Prezident İlham Əliyev

 

Prezidentin 100 günü

 

2003 -cü il oktyabrın 15-də keçirilmiş Prezident seçkilərində xalqın istəyi və böyük dəstəyi ilə möhtərəm İlham Heydər oğlu Əliyev azad, ədalətli, şəffaf və demokratik şəraitdə Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. 2004-cü ilin dekabrında “CBS Polygraphic Production” nəşriyyatında çapdan çıxmış “Prezident İlham Əliyev” kitabı (366 səh.), cənab İlham Əliyevin prezidentlik fəaliyyətinin ilk ilinə həsr olunmuşdur.

AZƏRTAC-ın və “Respublika” qəzetinin materialları əsasında hazırlanmış kitabda ötən bir il ərzində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasət, onun Azərbaycanın regionlarına və xarici dövlətlərə rəsmi səfərləri, dövlət başçıları, beynəlxalq təşkilatların rəhbərləri və nümayəndələri ilə çoxsaylı görüşləri, Kütləvi İnformasiya Vasitələrinə müsahibələri, nitq və çıxışları xronoloji ardıcıllıqla öz əksini tapmışdır.

Ümummilli liderimiz Heydər Əliyevin 2003-cü il 1 oktyabr tarixli müraciəti ilə başlanan bu nəfis tərtibatlı, fotoşəkillərlə zəngin kitabda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2003-cü il 28 oktyabr tarixli qərarı, Prezident İlham Əliyevin andiçmə mərasimində, Nazirlər Kabinetinin ilk iclasında, müxtəlif sammit, konfrans, forum, mərasim və beynəlxalq görüşlərdə söylədiyi nitqlər, il ərzində sosial-iqtisadi inkişafla bağlı imzaladığı fərman və sərəncamlar toplanmışdır.

2004-cü ildə nəşr olunan kitabın buraxılışına məsul Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, elmi redaktoru tarix elmləri doktoru, professor Əli Həsənov, tərtibçiləri “Respublika” qəzetinin baş redaktoru, filologiya elmləri doktoru, professor Teymur Əhmədov, qəzetin əməkdaşları Hümmət Musayev və Elman Qədirlidir.

Kitaba yazılmış “Ön söz”də qeyd olunduğu kimi, xalqımızın həyatına əlamətdar hadisə kimi daxil olan 15 oktyabr prezident seçkilərindən keçən bir il ərzində Azərbaycan cəmiyyətinin bütün sahələrində dinamik inkişaf prosesi getmiş, müstəqil dövlətimiz beynəlxalq münasibətlər sistemində özünün layiqli yerini və prinsipial movqeyini daha da möhkəmləndirmişdir. Ötən dövr ərzində ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı olan Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət ictimai tərəqqiyə yeni təkan verməklə, Azərbaycanın gələcək inkişaf perspektivləri üçün hərtərəfli təminat yaratmışdır.

Bir il ərzində Azərbaycan beynəlxalq hüquq normaları ilə tənzimlənən sivil dünya siyasətinin daşıyıcılarından biri kimi çıxış etmiş, ölkə iqtisadiyyatının onurğa sütununu təşkil edən və əsası böyük öndər Heydər Əliyev tərəfindən qoyulan neft strategiyası səmərəli şəkildə həyata keçirilmiş, Azərbaycanda əsas insan və vətəndaş hüquqları və azadlıqları təmin edilmiş, sosial-iqtisadi inkişaf prosesi yüksələn xətt üzrə getmişdir. Prezident İlham Əliyevin apardığı məqsədyönlü və ardıcıl iqtisadi siyasət ölkə iqtisadiyyatının dinamik inkişafını şərtləndirmişdir.

Əvvəlki on illikdə iqtisadi idarəetmədə əldə olunmuş nailiyyətlər və təcrübələrdən cənab İlham Əliyevin ölkə Prezidenti seçilməsindən keçən bir il müddətində səmərəli və məqsədyönlü şəkildə istifadə edilmişdir. Dövlət rəhbərliyinin iqtisadi sahədə əldə etdiyi uğurlar dünyanın inkişaf etmiş dövlətlərinin rəhbərləri və nüfuzlu beynəlxalq iqtisadiyyat və maliyyə qurumları tərəfindən yüksək qiymətləndirilmişdir.

