Zamanın fövqündə dayanan dahi şəxsiyyət
14 iyul 1969-cu il... Həmin tarix ulu öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişi nəticəsində respublikamızın hərtərəfli inkişaf mərhələsinin başlandığı gündür. Həm keçmiş SSRİ, həm də müstəqil Azərbaycan Respublikası dövründə xalqına sədaqətlə xidməti həyat idealına çevirmiş Heydər Əliyev əmək və ictimai fəaliyyətinin ilk dövrlərindən özünün şəxsi keyfiyyətləri ilə fərqlənmiş, ən ali rəhbərlik səviyyəsinə yüksəlmişdir. Bu gün Azərbaycan məhz ulu öndərin titanik əməyi sayəsində regionun qabaqcıl ölkəsi statusu qazanmış və beynəlxalq münasibətlər sisteminin mühüm aktoruna çevrilmişdir.
1969-cu il Azərbaycanın ən yeni tarixinə dönüş ili kimi düşmüşdür. Ulu öndər Heydər Əliyev Azərbaycan KP MK-nın 14 iyul 1969-cu il tarixli plenumunda Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsinə seçilmişdi. Həmin plenumda ulu öndər qarşıda duran mürəkkəb və çətin məsələlərin həlli, bir sıra ciddi problemlərin aradan qaldırılması üçün səylə işləyəcəyini, yüksək etimadı doğrultmağa çalışacağını vurğulamış, qarşıya qoyulmuş vəzifələrin həyata keçirilməsi üçün əlindən gələni əsirgəməyəcəyini qeyd etmişdi.
Bu, bir həqiqətdir ki, ümummilli liderin fəaliyyəti sayəsində 1970-1982-ci illər baş vermiş müsbət dəyişikliklərin keyfiyyətcə yeni səviyyəyə yüksəlməsi baxımından müstəqil Azərbaycanın yaranması salnaməsində ən parlaq səhifələrdir. Məhz həmin illərdə böyük ictimai-siyasi xadim Heydər Əliyevin təşəbbüsü ilə keçmiş SSRİ rəhbərliyi Azərbaycan iqtisadiyyatının hərtərəfli tərəqqisini və dinamik inkişafını nəzərdə tutan xüsusi qərarlar qəbul etmişdi. Sosial-iqtisadi inkişafın başlıca istiqamətlərini müəyyən edən həmin qərarların xalqımızın mənafeləri baxımından tarixi əhəmiyyəti var idi. Bu gün əminliklə demək olar ki, indiki mərhələdə Azərbaycanın dövlət suverenliyi və iqtisadi müstəqilliyi, onun xarici iqtisadi əlaqələrinin genişlənməsi və dünya iqtisadiyyatına daha dərin inteqrasiyası prosesi hələ 1970-ci illərdə - 1980-ci illərin əvvəllərində təməli qoyulmuş potensiala əsaslanır. 1969-cu ilin 14 iyul tarixi xalqımızın yaddaşına əbədi yazılıb.
Türk dünyasının görkəmli elm adamı və ictimai xadimi, bütün türk xalqlarının misilsiz təəssübkeşi olan İhsan Doğramacı çıxışlarının birində qeyd etmişdi ki, Azərbaycan xalqı iyirminci əsrdəki milli qurtuluşunun tarixini əslində 1969-cu ilin yayından hesablamalıdır. Çünki həmin tarixdə siyasi hakimiyyətə gələn Heydər Əliyev sözün həqiqi mənasında böyük bir xalqın həyatında möhtəşəm dəyişikliyə, misilsiz inkişafa nail olmuşdu. 1969-cu ilə qədər SSRİ-nin aqrar respublikası kimi tanınan Azərbaycan həmin tarixdən sonra inkişaf etmiş sənaye ölkəsinə, elmi-texniki tərəqqinin geniş şəkildə tətbiq olunduğu respublikaya, yüksək mədəniyyəti ilə bütün dünyada tanınan bir diyara çevrilmişdi. Tarixçilərin fikrincə Heydər Əliyevin hakimiyyətə gəlişi Azərbaycanın hərtərəfli inkişafını təmin etmiş, ölkə yeni bir tərəqqi yoluna qədəm qoymuşdu. Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvandan başlanan müstəqillik yolu Azərbaycanın milli dövlətçiliyinin bərpasına gətirib çıxardı.
