Sayat Nova haqqında həqiqətlər

(Aşıq, azərbaycanlı və müsəlman Şeyx Sayat Novaya - Harut Seyidə qarşı 200 ildən artıq davam edən erməni terroru)

Ermənistan hakim dairələri Sovet imperiyasının dağılması ərəfəsində fürsətdən istifadə edib öz havadarlarının köməyi ilə bütün azərbaycanlıları qədim ata yurdundan silah gücünə qovub çıxarmağa, Dağlıq Qarabağı zəbt etməyə hazırlaşmağa başladıqları bir vaxtda Azərbaycanda bu fəlakətin qarşısı alınmadı. Bakıda Azadlıq meydanında hər gün etiraz mitinqi keçirən xalqın səsi eşidilmədi.

O zaman Azərbaycan MK rəhbərliyi Qarabağa Azərbaycan-erməni dostluğu haqqında söhbət aparmağa mühazirəçilər göndərirdi.

Mənə də xüsusi tapşırıqla Sayat Novanın şeirlər toplusunu, Azərbaycan, gürcü və erməni dilində əlyazması olan “Dəftər”ini ön sözlə nəfis şəkildə tərtib və nəşr etdirmək tapşırılmışdı. Biz dost rolunda çıxış etməklə “donuzu darıdan çıxarmaq niyyətində idik”.

Cənubi Qafqazda Sayat Nova xalqlar dostluğunun nəğməkarı kimi təbliğ olunurdu. Onun yaradıcılığı ilə yaxından tanışlıq məndə qəti bir fikir oyatmışdı ki, əgər Sayat Nova ermənidirsə, “Dəftər”indəki şeirlər onun orijinal əsəri ola bilməzdi. Bu, olsa-olsa Azərbaycan və gürcü dillərini bilən bir erməni aşığının öz repertuarı üçün Cənubi Qafqaz xalqlarının bədii ədəbiyyatından seçmələri öz “Dəftər”inə köçürməsi ola bilərdi. Orta əsr Azərbaycan poeziyasına dərindən bələd olan bir mütəxəssis axtarırdım ki, tədqiqat aparıb “Dəftər”dəki şeirlərin müəlliflərini müəyyənləşdirsin. Onda məlum olardı ki, bu şeirlər ayrı-ayrı şairlərə məxsusdur. Mən uzun illər bu barədə düşünürdüm.

Sayat Əmirzadənin “Respublika” qəzeti redaksiyasına təqdim etdiyi tədqiqat əsəri mənim heyrətimə səbəb oldu. Sən demə, Sayat Nova azərbaycanlı imiş.

İstedadlı tədqiqatçı alim S.Əmirzadə həmkarı Sara Sərablı ilə Sayat Novanın külliyyatını dərindən-dərinə araşdırmaqla təkzib edilməyən tutarlı dəlillərlə iki yüz ildən artıq sirrini özündə gizlədən, erməni mənəvi terrorunu ifşa edən qeyri-adi problemi - açılması mübhəm düyünü açmışlar. Onlar faktlarla Sayat Novanın kimliyini sübut etmişlər.

Necə deyərlər, dərəni xəlvət görən erməni alimləri tülküsayağı özlərinə irsən xas olan xəyanət yolu ilə Cənubi Qafqazda millətlər arasında üç dildə çalıb-çağıran nəğməkarın erməni əsilli olmasını təbliğ etməklə özününküləşdirə bilmişlər. Mənəvi terror erməniliyin hiylə və qəddarlıqla reallaşdırdığı yaşam həyat tərzidir.

Müəlliflər S.Əmirzadə və Sara Sərablının birgə elmi axtarışları nəticəsində orta əsrlərin dumanında dolaşıqlığa düşən sayatnovaşünaslığa tam aydınlıq gətirilmişdir.

Gürcüstanın “Kvira” İnformasiya Agentliyində və “Respublika Qruziya” qəzetində görkəmli alim Bondo Arveladze elmi ictimaiyyətə ünvanladığı məqaləsində Tbilisidə rus dilində “Merani” nəşriyyatının 2017-ci ildə nəşr etdiyi “Sayat Nova: Mən dostumun hicrilə oyandım” monoqrafiyasında yüz əlli ildən çox erməni əsirliyində olan Sayat Nova və onun poetik irsi haqqında gizlədilmiş, təhrif olunmuş həqiqətin aşkara çıxarılmasından söhbət açır.

