Müstəqil məhkəmə-hüquq sisteminin formalaşdırılması ulu öndərin adı ilə bağlıdır
Hər bir xalqın tarixi müəyyən mənada ona rəhbərlik etmiş böyük siyasi liderlərin, parlaq şəxsiyyətlərin çoxşaxəli fəaliyyətində öz təcəssümünü tapmışdır. Azərbaycan kimi özünəməxsus dəyərləri, mentaliteti, dövlətçilik ənənələri olan ölkələrdə şəxsiyyət və lider amili hər zaman aktualdır. Bu prizmadan baxdıqda əminliklə demək olar ki, xalqımızın əsrlər boyu formalaşan güclü, qətiyyətli, istiqamətverici milli lider idealı məhz dünya şöhrətli ictimai-siyasi xadim, ulu öndər Heydər Əliyevin parlaq şəxsiyyətində həqiqətə çevrilib. Ulu öndər Azərbaycan tarixində təkcə milli müstəqillik ideyasını praktik surətdə gerçəkləşdirmiş lider kimi yox, həm də yaratdığı dövlətin möhkəmliyini təmin edən, onun hərtərəfli inkişafı üçün iqtisadi, siyasi və hüquqi zəmin hazırlayan böyük strateq, müdrik rəhbər kimi daim xalqın qəlbində yaşayır.
Bu gün Azərbaycanda hüquqi dövlət quruculuğu sahəsində və onun tərkib hissəsi olan məhkəmə-hüquq islahatlarında ümummilli liderimiz Heydər Əliyevin rolundan danışılanda bəzən bu islahatların 12 noyabr 1995-ci ildə qəbul edilmiş Konstitusiya ilə başlanılması vurğulanır. Halbuki, həmin islahatlar çox-çox əvvəl, hələ Heydər Əliyevin Sovet Azərbaycanına 1969-1982-ci illərdə rəhbərlik etdiyi vaxtlarda başlamışdır. Onun həmin dövrdə atdığı uzaqgörən və radikal addımların xalqımızın taleyində köklü dəyişikliklərə səbəb olması danılmazdır.
Heydər Əliyevin bilavasitə təşəbbüsü və iştirakı ilə respublikanın 1978-ci ildə qəbul edilmiş Konstitusiyasında Azərbaycan dilinin dövlət dili statusu alması təsdiq olundu. Bu məsələ ona görə xüsusi olaraq vurğulanmalıdır ki, o zaman İttifaqın iri respublikaları öz dillərini dövlət dili statusuna qaldıra bilməmişdi.
1981-ci ildə ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə respublikada “Məhkəmə Quruluşu haqqında” yeni qanunun qəbul edilməsi məhkəmə orqanlarının inkişafı və möhkəmlənməsi üçün şərait yaratmışdır. Bu qanun 1960-cı ildə qəbul edilmiş qanuna nisbətən geniş və mütərəqqi sənəd olmaqla Azərbaycan SSR Ali Məhkəməsindən, Naxçıvan MSSR Ali Məhkəməsindən, Bakı Şəhər Məhkəməsindən, DQMV-nin Vilayət Məhkəməsindən, rayon (şəhər) xalq məhkəmələrindən ibarət məhkəmə sistemini formalaşdırmışdır.
Azərbaycan müstəqillik qazandıqdan sonra həyatımızın bütün sahələrində olduğu kimi, hüquq sahəsində də islahatların həyata keçirilməsi, tamamilə yeni hüquq və məhkəmə sisteminin formalaşması, daha mütərəqqi və demokratik dəyərlərə əsaslanan qanunvericilik bazasının yaradılması günün tələbinə uyğun meydana çıxdı. Ancaq müstəqilliyimizin ilk dövründə Azərbaycana rəhbərlik edənlərin səriştəsizliyi üzündən ölkədə heç bir islahat aparılmadı, sovet dövründən miras qalmış əski Konstitusiya saxlanıldı. Bu istiqamətdə sistemli işlərə 1993-cü ildə ümummilli lider Heydər Əliyev xalqın tələbi ilə respublika rəhbərliyinə yenidən qayıtdıqdan sonra başlanmışdır.
Müstəqil dövlətin həyatında Konstitusiyanın oynadığı rolu yüksək qiymətləndirən Heydər Əliyev səlahiyyətli tərkibdə Konstitusiya Komissiyası yaratdı və layihə ulu öndərin rəhbərliyi ilə geniş ictimaiyyətin müzakirəsinə verildi. 12 noyabr 1995-ci ildə Azərbaycanda çoxpartiyalı əsaslarla parlament seçkiləri keçirildi və eyni vaxtda referendum yolu ilə müstəqil Azərbaycanın Əsas Qanunu - Konstitusiyası qəbul olundu. Əsas Qanunda Azərbaycan dövlətinin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması; Konstitusiya çərçivəsində demokratik quruluşa təminat verilməsi; vətəndaş cəmiyyətinin qurulması; xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini təmin edən dünyəvi-hüquqi dövlətin bərqərar olunması, ədalətli sosial nizamın yaradılması və ən əsası, hakimiyyətin üç müstəqil qola — qanunvericilik, icra və məhkəmə hakimiyyətinə bölünməsi öz əksini tapmışdır. Qəbul edilmiş bu Konstitusiya köklü məhkəmə-hüquq islahatlarının aparılmasının da əsasını qoydu.
