Milli
ensiklopediyaya dövlət qayğısı
Hörmətli oxucu!
Azərbaycan Milli
Ensiklopediyasının “Azərbaycan” cildi bütövlükdə
Azərbaycan Respublikasına həsr olunmuşdur. Ölkəmizin
dünəni və bu günü: qədim tarixi və
müasir həyatı, təbii sərvətləri və
geosiyasi mövqeyi, elm, təhsil və mədəniyyət sahələrində
nailiyyətləri kitabda öz ifadəsini
tapmışdır.
Azərbaycanın dövlət müstəqilliyini
bərpa etməsi ilə tariximizin başlanan müasir
dövrü yeni milli ensiklopediyanın nəşri zərurətini
meydana çıxarmışdır. Respublikanın zəngin
elmi potensialının yaxından iştirakı ilə
hazırlanan xüsusi cild müstəqil dövlətçiliyimizin
qazandığı uğurları obyektiv şəkildə əks
etdirir.
Ümidvaram ki, belə mötəbər və
sanballı nəşr hər bir azərbaycanlı
üçün çox dəyərli töhfə
olacaqdır. Bütün Azərbaycan vətəndaşlarını
bu nəşrin işıq üzü görməsi münasibətilə
təbrik edirəm.
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti.
Dünyanın ən qədim ensiklopediyalarının
yaranma tarixinə və funksiyasına nəzər salsaq,
onların ülvi bir məqsədə—elmi biliklərin, məlumatların
yayılmasına xidmət göstərdiyini öyrənmiş
olarıq. Yaranma tarixi eramızdan əvvələ aid olan
ensiklopedik əsərlər əslində elmin
inkişafına uyğun olaraq təkmilləşib genişlənmişdir.
Ensiklopediyalar xüsusilə Orta əsrlərdən
sonra, maarifçiliyin genişlənməsi prosesi ilə daha
çox yayılmağa başlamış, yayıldıqca da
müasir dövrdə daşıdığı məzmun və
mənaya yaxınlaşmışdır.
Vaxtilə konkret bir sahəyə aid məlumat toplusu kimi
tanınan bu nəşrlər hazırda bütün elm və
əməli fəaliyyət sahələrinə dair sistemli və
yığcam məlumat verən elmi və yaxud elmi-populyar nəşrlər
kimi səciyyələndirilir. Müasir dövrdə
ensiklopediyaların elmi biliklərin yayılmasındakı
rolu, əhatə dairəsi və aktuallığı, hətta
sahə ensiklopediyaları istiqamətində sürətlə
genişlənməsi, zamanla yeni dövr
texnologiyalarının inkişafına uyğunlaşaraq
elektron versiyalar formatında öz funksiyasını qoruyub
saxlaması bu nəşrlərin son dərəcə
etibarlı, mükəmməl və mühüm mənbə
kimi hələ də əhəmiyyətini itirmədiyini
göstərir.
Müasir ensiklopediyaların tarixinə bu kiçik
ekskurs əlbəttə ki, təsadüfi deyil, çünki,
elm cəmiyyətin və mədəniyyətin təməl
sütunlarından biri kimi onu irəliyə aparmaq
funksiyasını davam etdirdikcə, ensiklopediyalar da yeni biliklərin
ötürülməsi və yayılması
funksiyasını demək olar ki, paralel səkildə yerinə
yetirib. Bəlkə də elə bu səbəbdən
ensiklopediyalar mənsub olduqları xalqın mədəniyyətinin
aynasına çevrilib. Ensiklopediya
xalqın inkişaf səviyyəsinin, intellektual
potensialının göstərici olduğundan hər bir
dövlətin konstitusiyası kimi, onun ensiklopediyası da
olmalıdır. Bu gün ensiklopediyalar mədəniyyətin
bir atributuna çevrilsə də, dünyada heç də
bütün xalqlar öz milli ensiklopediyalarını
yaratmamış, bəlkə də yarada bilməmişdir.
