Azərbaycanda
dini qurumlara maliyyə
yardımı göstərilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan xalqı öz təbiətindən gələn
dərin insanpərvərlik və xoşməramlılıq
duyğusu ilə uzun əsrlərdən bəri bütün
digər xalqların dini-mənəvi dəyərlərinə
daim ehtiramla yanaşmışdır. Ölkədə müxtəlif
mədəniyyətlərə, dinlərə və dini cərəyanlara
mənsub insanların heç bir maneəyə rast gəlmədən
qarşılıqlı anlaşma şəraitində azad
yaşamaları, eləcə də azsaylı xalqların
öz etnik-mədəni dəyərlərini qorumaları və
cəmiyyət həyatının istənilən sahəsində
fəal iştirak etmələri üçün həmişə
geniş imkanlar yaradılmışdır. Tolerantlıq səviyyəsinin
və multikultural nailiyyətlərinin göstəricisi olub gələcək
inkişafı üçün də zəmin təşkil edən
hazırkı milli-mədəni rəngarəngliyi Azərbaycanın
ümumbəşəri dəyərlər xəzinəsinə
misilsiz töhfələrindəndir.
Müstəqil Azərbaycan Respublikasının məhz
xalqın həmin zəngin tarixi təcrübəsinə
istinadən uğurla gerçəkləşdirdiyi dövlət–din
münasibətləri konsepsiyasının doğruluğu və
həyatiliyinin nəticəsidir ki, ölkədəki yüksək
tolerantlıq mühiti dini icma və konfessiyaların birgə
fəaliyyəti ilə bu gün də lazımınca qorunur.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu
maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ölkədə
mövcud dini konfessiyaların dəstəklənməsi və
fəaliyyətlərinin ahəngdarlığının təmin
edilməsi məqsədi ilə qərara alıram:
1. Azərbaycanda dini qurumlara maliyyə yardımı
göstərilməsi üçün Azərbaycan
Respublikasının 2018-ci il dövlət büdcəsində
nəzərdə tutulmuş Azərbaycan Respublikası
Prezidentinin ehtiyat fondundan Qafqaz Müsəlmanları İdarəsinə
1,0 (bir) milyon manat, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan
Yeparxiyası dini qurumuna 250,0 (iki yüz əlli) min manat,
Bakı şəhəri Dağ yəhudiləri dini
icmasına 250,0 (iki yüz əlli) min manat, Avropa yəhudilərinin
Bakı dini icmasına 100,0 (yüz) min manat, Azərbaycan
Respublikasında Katolik kilsəsinin Apostol Prefekturası dini
qurumuna 100,0 (yüz) min manat və Azərbaycan
Respublikasının Alban-Udi Xristian dini icmasına 100,0
(yüz) min manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi
bu Sərəncamın 1-ci hissəsində göstərilən
məbləğdə maliyyələşməni təmin
etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 11 iyun 2018-ci
il.
Respublika.- 2018.-12 iyun.- S.1.