“Respublika” qəzeti redaksiyası böyük zəhmət və ciddi axtarışların nəticəsində Sayat Nova haqqında həqiqəti “kəşf” edən müəlliflərin dəyərli əsərinin məzmununu ehtiva edən, dolğun təsəvvür yaradan açıqlaması ilə oxucuları tanış etməyi vacib bilir.

 

Teymur ƏHMƏDOV.

 

 

(əvvəli 14 iyul tarixli sayımızda)

 

 

 

Sayat Nova “nadan” oxuculara münasibətini bir çox misralarında belə ifadə edirdi: “Palıd qozasını xurma zənn edər”, “Tökmə donuz qabağına ləli gövhər, Sayat Nova”. Mistik sevgi və sosial-siyasi motivlərin birləşdiyi mövzuya bir çox şeirlər həsr edilmişdir.

“Sən arifsən” şeirinin dördüncü bəndində şair yazır:

 

Hər yetən kəs içə bilməz,

Mənim suyum özgə sudur,

Hər yetən kəs oxuyammaz,

Yazım haqqın yazısıdır.

 

Lakin bu şeirin V.Bryusov tərəfindən ruscaya tərcüməsi geniş məşhurluq qazansa da əhəmiyyətli dərəcədə məna təhriflərilə səciyyələnir. Bu məna təhrifləri mətnin rus tərcüməsilə tutuşdurulmasında aydın nəzərə çarpır.

Azərbaycanca mətndə şair oxucunu öz misralarının yanlış təfsirindən çəkindirərək deyir: “Hər yetən kəs içə bilməz, / mənim suyum özgə sudur”.

“Mənum suyum” ifadəsi V.Bryusovun tərcüməsində “aşıb-daşan bulaq”la əvəzlənir ki, bu da başqa mənanı - “yazım” - mənası anlamını vermir. Sayat Nova üçün “özgə su” anlayışının nə demək olduğunu başa düşmək üçün Q.Kərimovun kitabına müraciət edək: “İslamın qida məhsullarına münasibəti bu dinin tərəfdarını xüsusi mövqeyə qoyur. Qida qadağaları, bununla bağlı qanunlar müxtəlif dinə qulluq edən insanların yaxınlaşmaları üçün başlıca maneələrdəndir. F.Engels dinin bu cəhətini qeyd edərək yazırdı: “O vaxtacan mövcud olan bütün dinlərdə əsas mərasimçilik idi. Yalnız dini qurban kəsmə və mərasimlərdə iştirak, Şərqdə isə üstəlik qida qəbulu dəstəmaz almaqla bağlı ciddi təlimatlara riayət etməklə müəyyən dinə mənsubluq sübuta yetirilə bilərdi... Şərqdə dini qadağalar sistemi tüğyan edirdi. İki müxtəlif din adamları - misirlilər, farslar, yəhudilər, gildanilər - bir yerdə nə içə, nə yeyə, nə də ən adi bir işi görə bilərlər, zor-güc - söhbət edərlər bir-birilə”.

Tiflisdə yaşayan müxtəlif dinə mənsub xalqlar da bu sayaq qadağalara riayət edirlər. İki müxtəlif dinə insanlar - xristianlar və müsəlmanlar bəzən eyni su mənbəyindən istifadə edə bilmirdilər; müsəlmanlar öz dinlərinin təmizliyini müdafiə edərək, heç vaxt “kafirlərin” getdiyi su mənbəyindən su içmək istəmirdilər, özlərinin istifadə etdiyi qab-qacağa onların toxunmasına yol vermirdilər. Dini qadağalar sistemi məişətdə də mövcud idi və müsəlmanlara xristianlarla birgə iş görməyə belə yol vermirdi.

