Xələfli
sözünə abidə
Çağdaş ədəbi-mədəni
mühitin ən parlaq nümayəndələrindən olan
Əli Rza Xələfli haqqında müxtəlif vaxtlarda
fikirlərimi bölüşmüşəm. Yeni
çıxan kitablarını, mətbuat səhifələrindəki
yazılarını oxuduqdan sonra içimdə yenə söz
demək ehtiyacı yaranıbdır. Bu da təsadüfi
deyildir. Əksinə, reallığa, mahiyyətə söykənən
olduqca ciddi tərəfləri vardır. Çünki onun zəngin
yaradıcılığı özünün
problematikası, düşüncə fakturasının rəngarəngliyi
ilə o qədər əhatəli və
çoxlaylıdır ki, hər dəfə bir başqa
istiqamət məni yazıya, sözə təhrik etmişdir.
Onun çağlayan ilhamı, bədii düşüncəsinin
bitib-tükənməyən sərhədləri bir sonsuzluqla,
bəlkə də, çox az-az istedad sahiblərinin yetişə
biləcəyi imkanlıqla səciyyələnir. Qaynaqları
isə çox-çox dərinlərə işləyir. Burada bəşər övladının ayaq tutub
üzü dünyaya addımladığı ilk zamandan
günümüzə qədərki bir məkan və zaman məsafəsi
boy göstərir. Əli Rza Xələfli həmin zamanın
içindən sıyrılıb qılınc kimi
çıxır və bu yolun olanlarını, bu yolu gələnlərin
aqibətini üzünə oxuyur. Ona görə də məqalələri,
kitabları bu qədər sözə və təhlillərə
ehtiyac doğurur. Haqqında rəngarəng,
cild-cild təhlillər aparılır. Ədəbi mühitin
istedadlı və tanınan nümayəndələri Mədəd
Çobanovun və Müşfiq Çobanlının “Xələflinin
yaradıcılıq yolu” kitabı da bu sıradadır və
bunun nümunəsidir.
Məhz bütün müstəvilərdə
“Xələflinin yaradıcılıq yolu” monoqrafiyasının
müəllifləri (M.N.Çobanov və M.M.Çobanlı)
və monoqrafiyanın həsr olunduğu Əli Rza Xələfli
mənə lazımi qədər tanışdırlar. Təhlillərə
keçməzdən əvvəl onu da əlavə edim ki,
M.Çobanovun və M.Çobanlının şair,
yazıçı, publisist Ə.R.Xələfli haqqında belə
bir araşdırma aparması təbii və uğurludur. Bir
növ çağdaş ədəbiyyatımıza, elmimizə
həssas münasibətin nəticəsidir. Onu
da əlavə edim ki, burada lazımi qədər əhatəli
ümumiləşdirmələr, olanların diqqətlə
izlənməsi və deyilənlərin ciddi elmi-nəzəri
şərhi vardır. Çünki aparılan müqayisələr,
yürüdülən nəzəri fıkirlər olduqca əsaslı
mənbələrə, faktlara söykənir. “Düşüncədən sözə, yaxud
söhbət kimdən gedir” adlı başlanğıc
yazıda xüsusi olaraq vurğulanır ki, “Əli Rza Xələflinin
əsərlərində tarixiliyin müasirliyi və
müasirliyin tarixiliyi prinsiplərinə məqsədəuyğun
halda riayət olunmuşdur. Bu mənada onun
bədii yaradıcılığının ümumi
mövzusunun, məzmununun əsasında səkkiz-on min illik
tarixə malik olan qədim türklərin, o cümlədən
də Azərbaycan türklərinin tarixi keçmişi və
müasir həyatı — Vətən, Xalq, Millət; Vətən
qayğısı, Vətən məhəbbəti, Vətən
sevgisi; Vətən tarixi, Vətən dərdi,
Vətən həsrəti və Vətənin gələcək
problemləri, xalqımızın tarixi mədəniyyəti,
müasir mədəni irsi, mənəvi dəyərlərin gələcək
inkişafı və istiqamətləri, vüsal arzusu, gələcəyə
nikbin baxışları, yüksək insani duyğuları,
insana inam və s. poetik ifadə vasitələri ilə tərənnüm
olunmuşdur” (s.9-10). Doğurdan da, Əli Rza Xələfli
yaradıcılığı haqqında düşüncələri
birmənalı səviyyədə bölüşdürməyin
özünün çətinlikləri vardır.
Çünki bu zəngin bədii düşüncədə
elə tərəflər vardır ki, onlara diqqət yetirmədən
bir bütöv olaraq istedadlı
çağdaşımızı açmaq özü problemə
çevrilir. Bəzən elə ciddi və gərəkli
problemlər qaldırılır ki, bunlar etnosun tarixinin, mədəniyyətinin,
keçib gəldiyi yolun ən ümdə faktı kimi
mühüm əhəmiyyət daşıyır. Onların isə yazıya gətirilməsi
üçün bəlkə də oxucuya istedaddan başqa bəsirət
gözü də gərəkdir. Şərqin böyük
sufi şeyxlərindən olan Şiblinin təbrincə desək,
“bunu ancaq Haqq-taalanın xüsusi bir ehsanına və
böyük lütfünə layiq olanlar bilə bilərlər”.
