İlham Əliyev
ümummilli liderin taktika və strategiyasına sadiqdir
Prezidentin 100
günü
Azərbaycan xalqı, Azərbaycan
cəmiyyəti, Azərbaycan dövləti bu ilin aprel
ayının 11-də daha bir tarixi ana şahidlik etdi, onun canlı,
fəal iştirakçısı oldu. Ölkədə
növbədənkənar Prezident seçkiləri
keçirildi və alternativ əsaslarla baş tutan bu
demokratik, ədalətli seçki yarışmasında cənab
İlham Əliyev yenidən Azərbaycan xalqının
mütləq əksəriyyətinin səsini əldə edərək,
dövlət başçısı seçildi. Aprelin
17-də Konstitusiya Məhkəməsinin Plenumu prezident
seçkilərinin nəticələrinə dair Mərkəzi
Seçki Komissiyasının protokolunun Seçki Məcəlləsinin
müddəalarına uyğun gəldiyini, İlham Əliyevin
səslərin 86,02 faizini topladığı üçün
prezident elan edilməsi ilə bağlı qərarını bəyan
etdi. Aprelin 18-də Prezident İlham Əliyevin
Milli Məclisdə (MM) tarixi andiçmə mərasimi
keçirildi. Artıq ikinci dəfə idi
ki, Milli Məclis belə bir tarixi ana şahidlik edirdi.
Düz 5 il öncə də, 2013-cü
ilin prezident seçkiləri ilə bağlı prezidentin
andiçmə mərasimi də məhz parlamentdə
keçirilmişdi və bu dövlət
başçısının Milli Məclisə nə qədər
böyük dəyər verdiyinin daha bir əyani sübutudur.
Prezident əlini Azərbaycan Respublikası
Konstitusiyasının üzərinə qoyaraq and içdi:
-Azərbaycan Respublikası
Prezidentinin səlahiyyətlərini həyata keçirərkən
Azərbaycan Respublikasının Konstitusiyasına əməl
edəcəyimə, dövlətin müstəqilliyini və ərazi
bütövlüyünü qoruyacağıma, xalqa ləyaqətlə
xidmət edəcəyimə and içirəm!
Sonra Prezident müqəddəs
Qurani-Şərifə əl basaraq and içdi:
- Əlimi Qurani-Şərifə
basaraq and içirəm: Azərbaycan xalqının əsrlər
boyu yaratdığı milli mənəvi dəyərlərə
və ənənələrə sadiq qalacağam, onları
daim uca tutacağam.
Daha sonra təzim edərək,
Azərbaycanın dövlət bayrağını öpdü
və geniş nitq söylədi.
O, çıxışında
seçkilərdə göstərilən yüksək etimada
görə Azərbaycan xalqına dərin təşəkkürünü
bildirərək qeyd etdi ki, həmişə Azərbaycan
xalqının dəstəyini hiss edib və bu dəstək
ona güc verir: “Mən bu dəstəyə arxalanıram və
xalqı bir daha əmin etmək istəyirəm ki, bundan sonra
da xalqa və Vətənə ləyaqətlə xidmət edəcəyəm.
Prezident seçkiləri Azərbaycan
xalqının iradəsini əks etdirib. Azərbaycan
xalqı görülən işlərə yüksək qiymət
vermişdir, görülən işlərə səs
vermişdir. İnkişafa, tərəqqiyə,
təhlükəsizliyə, gələcək
inkişafımıza səs vermişdir. Seçkilər
ədalətli və şəffaf şəkildə
keçirilmişdir. Seçkilərdən əvvəl
yerli və beynəlxalq təşkilatlar tərəfindən
keçirilmiş rəy sorğuları, seçkilər
günü yenə də beynəlxalq və yerli təşkilatlar
tərəfindən keçirilmiş “exit-poll”lar
seçkilərin rəsmi nəticələri ilə
üst-üstə düşür. Bu, bir daha onu göstərir
ki, seçkilər xalqımızın iradəsini, onun fikirlərini
əks etdirir” - deyərək, son 15 il ərzində
böyük uğurlara imza atıldığını, Azərbaycan
xalqının təhlükəsizlik, sabitlik şəraitində
yaşadığını vurğuladı.
TƏBRİKLƏR
Prezident seçkiləri və
onun nəticələri ilə bağlı bəzi daxili və
xarici antiazərbaycançı qüvvələrin “bədbin”
proqnozları özünü bu dəfə də
doğrultmadı. Xüsusilə də, ATƏT-in və Avropa
Şurasının seçki missiyaları prezident seçkilərini
“qara rəng”də təsvir etməyə, seçkiləri və
onun nəticələrini şübhə altına almaq cədləri
baş tutmadı, hazırladıqları hesabatlar heç bir
effekt, reaksiya doğurmadı, əksinə, Azərbaycan cəmiyyətinin
sərt təpkisinə səbəb oldu. Ən əsası
onlara verilən ən sərrast cavab və onlara vurulan ən
böyük zərbə elə öz strukturlarından gəldi.
İstər ATƏT strukturlarının, istər
AŞPA təsisatlarının, istərsə də Avropa
İttifaqı rəhbərliyindən İlham Əliyevə
ünvanlanan təbrik məktubları gəldi. Həmçinin,
Azərbaycan Prezidentinə dünyanın bütün dövlət
başçıları, xüsusilə, dünyanın əsas
gücləri sayılan dövlətlərin rəhbərlərindən
—Rusiya Prezidenti Vladimir Putin, ABŞ Prezidenti Donald Tramp, Çin
dövlətinin rəhbəri Si Cinpin tərəfindən təxminən
eyni günlərdə təbrik məktubları
ünvanlandı, onlar öz məktublarında İlham
Əliyevlə, Azərbaycanla əməkdaşlıq niyyətlərini
bir daha bəyan etdilər.
Donald Tramp: “...Azərbaycan və Birləşmiş
Ştatlar mürəkkəb regional
çağırışların həlli üçün
birgə işləyərək sıx tərəfdaşlıq
edirlər. Təhlükəsizlik və terrorizmlə
mübarizə sahəsində əməkdaşlığınızı,
habelə uzunmüddətli ticarət əlaqələrimizi dəyərləndirirəm.
Enerji sahəsində illərlə davam edən əməkdaşlığımız
bu il, inanılmaz bir nailiyyət kimi,
Avropanın zəruri enerji təhlükəsizliyini təmin edəcək
ilk qazın Cənub Qaz Dəhlizi vasitəsilə nəqli sayəsində
zirvəyə yüksəlib. Qarşıdan gələn
aylar Dağlıq Qarabağ münaqişəsinin həlli
üçün imkanlar açacaq, bu isə ABŞ-Azərbaycan
əməkdaşlığının genişləndirilməsinə
daha yaxşı şərait yaradacaqdır. ATƏT-in
Minsk Qrupunun həmsədri kimi Birləşmiş Ştatlar bu
münaqişənin sülh yolu ilə dayanıqlı həlli
üçün Sizinlə əməkdaşlığı səmimiyyətlə
arzulayır...”.
Vladimir Putin: “...Ölkəniz iqtisadi,
sosial, elmi-texniki, humanitar və digər sahələrdə
sanballı uğurlar qazanıb. Azərbaycan
Respublikasının beynəlxalq aləmdə çox
böyük nüfuzu var. Rusiya-Azərbaycan münasibətlərinin
yüksək səviyyəsini məmnuniyyətlə qeyd edirəm.
Dövlətlərimiz müxtəlif istiqamətlərdə
səmərəli əməkdaşlıq edir, regional və
qlobal gündəlikdə olan mühüm məsələlərin
həllində fəal qarşılıqlı əlaqə
saxlayırlar. Əminəm ki, ölkələrimizin dost
xalqlarının rifahı, beynəlxalq sabitliyin və təhlükəsizliyin
təmin edilməsi naminə Rusiya ilə Azərbaycan
arasında strateji tərəfdaşlığı bundan sonra
da hər vasitə ilə möhkəmləndirəcəyik...”.
Si Cinpin: “...Son illərdə Azərbaycanın
iqtisadiyyatı sürətlə inkişaf edir, cəmiyyətdə
sabitlik və həmrəylik müşahidə olunur, Azərbaycanın
beynəlxalq arenada statusu və təsiri gündən-günə
artır. Azərbaycanın yaxın dostu kimi
Çin buna ürəkdən sevinir. Mən
Çin-Azərbaycan münasibətlərinin inkişafına
böyük diqqət yetirirəm, iki ölkənin və
onların xalqlarının xeyrinə qarşılıqlı
faydalı əməkdaşlığın bütün sahələrində
yeni uğurlara nail olmaq üçün Sizinlə birgə səy
göstərməyə hazıram”.
Artıq prezident seçkilərinin
100 günü geridə qalır. İlham Əliyevin
yeni prezidentlik dövrünün 100 günü başa
çatır. Qeyd edək ki,
dünyanın əksər ölkələrində Prezidentin
100 günü məsələsinə çox böyük
önəm və diqqət yetirilir. Həmin
müddət bir növ prezident üçün sınaq
müddəti sayılır və bundan çıxış
edilərək, onun növbəti-qalan müddətdə
hansı addımlar ata biləcəyinin konturları
çızılmağa başlanır. Odur
ki, Azərbaycanda da artıq Prezidentin 100 günlüyü məsələsi
ənənəyə çevrilməkdə, siyasi leksikonumuzda
özünə yer qazanmaqdadır.
Bəs görəsən,
dövlət başçısının 100 günü nələrlə
yadda qaldı, ölkəmiz, xalqımız, dünyamız
üçün önəmli olan hansı məsələlərlə
xarakterik oldu?
Əvvəla, onu qeyd etmək
yerinə düşər ki, dövlət
başçısı prezidentliyinin ilk günündən yenə
də öz ənənəsinə, öz taktika və strategiyasına
sadiq qaldığını, onun üçün dövlət
və xalq mənafeyindən, dövlət və milli maraqlardan
üstün nəyinsə olmadığını
nümayiş etdirdi. İlk günündən yenə dövləti,
xalqı ilə birgə oldu. Səfərlərdə,
açılışlarda iştirak etdi, Azərbaycan dövləti
və cəmiyyətinin həyatı, taleyilə bağlı
bir çox önəmli sərəncamlara, fərmanlara imza
atdı.
Yeni hökumət, yeni nəfəs,
yeni kadrlar...
Dövlət başçısı
ilk addımlardan biri kimi və Konstitusiyanın tələblərindən
irəli gələrək Artur Rasi-zadənin
başçılıq etdiyi hökumətin — Nazirlər
Kabinetinin səlahiyyətlərinə xitam verdi.
Bunun davamı olaraq, yeni hökumətin, Nazirlər
Kabinetinin yeni tərkibinin formalaşdırılması ilə
bağlı bir-birinin ardınca sərəncamlar imzaladı.
