Bölgələrdə mədəni xidmətlərin səviyyəsinin yüksəldilməsi istiqamətində mühüm işlər görülür

 

Xəbər verdiyimiz kimi, mədəniyyət naziri Əbülfəs Qarayev iyulun 20-də Qazax rayonunda vətəndaşları qəbul edib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, qəbuldan sonra jurnalistlərə açıqlama verən Ə.Qarayev ölkə başçısının tapşırığı ilə yerlərdə müntəzəm olaraq keçirilən bu cür görüşlərin əhəmiyyətini bir daha diqqətə çatdırıb:Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq hər ay müxtəlif bölgələrdə vətəndaşlarla görüşlər təşkil olunur, onların qaldırdığı məsələlər diqqətdə saxlanılaraq həll edilir. Bu gün Qazax rayonunda keçirilən görüşdə də maraqlı təkliflər, müraciətlər oldu. Musiqi məktəblərinin fəaliyyəti, onların işinin daha da təkmilləşdirilməsi, eləcə də tarix-mədəniyyət abidələrinin qorunması, bu məkanların fəaliyyətinin müasir tələblər səviyyəsində təmin olunması və digər məsələlərə dair bir sıra təkliflər səsləndirildi”.

Əbülfəs Qarayev bildirib ki, mədəniyyət sahəsində göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi, yeni formatda çalışacaq mədəniyyət müəssisələrinin istiqamətləri ilə bağlı məsələlər də diqqətdə saxlanılır.

Nazir Azərbaycan mədəniyyətinin dünyada təbliğ olunması məsələsinə toxunaraq bu günlərdə Ukraynanın paytaxtı Kiyevdə dünya şöhrətli müğənni və bəstəkar, SSRİ Xalq artisti Müslüm Maqomayev adına parkın və sənətkarın abidəsinin açıldığını diqqətə çatdırıb. Qeyd edib ki, təntənəli mərasimdə Kiyev şəhərinin əhalisi də böyük maraqla iştirak edib.

Əbülfəs Qarayev nazirlik tərəfindən Cümhuriyyətin 100 illiyi münasibətilə keçirilən “Bölgələrdən bölgələrə” Yaradıcılıq Festivalından danışaraq qeyd edib ki, bu layihə bölgələrarası mədəniyyət mübadiləsinə əlavə təkan verəcək.

Vətəndaşlarla görüşdən sonra nazir Qazax rayonunda yerləşən bir sıra mədəniyyət obyektlərinə baş çəkərək vəziyyətlə tanış olub.

Rayon Mədəniyyət mərkəzində nazirə mədəni xidmətlərin səviyyəsinin daha da artırılması istiqamətində görülən işlər haqqında məlumat verilib. Nazir Mədəniyyət mərkəzinin qarşısında təşkil olunan səyyar kitabxanaya da baxıb.

Rayon Tarix-Diyarşünaslıq Muzeyi ilə yaxından tanış olan nazirə məlumat verilib ki, yeni binanın inşasına 2015-ci ilin noyabr ayında başlanılıb və 2016-cı ilin oktyabrında tikinti işləri başa çatdırılıb.

Vurğulanıb ki, muzeydə rayonun tarixini, mədəni irsini əks etdirən 2450 eksponat mühafizə olunur. İkimərtəbəli binanın birinci mərtəbəsində ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin fəaliyyəti, rayona səfərləri ilə bağlı fotolardan ibarət guşələr yaradılıb. Həmçinin burada muzey barədə ümumi məlumat, təbiət, arxeologiya, tarixi dövrlər və s. tematik bölmələr var. İkinci mərtəbədə “Qazax xalça məktəbi”, “Etnoqrafiyafolklor”, “Qazax XIX-XXI əsrin əvvəllərində”, “Görkəmli şəxsiyyətlər”, “1929-1990-cı illər”, “Müasir dövr” və s. bölmələri yaradılıb.

Nazir Qazax Dövlət Rəsm Qalereyasının fəaliyyəti ilə də tanış olub. Məlumat verilib ki, qalereyanın fondunda ümumilikdə 549 əsər var ki, bunlar əsasən boyakarlıq və rəngkarlıq nümunələridir. Müasir tələblər səviyyəsində qurulan qalereyada mütəmadi olaraq tədbirlər, sərgilər təşkil olunur.

Əbülfəs Qarayev daha sonra Molla Pənah VaqifMolla Vəli Vidadinin xatirə muzeyinə, Qazax rayon 1 nömrəli Uşaq musiqi məktəbinə, rayon Mərkəzi kitabxanasının Uşaq şöbəsinə baş çəkib.

Nazir bütün mədəniyyət müəssisələrinin fəaliyyətinin gücləndirilməsi, mədəni xidmətlərin səviyyəsinin daha da artırılması istiqamətində tapşırıq və tövsiyələrini verib.

 

Respublika.- 2018.- 21 iyul.- S.6.