmiş şagirdlərin bir çoxu indi respublikamızın ən görkəmli incəsənət xadimləridir. Məsələn, professor, Xalq artisti, tarzən Ramiz Quliyev, professor, Milli Konservatoriyanın müəllimi Oqtay Quliyev, Milli Konservatoriyanın professoru Vaqif Abdulqasımov, Milli Konservatoriyanın müəllimi Fikrət Abdulqasımov və bir çox Əməkdar artistlər, adlı-sanlı mütəxəssislər bir vaxtlar bu məktəbin məzunu olmuşlar. Direktor Yeganə Vəliyeva onu da qeyd etdi ki, məktəbin məzunlaı respublikamızın əksər telekanallarındakı çıxışları ilə öz istedadlarını nümayiş etdirirlər. Qeyd etmək lazımdır ki, məktəbin xor kollektivi, fortepiano ifaçıları respublika müsabiqəsində nailiyyətlər əldə etmişlər.

Məktəbin xalq çalğı alətləri ansamblının 3 nəfər üzvü müsabiqə yolu ilə respublika uşaq musiqi məktəbləri şagirdlərindən ibarət xalq çalğı alətləri orkestrinə qəbul edilmişlər. Muğam ifaçılarının 2010-cu ildə keçirilən respublika tədbirində də məktəbin şagirdləri nailiyyətlər əldə etmişlər. Şagirdlərin bir çoxu müşayiət üzrə nailiyyətlərinə görə fəxri fərmanlara layiq görülmüşlər.

Onu da qeyd etmək lazımdır ki, Ağdam rayonunun Cabbar Qaryağdıoğlu adına 1 saylı Uşaq Musiqi Məktəbi respublikada keçirilən yüksək səviyyəli tədbirlərdə də fəal iştirak edir. Məsələn, 8 Mart - Qadınlar Bayramı, Habil Əliyev adına gənc kamança ifaçılarının respublika müsabiqəsi, Q.Qarayevin 100 illik yubileyinə həsr olunmuş müsabiqə, ulu öndərimizin 95 illik yubileyinə həsr olunmuş respublika müsabiqəsindəki çıxışlarına görə böyük nailiyyətlər əldə etmişdir.

Məktəbin kollektivi təkcə rayon, qəsəbə tədbirlərində deyil, eyni zamanda müxtəlif respublika tədbirlərində də müvəffəqiyyətlə çıxış edir.

 

Zabit CAVADOV

 

Respublika.- 2018.- 5 iyul.- S.5.