Xalqımızın böyük oğlu, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyev bəşəriyyətin yetirdiyi dahi, bənzərsiz şəxsiyyətlərdəndir. Müasir Azərbaycan dövlətinin bütöv bir qərinəsini əhatə edən tarixi taleyi, bu illər ərzində ictimai-siyasi, sosial-iqtisadi, eləcə də mədəni həyatımızın bütün sahə və istiqamətlər üzrə dirçəlişi ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Məhz bu illərdə Heydər Əliyev rəhbəri olduğu Azərbaycanın bütün məsuliyyətini öz çiyinlərində daşımış, onu bir dövlət, xalqımızı isə bir millət kimi tarixin ağır və sərt sınaqlarından uğurla çıxarmış, müasir Azərbaycanın etibarlı bünövrəsini yaratmışdır.
Ensiklopedik biliyə, güclü iradəyə və milli ruha malik olan Heydər Əliyev Azərbaycan xalqının azadlığının, müstəqil dövlətçiliyinin müqəddəratının həll edildiyi ən ağır günlərdə həmişə öz xalqının yanında olmuşdur. Azərbaycanın həqiqi müstəqilliyi, intibahı məhz Heydər Əliyevin çoxşaxəli fəaliyyəti ilə bağlıdır. Bu, sözün əsl mənasında, “ömrümün qalan hissəsini də xalqıma qurban verirəm”, - deyib şərəfli bir missiya ilə meydana atılan Vətən oğlunun öz xalqı, öz Vətəni qarşısında misilsiz fədakarlığı idi. Ulu öndərimiz həmişə Azərbaycan xalqının zəkasına, müdrikliyinə, qüdrətinə güvənib, arxalanıb. Tarix sübut etdi ki, dünya şöhrətli dövlət xadimi və mahir siyasətçi Heydər Əliyevin güvəndiyi, arxalandığı bu yenilməz qüvvə qarşıya çıxan neçə-neçə qorxunc təhlükəni sovuşdurmağa, keçilməz maneələri belə dəf etməyə həqiqətən də qadirdir. Məhz xalqın öz dahi lideri ilə birliyi, həmrəyliyi sayəsində müstəqilliyimiz əbədi prosesə çevrildi və ölkəmiz davamlı inkişaf yoluna çıxdı.
Ulu öndərimiz Heydər Əliyevin 1969-cu il iyulun 14-də Azərbaycanda hakimiyyətə gəldiyi və Azərbaycan KP MK-nın birinci katibi təyin olunduğu gün həyatımızın olduqca mühüm tarixi hadisəsi kimi yaddaşlarda əbədi qalıb. Dövlətçilik tariximizdə dinamik, hərtərəfli inkişaf və intibah epoxasının başlanğıcını qoyub. 1969-cu ildə respublikamıza rəhbərliyinin elə ilk günlərindən Heydər Əliyevin Azərbaycan dövlətinin və xalqımızın inkişafı istiqamətində gələcək fəaliyyətinin, atacağı addımların konturları aydın idi. Ulu öndərin rəhbərliyi illərində həyata keçirilən işlər Azərbaycanda böyük sosial-iqtisadi, elmi və ədəbi-mədəni inkişafa, müstəqil düşüncəyə yol açdı. Qısa zaman kəsiyində Azərbaycan İttifaqın tərkibində o zaman üçün müasir iqtisadi potensiala malik olan, daim inkişaf edən respublikaya çevrildi. Məhz Heydər Əliyevin böyük səyi və qətiyyəti sayəsində həmin dövrdə İttifaq hökuməti Azərbaycanda xalq təsərrüfatının hərtərəfli yüksəlişi və intensiv inkişafını nəzərdə tutan beş xüsusi qərar qəbul etmişdir. Xalqımız üçün böyük tarixi əhəmiyyət daşıyan bu mühüm qərarlar 70-80-ci illərdə və daha sonrakı perspektivdə ölkəmizin sosial-iqtisadi inkişafının əsas istiqamətləri üzrə kompleks məsələləri müəyyənləşdirmişdir. Həyata keçirilən qlobal miqyaslı işlər sayəsində 1976-1980-ci illərdə Azərbaycan artıq sənayedə məhsul istehsalının artımına görə SSRİ-də birinci yerə çıxmışdı. XX əsrin 70-80-ci illəri Azərbaycan tarixinə, sözün əsl mənasında, intibah dövrü kimi daxil olmuşdur.