Tarixən ensiklopediyaların yaradıcıları elm və
maarifçiliklə məşğul olan ayrı-ayrı şəxslər
olub, ancaq müasir dövrdə, xüsusilə milli ensiklopediyaların
yaradılması dövlət səviyyəsində həll
edilən bir məsələyə çevrilib. Ümumiyyətlə,
ensiklopediya yaratmaq erudisiya, yüksək elmilik, müxtəlif
elm sahələrindən baş çıxara bilmək
qabiliyyəti ilə yanaşı, düzgün təşkilatçılıq
və qərar qəbul etmək bacarığı tələb
edən mürəkkəb bir iş kimi xarakterizə edilir. Eyni zamanda həyatın, elmin, fəaliyyətin
bütün sahələrini əhatə etdiyindən bir qayda
olaraq, ensiklopediyaların nəşrə daxil edilən sahələr
üzrə yüksək səviyyəli mütəxəssislərdən
ibarət redaksiya heyətləri, qruplar və müəlliflərlə
birlikdə hazırlanmasına üstünlük verilir. İstər universal, istər sahə
ensiklopediyalarının yaradılmasında bu prinsiplər
gözlənilir.
Azərbaycanda ensiklopediya nəşri sahəsində ilk
təşəbbüslər XX əsrin 30-cu illərinə təsadüf
etsə də, bu cəhdlər nəticəsiz
qalmışdı. Nəhayət, 1965-ci ildə “Azərbaycan
Sovet Ensiklopediyasının nəşri haqqında” qərarla
respublikamızda ensiklopediya işinin əsası qoyuldu. Azərb. SSR EA-nın Rəyasət
Heyəti yanında Azərbaycan Sovet Ensiklopediyası Baş
Redaksiyası yaradıldı və Xalq şairi Rəsul Rza
baş redaktor təyin edildi. Kollektivin və
müəlliflərin gərgin əməyi sayəsində
1970-ci ildə nəşrin 1-ci cildi çapa hazırlandı,
lakin cilddəki Azərbaycana dair tarixi xəritələr və
məqalələr Böyük Sovet Ensiklopediyası rəhbərliyinin
narazılığına və tənqidinə səbəb
olduğundan kitabın çapına qadağa qoyuldu və
1975-ci ildə Rəsul Rza vəzifəsindən azad edildi.
Azərbaycan Elmlər Akademiyasının vitse-prezidenti,
akademik Cəmil Quliyevin rəhbərliyi altında 1976-1987-ci
illərdə Azərbaycan Sovet Ensiklopediyasının on cildi nəşr
edildi. Bu universal ensiklopediyanın bütün cildlərindəki
Azərbaycanla bağlı məqalələrdə yeri gəldikcə
hələ də nəşr olunmamış “Azərbaycan SSR”
xüsusi cildinə isnad verilməsinə baxmayaraq, bu cild nəşr
edilməmişdi.
Nəhayət, dövlət müstəqilliyimizin bərpasından
sonra müstəqil Azərbaycan Respublikasının tamamilə
yeni bir yanaşma tələb edən Azərbaycan Milli
Ensiklopediyasının yaradılması zərurəti meydana
çıxdı. Latın qrafikalı Azərbaycan əlifbasına
keçid başa çatdırıldıqdan sonra ölkə
rəhbərliyinin—ensiklopediyanın bir qurum kimi qorunub
saxlanılmasında xüsusi rolu olan ümummilli lider Heydər
Əliyevin imzaladığı Azərbaycan
Respublikasının “Nəşriyyat işi haqqında” 2000-ci
il 30 may tarixli qanunu və həmin qanunun 26-cı bəndindəki
“Azərbaycan Milli Ensiklopediyası Azərbaycan xalqının
tarixi inkişaf mərhələlərini, milli-mənəvi sərvətlərini,
həmçinin dünya elmi və mədəniyyətin
nailiyyətlərini özündə əks etdirməklə
yaradılan, büdcədən maliyyələşdirilən
universal, milli, elmi müəssisədir. Azərbaycanın
elmi və mədəni sərvətlərini özündə
əks etdirən Azərbaycan Milli Ensiklopediyası Azərbaycan
xalqının milli sərvətidir” şəklində ifadə
edildi. Bu qanun müstəqil Azərbaycanın
yeni universal milli ensiklopediyasının nəşrinə zəmin
yaratdı, eyni zamanda yaradılacaq ensiklopediyanın parametrlərini
müəyyənləşdirdi.