Monoqrafiyada Ə.R.Xələflinin
yaradıcılığı müxtəlif problemlər
üzrə qruplaşdırılır. “Karvan
yolu bir omür”, “Şair, publisist, alim”, “Sinəsində yanan Vətən”,
“Yurd yerində işıq”, “Sənətdə
azadlığın rəngi”, “Bayatı: sözün
çiçəyi, gülü”, “Bizim Araz
ağrımız”, “Odda yanmaz dərdlərimiz”, “Böyük
fıkir aynasında”, “Kimi necə görürsə”, “Tədqiqatlarından
qısa xronika” və s. başlıqlar
altında həllini tapan problemlər şair, publisist, nasir
Ə.R.Xələflinin bir ədəbi sima olaraq
çağdaş mühitin qarışıqlıqlarında
hansı ideala kökləndiyini, bu qədər yazma ilə nələri
demək istədiyini, cəmiyyətə, bütünlükdə
insanlığa çatdıracaqlarını oxuyur və
öyrənirik. Çünki bu gün
yaşadığımız dünya bəlkə heç vaxt
olmayacaq problemlərlə üz-üzədir. Baş
verən fəlakətlər, qırğınlar,
ayrı-ayrı güclərin iddiaları, mənəm-mənəmlik
düşüncəsi, coşan ehtiraslar, vəzifə
iddiaları, tayfa mərəzləri dünya nizamına xidmətdən
çox təhlükələrə, qorxulu tendensiyalara yol
açır. İnsanın təbiətə qarşı başladığı
amansız səlib yürüşü və təbiətin
özünün verdiyi dərslər nəticə
çıxarmaq əvəzinə daha böyük səhvlərin
edilməsi ilə sonuclanır. Azərbaycan bu ziddiyyətlərin,
ixtilafların məngənəsində sıxılır, təng-nəfəs
olur. Təbriz, Dərbənd, Göyçə, Borçalı,
Qarabağ dərdlərini yaşamalı olur və digər
problemlərə təhrik edilir. Bütün bunlar həyati
göstəriş olaraq Ə.R. Xələflinin içindən
keçir. M.Çobanov və M.Çobanlı
da apardığı təhlillərdə çox doğru
olaraq vurğulayır ki, “Əİi Rza Xələfli sinəsində
və yaradıcılığında yurd yarası göynəyən
şairdir. Şübhəsiz, yeri-yurdu talan edilmiş,
yandırılmış və işğal edilmiş şairi
başa düşmək çətin deyil. Ancaq
Ə.R.Xələflinin vətəndaşlıq
poeziyasının yalnız Qarabağla, bu ağrının təsiri
ilə sözə çevrildiyini də demək olmaz. O,
bütün varlığı ilə vətəni (və vətəndaşlığı)
bütöv dəyər kimi qəbul edir. Onun
yaradıcılığında tarixə münasibət də,
günümüzün problemləri ilə üzləşmələr
də bu dəyərin toxunulmazlığını təqdim
edir. İndi dünyada qloballaşma prosesinin
ağrıları yaşanılır. Üstəlik yeni
kapital mühiti özünün amansız qanunlarını
diktə etməkdədir. Təzadlı bir həyat
yaşamaqdayıq. Gözümüzün qarşısında
kapitalın dəmir dabanları mənəviyyat
saraylarını dağıdır” (səh. 39). Ən dəhşətlisi
mənəvi dəyərlərin sarsıdılması
qorxusudur. Fikrimizcə, bəşər övladının
bütün olanları içərisində mənəvi sərvətdən
ucada dayanan başqa nəsnəsi yoxdur. Bütün zamanlarda
böyük ziyalılar, şairlər, ədiblər qoruyucu
missiyasını yerinə yetirməyə,
aşınmaların qarşısını almağa
çalışıblar. Maariflənmənin bir problem kimi
XVIII əsrin sonu və XIX əsrin əvvəllərindən
güclənən istiqamətdə intişar tapması məhz
qorxulu tendensiyaların qarşısını almağa, mədəni
səviyyəni qaldırmağa hesablanmışdır. XXI əsrdə
isə texnikanın, virtual aləmin sürətli inkişafi
müsbət tərəfləri ilə yanaşı, ciddi,
olduqca qorxulu tendensiyaların mövcudluğundan da xəbər
verir. Məhz bütün bunların yekunu və
nəticəsi olaraq Ə.R.Xələfli “kor
döyüşü gedir neçə yüz ildi, bəbəklər
oyulur, gözlər tökülür” deyir və son olaraq
buraya çal-çarpaz dağlar çəkilmiş vətəni
əlavə edir, “bəlkələr içində vətən
sökülür” söyləyir. “Sökülən vətən”in
nələr yaşadığını, hansı fəlakətlərlə
üzləşdiyini və ona mövqe nümayiş etdirməyin
gərəkliyini bir yaradıcı olaraq vurğulayır.