Heydər Əliyevin 1982-ci ildə Siyasi Büronun üzvü seçilməsi və SSRİ kimi nəhəng dövlətin ali rəhbərliyində təmsil olunmasının milli qürur və iftixar hissi yaradan amil kimi mühüm rolunu da xüsusi vurğulamaq vacibdir. Xalqın liderinin onun hüdudlarından kənarda tanınması və etiraf olunması qədər milli düşüncəyə yüksək səviyyədə müsbət təsir göstərən digər amil təsəvvür etmək çətindir. Ümummilli lider Heydər Əliyevin dünyanın iki super dövlətindən birinin rəhbərlərindən olması həm də xalqımızın bəşəri miqyasda tanınması, onun gələcəyinə hesablanan gerçəkliyinin dərk olunması idi. Heydər Əliyevin XX əsrin son onilliklərində Azərbaycanın intibahı yolundakı xidmətləri, digər tərəfdən isə milli lider kimi birmənalı olaraq bütün xalq tərəfindən qəbul edilməsi milli azadlıq məfkurəsinin yeni mərhələdə formalaşmasında həlledici rol oynamış oldu.
Heydər Əliyev Azərbaycan xalqının suverenlik arzusunu tarixi reallığa çevirmiş, böyük qurbanlar bahasına əldə olunmuş müstəqilliyi zamanın çətin sınaqlarından çıxararaq qoruyub saxlamışdır. Ulu öndərin respublikamıza rəhbərlik etdiyi 34 il ərzində xalqımızın tərəqqisi naminə göstərdiyi xidmətləri saymaqla qurtaran deyil. Azərbaycan xalqı öz böyük oğlu Heydər Əliyevi yalnız siyasi lider kimi deyil, həm də milli dövlətçilik ideologiyasının şəriksiz müəllifi kimi qəbul edir. Çünki Heydər Əliyev siyasi kursundan kənarda Azərbaycan dövlətçiliyi yoxdur və ola da bilməz. Bu dahi insan Azərbaycanda hamının eyni dərəcədə inandığı bir ideologiyanın müəllifidir. O, bütün vətəndaşların hüquqlarını qoruya bilən dövlətin əsasını qoydu və yalnız hüququn aliliyinə əsaslanan idarəetmə sistemi yaratdı. Bunun üçün ilk növbədə ictimai-siyasi sabitliyin bərqərar edilməsinə nail olmaq lazım idi. Ümummilli liderimizin gərgin səyləri möhkəm sabitliyin yaradılmasına və Azərbaycanda normal siyasi münasibətlər sisteminin formalaşmasına gətirib çıxardı ki, bu da ümumilikdə dövlətin siyasi əsaslarının möhkəmləndirilməsinə səbəb oldu. XX əsrin sonu Azərbaycanda müstəqil dövlətçilik ənənələrinin formalaşması mərhələsidir. Bu mərhələnin şəriksiz lideri unudulmaz şəxsiyyət Heydər Əliyevdir. Ümummilli lider şəxsiyyət kimi zamanın yaddaşında bir də ona görə əbədilik qazanıb ki, tükənməz istedadını, zəngin təcrübəsini azad və müstəqil dövlət qurmağa sərf edib və hər şeydən əvvəl, xalqın xilaskarı olub.