Milli ensiklopediyanın yaradılmasının
bütün məsuliyyətini 2003-cü ilin oktyabrından ulu
öndərin siyasi kursunun davamçısı, Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev öz üzərinə
götürdü. Möhtərəm Prezident fəaliyyətə
başladıqdan cəmi bir neçə ay sonra “Azərbaycan
Milli Ensiklopediyasının nəşri haqqında” sərəncam
verməklə bu nəşrin dövlət səviyyəsində
əhəmiyyətini göstərmiş oldu. Tezliklə “Azərbaycan Milli Ensiklopediyasının
redaksiya heyəti haqqında Əsasnamə” də
hazırlandı. Lakin 1990-cı ildən
sonra təsərrüfat hesablı təşkilata çevrilən,
strukturu dəyişdirilən və öz funksiyasını
itirən ensiklopediya bu mühüm vəzifəni yerinə
yetirə bilməzdi. Azərbaycan Milli Ensiklopediyasının
yüksək səviyyədə hazırlanıb nəşr
olunmasını təmin etmək məqsədilə Azərbaycan
Respublikası Prezidentinin 2004-cü il 5 may
tarixli sərəncamı ilə həmin bazada AMEA-nın “Azərbaycan
Milli Ensiklopediyası” Elmi Mərkəzi yaradıldı. Bununla da vəzifəsi müasir dünyanın
dolğun elmi mənzərəsi ilə yanaşı, elmi dərketmənin
üsullarını, onun anlayış və terminlər
aparatını da əks etdirmək olan, Azərbaycançılıq
ideologiyasının təməl prinsiplərinə əsaslanan
milli nəşrə start verildi. Başlıcası,
dövlət qayğısı ilə reallaşması nəzərdə
tutulan bu mühüm nəşrə ölkə
başçısı Prezident İlham Əliyev Redaksiya Heyətinin
sədri kimi özü rəhbərlik edəcəkdi. Prezidentimizin bu addımı əlbəttə ki, Azərbaycan
Milli Ensiklopediyasının yaradılmasına münasibətin
ifadəsi idi. Azərbaycan Milli
Ensiklopediyası millətin enerjisinin güc mənbəyi və
onun stimullaşdırılması ilə birbaşa
bağlı olan və etnik səfərbərliyə kömək
edən mühüm amilə—etnik özünüdərkin
formalaşmasına ciddi təsir göstərən bir nəşr
kimi nəzərdə tutulurdu. Ensiklopediyada xalqımızın
bəşəriyyət tarixi, mədəniyyəti,
iqtisadiyyatı, elm və siyasətindəki yeri və rolu,
respublikamızda bu sahələrdə çalışan
ayrı-ayrı nümayəndələrin, həmçinin
görkəmli azərbaycanlı mühacirlərin,
mesenatların, neft sənayesi sahibkarlarının nailiyyətləri,
Azərbaycanın öyrənilməsində mühüm rolu
olan əcnəbi tədqiqatçıların əsərləri
öz əksini tapmalı idi. Qoyulan tələblərdən
biri də, işin obyektivlik və qərəzsizlik prinsipləri
ilə, dəqiqləşdirilmiş faktlar və rəqəmlər
əsasında təşkili idi.
Azərbaycan Milli Ensiklopediyasının nəşri
bütövlükdə Azərbaycana həsr olunmuş
xüsusi cildlə başlandı. Bu cilddə ölkə
haqqında, onun inkişafının bütün mərhələləri
barədə müfəssəl məlumat toplanmalı idi.
Milli ensiklopediyanın xüsusi cildinin hazırlanması son dərəcə
mürəkkəb bir proses idi, tariximiz, etnogenez və mədəniyyətimizlə
bağlı müəyyən materialların təqdimatında
həssaslıq və yüksək peşəkarlıq tələb
olunurdu. Burada hər şey demək olar ki,
sıfırdan başlayır, materialların əksəriyyəti
ilk dəfə arxiv materialları əsasında təqdim
edilirdi. Bu təqdimat lakonik üslubda, yəni
ensiklopediya standartında əks olunmalı, məqalələr
izahlara deyil, elmi faktlara əsaslanmalı idi. Çətinliklərə
baxmayaraq, təxminən üç il ərzində
istəyimizə nail olduq. Respublikamızın
tanınmış ziyalıları, elm və sənət
adamları, mütəxəssislərdən ibarət müəllif
heyətinin səyi və “Azərbaycan Milli Ensiklopediyası”
Elmi Mərkəzi kollektivinin gərgin əməyi sayəsində
“Azərbaycan” xüsusi cildi hazırlanaraq 2007-ci ilin noyabr
ayında Almaniyada “Sigloch” nəşriyyatı tərəfindən
yüksək poliqrafik səviyyədə nəşr edildi.
Azərbaycan Milli Ensiklopediyası “Azərbaycan”
xüsusi cildinin nəşri ilə bağlı Azərbaycan
Milli Ensiklopediyası Redaksiya Heyətinin iclası 2008-ci ilin 23
yanvarında yüksək səviyyədə keçirildi.