Ölkə başçısı Artur Rasi-zadəyə
Nazirlər Kabinetindəki fəaliyyəti dövründə,
eləcə də Azərbaycan dövləti
qarşısındakı xidmətlərinə görə
minnətdarlığını ifadə etdi. Aprelin 21-də
Milli Məclisin növbəti plenar iclasında isə ölkə
başçısının təqdimatı ilə “Novruz
İsmayıl oğlu Məmmədovun Azərbaycan
Respublikasının Baş naziri vəzifəsinə təyin
edilməsinə razılıq verilməsi” haqqında məsələyə
baxıldı, müzakirələrdən sonra məsələ
səsə qoyularaq qəbul edildi. İclasda
çıxış edən Baş nazir Novruz Məmmədov
ona göstərilən bu yüksək etimada görə Azərbaycan
Prezidenti İlham Əliyevə dərin minnətdarlığını
bildirdi. O, sonra “Baş nazir vəzifəsi çox
çətin, lakin şərəfli vəzifədir, dövlətimizin
başçısı İlham Əliyev ilə birlikdə
işləmək çox şərəflidir”-dedi.
Elə həmin gün, apelin
21-də Prezident “Azərbaycan Respublikası Nazirlər
Kabinetinin yeni tərkibi haqqında” Sərəncam imzaladı. İki gün
sonra, aprelin 23-də isə “Azərbaycan Respublikası
Prezidentinin 2018-ci il 21 aprel tarixli Sərəncamına əlavələr
edilməsi barədə” Sərəncam imzalandı.
Bununla da yeni hökumətin tərkibinin
formalaşdırılması prosesi başa çatdı və
əksəriyyəti yeni kadrlardan ibarət yeni Nazirlər
Kabineti Baş nazir Novruz Məmmədovun sədrliyi altında
öz fəaliyyətinə start verdi...
Regionlara səfərlər
və ya “Şimal”dan Naxçıvana və “Qərb”ə
uzanan səfər xəritəsi...
Dövlət başçısı
may ayının 4-də ölkənin Şimal bölgəsinə,
Xaçmaz və Xızı rayonlarına səfər etdi və
həmin bölgələrin inkişafı ilə tanış oldu. Konkret olaraq,
başlanğıcını Giləzi-Xızı yolunun
34-cü kilometrliyindən götürən və əsaslı
şəkildə yenidən qurulan Fındığan kəndinədək
olan yolun açılışında iştirak etdi.
Bununla yanaşı, “Xızı şəhərində və
Altıağac qəsəbəsində içməli su təchizatı
sistemlərinin yenidən qurulması və kanalizasiya şəbəkəsinin
yaradılması” layihəsinin yekunlaşması ilə
bağlı keçirilən mərasimdə oldu, Gəndob-Xaçmaz-Yalama-Rusiya
Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun
24-48 kilometrlik hissəsini təşkil edən Xaçmaz-Xudat
avtomobil yolunun açılışını gerçəkləşdirdi.
Eyni zamanda, Xaçmaz şəhərinin su təchizatı
və kanalizasiya sistemlərinin istismara verilməsi mərasimində
və “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin
Xaçmaz idarəsinin inzibati binasının
açılışında iştirak etdi. Həmçinin, “Azərxalça” Açıq Səhmdar
Cəmiyyətinin Xaçmaz filialının, o cümlədən,
Çarxı-Qalağan-Hacılar-Xanlıqoba-Sayad-Məmmədxanlı
avtomobil yolunun yenidənqurma və bərpadan sonra
açılışını etdi.
Bunun üstündən cəmi 12
gün sonra, mayın 16-da Naxçıvan Muxtar
Respublikasına səfəri çərçivəsində
Əlahiddə Ümumqoşun Ordusunun “N” saylı hərbi hissəsində,
Dövlət Sərhəd Xidmətinin Naxçıvan şəhər
Qaraçuq ərazi dairəsində Əmiraslan Əliyev
adına Sərhəd Dəstəsində yaradılan şəraitlə
tanış oldu. Həmin gün Naxçıvan şəhər
Qaraxanbəyli inzibati ərazi dairəsində 480 şagird
yerlik 6 saylı tam orta məktəbin, Naxçıvan şəhər
Təmizləyici Qurğular Kompleksinin, Müəllimlər
İnstitutunun yeni binasının, “Şərur şəhər
və ətraf kəndlərinin içməli su təchizatı
və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinin
birinci mərhələsinin açılışında
iştirak etdi. Bildirildi ki, layihə üzrə
tikinti işlərinin icrasına 2012-ci ildən
başlanılıb. Layihəyə əsasən Şərur
şəhərinə, Mahmudkənd kəndinə və Zeyvə
kəndinin bir hissəsinə su şəbəkəsi, Şərur
şəhərinə kanalizasiya şəbəkəsi çəkilib
və ev birləşmələri
aparılıb. Layihənin birinci mərhələsi
ötən ilin dekabrında başa çatıb. Layihəyə əsasən Arpaçay su
bölücüsündə gölün dibindən 6 metr dərinlikdə
qalereya tikilib. Qalereyanın su sərfi saniyədə
1150 litr təşkil edir. Buradan su
anbarlarına qədər diametri 900 millimetr olan plastik boru ilə
1500 metr xətt çəkilib. Xətt
üzərində bir ədəd suboşaldıcı inşa
olunub. Qalereyadan gələn su dezinfeksiya
olunaraq su anbarlarına yığılır və öz
axını ilə əhaliyə fasiləsiz
ötürülür. Layihə çərçivəsində
hər birinin tutumu 10 min kubmetr olan iki ədəd və tutumu 7
min 500 kubmetr olan bir ədəd, cəmi tutumu 27 min 500 kubmetr
olan su anbarları tikilib. Su anbarlarından Şərur şəhərinədək
9,5 kilometr uzunluğunda xəttin tikintisi
aparılıb. Sonra dövlət
başçısı “Şərur şəhər və ətraf
kəndlərinin içməli su təchizatı və
kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinin
birinci mərhələsinin açılışını
bildirən düyməni basdı.
Dövlət
başçısı növbəti səfərini — iyunun 5-də
Goranboy rayonuna və Naftalana etdi. O, səfərdə Goranboy Bayraq
Muzeyinin, Dəliməmmədli-Quşçular-Fəxralı-Qurbanzadə-Alpout
avtomobil yolunun açılışında iştirak etdi.
Bununla yanaşı, iyunun 5-də Şəmkir-Samux-Goranboy
magistral suvarma kanalının ikinci növbəsinin İpək
yolu ilə kəsişmə qurğusunun və ondan sonrakı
4,95 kilometrlik hissəsinin
açılışında iştirak etdi. Həmçinin,
Goranboy rayonunda hər biri 40 meqavolt amper gücündə olan
iki transformatorun quraşdırıldığı 110/35/10
kilovoltluq 2x40 MVA gücündə “Dəliməmmədli”
yarımstansiyasının, eləcə də, Dəliməmmədli-Muzdurlar-Qırıqlı
avtomobil yolunun yenidənqurma və bərpadan sonra
açılışını etdi. Goranboy
rayonunda “Region Agropark”ın açılışında
iştirak edən Prezidentə bu haqda iqtisadiyyat naziri Şahin
Mustafayev, kənd təsərrüfatı naziri İnam Kərimov
və aqroparkın direktoru Sənan Qədimov ətraflı məlumat
verdilər. Bildirildi ki, regionların sosial-iqtisadi
inkişafı Dövlət proqramları çərçivəsində
müxtəlif bölgələrdə ayrı-ayrı istehsal
sahələri istifadəyə verilir, əhalinin sosial şəraitinin
yaxşılaşdırılması istiqamətində
ardıcıl tədbirlər görülür. “Region Agropark” da belə müəssisələrdən
biridir. Ümumi dəyəri 30 milyon manat
olan aqroparkın yaradılmasına 6 milyon manat dövlətin
güzəştli krediti verilib. Belə ki, Goranboy
rayonunda uzun müddət istifadəsiz qalmış və
yararsız hala düşmüş 3500 hektar, Samux rayonunda isə
1200 hektar qış otlaq sahələrinin təyinatı Nazirlər
Kabinetinin müvafiq sərəncamları ilə dəyişdirilərək
əkin dövriyyəsinə cəlb edilib.
Həmin gün Naftalan şəhərinə
səfərə gələn dövlət
başçısı Şəhər Mərkəzi Xəstəxanasının
açılışında iştirak etdi. Səhiyyə naziri Oqtay
Şirəliyev dövlətimizin başçısına bu
tibb müəssisəsində yaradılan şərait barədə
məlumat verdi. Bildirildi ki,
60 çarpayılıq Naftalan Şəhər Mərkəzi
Xəstəxanasının inşasına 2015-ci ildə
başlanılıb və 2018-ci ilin mayında tikinti işləri
başa çatdırılıb. Şəhər
Mərkəzi Xəstəxanasının tikintisi Prezident
İlham Əliyevin 2013-cü və 2018-ci illərdə
imzaladığı sərəncamlara əsasən
aparılıb. Xəstəxana 1,2
hektar ərazidə yerləşir. Tikintinin
ümumi sahəsi 8 min kvadratmetrdən çoxdur. Xəstəxanada müvafiq şöbələr
yaradılıb. Bu müəssisənin
laboratoriya şöbəsi ən müasir avadanlıqla təchiz
olunub. Bu da laborator müayinələri
yüksək keyfiyyət, dəqiqlik və qısa müddətə
aparmağa imkan verir. Burada, eyni zamanda,
şüa diaqnostika, qəbul, inzibati, poliklinika, reanimasiya,
intensiv terapiya şöbələri fəaliyyət göstərəcək.
Əməliyyat bloku da müasir tibbi
avadanlıqla təmin edilib. Xəstəxananın
bütün şöbələrində ən müasir tibb
avadanlıqları quraşdırılıb...
Müstəqil Azərbaycan
və Heydər Əliyev-95
Prezidentin yüz
günündən danışarkən, gözlər
önünə, təbii ki, öncə İlham Əliyevin rəhbəri
olduğu ölkənin — müstəqil Azərbaycanın
qurucusu və banisi, dövlət başçısı Heydər
Əliyev gəlir. Çünki müstəqil Azərbaycan
və onun müdrik dövlət rəhbəri İlham
Əliyev Heydər Əliyevin Şah əsərləridir.
Heydər Əliyevdən sonra Azərbaycanı
müstəqillik və inkişaf yolu ilə məhz İlham
Əliyev apara bilərdi və ona görə dahi siyasət və
hakimiyyət ustası olan ümummilli liderimiz də məhz belə
etdi, Azərbaycanı və onun sükanını etibarlı əllərə,
o gəmini sağ-salamat sahilə çıxara biləcək
bir kapitana-İlham Əliyevə etibar etdi.