Heydər Əliyev hamının qəlbinə yol tapmağı bacarır, yaddaşlarda dərin iz qoyurdu. Təkrarsız, heyrətamiz yaddaşa malik Heydər Əliyev əsl rəhbərə xas olan ensiklopedik biliyə malik idi. Geniş və zəngin fəaliyyəti onu milli maraqlar çərçivəsinə sığmayan, bəşəri dəyərlərin əxz olunmasında fəal iştirak edən böyük bir siyasətçiyə, dahi bir şəxsiyyətə çevirmişdi. Yalnız Azərbaycanda deyil, bütün dünyada bu görkəmli dövlət xadiminə, əsrimizin siyasi həyatında mühüm yer tutmuş, ən yüksək vəzifələrin məsuliyyətini daşımış insana dərin hörmət və ehtiram bəslənilib.
Ümummilli liderimizin xalqın birliyi yolunda göstərdiyi titanik fəaliyyəti hər bir soydaşımız üçün örnək olmalıdır. Biz Azərbaycanı sevməyi Heydər Əliyevdən öyrənmişik. “Azərbaycan mənim ürəyimdir, nəfəsimdir” - deyə böyük öndərimiz millətimizin və dövlətimizin əbədiyaşarlığı üçün əvəzsiz bir siyasi xətt, ideoloji baza miras qoydu. Heydər Əliyevin həyat və fəaliyyəti böyük bir məktəbdir və daim öyrənilməlidir. Şükürlər olsun ki, ulu tanrı xalqımıza Heydər Əliyev dühası kimi böyük şəxsiyyət qismət edib. Bu böyük şəxsiyyət həmişə xalqa arxalanır və deyirdi: “Xalq mənim dayağım, gücüm və inamımdır”. Xalq yolunda canını fəda etmiş, bütün həyatı boyu Vətənini və millətini düşünmüş ümummilli liderimizin ideyaları daim yaşayacaq. Azərbaycan xalqı, bütün türk dünyası onu heç vaxt unutmayacaq. Bütün ömrünü xalqımızın tərəqqisinə və firavanlığına həsr etmiş ulu öndərin həyat və fəaliyyəti bizim üçün güc mənbəyidir. Həyatımızın elə bir sahəsi yoxdur ki, orada ümummilli liderimizin izi olmasın. Bugünkü Azərbaycanın sürətli inkişafının təməl daşları da məhz Heydər Əliyevin qüdrətli əlləri ilə hörülüb.
Ulu öndərimiz hakimiyyətdə olduğu bütün dövrlərdə-1970-80-ci illərdə, həm də müstəqillik dövründə Azərbaycanın və xalqımızın hərtərəfli inkişafında çox mühüm rol oynayıb. Bu dahi şəxsiyyətin müəyyənləşdirdiyi müdrik siyasi kurs bu gün də, gələcəkdə də dəyişməz olaraq qalacaqdır. Çünki bu siyasət Azərbaycana daim uğur, xoşbəxtlik gətirir. Ulu öndərimizin siyasəti yaşayır, möhkəmlənir və zənginləşir.
1969-cu ildə Heydər Əliyevin Azərbaycana rəhbərliyə irəli çəkilməsi onu deməyə tam əsas verir ki, bu böyük dövlət xadiminin hakimiyyətə gəlişi mühüm tarixi zərurətdən doğub. Heç də təsadüfi deyil ki, bu illər tariximizin Heydər Əliyev dövrü adlandırılır. Bu, millətin gələcək liderinin qarşıdakı bir çox illər üçün xalqın etimadını qazanmaq yolunda ilk addımı idi. Azərbaycanda möhkəm nizam-intizam, qayda-qanun yaradıldı. Heydər Əliyev Azərbaycanı geri qalmış aqrar bir respublikadan keçmiş İttifaqın sənaye cəhətdən inkişaf etmiş bir respublikasına çevirə bilmişdi. Tükənməz enerjisi, qeyri-adi təşkilatçılıq bacarığı ona hər yerdə böyük hörmət gətirmişdi, dünyanın ən qabaqcıl siyasətçiləri onunla hesablaşırdılar, bu böyük şəxsiyyətə layiq olduğu yüksək ehtiram göstərirdilər.