Azərbaycanın kütləvi informasiya vasitələri
nəşrlə bağlı məlumatları böyük həvəslə
yüksək səviyyədə işıqlandırdı.
Azərbaycan
Milli Ensiklopediyasının on il əvvəl
etibarlı mənbə kimi oxucuların ixtiyarına verilən
ilk nəşri “Azərbaycan” xüsusi cildi yüksək
keyfiyyəti, funksionallıq və dizayn səviyyəsi ilə
seçildiyi kimi, strukturuna görə də adi ensiklopediyadan
köklü şəkildə fərqlənir. “Azərbaycan”
xüsusi cildi Azərbaycan Milli Ensiklopediyasının milli
koloritini tam şəkildə əks etdirir—kitab titul səhifəsindən
dövlət himni, bayrağı, gerbi ilə başlayır.
Nəşrdə Azərbaycan etnosunun təşəkkülü
və inkişafı son dərəcə obyektiv əks
olunmuş, onun başqa ölkələrlə əlaqələrinə
böyük diqqət yetirilmişdir.
Xüsusi
cild ayrı-ayrı şəxsiyyətlərin deyil,
bütövlükdə Azərbaycanın portretidir və
burada Azərbaycan zəngin keçmişə malik, eyni zamanda
özünün möhtəşəm gələcəyini
qurmağa qadir bir dövlət kimi təqdim olunur,
xalqımızın əsrlər boyu qazandığı
nailiyyətləri elmi əsaslandırılmış şəkildə
əks etdirir. “Azərbaycan” xüsusi cildində
Cənubi Azərbaycanın “Gülüstan” müqaviləsindən
sonrakı tarixi ilk dəfə olaraq, Azərbaycan tarixinin tərkib
hissəsi kimi Şimali Azərbaycanın tarixi ilə paralel
şəkildə təqdim olunur. Milli
ensiklopediyanın cildlərində də bu istiqamət davam
etdirilmişdir.
“Azərbaycan” xüsusi cildi bizi Azərbaycançılıq
milli ideologiyası ətrafında birləşməyə
çağıran amal, məqsəddir. Bu, Azərbaycan
haqqında indiyə qədər analoqu olmayan yeni və bitkin
bir kitab, cəmiyyətimizin mənəvi və mədəni
inkişaf tarixinin bir səhifəsi olmaqla yanaşı, Azərbaycan
xalqının güclü genetik potensiala malik bir millət
olduğunu və əsrlər boyu bu potensialı
reallaşdıran zəka sahibləri yetişdirdiyini göstərən
mənbədir. O, ilk növbədə,
xalqımızı tarixi inkişaf yolunda onun mədəniyyətini
yaradan simalarla fəxr etməyə, xüsusilə həyatımızın
bugünkü mərhələsində bu qürur hissini
möhkəmləndirməyə sövq edir. Biz
fəxrlə deyə bilərik ki, ensiklopediyanın xüsusi
cildi cəmiyyətimizin mənəvi və mədəni
inkişaf tarixinin bir səhifəsi olmaqla yanaşı, mahiyyətinə
görə milli ideologiyanın möhkəmləndirilməsinə
xidmət edən sanballı elmi əsər və əbədi
keçmişi əks etdirən əbədi kitabdır.
Elə buna görə də biz bu nəşrin əhəmiyyətini
nəzərə alaraq, növbəti addımı
atdıq—universal nəşri hazırlamaqla yanaşı,
xüsusi cildin rus dilinə tərcüməsi üzərində
işlədik və kitab 2012-ci ildə Almaniyada çap edildi.
Milli ensiklopediyanın əsas məziyyətlərindən
biri də cildlərdə bu gün qonşu dövlətlərin
ərazisində olan tarixi-etnik torpaqlarımız haqqında, həm
də artıq mövcud olmayan şəhər və kəndlərimiz
haqqında ilk dəfə məlumatların yer
almasındadır. Müasir İran dövlətini (1935-ci
ildən İran adı ilə; 1979, İran İslam
Respublikası) tarixən və faktiki olaraq idarə etmiş Azərbaycan
türklərinə mənsub sülalələr (Qaraqoyunlu,
Ağqoyunlu, Səfəvilər, Əfşarlar, Qacarlar)
haqqında geniş məlumatlar verilir. Milli
ensiklopediyamızda Azərbaycan Xalq Cümhuriyyətinin
dolğun və obyektiv tarixi və qurucularının fəaliyyəti,
həmin dövrlərdə maarifçiliyin yayılmasında
xüsusi rolu olan şəxsiyyətlər, ilk maarifçi-ziyalı
qadınlarımız haqqında ensiklopedik xarakterli məlumatlar
verilir. Həmçinin Azərbaycanın
elmi intellektual potensialını göstərmək məqsədilə
ilk dəfə olaraq elmlər doktorları, habelə Avropa və
dünya, eləcə də Olimpiya çempionları
haqqında məqalələr yer alır.