“Mənim suyum özgə sudur” ifadəsi nəinki müstəqim, həm də məcazi - “başqa nitq, başqa nəsil” və ya “başqa tayfa, yaxud başqa dini-ruhani kimlik” - mənaya malikdir. Və nəhayət, “özgə su” mənasını müəyyənləşdirərkən o nəzərə alınmalıdır ki, şair bu şeirdə özünü arif adlandırır. Arif-1. Xəbərdar, dərrakəli, müdrik; ağıl sahibi: 2. Klassik şərq poeziyasında - mistik elm almış və ona malik olan sufi. Sufi təmsilçiləri öz mətnlərində sözlərin birbaşa deyil, eyhamlı mənasından geniş istifadə edirdilər və bu yalnız mistik idrak yolu keçmiş kəslərə aydın olurdu.

Su sözü sufilərdən mərifət - mistik mənasına gələn istilahdır. Ariflər - ilahi bilik bulağından “su içən”, vahid Allaha inanan insanlardır.

O biri misranın təfsiri də elə buradan irəli gəlir: “Yazım haqqın yazısıdır”. Bu sözlər şairin Həqiqət adlı mənəvi mənbəyə əsaslandığını göstərir. Allah tərəfindən nazil olmuş ilahi yazılar içərisində Quran “Haqq” istilahıyla göstərilir. Əl-haqq Allahın adıdır.

Deməli, Sayat Nova qəbrinin epitafiyası olan dördüncü bənddəki sözlərin yeganə düzgün izahına görə, şair başqa müqəddəs yazının biliklərinin daşıyıcısıdır, onun yaratdığı əsərlər ruhən müqəddəs Quranla bağlıdır və haqqın sözü onun əsərlərində təcəssüm edir.

Bu isə o deməkdir ki, hər kəs Quran kəlmələrinin, eləcə də Sayat Nova poeziyasının məğzini anlaya bilməz.

Deməliyik ki, Sayat Nova öz böyüklüyünü anlayır, Vətənində şöhrət və məşhurluq qazanacağını qabaqcadan görürdü:

 

Şanü-şöhrət axtarmasan

Sənə şöhrət verəcəklər,

El qədrini bilsən əyər,

Sənə qiymət verəcəklər.

Ağlayaraq tövbə etsən,

Əbədiyyət verəcəklər.

Etiraf et günahını,

Axşam-səhər, Sayat Nova.

 

Bir evdə toy, bir evdə yas,

Obaları gəzə bilsən,

Ürəklərin arzusunu

Nəğmələrə düzə bilsən,

El dərdinə dözə bilsən

Adın gəzər oymaq-oymaq,

Şəhər-şəhər, Sayat Nova!

 

“Zər düymələr sinən üstə düzülübdü, düzüm-düzüm” misralı şeirində vətən obrazı maraqlıdır. Burada Sayat Nova öz ölkəsini bütöv təsəvvürlə dərk edərək onu İran, Turan, Azərbaycan miqyasında göstərir.

 

Zər düymələr sinən üstə düzülübdü düzüm-düzüm,

 

Heyran olub İran, Turan,

Azərbaycan, çölüm, düzüm!

Qılıncını çəkmə belə, baş əyərəm gəlib özüm,

Həsrətinə, hicranına söylə görüm necə dözüm?

Bu minvalla gözləyirəm, nə gecəm var, nə gündüzüm.

 

Onun nəğmələrinin qəhrəmanları dastanlarımızın, Azərbaycan folklorunun, Azərbaycan şairlərinin qəhrəmanları - Leyli və Məcnun, Fərhad və Şirin, Şahsənəm və Qərib, Əsli və Kərəm, Cami-cam, Rüstəmzal, Bəhlul, Bəhmən və digərləridir.

Şeyx Sayat Novanın şeirlərində Nizami, Füzuli, Nəsimi, Xələcə, Xaqani, Şah İsmayıl Xətai, Baki, Pir Sultan, Sədi Şirazi, Baba Tahir Üryan, Qövsi Təbrizi, Qurbani kimi Azərbaycanın və müsəlman Şərqinin böyük şairlərinin mədhi xüsusi məna kəsb edir - onlar ilk növbədə Sayat Novanın mənəvi dünyası haqda bütöv təsəvvür yaradır, öz məqsəd və ideyalarının izharında ona başlıca poetik mənbə kimi xidmət edir.