Və prezidentliyinin 100
günlüyünün ilk günlərində
(imzaladığı sərəncamla) müstəqil Azərbaycanın
memarı Heydər Əliyevin anadan olmasının 95 illiyi
yüksək səviyyədə qeyd edildi, 10 may bir daha
unudulmaz bir tarixə çevrildi. Mayın 10-da Heydər
Əliyevin 95 illiyi ilə bağlı təntənəli mərasimdə
çıxışı zamanı dövlət
başçısı bunları dedi: “...Heydər Əliyev
dahi şəxsiyyət, uzaqgörən lider, cəsarətli
insan idi. O, öz həyatını doğma xalqına həsr
etmişdir. Bütün dövrlərdə xalqa
ləyaqətlə, sədaqətlə xidmət etmişdir.
Cəmiyyətin ictimai-siyasi quruluşundan
asılı olmayaraq, Heydər Əliyev bütün dövrlərdə
xalqın dəstəyini hiss edərək Azərbaycanı
inamla irəliyə aparırdı. Sovet
dönəmində və müstəqillik dövründə
Azərbaycan üçün, xalqımız üçün
ən həlledici anlarda Heydər Əliyevin liderlik keyfiyyətləri,
onun müdrikliyi, düşünülmüş siyasəti və
cəsarətli addımları xalqımızı
böyük bəlalardan xilas etmişdir. Xalq ona
inanırdı, onu sevirdi və bütün dövrlərdə
ona arxa-dayaq olmuşdur...”.
Cənab İlham Əliyev
çıxışnda vurğuladı ki, biz ulu öndərin
yolu ilə gedərək güclü iqtisadiyyat qura
bilmişik.
Onun qeyd etdiyinə görə, son 15 il ərzində
iqtisadi inkişaf baxımından Azərbaycan qədər
sürətlə inkişaf edən ikinci ölkə
olmayıb. “Bizim iqtisadiyyatımız
üç dəfədən çox artmışdır.
Aparıcı beynəlxalq təşkilatlar,
Davos İqtisadi Forumu Azərbaycanı rəqabətqabiliyyətliliyinə
görə dünyada 35-ci yerə layiq görübdür,
inkişaf edən ölkələr arasında isə biz
3-cü yerdəyik. Bizim çox
böyük iqtisadi resurslarımız var. Bizim valyuta
ehtiyatlarımız xarici borcumuzdan 5 dəfə
böyükdür. Azərbaycanda
yoxsulluqla, işsizliklə mübarizə gözəl nəticələr
verir. Bu böyük sosial problemlərin həlli
işində böyük uğurlar əldə edilibdir. Biz energetika, nəqliyyat sahələrində tarixi
layihələr icra etmişik və onların icrası davam
edir. Biz ölkə daxilində enerji təhlükəsizliyi
ilə bağlı məsələləri tam şəkildə
həll etdik. Gələcəkdə Azərbaycanın
enerji resurslarının dünya bazarlarına
çıxarılması ilə bağlı böyük
layihələrin başa çatması gözlənilir...” -
deyərək, ölkə başçısı fikirlərini
tamamladı. Həmin gün, 10 may tarixində Milli Məclisdə
ulu öndərə öz dərin ehtiramını göstərərək,
xüsusi iclasını ona həsr etdi.
May ayının 16-da isə
ulu öndər Heydər Əliyevin 95 illik yubileyi münasibəti
ilə Astanada, Qazaxıstanın Birinci Prezidenti
Kitabxanasında Qazax dilində “Vətəninə yol
açmış” adlı kitabın təqdimatı oldu. Lomonosov adına
Moskva Dövlət Universitetinin tarixçi alimlərinin
kollektiv əsəri olan bu kitab rus dilindən Beynəlxalq
Türk Akademiyası tərəfindən qazax dilinə tərcümə
edilib. Kitaba ön sözü də vaxtilə
ümummilli lider Heydər Əliyevin çox yaxın dostu
olmuş Qazaxıstan Respublikasının Prezidenti Nursultan
Nazarbayev yazıb.
Əfv, humanizm
siyasəti dövlət siyasətinin baş xətti kimi...
Elə bu yerdəcə qeyd etmək və
xatırlamaq yerinə düşər ki, Heydər Əliyev
1998-ci il yanvarın 22-də ölüm
hökmünün ləğv olunması haqqında təşəbbüslə
çıxış etdi. Bununla bağlı
Prezident Milli Məclisə müraciətində cinayət-hüquq
siyasətini hərtərəfli təhlil edərək ədalət,
azadlıq, humanizm və insanpərvərlik kimi yüksək
idealları rəhbər tutmaqla ölkədə ölüm cəzasının
ləğv edilməsi qənaətinə gəldiyini
bildirmiş, bu tarixi bəyanatın zəruriliyini əsaslandırmışdı.
Milli Məclis də o zaman dövlət
başçısının ölüm hökmü ilə əlaqədar
təklifini dəstəkləmiş, 1998-ci il
fevralın 10-da belə bir tarixi qərar qəbul etmişdi.
Ölüm hökmünün ləğvi ilə Azərbaycanın
adı Şərqdə ilk olaraq bu cəzanı ləğv edən
ölkə kimi tarixə düşdü və bundan sonra
ölkədə həm Heydər Əliyev, həm Prezident
İlham Əliyev, həm də Birinci vitse-prezident, Heydər
Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü
ilə əfv, amnistiyası siyasətinin həyata
keçirilməsinə başlanıldı. Ötən
müddət ərzində dəfələrlə parlament tərəfindən
amnistiya aktları qəbul olundu, əfv sərəncamları
imzalandı ki, bunun da nəticəsində onminlərlə məhbus
yenidən azadlığına qovuşdu, cəmiyyətə
inteqrasiya etdi. Bu siyasətin davamı olaraq, növbəti
addım bu ilin may ayının 24-də atıldı. Dövlət
başçısı növbəti əfv sərəncamı
imzaladı və sonuncu əfv 634 məhkuma şamil edildi...
***
Müstəqilliyimiz,
Ordumuzun yüzilliyi, Hərbi Parad və parlamentarizm
Ümumiyyətlə, 2018-ci il xalqımızın müstəqillik tarxində
ən yaddaqalan illərdən biri və birincilərdən
olacaq desək, yanılmarıq, səhv etmiş olmarıq...
2018-ci il hələ başa çatmasa da, müstəqil Azərbaycan
dövləti və dövlətçiliyinin tarixinə bəribaşdan
qızıl hərflərlə yazılacaq və
yazıldı. Çünki bu il müstəqil
Azərbaycan dövlətinin tarixində çox önəmli
hadisələr yaşandı və yaşanmaqdadır. Bu il ilk müstəqil Azərbaycan dövlətinin
Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının 100
illiyi tamam oldu. Qeyd edək ki, hələ ilin əvvəllərində
keçirdiyi müşavirədə, Nazirlər Kabinetinin
toplantısında İlham Əliyev 2018-ci ili
“Cümhuriyyət İli” elan etdi və bununla bağlı Sərəncam
imzaladı. Bununla da özünün Cümhuriyyət dəyərlərinə,
AXC-nin varisliyinə sədaqətini,
bağlılığını bir daha ifadə etdi və bu sədaqətin,
bu dəyərin nəticəsi kimi də may ayının 28-də
AXC-nin yüz illiyinə həsr olunmuş yüksəksəviyyəli
və təntənəli qəbul mərasimi təşkil
etdi.
Dövlət
başçısı rəsmi qəbul zamanı
çıxışında “Azərbaycan Xalq Cümhuriyyətinin
yaradılması tarixi hadisədir. İlk dəfə
olaraq müsəlman aləmində demokratik respublika
yaradılmışdır. Biz haqlı
olaraq fəxr edirik ki, bu respublikanı Azərbaycan xalqı
yaradıbdır. Bu, bir daha onu göstərir
ki, Azərbaycan xalqı böyük xalqdır, Azərbaycan
xalqı azadlıqsevər, mütərəqqi xalqdır.
Azərbaycan dövləti Azərbaycan Xalq Cümhuriyyətinin
qurucularının xatirəsinə böyük hörmətlə
yanaşır...” - deyərək, Azərbaycanın bundan sonra
müstəqillik yollarında daha böyük əzmlə və
iri addımlarla addımlayacağını vurğuladı və
göstərdi ki, müstəqillikdən başqa yol yoxdur, ola da bilməz...
Bu il həm də
Azərbaycan Milli Ordusunun 100 illiyi tamam oldu. 100 il
öncə, iyun ayının 26-da Cümhuriyyət
qurucularımız, babalarımız çox böyük bir
addıma imza ataraq, Azərbaycanın ilk Milli Ordusunun
yaranmasına qərar verdi. Düzdür, həmin dövlətin
ömrü az olduğu kimi, müstəqil Azərbaycan
Ordusunun da ömrü qısa oldu, ancaq şanlı bir tarix
kimi tarixə, yaddaşlara həkk olundu və düz 73 il
sonra, Azərbaycanın 1991-ci ildə ikinci dəfə müstəqiliyini
əldə etməsi ilə yenidən Milli Ordu quruculuğuna
başlanıldı. 1997-ci ildə dövlət rəhbəri
Heydər Əliyevin verdiyi sərəncamla hər il iyun ayının 26-sı Azərbaycanın
Milli Ordu Günü kimi qeyd olunmaqdadır, rəsmi
bayramlarımız sırasında yer almaqdadır. Və bu ilin iyunun 26-da Milli Ordumuzun yaranma günü
— 100 illiyi geniş səviyyədə qeyd olundu, ölkə
Prezidentinin iştirakı ilə tarixi və unudulmayacaq,
yaddaşlardan silinməyəcək Hərbi Parad
keçirildi. Hərbi Paradda da ölkə
başçısı çox önəmli mesajlar verərək,
Azərbaycan Ordusunun böyük gücə, qüdrətə
malik olduğunu söylədi. Belə bir
paradın — QƏLƏBƏ PARADInın tezliklə Azərbaycanın
işğal altında qalan ərazilərində də
keçiriləcəyini, torpaqlarımızın Ordumuz tərəfindən
azad olunacağını da bir daha dostlarımıza da,
düşmənlərimizə açıq notla bəyan etdi.
Dövlət
başçısı “2016-cı ilin Aprel döyüşlərində,
2018-ci ilin Naxçıvan əməliyyatında
işğalçılardan azad edilmiş torpaqlarda Azərbaycan
bayrağı qaldırıldı. Bunun çox
böyük mənəvi əhəmiyyəti var. Həmin o
bayraqlar bu gün bu paradda, Azadlıq meydanında
nümayiş etdiriləcək. Bu bayraqlar
hərbçilərimizi qabağa aparırdı. Bu bayraqlar döyüşdə olan bayraqlardır.