Artıq universal ensiklopediyanın yeddi cildi Almaniyada
yüksək poliqrafik səviyyədə nəşr edilib, səkkizinci
cild çapa hazırlanıb. Biz bu cildlərin nəşrində
də klassik ensiklopediya nəşrinin tələb və
prinsiplərinə əsaslanmışıq. Sözsüz ki, bu gün bizim beynəlxalq hüquqi
normalar, müxtəlif xalqların ənənələri,
mentaliteti və dini-mədəni əsasları, demokratiya və
insan haqları prinsipləri, bir çox başqa şeylər
haqqında kompleks bilgilərimiz olmalıdır. Bu funksiyanı müəyyən mənada universal (əlifba)
ensiklopediya daşımalıdır. Beləliklə,
xüsusi cild və universal ensiklopediyanın digər cildləri
nəinki bir-birini tamamlamalı, həm də milli ideyanın və
ideologiyanın əsasını təşkil etməlidir; bu
isə gələcəyin proqnozudur.
Qeyd etmək lazımdır ki, ensiklopediya yaradılması
işində mövzu sözlüyünün
hazırlanmasının xüsusi əhəmiyyəti var,
çünki sözlüyün tərkibi ilk növbədə,
nəşrin ideoloji yönümündən
asılıdır. Mövzu sözlüyü redaksiya
işinin istiqamətini səciyyələndirən müəyyən
dünyagörüşün ifadəsidir. Universal ensiklopediyanın sözlüyü elmlərin
təsnifatı ilə bağlı müasir təsəvvürləri
özündə əks etdirməlidir.
Ensiklopediyaya daxil edilən məqalələrin
adları ensiklopediyanın tərtibinə yanaşma prinsiplərinin
xarakterini göstərir. Xüsusi cilddə
olduğu kimi, bu məqalələrin yazılmasında da əsas
və başlıca prinsip yeni və etibarlı məlumat
bazasının yaradılması, yeni anlayışların,
materialların ölkəmizə və bütövlükdə
dünyaya təsir etmiş radikal dəyişikliklər nəzərə
alınmaqla toplanmasıdır. Eyni zamanda
Azərbaycan haqqında, onun tarixi, elmi, incəsənəti,
görkəmli nümayəndələri barədə
mümkün qədər dolğun təsəvvür yaratmaq,
materialın elmi cəhətdən əsaslandırılmış
şəkildə təqdimatı ilə müxtəlif fəaliyyət
sahələrində biliklərin artırılmasına
və s. yardım etmək Azərbaycan Milli Ensiklopediyasının
çoxfunksiyalı vəzifələrindəndir.
“Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzində
2012-ci ildə “Azərbaycan muğam ensiklopediyası” (redaksiya
heyətinin sədri Mehriban xanım Əliyeva) nəşrə
hazırlanaraq rus dilində çap olunmuşdur.
Milli ensiklopediyada son illərdə görülən
işlər ölkə başçısı tərəfindən
yüksək qiymətləndirildi, Prezident İlham Əliyevin
25 iyul 2012-ci il tarixli sərəncamı ilə yeni bina tikilib ən
müasir texniki avadanlıqla təchiz edildi. Möhtərəm
Prezidentimizin iştirakı ilə 2014-cü ilin 5 mayında
yeni binanın açılış mərasimi baş tutdu. Bu
gün Azərbaycan Milli Ensiklopediyasının nəşr
olunduğu bu elm məbədinə —yeni, möhtəşəm
binaya xarici ölkələrdən gələn qonaqlar belə
heyran qalırlar.