Məlum olduğu kimi, müsəlman, Şərq poeziyasında divan — ora daxil olan şeirlərin qafiyənin son hərflərinin əlifba sırasıyla düzüldüyü və əsasən qəzəllərdən ibarət olan lirik şeirlər toplusudur. Sayat Nova da öz poeziyasını müsəlman, Şərq ənənəsinə uyğun yaratmışdır. Təəssüf ki, erməni tədqiqatçıları bizə Sayat Novanın yaratdığı divanı təqdim edə bilmirlər. Onlar bunu məhv etmişlər. Erməni alimi Q.Tatosyan erməni müəlliflərinin Sayat Nova şeirlərini yerləşdirmələri və tarixini müəyyən etmələrilə bağlı çatışmazlıqları, səhvləri, yanlışları səmimi etirafla qeyd edir. Onun dediklərindən bir sitat gətirək:

“M.Asatryanın toplusunda Azərbaycan bölməsinin kompoziyası orijinalın quruluşu ilə müqayisədə daha çox dəyişikliyə məruz qalmışdır. Məsələ bundadır ki, Sayat Novanın əlyazmasında azərbaycanca şeirlər Yaxın və Orta Şərqdə poetik divan toplusu yaradılarkən qəbul olunmuş prinsiplərə uyğun şəkildə, şeirin formasından və qafiyələnən sözlərin son hərflərinin əlifba sırasıyla düzülüşündən (o zaman azərbaycanca yazının əsaslandığı ərəb əlifbasıyla) asılı olaraq yerləşdirilmişdir. M.Asatryan bu prinsipi qorumaqdan imtina etməli olub; o şeirləri müəllifin qeyd etdiyi və onların yazılma tarixilə, amma burada da lazımi ardıcıllığı gözləmədən düzmüşdür”...

Beləliklə, bu sözlərdən aydın olur ki, Sayat Novanın özünün tərtib etdiyi Divan — ərəb əlifbasında azərbaycanca şeirlər toplusu mövcud olmuşdur. Lakin M.Asatryanın “elmi” fəaliyyətinin nəticəsində bu şeirlər ərəb əlifbasından erməni və gürcü hərflərinə köçürülmüşdür. M.Asatryan, elə türkdilli şeir üsuluna bələd olmayan bir çox digər müəlliflər də, ermənilərin dini təsəvvürlərilə ziddiyyət təşkil edən müəyyən yerləri aradan götürmək üçün müvafiq düzəlişlər ediblər.

Azərbaycan alimi, akademik Həmid Araslı bu mövzuya toxunaraq yazırdı: “Qeyd edilməlidir ki, şairin “Dəftər”i yüksək dərəcədə savadsız yazılıb. Ən çox erməni və gürcü hərflərilə yazılmış Azərbaycandilli şeirlər təhrif olunmuşdur. İlk dəfə Azərbaycan şeirlərini erməni və gürcü qrafikasından Azərbaycan dilinə çevirmək təşəbbüsünü professor Morus Asatryan öz üzərinə götürmüşdür”.

Sayat Nova şeirlərinin bir çox misraları satirik yönlüdür. “Olma” şeirində şair insan ləyaqəti üçün təhqiramiz olan xarakteristika ortaya qoyur.

Adam var ki, heyvan təki ot yeyir...

Sayat Nova yaradıcılığını təhlil edərkən professor Mirəli Seyidov onun bir şeirinə şərh verir: “Axı bu, söz oyununa əsaslanan, necə deyərlər, söyüşdür. Sayat Nova Telavidə Şahzadə Vaxtanqla məzələnib... Aşıq 1753-cü ildə ehtiyatsızlıq edib bu şeiri onun huzurunda oxuyub”. Sonra yazır: “Biz görürük ki, aşıq möhtərəm saray əhli ilə onların qəzəbindən qorxmayaraq deyişib. Ədalətsevən və açıqürəkli aşıq zadəgan silki arasında adi hadisə olan riyakarlıq və yalana nifrət edirdi. O, ali silk nümayəndələrini ya şeytanla, ya səfehlik rəmzi olan eşşəklə müqayisə edirdi. Bəzi alimlərin dediyinə görə, Sayat Nova bundan da kəskin şeirlər yazırdı...”.

 

Sayat  Əmirzadə

Respublika.- 2018.- 18 iyul.- S.5