Bu gün bu bayraqlar Azərbaycanın
işğaldan azad edilmiş torpaqlarında dalğalanır və
bu parad üçün buraya gətirilib...Gün gələcək
və bu gün işğal altındakı torpaqlar azad
olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı
Azadlıq meydanına gətiriləcək və hərbi paradda
göstəriləcək. Biz bu müqəddəs
günü yaxınlaşdırmalıyıq və
yaxınlaşdırırıq” - deyə vurğuladı.
2018-ci il həm də
müstəqil Azərbaycan Parlamentinin 100 illiyidir. Bu ilin dekabr
ayının 7-də müsəlman-Şərq aləmində
ilk dəfə yaranan parlamentin-Azərbaycan parlamentinin 100 ili tamam olacaq. Artıq müstəqil Azərbaycan
Parlamentinin 100 illiyi ilə də bağlı ölkə
başçısının məlum sərəncamının
ruhuna uyğun olaraq, bir sıra addımlar atılmaqdadır və
Azərbaycan Parlamentindən verilən məlumatlara görə,
bu ilin payızında 100 illiklə bağlı böyük təntənəli
mərasim keçiriləcək, bir daha Cümhuriyyət
qurucularına ehtiram ifadə olunacaq...
Cənub Qaz Dəhlizi,
TANAP-dan TAP-a
AXC-nin 100 illiyinin səhərisi
günü, may ayının 29-da Azərbaycan dövləti və
xalqının həyatında daha bir tarixi an baş verdi. Avropanın və
dünyanın enerji təminatında, enerji təhlükəsizliyinin
təmin edilməsində əsas aktorlardan birinə
çevrilən ölkəmiz bu istiqamətdə daha bir
addım atdı və çox böyük önəmə
malik olan Cənub Qaz Dəhlizinin rəsmi
açılışını keçirdi. Ölkə başçısının
özünün və dünyanın nüfuzlu dövlətlərinin,
aparıcı beynəlxalq mərkəzlərinin, iri neft
şirkətlərinin, OPEK-in rəsmi nümayəndələrinin
iştirakı ilə mayın 29-da Səngəçal
Terminalında Cənub Qaz Dəhlizinin rəsmi
açılış mərasimi düzənləndi. Azərbaycan Prezidentinin dərin məzmunlu nitqi tədbirin
möhtəşəmliyini və perspektivliyini nümayiş
etdirən əsas faktor oldu. Dövlət
başçısı dolğun bir şəkildə bu layihənin
əhəmiyyəti və dünyaya verəcəyi töhfələri
diqqətə çatdıraraq bəyan etdi ki, belə nəhəng
layihələri tərəfdaşlarımızla birlikdə
icra edirik və Avropanın enerji xəritəsini yenidən tərtib
edirik.
Həmçinin, qeyd etdi və
xatırlatdı ki, məhz 4 il bundan əvvəl
bu ərazidə-Səngəçalda Cənub Qaz Dəhlizinin
təməli qoyulub. Eyni zamanda, dövlət
başçısı çıxışında, “O zaman mən
tam əmin idim ki, bu layihə uğurla, vaxtında icra ediləcək,
baxmayaraq ki, bu, çox nəhəng və texniki-iqtisadi cəhətdən
çox mürəkkəb bir layihədir. Bu layihə geniş beynəlxalq əməkdaşlıq
tələb edən bir layihə idi. İlk dəfə
olaraq Azərbaycan belə genişmiqyaslı beynəlxalq
iqtisadi və siyasi əməkdaşlığı tələb
edən layihəyə start vermişdir, onun təşəbbüskarı
olmuşdur. Cənub Qaz Dəhlizinin rəsmi
açılışı onu göstərir ki, biz
qarşımıza qoyduğumuz bütün hədəflərə
çatdıq və bu gün ölkəmizin həyatında
neft-qaz sənayesinin inkişafında yeni dövr
başlayır...” - dedi.
Tarixi açılış mərasimində,
həmçinin, ABŞ Dövlət katibinin köməkçisinin
enerji məsələləri üzrə müavini xanım
Sandra OUDKİRK, Böyük Britaniya və Şimali
İrlandiya Birləşmiş Krallığının Baş
nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa
Emma NİKOLSON, Neft İxrac Edən Ölkələr Təşkilatının
(OPEC) baş katibi Məhəmməd BARKİNDO, Qaz İxrac Edən
Ölkələr Forumunun baş katibi Yuri SENTYURİN, “BP Group
Upstream”ın baş icraçısı Bernard LUNEY
çıxış etdi, Türkiyənin Azərbaycandakı
səfiri Erkan ÖZORAL Prezident Rəcəb Tayyib
Ərdoğanın Prezident İlham Əliyevə və Cənub
Qaz Dəhlizinin rəsmi açılış mərasiminin
iştirakçılarına məktubunu oxudu.
Elə həmin gün, mayın 29-da
38 ölkədən 312 neft-qaz şirkətinin iştirak
etdiyi, Belarus, İtaliya və Rusiyanın isə tədbirdə
milli qruplarla təmsil olunduğu XXV yubiley Beynəlxalq “Xəzər
Neft və Qaz-2018” sərgisi keçirildi. Dövlət
başçısı İlham Əliyevlə Birinci
vitse-prezident Mehriban Əliyeva da sərgidə iştirak etdi.
Sərgi təşkilatçıları
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə
xatirə şəkli çəkdirdilər. Sonra dövlət başçısı və
xanımı sərgi və konfransın xatirə
kitabını imzaladılar. Qeyd edək ki, Azərbaycanın
ilk beynəlxalq ixtisaslaşmış “Xəzər Neft və
Qaz” sərgi və konfransının 25 illik yubileyi münasibəti
ilə nadir poçt markaları buraxılıb. Marka növlərindən birində “Xəzər Neft
və Qaz” sərgisinin yubiley loqotipi və rəmzi neft
platforması təsvir edilib. Digər
markada isə Xəzərin sahilində Bakını təsvir
edən rəsm əsərinin reproduksiyası verilib. Bundan əlavə, birinci sərgiyə həsr
olunmuş poçt zərfi və xüsusi poçt
ştempeli hazırlanıb. Odur ki, Prezident
sərgi zamanı poçt markalarına da möhür vurdu.
Həmçinin, sərgi təşkilatçıları
adından dövlətimizin başçısına və birinci
xanıma xatirə hədiyyələri təqdim olundu.
Bununla yanaşı, İlham Əliyev “Xəzər Neft və
Qaz” sərgi-konfransının 25 illiyi münasibətilə Azərbaycanın
nailiyyətlərinin təbliğində və xarici ölkələrlə
əməkdaşlığının möhkəmləndirilməsində
xidmətlərinə görə “ITE Group Plc” şirkətinin
baş məsləhətçisi Endryu Vuda və “ITE Group Plc”
şirkətinin regional direktoru Strahan Edvard Corc Dankana “Dostluq”
ordenini təqdim etdi. Dövlət başçısı, eyni
zamanda, “Xəzər Neft və Qaz” sərgi-konfransının
25 illiyi münasibətilə və ölkəmizdə sərgilərin
təşkilindəki xidmətlərinə görə
“İTECA Caspian” şirkətinin icraçı direktoru Fərid
Məmmədova “Tərəqqi” medalını təqdim etdi.
İyunun 12-də isə Azərbaycan
Prezidenti Türkiyənin Əskişəhər şəhərində
TANAP - Trans-Anadolu qaz kəmərinin istifadəyə verilməsi
münasibətilə təşkil edilmiş təntənəli
mərasimdə iştirak etdi. Bu kəməri “yeni qan damarı”
adlandıran dövlət başçısı bunun iki dost və
qardaş dövlət, Azərbaycanın və Türkiyənin
birgə səyləri və iradəsi nəticəsində
gerçəkləşdirildiyini də sözlərinə əlavə
etdi.
Dövlət
başçısı çıxışında
“TANAP-ın istismara verilməsi Türkiyə-Azərbaycan
qardaşlığının növbəti təzahürüdür. TANAP Türkiyə
ilə Azərbaycanın növbəti zəfəridir. TANAP tarixi layihədir. Bu gün
biz XXI əsrin enerji tarixini birlikdə yazırıq. Bu tarix işbirliyi tarixidir, bu tarix sabitlik tarixidir.
Enerji layihələrimiz bölgəmizə
sabitlik gətirir. Bu layihələrdə
iştirak edən bütün ölkələr, bütün
şirkətlər fayda görür, xalqlar fayda görür.
TANAP kimi nəhəng layihənin həyata
keçirilməsi Türkiyə-Azərbaycan liderlərinin
birgə güclü siyasi iradəsi nəticəsində
mümkün olmuşdur...” - deyərək, bir daha
dünyanın diqqətini Azərbaycanın önəminə
çəkdi.
İdman ölkəsi,
Formula 1 və ...
Müstəqil Azərbaycanın
27 illik uğurlarından bəhs edərkən, ən önəmli
məqamlardan biri kimi ölkəmizin dünyanın idman
ölkələrindən birinə çevrilməsini qeyd etməmək
mümkün deyil. Xüsusilə, ölkə Prezidentinin hələ
1997-ci ildə Milli Olimpiya Komitəsinin prezidenti seçilməsi
ilə tənəzzül dövrünü yaşan Azərbaycan
idmanına qısa müddətdə ikinci nəfəs gəldi.
Qısa zaman kəsiyində, 2000-ci illərin əvvəllərindən
başlayaraq, Azərbaycan idman sahəsində də
ardıcıl böyük nailiyyətlərə imza atmağa
başladı və idman ölkəsinə çevrilməyə
nail oldu. Son illər Azərbaycanda nüfuzlu ilk Avropa
Oyunlarının, 4-cü “İslamiada”nın, Formula 1
yarışlarının keçirilməsi Azərbaycanın
idman ölkəsi yolunda necə inamla
addımladığını göstərir və idmanın
inkişafında, ölkəmizin çox nüfuzlu idman
yarışlarına evsahibliyi etməsində də dövlət
başçısı ilə yanaşı, onun silahdaşı
olan birinci ledi Mehriban xanım Əliyevanın xidmətləri
böyükdür və müstəsnadır. Bu
baxımdan, Azərbaycan aprelin 27-29-u tarixlərində növbəti
nüfuzlu yarışa evsahibliyi etdi, aprelin 29-da isə
Bakıda Formula 1 Azərbaycan Qran-Prisinin əsas mərhələsinə
start verildi. Həmin yarışı izləyənlər
arasında Azərbaycan Prezidenti İlham Əliyev və birinci
xanım Mehriban Əliyeva da vardı. Onlar
birlikdə Formula 1 üzrə dünya
çempionatının dördüncü mərhələsinin
- Azərbaycan Qran-Prisinin əsas yarışına
baxdılar. Sonra qaliblərin
mükafatlandırılması mərasimi keçirildi. Azərbaycan Qran-Prisinin qalibi Luis Hamiltona kuboku
İlham Əliyev təqdim etdi. Azərbaycanın birinci
xanımı Mehriban Əliyeva da öz növbəsində
Konstruktorlar kubokunu “Mersedes” komandasının nümayəndəsinə
təqdim etdi...