Ölkə başçısı Azərbaycan
Milli Ensiklopediyasının 50 illik yubileyinin keçirilməsi
haqqında 24 noyabr 2015-ci il tarixli sərəncam imzaladı və
Milli ensiklopediyanın yubileyi yüksək səviyyədə
keçirildi. Biz öz qüvvəmizlə bu illəri əks
etdirən ən maraqlı eksponatlardan ibarət Ensiklopediya
muzeyini yaratdıq. Dünyanın ən qədim
ensiklopediyalardan birinin—alman ilahiyyatçısı Raban
Mavrın 847-ci ildə yazdığı ensiklopediyanın
1022-ci ilə aid orijinala ən yaxın surətinin məhz
Prezident İlham Əliyevin təşəbbüsü ilə
Azərbaycana gətirilməsi və bu əsərin Ensiklopediya
müzeyində qiymətli eksponat kimi yer alması əlbəttə
ki, dövlət başçısının
respublikamızda ensiklopediya işinə, maarifçiliyə
verdiyi yüksək dəyərdir.
Milli ensiklopediyamızın nəşri, onun dəyəri
həm də maarfçilik missiyası
daşımasındadır. Bu nəşr dövlət
başçısı Prezident İlham Əliyevin
maarifçiliyin genişləndirilməsi istiqamətində
mühüm və uğurli layihələrindən biridir. Rusiya kimi bir dövlətdə buraxılan
ensiklopediyanın özü-özünü maliyələşdirməsini
nəzərə alsaq, dövlət dəstəyi olmadan bu
mühüm nəşrin uğurlu şəkildə
reallaşmasının nə qədər çətin
olduğunu təsəvvür etmək olar... Möhtərəm
Prezidentimiz İlham Əliyevə bu mühüm nəşrin
həyata keçməsinə göstərdiyi dövlət
qayğısına, həmçinin “Azərbaycan Milli
Ensiklopediyası” Elmi Mərkəzinin kollektivinə olan
böyük diqqətə görə minnətdarıq. Bu fikri eyni zamanda kollektivin işinə verdiyi dəyərə
görə də söyləmək olar Azərbaycan Milli
Ensiklopediyasının yaranmasının 50 illik yubileyi ərəfəsində
Prezident İlham Əliyevin 23 dekabr 2015-ci il tarixli sərəncamı
ilə ensiklopediya kollektivi üzvlərinin əməyi
yüksək səviyyədə qiymətləndirilərək
28 nəfər orden və medallarla təltif edildi, fəxri
adlara layiq görüldü.
Bir nəşr növü kimi, ensiklopediyalar təbliğat
vasitəsi olmayıb və bu gün də deyil. Bunlar qeyd
etdiyimiz kimi soraq, məlumat xarakterli nəşr kimi
insanları informasiya ilə təmin edir və eyni zamanda
insanlara bu informasiyadan istifadə etməkdə yardım edir.
Artıq üç yüz ildir ki, ensiklopediyanın
sisvilizasiyayönlü missiyasını onun bəşəriyyət
tərəfindən toplanmış biliklərin saxlanc yeri
olması təşkil edir. Kütləvi tirajla
buraxılan bu nəşrin kitabxana variantının 170 min
nüsxəsinin respublikamızın nazirlik, komitə, ali və
orta məktəblər daxil olmaqla bütün təhsil müəssisələrinin
kitabxanalarına təmənnasız paylanması Azərbaycanda
dövlət rəhbərliyinin ensiklopediyanın
sivilizasiyayönlü missiyasından ölkə vətəndaşları
başda olmaqla hər kəsin faydalanmasını nəzərdə
tutduğunu göstərir.
Bu illər ərzində
qazanılan təcrübə, həmçinin çapdan
çıxmış cildlərimiz bizə bu vaxtın olduqca
səmərəli keçdiyini, dövlət tərəfindən
rəhbərliyin və ensiklopediya kollektivinin
qarşısına qoyulan tapşırığı yerinə
yetirərək başlıca məqsədə nail olduğunu
əminliklə söyləməyə əsas verir. Biz indiyə qədər bütün fəaliyyətimizi
Redaksiya Heyətinin sədri Prezident İlham Əliyevin rəhbərliyi
altında, onun tövsiyə və göstərişləri
istiqamətində qurmaqla qarşımıza qoyulan vəzifənin
öhdəsindən gəldiyimiz kimi 11 aprel Prezident seçkilərindən
sonra da məhz onun rəhbərliyi altında milli
ensiklopediyanın növbəti cildlərini nəşr edəcəyimizə
əminik.
Tofiq NAĞIYEV, akademik,
AMEA-nın vitse-prezidenti, “Azərbaycan Milli Ensiklopediyası”
Elmi Mərkəzinin direktoru, Dövlət mükafatı
laureatı.
Respublika.-
2018.- 22 mart.- S.3.