Prezident seçkilərindən ötən 1 ildə əhalinin sosial rifah halının, xüsusilə dövlət qayğısına daha çox ehtiyacı olan müxtəlif sosial qrupların maddi vəziyyətinin daha da yaxşılaşdırılması üçün dövlət başçısı tərəfindən mühüm əhəmiyyət daşıyan fərman və sərəncamlar verilmişdir. Məsələn, 15 oktyabr seçkilərindən cəmi bir ay sonra Prezident İlham Əliyevin 24 noyabr 2003-cü il tarixli “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” Fərmanı sosial-iqtisadi sahədə əldə olunmuş dinamik inkişafın yeddi istiqamət üzrə növbəti mərhələdə ardıcıl və sistemli şəkildə davam etdirilməsini nəzərdə tutaraq bununla bağlı hökumətin qarşısında mühüm vəzifələr qoymuşdur.

Azərbaycan Prezidentinin 11 fevral 2004-cü il tarixli “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2004-2008-ci illər) təsdiq edilməsi haqqında” Fərmanında regionların sosial-iqtisadi inkişafının təmin edilməsi ilə əlaqədar həlli vacib olan konkret məsələlər müəyyənləşdirilərək regional tarazlığın əldə olunması, həmçinin onların iqtisadi gücünün artırılacağı təqdirdə sosial problemlərin aradan qaldırılmasının sürətləndirilməsi nəzərdə tutulmuşdur.

Prezident İlham Əliyevin 4 fevral 2004-cü il tarixli sərəncamında Bərdə və Ağcabədi rayonları ərazisində çadır düşərgələrində, eləcə də Bərdə rayonu ərazisində dəmir yolu üzərindəki yük vaqonlarında müvəqqəti yerləşdirilmiş Ağdam və digər rayonlardan olan məcburi köçkünlərin sosial, mənzil-məişət vəziyyətinin yaxşılaşdırılması və məşğulluğunun təmin edilməsi ilə bağlı mühüm tədbirlər müəyyənləşdirilmişdir.

Xüsusilə, Azərbaycan Prezidentinin 1 iyul 2004-cü il tarixli “Qaçqınların və məcburi köçkünlərın yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramının təsdiq edilməsi haqqında” sərəncamı bu kateqoriyadan olan soydaşlarımızın həyatında mühüm hadisəyə çevrilmişdir.

Ölkə iqtisadiyyatının inkişafını sürətləndirməklə əhalinin sosial müdafiə sisteminin daha da təkmilləşdirilməsi, iqtisadi infrastrukturun dünya standartlarına uyğun olaraq formalaşdırılması üçün Azərbaycan transmilli iqtisadi layihələrin həyata keçirilməsi yönündə çevik xarici siyasət aparmışdır. Ölkəmiz TRASEKA, Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft və qaz boru xətləri kimi, nəqliyyat və kommunikasiya şəbəkələrinin reallaşmasında və inkişafında böyük rol oynamışdır.

Həmin il Azərbaycanda demokratikləşmə prosesinin dinamik xarakter daşıması, əsas insan və vətəndaş hüquq və azadlıqlarının lazımi şəkildə təmin olunması ilə də səciyyələnir.

Prezident İlham Əliyev öz çıxışlarında müasir Azərbaycan cəmiyyətinin demokratikləşməsində maraqlı olduğunu bəyan edərək, bu sahədə aparılan siyasətin ictimai inkişafın rəhni olduğunu bildirmişdir. Bu gün ölkə vətəndaşlarının konstitusion hüquqlarından azad və sərbəst şəkildə istifadə etmələri demokratiyanın mühüm göstəricisidir. Bir il ərzində əsas insan hüquqlarının təmin olunmasını nəzərdə tutan qanunvericilik sistemi daha da təkmilləşdirilmiş və Milli Məclis tərəfindən yeni qanunlar qəbul edilmişdir.