Sərəncamlar,
fərmanlar, qəbullar, xarici səfərlər...
Ötən yüz gün ərzində
ölkə başçısının regionların, Azərbaycan
iqtisadiyyatının inkişafının, ölkə əhalisinin
sosial rifahının təmin edilməsi ilə bağlı
çoxsaylı sərəncam və fərmanları oldu. Bunlar
arasında ən mühümlərdən birisi isə
heç şübhəsiz ki, 2018-ci ilin dövlət büdcəsinə
dəyişiklikləri və onun təsdiqlənməsini
göstərmək olar. Ölkə
başçısı Azərbaycan iqtisadiyyatının
dayanıqlılığını təmin etmək, ölkə
əhalisinin rifahını daha da yaxşılaşdırmaq
üçün dövlət büdcəsinin daha iki milyard
manat artırılaraq, 23 milyard manata
çatdırılması ilə bağlı 2018-ci ilin
büdcəsinə dəyişiklikləri nəzərdə
tutan təkliflər paketini Milli Məclisə göndərdi və
iyunun 29-da həmin dəyişikliklərə baxılaraq,
onlara müsbət münasibət ifadə edildi. Həmçinin, dövlət
başçısı tərəfindən dövlət
büdcəsinə dəyişikliklər təsdiqlənərək,
hüquqi qüvvəsinə mindi.
Digər mühüm
addımlardan biri kimi, Azərbaycan Respublikası Dövlət
Neft Fondu Müşahidə Şurasının yeni tərkibinin
təsdiq edilməsi haqqında Sərəncam verildi, baş
nazir Novruz Məmmədov şuranın sədri təyin edildi. Həmin gün, həmçinin,
imzalanan Bakı şəhərinin baş planının
hazırlanması ilə bağlı tədbirlər
haqqında Sərəncamla baş planın hazırlanması
işinin təşkili üçün nüfuzlu beynəlxalq
məsləhətçi şirkətin cəlb edilməsi məqsədilə
2018-ci il dövlət büdcəsində nəzərdə
tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Dövlət
Şəhərsalma və Arxitektura Komitəsinə ilkin olaraq
4,0 (dörd) milyon manat ayrılması qərara
alındı.
İyunun 29-da “Elektron kənd təsərrüfatının
formalaşdırılması ilə bağlı əlavə
tədbirlər haqqında” Azərbaycan Prezidentinin sərəncamı
imzalandı, elektron kənd təsərrüfatı sisteminin
inkişaf etdirilməsi üçün Azərbaycan
Respublikasının 2018-ci il dövlət büdcəsində
nəzərdə tutulmuş Azərbaycan Respublikası
Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Kənd
Təsərrüfatı Nazirliyinə ilkin olaraq 2,0 (iki) milyon
manat ayrıldı.
Azərbaycan həqiqətlərinin
dünyaya çatdırılması, diaspor fəaliyyətinin
daha uğurlu təşkili istiqamətində mühüm bir
addım atıldı. Ölkə Prezidentinin 6 iyul tarixli sərəncamı ilə
Azərbaycan Diasporuna Dəstək Fondu yaradıldı...
May ayının 27-də ölkə
Prezidentinin sərəncamı ilə bir qrup mədəniyyət
və incəsənət işçilərinə fəxri
adlar - “Xalq artisti”, “Əməkdar artist”, “Əməkdar incəsənət
xadimi”, “Xalq rəssamı” və digər fəxri adlar verildi
ki, onlar arasında Murad Dadaşov, Emin Ağalarov, Teyyub Aslanov,
Könül Kərimova, Elnur Zeynalov, Əlixan Səmədov,
Aygün Səmədzadə və başqaları var. Həmçinin,
digər sərəncamlarla millət vəkili,
yazıçı-publisist Elmira Axundova “Xalq
yazıçısı” fəxri adı ilə, millət vəkilləri
İmamverdi İsmayılov, Rüstəm Xəlilov
“Şöhrət” ordenləri ilə təltif edildi. Akademik
Azad Mirzəcanzadənin, Xalq yazıçı İmran
Qasımovun yubileylərinin keçirilməsi ilə
bağlı sərəncamlar verildi.
Azərbaycanın
London uğuru
Aprelin 26-da İlham Əliyevin
Böyük Britaniya səfəri baş verdi
və o, səfər zamanı Böyük Britaniyanın və
Şimali İrlandiya Birləşmiş
Krallığının Baş naziri Tereza Mey ilə
görüşdü. Mey prezident seçkilərində qələbəsi
münasibətilə İlham Əliyevi təbrik edərək,
onunla görüşməkdən məmnunluğunu bildirdi və
dedi ki, bu səfər iqtisadi və ticarət, enerji, təhlükəsizlik
məsələlərinin müzakirəsi üçün
yaxşı imkan yaradacaq. O, SOCAR ilə BP şirkəti
arasında imzalanacaq sazişin əməkdaşlığın
genişləndirilməsi baxımından önəmini
vurğuladı. Tereza Mey Azərbaycanın
Əfqanıstanda sülhməramlı əməliyyatlarda
iştirakına və verdiyi dəstəyə görə minnətdarlığını
bildirdi.
Prezident İlham Əliyev təbrikə
görə minnətdarlığını bildirərək
qeyd etdi ki, Azərbaycan ilə Böyük Britaniya arasında
ikitərəfli münasibətlərin gündəliyi
çox genişdir və ölkələrimiz müxtəlif
istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi,
enerji, ticarət, sərmayə qoyuluşu sahələrində
fəal əməkdaşlıq həyata keçirir. Dövlət
başçısı bildirdi ki, hazırda ticarət əlaqələrinin
genişləndirilməsi və şaxələndirilməsi
istiqamətində fəal iş aparılır və bunun
üçün böyük potensial var, Böyük
Britaniyanın bir çox şirkətləri Azərbaycanda
uzun illərdir ki, fəaliyyət göstərir, SOCAR-BP əməkdaşlığı
strateji xarakter daşıyır.
İkitərəfli
münasibətlərimizin tərəfdaşlıq əlaqələrinə
əsaslandığını deyən dövlət
başçısı onun Böyük Britaniyaya səfərinin
əməkdaşlığımızın genişləndirilməsi
işinə xidmət edəcəyinə əminliyini ifadə
etdi. Söhbət zamanı regional inkişaf və təhlükəsizlik
məsələləri də müzakirə olundu.
Sonra Prezident İlham Əliyevin və
Baş nazir Tereza Meyin iştirakı ilə Azərbaycan
Respublikası Dövlət Neft Şirkəti - SOCAR, “BP
Exploration (Azerbaijan) Limited” şirkəti və SOCAR-ın Ortaq
Neft Şirkəti arasında Xəzər dənizinin Azərbaycan
sektorunda D230 perspektiv blokunun birgə kəşfiyyatı və
işlənilməsi üzrə hasilatın pay
bölgüsü haqqında saziş imzalandı. Sənədi SOCAR-ın prezidenti Rövnəq
Abdullayev və BP şirkətinin baş icraçı
direktoru Robert Dadli imzaladılar.
İyunun 9-da Azərbaycan,
Bakı daha bir möhtəşəm tədbirə, Avropada
Mühafizəkarlar və İslahatçılar
Alyansının Bakı sammitinə evsahibliyi etdi. “Ortaq gələcəyin
qurulması” mövzusunda keçirilən sammitdə dövlət
başçısı İlham Əliyevin Bakı sammitinin
iştirakçılarına ünvanladığı təbrik
məktubu oxundu. Ondan bir gün əvvəl, iyunun 8-də
isə Prezident adıçəkilən Alyansının
prezidenti, Avropa Parlamentinin Beynəlxalq Ticarət Komitəsinin
vitse-prezidenti, Avropa Parlamentinin üzvü Yan Zahradili qəbul
etdi. İlham Əliyev Azərbaycan ilə Avropa Komissiyası
arasında əməkdaşlığın yüksək səviyyədə
olduğunu qeyd edərək ölkəmizlə Avropa
İttifaqına üzv olan 9 ölkə, o cümlədən
Çexiya ilə strateji tərəfdaşlıq haqqında
saziş və bəyannamələrin qəbul edilməsi və
imzalanmasının önəmini vurğuladı, sammitin
Bakıya gələn çoxsaylı qonaqların Azərbaycanla
daha yaxından tanış olması üçün
yaxşı imkan yaradacağına əminliyini ifadə etdi...
3-4 iyul və 10 iyul hadisələri,
PREZİDENT-XALQ
HƏMRƏYLİYİ, BRÜSSEL ZƏFƏRİ!!!
Hər bir cəmiyyətdə problemlər
olduğu kimi, Azərbaycan da problemlər mövcuddur və
onların həlli istiqamətində də ölkə rəhbərliyinin,
dövlət başçısının aydın, prinsipial
mövqeyi, atdığı addımlar var. Yəni, Azərbaycandakı
bütün problemlər, bütün hadisələr dövlət
başçısının birbaşa nəzarətindədir.
Bu özünü iyulun 2-dən 3-nə
keçən gecə “Azərbaycan” İstilik
Stansiyasının yarımstansiyalarından birində baş
vermiş qəza və onun yaratdığı fəsadların,
gərginliklərin aradan qaldırlımasında bir daha
özünü göstərmiş oldu. Ölkə
başçısı gecə ilə, hadisə baş verən
andan prosesə nəzarəti üzərinə
götürdü və onun fəsadlarının aradan
qaldırılması üçün bütün dövlət
qurumlarını səfərbər etdi, ayağa
qaldırdı. İyulun 4-də isə
ölkənin enerji sistemindəki yaranmış vəziyyətlə
bağlı müşavirəsini keçirdi. Nöqsanlara, ciddi xətalara yol verən qurumlarla və
məsul şəxslərlə bağlı güzəştsiz
mövqe sərgilədiyini və sərgiləyəcəyini
ortaya qoydu.
“Azərbaycan vətəndaşları
bu məsələ ilə bağlı böyük məsuliyyət,
böyük vətəndaş həmrəyliyi göstərmişlər. Bütövlükdə
Azərbaycan cəmiyyəti bu çətin sınaqdan şərəflə
çıxa bilmişdir. Fürsətdən
istifadə edərək, bütün Azərbaycan vətəndaşlarına
göstərdikləri dəstəyə, anlayışa və
vətəndaş həmrəyliyinə görə təşəkkürümü
bildirmək istəyirəm. Bilirəm ki, vətəndaşlar
bir-birlərinə kömək göstərmişlər.