Hüquq islahatlarının həyata keçirilməsi, demokratik təsisatların və qanunun aliliyi prinsipinin möhkəmləndirilməsi məqsədilə 1996-cı ildə Prezident Heydər Əliyevin sərəncamı ilə Hüquq İslahat Komissiyası, 1998-ci ildə isə dövlət idarəetmə sistemində islahatlar aparılması üzrə Dövlət Komissiyası yaradıldı. Hüquq İslahat Komissiyası tərəfindən hazırlanmış və 1997-ci ildə Milli Məclis tərəfindən qəbul olunmuş “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunu ölkəmizdə məhkəmə-hüquq islahatları sahəsində atılan ilk, lakin çox vacib addım olmaqla hakimiyyətin üç müstəqil qolundan biri olan məhkəmə hakimiyyətinin müstəqil, yalnız qanun çərçivəsində fəaliyyət göstərməsinə imkan yaratdı. Hüquq İslahat Komissiyası tərəfindən hazırlanmış vacib qanunlardan biri də Azərbaycan Konstitusiyasının aliliyini təmin edilməsinə yönəlmiş “Konstitusiya Məhkəməsi haqqında” qanunun qəbul edilməsi oldu. Konstitusiya Məhkəməsinin təşkil olunması isə hüquqi-demokratik dövlət qurmaq amalı ilə yaşayan Azərbaycan xalqının müasir tarixində mühüm bir hadisə sayılmalıdır. Komissiya tərəfindən hazırlanmış “Vəkillər və vəkillik fəaliyyəti haqqında”, “Prokurorluq haqqında”, “Polis haqqında”, “Notariat haqqında” və sairə qanunların qəbulu xüsusi əhəmiyyətə malikdir.
Ölkəmiz 1996-1997-ci illərdə insan hüquq və azadlıqlarının, demokratik təsisatların təminatı ilə bağlı bir sıra beynəlxalq konvensiyalara, sazişlərə qoşulmuşdur. Azərbaycan Respublikasının insan hüquqlarının qorunması sahəsində əldə etdiyi ən mühüm nailiyyətlərdən biri BMT və Azərbaycan hökuməti arasında 1998-ci ilin avqustunda imzalanmış “İnsan hüquqları və demokratiyanın dəstəklənməsi sahəsində birgə layihə haqqında” memorandumudur. 1998-ci ilin 22 fevralında ümummilli liderimiz Heydər Əliyev tərəfindən qanunvericilikdə insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində həyata keçirilən tədbirlərin istiqaməti və konsepsiyası dəqiq müəyyən edilmiş, insan hüquqları məsələsi ümumdövlət səviyyəsinə qaldırılmışdır. 1998-ci il 18 iyul tarixində Azərbaycan Prezidentinin fərmanı ilə “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” təsdiq olunmuşdur.
“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun tətbiq edilməsi və “Məhkəmə islahatlarının həyata keçirilməsinə dair tədbirlər barədə” 1 dekabr 1998-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə məhkəmələrin təşkil edilməsi, hakim vəzifələrinə namizədlərin seçilməsi, habelə məhkəmələr və hakimlərlə bağlı digər məsələləri səlahiyyətləri dairəsində həyata keçirən məşvərətçi orqan kimi Məhkəmə-Hüquq Şurası yaradılmış və ölkə tarixində ilk dəfə olaraq hakim vəzifəsinə namizədin peşə hazırlığını, bilik səviyyəsini, hakim vəzifəsinə layiq olduğunu müəyyən etmək məqsədilə test üsulu ilə imtahan və müsahibə aparılması yolu ilə təyin edilməsi qərara alınmışdır. Təcrübədə sınanmış bu qaydaların nə dərəcədə effektiv olması özünü sübut etdi və 2000-ci ildə keçirilmiş test imtahanları zamanı hakim korpusunun 60 faizə qədər təzələnmişdir. Təkcə bu fakt seçkinin ədalətli, şəffaf, demokratik prinsiplərə uyğun keçirildiyinə əmin olmaq üçün kifayətdir.
Ölkəmizdə ölüm cəzası 1998-ci il fevralın 10-da ləğv edilmiş, Azərbaycan bütövlükdə Şərqdə bu qətiyyətli və tarixi qərarı verən ilk dövlət olmuşdur. Yüksək humanizm və insanpərvərlik örnəyinin bariz ifadəsinə çevrilən bu addım Azərbaycanın beynəlxalq nüfuzunu artırmış, 2001-ci il yanvarın 25-də müstəqil respublikamız Avropa Şurası kimi mötəbər bir təşkilata tamhüquqlu üzv qəbul edilmişdir. Təşkilatla səmərəli əməkdaşlıq Azərbaycanın qanunvericiliyinin Avropa standartlarına uyğun təkmilləşdirilməsinə, mütərəqqi məhkəmə-hüquq islahatlarının aparılmasına ciddi təkan vermişdir.
ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında yeni dünya düzənində aparıcı güc mərkəzləri arasında gedən mübarizənin mahiyyətinə uyğun xarici siyasət yürüdən müstəqil Azərbaycan Cənubi Qafqazın aparıcı dövlətinə çevrilmiş və ölkəmizin regionda gerçəkləşdirilən bütün transmilli layihələrdə iştirakı təmin olunmuşdur. Heydər Əliyevin xarici siyasət məsələlərinə müstəsna önəm verməsi, beynəlxalq miqyasda rezonans doğuran qətiyyətli addımlar atması, milli məqsədlər naminə nüfuzlu tribunalardan böyük, diplomatik məharətlə istifadə etməsi Azərbaycan dövlətçiliyinin bu günü və gələcəyi baxımından son dərəcə əhəmiyyətli olmuşdur. Məhz bütün bunların nəticəsidir ki, Azərbaycan cəmiyyəti Heydər Əliyevin əsasını qoyduğu unikal liderlik institutunu və dövlətçilik sistemini ölkənin beynəlxalq təhlükəsizliyinin, iqtisadi maraqlarının, siyasi sistemin sabitliyinin təmin edilməsinə yönələn fəlsəfi dünyagörüşü kimi qəbul edir.
Siyasətdə və dövlət idarəçiliyində mütərəqqi ənənələrin, irs-varislik əlaqələrinin qorunub saxlanılması hər bir xalqın sabit və davamlı inkişafı baxımından vacibdir və böyük əhəmiyyət daşıyır. İrs-varislik əlaqəsi Azərbaycan xalqının milli düşüncə sistemində də möhkəm intişar tapmış, xalqımız tarix boyu inandığı, etibar etdiyi siyasəti ürəkdən dəstəkləyərək öz təminatlı gələcəyinə doğru inamla addımlamışdır. Ümummilli lider Heydər Əliyev bu mənada həm də böyük müdrikliklə müəyyənləşdirdiyi milli inkişaf kursunu özündən sonra inamla davam etdirə biləcək layiqli siyasi varis yetişdirmişdir. Böyük strateq 2003-cü ilin oktyabrında xalqa müraciətində demişdir: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin yürütdüyü siyasətin məqsədyönlülüyü, ardıcıllığı, obyektiv gerçəkliyə adekvatlığı, bu siyasətin ölkənin milli mənafelərini əks etdirməsi respublikanın hər bir vətəndaşında gələcəyə böyük inam və əminlik yaradır.
Cənab İlham Əliyevin inamla davam etdirdiyi sosial-iqtisadi inkişaf strategiyası, böyük şövqlə həyata keçirdiyi islahatlar həm də onun yüksək idarəçilik qabiliyyətinə və mükəmməl iş təcrübəsinə dəlalət edir. Dövlət başçısı praqmatik və rasional addımları ilə respublikada demokratik proseslərə yeni nəfəs vermiş, ölkənin iqtisadi resurslarının bu yöndə səfərbər olunmasına şərait yaratmışdır. 2003-2018-ci illərdə respublikada elmi əsaslara söykənməklə həyata keçirilən siyasət sabit iqtisadi və siyasi sistemin yaradılması, sosial vəzifələrin həlli, əhalinin sosial rifah halının, alıcılıq qabiliyyətinin yüksədilməsinə, cəmiyyətdə ictimai konsensusun əldə edilməsinə yönəlmişdir. Qazanılan uğurlar Azərbaycanın davamlı surətdə demokratiya yolunda uğurla irəliləməsinə, dünya miqyasında nüfuzunun yüksəlməsinə, özünüifadəsinə geniş imkanlar yaratmışdır.
Ümumilikdə, hər addımda ulu öndər Heydər Əliyevin yüksək ideallarına sadiqlik nümayiş etdirən dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli siyasətin ali məqsədi Azərbaycanın hər bir vətəndaşı üçün layiqli və firavan həyat tərzinin təmin olunması, ölkədə azad və demokratik cəmiyyətin qurulmasıdır. Bütün bu proseslərdə Azərbaycan Prezidentinə ən böyük dəstək xalqdan, öz taleyini İlham Əliyevə etibar etmiş Azərbaycan vətəndaşlarından gəlir. Bu gün Azərbaycan xalqı İlham Əliyevi ölkədə baş verən intibahın, siyasi sabitliyin, əmin-amanlığın və sülhün qarantı hesab edir, ona tam güvənir. Çünki xalq öz həyatında, taleyində baş vermiş böyük dəyişikliklərin, Azərbaycanı parlaq sabahına doğru yaxınlaşdıran siyasi kursun əhəmiyyətini yaxşı dərk edir və bu siyasəti birmənalı şəkildə dəstəkləyir.
Azər HÜSEYNOV,
Sumqayıt Apelyasiya Məhkəməsinin
Hakimi
Respublika.- 2018.- 13 iyul.- S. 4.