Demokratiyanın, eyni zamanda digər ümumbəşəri dəyərlərin inkişafı cəmiyyətdə ictimai-siyasi sabitliyin mövcud olması ilə sıx şəkildə bağlıdır. Məhz buna görə də, əsası böyük öndər Heydər Əliyev tərəfindən qoyulan ictimai-siyasi sabitlik bir ildə daha da möhkəmlənmişdir. Ölkəmizdəki ictimai-siyasi sabitliyin sağlam təməllər üzərində bərqərar olaraq geridönməz xarakter daşıması beynəlxalq aləmdə Azərbaycan haqqında normal inkişaf yolu ilə gedən dövlət imicini formalaşdırmışdır. İctimai-siyasi sabitliyin möhkəmliyinə qəti inamın nəticəsidir ki, neft strategiyasının aparılmasında böyük uğurlar qazanılmış, ölkəmizə xarici investisiya axını güclənmiş və Azərbaycan mühüm geostrateji əhəmiyyət daşıyan layihələrin işində fəal iştirak etməkdədir.

Oxuculara kitab boyu dövlət başçılarının və tanınmış ictimai-siyasi xadimlərin Azərbaycan Respublikasının Prezidenti haqqında söylədikləri xoş sözlər, əsas mətnlərin kənarında isə “Xronika” rubrikası altında onun fəaliyyətini xronoloji ardıcıllıqla əks etdirən qısa xəbərlər təqdim olunmuşdur.

Kitabda Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin AZƏRTAC-ın müxbirinə verdiyi “İlham Əliyevin prezident seçilməsi Azərbaycan xalqının siyasi şüurunun yüksək olduğunu bir daha sübut etdi” adlı müsahibəsi də dərc edilmişdir.

Nəşrdə təqdim olunan materiallar ötən bir ildə Azərbaycanda gedən sosial-iqtisadi proseslər, xarici siyasət sahəsindəki məqsədyönlü fəaliyyət barədə oxucuda dolğun təsəvvür yaradır və sübut edir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev verdiyi vədə – “Heydər Əliyevin siyasətini davam etdirəcəyəm” vədinə sadiqdir, bu siyasəti inamla və uğurla həyata keçirməkdədir.

Ölkə Prezidentinin xalqa sədaqət andı içdiyi uğurlu gündən ötən 15 il ərzində böyük şəxsiyyət, ümummilli lider Heydər Əliyevin siyasi kursunu, onun keçdiyi şərəfli yolu çoxcəhətli ictimai-siyasi fəaliyyəti ilə ləyaqətlə davam etdirən cənab İlham Əliyevin sayəsində ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi həyatının misli görünməmiş yüksəlişi, dünya ictimaiyyətinin diqqət mərkəzindədir. Respublikamızın həyatında yeni keyfiyyət mərhələsinin reallaşması onun yorulmaz fəaliyyəti, dərin zəkası, uzaqgörənliyi ilə sıx bağlıdır.

Bu gün Azərbaycan böyük yüksəliş yolundadır. Fəaliyyəti dövründə tükənməz enerjisi ilə “Hər bir Azərbaycan vətəndaşının Prezidenti” ideyasını praktik gerçəkləşdirən cənab İlham Əliyev, 2018-ci il aprelin 11-də keçirilən prezident seçkilərində xalqın böyük əksəriyyətinin seçimi ilə azad, şəffaf və demokratik şəraitdə yenidən Azərbaycan Respublikasının Prezidenti seçildi.

Həmin müddətdən 100 gün ötür. 100 gün ərzində görülən işlər, həyata keçirilən tədbirlər öz parametrlərinə, taleyüklülüyünə və əhəmiyyətinə görə çox böyük mahiyyət kəsb edir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2018-ci il aprelin 18-dən başlayan 100 gün ərzində, gündəlik fəaliyyəti, görüşləri, qəbulları, tədbirləri, çıxışları, nitqləri, müsahibələri, səfərləri barədə Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadənin məqaləsini oxuculara təqdim edirik.

 

H.MUSAYEV

 

Respublika.- 2018.-26 iyul.- S.2.