Bu, bir daha onu göstərir ki, Azərbaycan cəmiyyəti
çox yetkin cəmiyyətdir və Azərbaycanda,
sözün əsl mənasında, vətəndaş həmrəyliyi
mövcuddur...” - deyərək, eyni zamanda, təəssüf
hissi ilə onu da dedi ki, ancaq bir qəza nəticəsində,
demək olar ki, bütün enerji sistemi sıradan
çıxdı.
Bu məsələnin
çox ciddi suallar yaratdığını, onun çox ciddi
araşdırılmasının vacibliyini dilə gətirdi və
bildirdi ki, qəza nəticəsində bu isti havada insanlara
böyük əziyyət verildi, iqtisadiyyata böyük ziyan
vuruldu.
Sonra “Düzdür, həm birinci, həm
ikinci dəfə operativ tədbirlər nəticəsində
enerjinin verilməsi bir neçə saat ərzində bərpa
edildi. Ancaq bu qəzalar baş verməməli
idi. Əgər baş versəydi belə,
fəsadlara gətirib çıxarmamalı idi. İndi qəzalar olur, həm bu sahədə, həm
başqa sahələrdə. Dünyanın hər bir
ölkəsində heç kim qəzadan
sığortalı deyil. Ancaq qəza lokal
xarakter daşımalıdır. Bir stansiyada baş
vermiş qəza bütün enerji sistemimizə çox
böyük zərbə vurdu” - deyə qeyd edərək
vurğuladı ki, bu səbəbdən çox ciddi
araşdırmalar aparılmalıdır, günahkarlar məsuliyyətə
cəlb edilməlidir: “Bir daha qeyd etmək istəyirəm, elə
bir tədbirlər planı hazırlanmalıdır ki, gələcəkdə
biz bu qəzalardan və qəzaların törədə biləcəyi
fəsadlardan özümüzü qoruya bilək...”.
İyulun 8-də ölkə
Prezidentinin sədrliyi ilə növbəti müşavirə-iclas
keçirildi.
Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının
sosial-iqtisadi inkişafının yekunlarına və
qarşıda duran vəzifələrə həsr olunan
iclasında dövlət başçısı son 6 ayın
sosial-iqtisadi yekunlarını müsbət qiymətləndirərək,
islahatların sürətləndirilməsinin,
dayanıqlılığın, şəffaflığın təmin
edilməsinin vacib elementlərdən olduğunu dilə gətirdi.
Dövlət başçısı
çıxışında dedi: “Bizim
inkişafımızın təməlində həm
düşünülmüş siyasət, həm güclü
iradə, eyni zamanda, güclü iqtisadiyyat dayanır. Biz güclü iqtisadiyyat qura bilmişik, bu gün
heç kimdən asılı deyilik, özümüz öz
taleyimizin sahibiyik və iqtisadi sahədə böyük
uğurlar əldə etmişik. Son 15 ilin
göstəriciləri bunu əyani sübut edir.
İqtisadi baxımdan 15 il ərzində Azərbaycan
qədər inkişaf edən ikinci dövlət yoxdur. Hətta böhranlı illərdə də biz öz
iqtisadi gücümüzü qoruya bilmişik. Deyə
bilərəm ki, biz böhrandan az itkilərlə
çıxa bilmişik. Bu ilin göstəriciləri isə
onu deyir ki, əvvəlki illərdə
apardığımız islahatlar və bu il
aparılan islahatlar gözəl nəticələr verir. Mən bəzi rəqəmləri Azərbaycan
ictimaiyyətinə çatdırmaq istərdim. Beləliklə,
altı ay ərzində ümumi daxili məhsul 1,3 faiz artmışdır. Hesab
edirəm ki, bu, yaxşı göstəricidir. Ondan daha yaxşı göstərici odur ki, qeyri-neft sektorumuz
2 faiz artmışdır. Sənaye
istehsalı 1 faiz artsa da, bu da məqbul rəqəmdir.
Qeyri-neft sənayemiz 8,8 faiz
artmışdır. Bu, onu göstərir ki,
qeyri-neft sektoruna qoyulan investisiyalar, sahibkarlara göstərilən
dəstək öz bəhrəsini verir. Kənd təsərrüfatı
7,6 faiz artmışdır. Xüsusilə
bitkiçiliyi qeyd etmək istərdim. Bitkiçilik
14 faizdən çox artmışdır. 67 min yeni iş
yeri yaradılmışdır. Onlardan 58 mini daimi iş yeridir.
Ölkə iqtisadiyyatına 6 milyard dollar sərmayə
qoyulmuşdur. İnflyasiya cəmi 3 faizdir.
Əhalinin pul gəlirləri 9,3 faiz
artmışdır. İnflyasiyanın aşağı səviyyədə
olması onu göstərir ki, ölkəmizdə makroiqtisadi
sabitlik tam təmin edilir...”.
Prezident
çıxışında bir daha ölkədə
korrupsiyaya, məmur özbaşınalığına son
qoyulmasının vacibliyini dilə gətirdi, belə hallara
qarşı güzəştsiz mövqe tutalacağını
ifadə etdi.
Qeyd edək ki, Azərbaycanda
enerji sistemində qəza baş verən günlərdə
(eləcə də ondan bir neçə gün sonra) ölkədə
bəzi digər narahatedici və təhlükəli hadisələr
də yaşandı. Belə ki, iyulun 4-də Azərbaycanın
ikinci şəhəri olan Gəncədə şəhər
icra hakimiyyətinin başçısı Elmar Vəliyev və
bir nəfər polis serjantı güllələnərək,
ağır xəsarətlər aldılar. Dərhal keçirilən əməliyyat tədbirləri
zamanı icra başçısını və polis
serjantını güllələyən şəxs, radikal
dini yönümlü təşkilatın üzvü olan Yunis
Səfərov həbs olundu. Ancaq həmin gün öz
çirkin məqsədlərinə nail ola
bilməyən və kənardan idarə edilən təxribatçı
qüvvələr, terrorçular iyulun 10-da yenidən Gəncədə
vəziyyəti gərginləşdirməyə, təxribatçılıq
əməllərini davam etdirməyə cəhd etdilər. Həmin cəhdlərin qarşısı təxminən
30-35 dəqiqə ərzində alınsa da, ancaq iki nəfər
yüksəkrütbəli polis zabiti təxribatçılar tərəfindən
qətlə yetirildilər. Ölkə Prezidentin 13 iyul
tarixli sərəncamı ilə İlqar Məmməd oğlu
Balakişiyev - polis polkovniki (ölümündən sonra) və
Səməd Yunis oğlu Abbasov - polis polkovnik-leytenantı
(ölümündən sonra) 2018-ci il
iyulun 10-da Gəncə şəhərində ictimai asayişi
kobud şəkildə pozmaq cəhdinin
qarşısının alınması zamanı cəsarət
və polis andına sonadək sadiqlik nümayiş etdirərək
qəhrəmancasına həlak olduqlarına görə “Azərbaycan
Bayrağı” ordeni ilə təltif edildilər...
Ancaq Azərbaycanın
güc, təhlükəsizlik strukturlarının şücaəti,
Gəncə əhalisinin və bütövlükdə Azərbaycan
xalqının birgə səyləri, dövlətlə,
ölkə Prezidenti ilə həmrəyliyi nəticəsində
növbəti təxribat, sui-qəsd cəhdlərinin
qarşısı alındı. Azərbaycan xalqı
heç zaman təxribatçıların öz çirkin
niyyətlərinə çata bilməyəcəyini, ölkəyə
uzanan “qara əllər”in daim kəsiləcəyini və bütün
antiAzərbaycan cəhdlərinin fiaskoya
uğradılacağını nümayiş etdirmiş oldu.
Bu məqam ölkə
başçısının iyulun 13-də respublikanın
hüquq-mühafizə orqanları rəhbərlərinin
iştirakı ilə keçirilən iclasında da önə
çəkildi, vurğulandı. Dövlət
başçısı bildirdi ki, cinayətkarlar və
onların arxasında dayananlar heç vaxt öz məkrli
arzularına çata bilməyəcəklər. Çünki Azərbaycan dövləti və Azərbaycan
xalqı buna imkan verməyəcək. “Bütün Azərbaycan
xalqı bu qanlı cinayətləri birmənalı olaraq pislədi
və bu cinayətləri törədənlərə
qarşı öz nifrətini ifadə etdi” - deyən Prezident
onu da qeyd etdi ki, Azərbaycana qarşı müstəqillik illərində
bir neçə belə cinayət törədilib, onlar niyyətlərinə
çatmayıb: “Çünki Azərbaycanda xalq-iqtidar birliyi
var. Xalq-iqtidar birliyinə nə xarici, nə də hər
hansı daxili qüvvə təsir edə bilər. Azərbaycanın müasir tarixi bunu sübut edir.
Kim bizə qarşı çirkin niyyətlərlə
hərəkət edirsə, bu niyyətlərinin qurbanı
olur. Azərbaycanda təhlükəsizlik ən
yüksək səviyyədə təmin edilib” - deyə
dövlət başçısı sözlərinə əlavə
etdi.
Dünya miqyasında
tanınmış və qəbul edilmiş bir LİDER kimi
İlham Əliyevin ən böyük üstünlüklərindən
biri də onun baş verən hadisələr zamanı son dərəcədə
təmkinli, soyuqqanlı, qərarlı olmasındadır. Bu
özünü son hadisələrdə bir daha göstərdi.
Konkret olaraq, iyulun 10-da Gəncədə yaşanan ağır
hadisələrə baxmayaraq, ölkə
başçısı həmin gecə Brüsselə səfər
etməklə, daxili və xarici düşmənlərinə,
düşmənlərimizə, bədxahlarımıza,
sözün əsl mənasında, meydan oxudu, göz
dağı verdi, əzələ nümayiş etdirdi, kimsənin
onu, Azərbaycan dövlətini öz yolundan döndərə
bilmək iqtidarında olmadığını və
olmayacağını açıq mətnlə nümayiş
etdirdi. İlham Əliyev Brüsselə, NATO-nun
sammitinə yola düşərək, orada həm Zirvə
toplantısında iştirak etdi, həm də bir sıra əhəmiyyətli
və vacib görüşlər keçirdi. Səfər
zamanı Prezidentin, xüsüsilə Avropa İttifaqı
Şurasının prezidenti Donald Tusk ilə
görüşündə aparılan müzakirələr, eləcə
də Azərbaycan ilə Avropa İttifaqı arasında “Tərəfdaşlıq
prioritetləri” sənədinin paraflanması tərəflər
arasında münasibətlərin yeni mərhələyə
qədəm qoyduğunu deməyə əsas verir. Səfər zamanı, həmçinin dövlət
başçısı NATO-nun Əfqanıstanda həyata
keçirdiyi əməliyyata töhfə verən tərəfdaş
ölkələrin dövlət və hökumət
başçılarının və potensial əməliyyat tərəfdaşlarının
iştirakı ilə Qətiyyətli Dəstək
Missiyası üzrə Şimali Atlantika Şurasının
görüşündə iştirak etdi. Brüsseldə
keçirilən Zirvə toplantısının yekununda isə
NATO-nun üzv dövlətləri qəbul etdikləri
kommunikedə növbəti dəfə Azərbaycan Respublikasının
ərazi bütövlüyü, müstəqilliyi və
suverenliyinə və eləcə də Ermənistan-Azərbaycan
münaqişəsinin bu prinsiplər əsasında həllinə
dəstək ifadə etdi. Bu fakt diplomatik cəbhədə
Azərbaycanın daha bir uğuru, işğalçı Ermənistanın
isə məğlubiyyəti hesab edilə bilər ki, burada da ən
böyük xidmət yenə dövlət
başçısınındır. Məhz onun
mövqeyi və iradəsi sayəsində belə bir diplomatik
uğura nail olundu və bu, onu deməyə əsas verir ki, Azərbaycan
bundan sonra da bütün cəbhələrdə yalnız və
yalnız qələbə, zəfər əldə edəcək...