Heydər Əliyev 14 il Azərbaycan KP MK-nın birinci katibi oldu. Bu vəzifədə onun yüksək təşkilatçılıq bacarığı, islahatçı dövlət xadimi kimi istedadı özünün parlaq təcəssümünü tapdı.
1982-ci ildə Siyasi Büroya üzv seçilərək SSRİ-ni idarə edən vəzifəli şəxslərdən biri olarkən bu dahi siyasətçinin potensialı daha geniş miqyasda üzə çıxdı. Heydər Əliyevin SSRİ rəhbərliyinə irəli çəkilməsi Azərbaycanı dünyaya tanıtdırmaq üçün əlavə imkanlar demək idi və o, vətənini, xalqını dərindən sevən insan kimi, yaranmış imkanlardan maksimum istifadə etməyi bacarırdı. Azərbaycanlı Heydər Əliyevin Siyasi Büro üzvü seçilməsi və ittifaq rəhbərliyində yüksək vəzifə tutması mühüm siyasi hadisə və xalqımız üçün böyük iftixar və qürur mənbəyi idi. Azərbaycan xalqının milli özünüifadəsi və inkişafı faktının təsdiqi idi. Heydər Əliyev Sovet İttifaqının rəhbərləri arasında öz erudisiyası və qabiliyyətləri ilə seçilirdi. Heydər Əliyev siyasi cəhətdən möhkəm, məntiqli, zəkalı, istədiyini tez çatdıran şəxsiyyət, sözün əsl mənasında şəksiz lider idi.
Sirr deyil ki, ulu öndərimizin Azərbaycanda hakimiyyətə gəlişi ilə çağdaş tariximizdə keyfiyyətcə yeni epoxanın, Azərbaycanı müstəqil dövlət qurmağa doğru aparan böyük yolun başlanğıcı qoyuldu. Heydər Əliyevin Azərbaycana birinci dəfə rəhbərlik etdiyi 70-80-ci illər respublikamızın quruculuq salnaməsinə ən parlaq səhifələr kimi daxil olmuşdur. Baş verən dəyişikliklərin miqyasına, sosial-iqtisadi və mədəni sahələrdə aparılan dərin islahatların xarakterinə, xalqın maddi rifah halının yaxşılaşdırılmasına və yeni mərhələyə keçirilməsinə görə həmin illər müasir tariximizdə ən mühüm yerləri tutur.
Xalqımız xoşbəxtdir ki, ümummilli liderimizin siyasi kursu bu gün onun layiqli siyasi varisi, Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. İndi Azərbaycan iqtisadi inkişaf tempinə görə öndədir. Dünyada əhəmiyyətli regional layihələrin təşəbbüskarı və iştirakçısıdır. Heydər Əliyevin 1969-cu il iyulun 14-də Azərbaycanda hakimiyyətə gəldiyi gün həyatımızın olduqca mühüm tarixi hadisəsi kimi yaddaşlarda əbədi qalıb. Dövlətçilik tariximizdə dinamik, hərtərəfli inkişaf və intibah epoxasının başlanğıcını qoyub. Heydər Əliyev hələ sovet rejimi şəraitində bəşəriyyətin ən aktual çağırışlarına cavab vermək iqtidarında olan müasir ruhlu yeni rəhbər nümunəsi idi.
Vəli ALBƏNDOV,
“Qarabağ-E.R” MMC-nin baş direktoru,
Əməkdar
mühəndis, Yeni Azərbaycan
Partiyasının
üzvü.
Respublika.- 2018.- 13
iyul.- S. 4.