“Heydər
Əliyev” ordenli İtaliya prezidenti... Paris, Paris!!!
İyulun 18-də Azərbaycan
Prezidenti İtaliya Respublikasının Prezidenti Sercio
Mattarellanın başçılıq etdiyi geniş nümayəndə
heyətini qəbul etdi. Təkbətək və geniş tərkibdə
keçirilən görüşlərdən sonra hər iki
dövlət rəhbərinin iştirakı ilə sənədlərin
imzalanması mərasimi oldu. “Azərbaycan
Memarlıq və İnşaat Universiteti ilə
İtaliyanın Milan Politexnik Universiteti arasında Anlaşma
Memorandumu”nu Azərbaycan Memarlıq və İnşaat
Universitetinin rektoru Gülçöhrə Məmmədova,
Milan Politexnik Universitetinin dizayn üzrə departamentinin rəhbəri
Silvia Piardi imzaladılar. “Azərbaycan Dəmir
Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə
İtaliya Dövlət Dəmir Yolları arasında
Anlaşma Memorandumu”nu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri
Cavid Qurbanov, İtaliya Dəmir Yolları Şirkətinin beynəlxalq
inkişaf üzrə vitse-prezidenti Covanni Rokka imzaladılar.
“Azərbaycan Respublikasının Kənd Təsərrüfatı
Nazirliyi ilə İtaliya Respublikasının Səhiyyə
Nazirliyi arasında baytarlıq təbabəti üzrə
Texniki Anlaşma”nı Azərbaycanın
İtaliyadakı səfiri Məmməd Əhmədzadə və
İtaliyanın Azərbaycandakı səfiri Auqusto Massari
imzaladılar. “Azərbaycan Respublikasının Təhsil
Nazirliyi ilə İtaliya Respublikasının Təhsil,
Universitetlər və Tədqiqat Nazirliyi arasında ali təhsil üzrə əməkdaşlıq
barədə Birgə Bəyannamə”ni Azərbaycanın
İtaliyadakı səfiri Məmməd Əhmədzadə və
İtaliyanın Azərbaycandakı səfiri Auqusto Massari
imzaladılar.
İyulun 18-də, həmçinin,
hər iki prezidentin iştirakı ilə Sumqayıt Kimya Sənaye
Parkının ərazisində “SOCAR Polymer” layihəsi çərçivəsində
inşa edilən polipropilen zavodunun açılışı
oldu. Prezident İlham Əliyev və Prezident Sercio
Mattarella tədbirdə çıxış etdilər.
İlham Əliyev: “Bu gün ölkəmizin
həyatında çox əlamətdar bir gündür. Bu gün Sumqayıtda yeni böyük sənaye
müəssisəsinin açılışına
toplaşmışıq. Bu münasibətlə
sizi və bütün Azərbaycan xalqını ürəkdən
təbrik edirəm. Bu mərasimdə bizimlə
bərabər İtaliya Prezidenti cənab Sercio Mattarella
iştirak edir. Buna görə, cənab
Prezident, Sizə minnətdaram. İtaliyanın
Prezidentinin bu mərasimdə iştirakı müəssisənin
əhəmiyyətini daha da artırır. Eyni zamanda, bu müəssisənin yaradılması
İtaliya-Azərbaycan dostluğunun təzahürüdür.
Çünki bu böyük sənaye müəssisəsi
beynəlxalq əməkdaşlıq nəticəsində
yaranmışdır. İtaliya şirkəti “Maire
Tecnimont” bütün inşaat işlərini yüksək səviyyədə
aparmış və gözəl bir əsər
yaratmışdır...”.
Prezident çıxışında
dedi ki, Polipropilen Zavodunun istifadəyə verilməsi və
ilin sonunda polietilen zavodunun istifadəyə verilməsi nəticəsində
Azərbaycanın ixrac potensialı böyük dərəcədə
artacaq. Hər iki zavodda hər il 300 min ton
məhsul istehsal olunacaq və məhsulun 70 faizi xarici bazarlara
ixrac ediləcək. Beləliklə, Azərbaycan idxaldan
asılılığı tamamilə aradan götürəcək
və ölkəmizin böyük həcmdə qeyri-neft
ixracı yaradılacaq: “Bizim iqtisadi sahədə və sənaye
istehsalı sahəsində məqsədimiz məhz bundan ibarətdir.
Biz bu zavodun timsalında Azərbaycanda son illər
ərzində aparılan uğurlu iqtisadi və sənaye siyasətini
görürük. Ən yüksək
texnologiyalara malik olan zavod bu gün fəaliyyət göstərir.
Zavodda yüzlərlə iş yeri yaradılır, daha dəqiq
desəm, 500-dən çox yeni iş yeri yaradılacaqdır.
İdxaldan asılılıq tamamilə aradan
götürülür, gözəl ixrac imkanlarımız
yaradılır. Kadr
hazırlığı çox yüksək səviyyədə
öz həllini tapmışdır. Azərbaycanın
qeyri-neft sektorunun inkişafına zavodun çox böyük dəstəyi
olacaqdır. Əminəm ki, zavodun fəaliyyəti nəticəsində
minlərlə, bəlkə də on minlərlə yeni iş
yeri yaradılacaq. Çünki bu zavodda
buraxılan xammaldan hazır məhsul istehsal olunacaq və Azərbaycan
o məhsulun da idxalından asılılığı aradan
götürəcək. Yəni, bu böyük sənaye
müəssisəsinin timsalında biz siyasətimizi,
aparılan işlərin nəticələrini
görürük...”.
Sercio Mattarella:
“...Bu gün bu tədbirdə Sizinlə
bir yerdə olmaqdan çox məmnunluq hissi duyuram. Mən bu rəsmi səfər çərçivəsində
bu tədbirə qoşulmaqdan çox məmnunam. Bu cür tədbirlər İtaliya ilə Azərbaycan
arasındakı münasibətlərin çox yüksək
səviyyədə olduğunu göstərir. Bu, eləcə də dövlətlər və
xalqlar arasında dostluğun və səmimiyyətin bir
işarəsidir”.
SOCAR-ın prezidenti Rövnəq
Abdullayev:
“Mən bu gün italiyalı tərəfdaşımıza
- layihənin baş podratçısı olan “Maire Tecnimont”
şirkətinə, sahə podratçısı olan
Türkiyənin “Ustay” şirkətinə, Niderlandın “Fluor”
şirkətinə layihənin idarə edilməsində bizə
dəstək verdiklərinə görə xüsusi təşəkkür
etmək istəyirəm. “Maire Tecnimont” həyata
keçirdiyimiz birgə layihələrdə özünü
etibarlı tərəfdaş kimi təsdiq edib.
Aparılan əməliyyatlarda nümayiş etdirdiyi yüksək
peşəkarlıq və işgüzarlığı nəzərə
alınaraq, “Maire Tecnimont”a Heydər Əliyev adına
Neft Emalı Zavodunda aparılan modernləşdirmə işləri
çərçivəsində tikiləcək 14 yeni
qurğunun baş EPC Podratçılığı həvalə
olunub. “SOCAR Polymer”in əsas xammal təminatçısı
olan “Azərikimya”nın yenidənqurma layihəsində də
baş EPC Podratçısı - İtaliya şirkəti
“Technip İtaly”dir. Əminəm ki, İtaliya şirkətləri
ilə əməkdaşlığımız bundan sonra daha da
genişlənəcək...”.
İtaliyanın “Maire Tecnimont”
şirkətinin prezidenti Fabrizio di Amato: “Bu gün biz “Maire
Tecnimont” və “SOCAR Polymer” arasında əldə olunmuş əhəmiyyətli
bir nəticəni qeyd edirik. Bu münasibətlə
hər iki ölkənin yüksək səviyyəli nümayəndələrinin
iştirakı ilə bu gün Sumqayıt şəhərində
olmaqdan şərəf hissi duyuram. SOCAR
bizim şirkətin ən önəmli tərəfdaşlarından
biridir. “SOCAR Polymer” isə şirkətimiz
üçün uzunmüddətli əməkdaşlıqda əvəzolunmaz
tərəfdaşdır. Biz şirkətimizin
imkanları və texnologiyası hesabına Azərbaycanın
sənaye sahəsinin inkişafına verdiyimiz töhfədən
dərin məmnunluq hissi duyuruq. Biz
İtaliya vətəndaşı olaraq dialoqa daim hazır
olmalı və insani dəyərləri diqqətdən kənarda
qoymamalıyıq. Biz, eləcə də
bu layihənin Azərbaycan iqtisadiyyatına verəcəyi
töhfəni çox diqqətlə izləyirik. Bilirik ki, bu layihə hesabına “SOCAR Polymer” Azərbaycanda
ilk dəfə olaraq polipropilen və polietilen istehsal edəcək”.
O, həmçinin qeyd etdi ki, bu, nəinki
neft kimyası sahəsində, digər sahələrdə də
əməkdaşlığın
başlanğıcıdır: bu zavodun tikintisində istifadə
olunan texnologiyalar İtaliyanın ən müasir
texnologiyalarına aid edilir: “Bu zavod iqtisadiyyatın
inkişafında və Azərbaycanın sənayesində
böyük rol oynayacaq. Çünki bu zavod təbii
ehtiyatlardan istifadə hesabına fəaliyyət göstərəcək.
Bu layihə, bizim fikrimizcə, Azərbaycan
hökuməti və eləcə də cəmiyyəti
üçün mühüm mexanizmlərdən birini təşkil
edir. “Maire Tecnimont” olaraq bizim Azərbaycandakı əsas
məqsədimiz digər şirkətləri də buraya cəlb
etmək və əməkdaşlığımızı daha
da məhsuldar etməkdir...”.
Həmin gün, iyulun 18-də
Prezidentin sərəncamları ilə Sercio Mattarella “Heydər
Əliyev”, qızı Laura Mattarella “Şöhrət”, xarici
işlər və beynəlxalq əməkdaşlıq naziri
Enzo Moavero Milanesi isə “Dostluq” ordenləri ilə təltif
edildilər.
İyulun 19-da ölkə
prezidentlərinin iştirakı ilə Azərbaycan-İtaliya
Biznes Forumu keçirildi. Həmçinin, Heydər Əliyev Mərkəzində
Azərbaycan xalqının böyük oğlu, sərkərdəsi
və şairi Şah İsmayıl Xətaiyə həsr
edilmiş “Əbədiyyət xəzinəsi” adlı sərginin
açılışı oldu. Azərbaycan Prezidenti İlham
Əliyev və xanımı Mehriban Əliyeva, İtaliya
Respublikasının Prezidenti Sercio Mattarella və qızı
Laura Mattarella sərgi ilə tanış
oldular. Qeyd edək ki, sərgi Heydər Əliyev Fondu,
Florensiyanın Uffitsi Qalereyası, Heydər Əliyev Mərkəzi,
İtaliyanın Mədəniyyət və Turizm Nazirliyi və
İtaliyanın ölkəmizdəki səfirliyinin dəstəyi
ilə təşkil edilmişdi. Həmin gün
İtaliya dövlət rəhbərinin Azərbaycana səfəri
başa çatdı.
İtaliya prezidentinin səfərindən
cəmi bir neçə saat sonra, iyulun 19-u axşamı
İlham Əliyevin Fransa prezidenti Emmanuel Makronun dəvəti
ilə Parisə səfəri başladı. Səfər zamanı Azərbaycan
Prezidentinin Parisdə Fransa Milli Assambleyasının sədri
Fransua de Rüji, Fransa Senatının sədri Jerar Larşe və
Fransa Beynəlxalq Əlaqələr İnstitutunun
icraçı sədri Tyerri de Montbrial ilə
görüşləri oldu. Həmçinin,
ölkə Prezidentinin Fransanın “Naval” qrupunun sədri və
baş direktoru Erve Giyu ilə görüşü baş
tutdu. Görüşdə Azərbaycan ilə
Fransa arasında hərbi sənaye sahəsində əməkdaşlıq
haqqında müzakirələr aparıldı.”Naval”
qrupunun sədri və baş direktoru Erve Giyu rəhbərlik
etdiyi şirkətin fəaliyyəti barədə dövlətimizin
başçısına məlumat verdi. Prezident İlham Əliyev məlumata görə təşəkkürünü
bildirdi. Söhbət zamanı qeyd edildi ki, Azərbaycan
ilə Fransa arasında hərbi-texniki sahədə əməkdaşlığın
həyata keçirilməsi üçün yaxşı
imkanlar var və hazırda Fransa tərəfi ilə konkret
layihələr üzərində iş gedir.
İyulun 20-də isə
Əliyevlə Makron bir araya gəldi. Prezidentlərin
görüşündə aparılan müzakirələr
zamanı Azərbaycan ilə Fransa arasında ikitərəfli
münasibətlərin siyasi, iqtisadi, energetika, ekologiya, nəqliyyat,
təhlükəsizlik, mədəni və digər sahələrdə
uğurla inkişaf etdiyi bildirildi, Azərbaycanda Fransız
Liseyinin və Azərbaycan-Fransız Universitetinin fəaliyyət
göstərməsindən məmnunluq ifadə olundu. Söhbət zamanı Azərbaycan-Avropa
İttifaqı əlaqələri ətrafında fikir
mübadiləsi aparıldı. Vurğulandı
ki, Fransanın aparıcı şirkətləri Azərbaycanda
fəaliyyətlərini daha da genişləndirməkdə
maraqlıdır. Dövlət
başçımız bu səfər çərçivəsində
Fransanın 11 şirkətinin nümayəndələri ilə
səmərəli görüşlərin aparıldığını
qeyd etdi. Bu görüşlərin ölkələrimiz
arasında iqtisadi əməkdaşlıq üçün
böyük perspektivlərə yol açdığı
vurğulandı. Prezident İlham Əliyev dedi ki, Azərbaycan
ilə Fransa şirkətləri arasında 2 milyard dollardan
çox dəyərində müqavilələr imzalanıb. Bu müqavilələr
reallaşdırıldığı təqdirdə onların
həcmi daha da artacaq. Həmçinin,
enerji təhlükəsizliyi məsələsi müzakirə
olundu, “Cənub Qaz Dəhlizi” layihəsinin uğurla icra
edildiyi vurğulandı. Neft-qaz sektoru,
infrastruktur, nəqliyyat, kosmik sənaye, hava nəqliyyatı,
metro tikintisi, hərbi-texniki sahələrdə əməkdaşlıq
məsələləri də müzakirə olundu. Söhbət zamanı Ermənistan-Azərbaycan
münaqişəsinə də toxunuldu. İlham
Əliyev bu münaqişənin həlli ilə bağlı
Azərbaycanın mövqeyi barədə ətraflı məlumat
verdi. Ümidvarlıq ifadə
olundu ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi olan
Fransanın Prezidenti şəxsən bu münaqişənin həllində
fəal iştirak edəcək.
Daha sonra sənədlərin
imzalanması və mübadiləsi mərasimi oldu. “Azərsu” Açıq Səhmdar
Cəmiyyəti və “SUEZ Group” arasında operativ təlim,
know-how transfer və texniki yardım üzrə 2014-cü il tarixli Xidməti Müqaviləyə 2
nömrəli Əlavə, “Azərsu” ASC və “SUEZ Group”
arasında Sumqayıt şəhərində suyun və su
itkisinin idarə olunmasına dair Niyyət Sazişi
imzalandı. Sonra “Azərkosmos” Açıq Səhmdar
Cəmiyyəti ilə Fransa Respublikasının Milli Kosmik Tədqiqatlar
Mərkəzi arasında kosmos sahəsində əməkdaşlıq
fəaliyyətinə dair Çərçivə Sazişi
imzalandı. Daha sonra “Azərbaycan Hava Yolları”
Qapalı Səhmdar Cəmiyyəti və “Thales” şirkəti
arasında mülki aviasiya sahəsində sənaye əməkdaşlığı
haqqında Anlaşma Memorandumu, “Azərbaycan Hava Yolları” QSC
və “Modern Construction Group”, “Thales” şirkəti arasında
Heydər Əliyev Beynəlxalq Aeroportu üçün
radiolakasiya sisteminin quraşdırılması müqaviləsi,
“Azərbaycan Hava Yolları” QSC və “Thales” şirkəti
arasında “Azərbaycan Hava Yolları” QSC-nin kibertəhlükəsizliyi
üçün tam təhlilin hazırlanması müqaviləsi,
“Azərbaycan Hava Yolları” QSC və “Thales” şirkəti
arasında “Azeraeronaviqasiya” Hava Hərəkəti İdarəsində
kibertəhlükəsizliyin təmini üçün tam təhlilin
hazırlanması müqaviləsi və “Azərbaycan Hava
Yolları” QSC ilə “Thales” şirkəti arasında
uçuş heyətləri üçün inteqrasiya
edilmiş brifinq sisteminin yaradılması üzrə Niyyət
Məktubu imzalandı. İyulun 20-si Azərbaycan prezidentinin
Fransaya tarixi səfəri başa çatdı...
25 il,
6 seçki və son 100 gün
Azərbaycan tarixdə ikinci müstəqilliyini
1991-ci ilin avqustun 30-da keçmiş Ali Sovetdə (indiki Milli Məclisdə)
Müstəqillik Bəyannaməsinin və oktyabr ayının
18-də Müstəqillik haqqında Konstitusiya Aktının qəbulu
ilə qazansa da, əldə etsə də, onun əsl müstəqil
dövlətçilik, inkişaf tarixi 1993-cü ilin iyunundan,
ümummilli lider Heydər Əliyevin ikinci dəfə Azərbaycan
xalqının təkidli tələblərindən sonra
hakimiyyətə qayıdışı ilə başlayır.
1993-cü ilin iyunundan keçən 25 il ərzində də
Azərbaycanda üst-üstə 6 dəfə - 1993, 1998, 2003,
2008, 2013 və nəhayət, 2018-ci illərdə prezident
seçkiləri keçirilib və hər bir seçkidə
də müdrik Azərbaycan xalqı artıq boş, yalan vədlərə,
saxta, populist, reallıqdan uzaq düşən siyasətbazlara
deyil, sabitliyə, inkişafa, tərəqqiyə, onu yaradan, təmin
edən və davam etdirənlərə səs verib. Bu sabitliyin, bu inkişafın, bu tərəqqinin
yaradıcısı, banisi isə heç şübhəsiz
ki, Heydər Əliyev və onun layiqli davamçısı
ölkə prezidenti İlham Əliyevdir. Onlar
bu seçkilərdə Azərbaycan dövləti və
xalqı qarşısında nələr vəd etmişdilərsə,
hamısına da bu illər ərzində bir-bir əməl
etdilər, yerinə yetirilməyən vəd demək olar ki,
yox dərəcəsindədir. Qarşıya
qoyulan bütün hədəflər bir-bir fəth edildi.
Hələ ilk prezidentliyinin andiçmə mərasimində,
2003-cü ilin oktyabrında cənab İlham Əliyev
çıxışında hər bir azərbaycanlının
prezidenti olacağını söyləmişdi və ötən
son 15 illik dönəm, titanik fəaliyyət bir daha dövlət
başçısının bu bəyanatının həyatda,
reallıqda təsdiqi oldu. İlham Əliyev nəinki Azərbaycan
Respublikası vətəndaşlarının, 10 milyonluq Azərbaycan
əhalisinin, bütövlükdə dünyada yaşayan 50
milyondan artıq azərbaycanlının
PREZİDENTİNƏ, LİDERİNƏ çevrildi. Bu
gün dünyada Azərbaycan adlı LİDER, tolerantlıq
ünvanı olan bir məmləkət və onun İLHAM
ƏLİVEV kimi RƏHBƏRİ var! Odur ki, bu
gün tam qətiyyətlə və böyük iftixar hissi ilə
demək olar ki, bu gün Azərbaycanın dövlətinin, Azərbaycan
xalqının taleyi möhkəm əllərdədir. Bu
etibarlı əllər isə 25 il ərzində və son 100
gündə olduğu kimi, bundan sonra da Azərbaycanı, bizləri
zəfərlərdən zəfərlərə, qələbələrdən
qələbələrə, uğurlardan uğurlara doğru
aparacaq!
Ziyad
SƏMƏDZADƏ,
akademik, Milli Məclisin
İqtisadi siyasət,
sənaye və
sahibkarlıq komitəsinin sədri.
Respublika.-
2018.-26 iyul.- S.2-5.