Azərbaycan mətbuat tarixində “Kredo” qəzetinin
mühüm rolu vardır. Bu gün ictimai, siyasi, mədəni
mühitin bütünlükdə siyasiləşdiyi bir vaxtda
sırf elmə, ədəbiyyata xidmət edəcək qəzetin
qorunub saxlanması özü çox müşkül hadisədir.
Lakin Ə.R.Xələfli öz yüksək əzmkarlığı,
bacarığı və qabiliyyəti sayəsində “Kredo” qəzetini
qoruyub saxladı. Onu Azərbaycan mühitinə bir ədəbiyyat,
mədəniyyət qəzeti kimi təqdim edə bildi. Bəlkə
də bunun indi fərqində deyilik, ancaq az vaxtdan, bir neçə
onillikdən sonra bu qəzet əsaslı mənbə olaraq
ciddi fakta çevriləcək. Gələcək nəsil
lazım olanı, istədiklərini daha çox onun səhifələrində
tapacaq. Xalqa, ədəbiyyata, mədəniyyətə ləyaqətlə
xidmət etməyin nümunəsini görəcəklər.
Yazılarımın birində bir məsələni
vurğulamışam və təkrar burada yenə deyərəm
ki, “Kredo” qəzeti XIX əsrin sonlarında H.Zərdabinin
yaratdığı “Əkinçi” qəzetinin ən layiqli
varisidi, XXI əsrin “Əkinçi”sidir. Oradakı köşə
yazıları, redaktordan adı ilə gedən məqalələr
Ə.R.Xələflinin bədii təfəkkürünün,
elmi müşahidələrinin, zəkasının zənginliyini
və yazıya gətirmək bacarığını ifadə
edir. Qəzetin səhifələrində gedən məqalələr
problem aktuallığı, ədəbiyyatın
çağdaş mənzərəsi, ədəbi-nəzəri
fikrin nələrlə nəfəs alması haqqında
dolğun informasiya verir. Son olaraq “Kredo” qəzeti müasir ədəbi
prosesin ağırlığını öz çiyinlərində
daşıyır. Bunun isə enerji
qaynağı, gücü Ə.R.Xələflinin
böyüklüyü, vətəndaşlıq sevgisinin
sonsuzluğu, istedadı və ucada dura bilmək
bacarığı ilə bağlıdır. Ədəbiyyatşünas
alimimiz Q.Bayramov çox doğru olaraq vurğulayır ki,
“Əli Rza Xələflinin bir ziyalı kimi fəaliyyəti göz
önündədir, necə ki, “Kredo” qəzeti göz
önündədir... O yaradıcı təfəkkürə
malik təşkilatçıdır və istedadlı şəxsləri
öz arxasınca aparmağı bacarır, təfəkkürünün
şkalasına görə öndə getməyi bacarır” (səh.109).
Əli Rza Xələfli qüdrətli şair,
yorulmaz tədqiqatçı, istedadlı nasir olduğu kimi, həm
də alovlu publisistdir. Onun publisistikası zaman-zaman öyrəniləcək,
nümunələri dərs vəsaitlərinə daxil ediləcəkdir.
“Xələflinin yaradıcılıq yolu” kitabının
müəllifləri Ə.R.Xələflinin publisistikamızın
inciləri sayılacaq örnəkləri - nümunələri
kitaba daxil etsəydilər, çox faydalı bir iş
görmüş olardılar. Ə.R.Xələflinin
“Söz qəlbimin səsidir”, “Kim yanmırsa, his verir”, Ağ
buludun yağışı”, “Qəlbindəkini deməyən”,
“Atamın türkəş çəliyi”, “Könül evindən
sevinsin...” kimi yazılarının - bir dəfə oxunmaqla
yaddaşlara yazılan və unudulmayan yazılarının hər
biri oxucunu silkələmək gücündədir.
Oxuyanlar mənimlə mübahisəsiz də razılaşar,
qalanlarını Xələfli demiş, “ariflər bilər”.
Ədəbi-mədəni mühit Ə.R.Xələflinin
yaradıcılığı haqqında lazımi qədər
fikir yürütmüşdür və bu gün də
yürütməkdədir. Onun hər bir əsəri ictimaiyyətə
təqdim edilən kimi ciddi təhlillərin, elmi-nəzəri
mülahizələrin faktına çevrilir. Bu
da təsadüfi deyildir və ədibin
yaradıcılığına marağın çoxluğunu
aydınlaşdırır. Çünki istedadlı
çağdaşımız nəyi necə deməyin gərəkliyini
daha yaxşı bilir və yazılarında bilməkdən əlavə
də etnosu, onun problemlərini, tarixini, müasir mənzərəsini
verməyi bacarır. Poeziyası, nəsri,
publisistikası bütün olanları bilib xalqa
çatdırmağa köklənmişdir. Onun vulkanik enerji
qaynağını isə böyük sevgi, milli və bəşəri
ideallar təşkil edir. Mədəd
Çobanovun və Müşfiq Çobanlının “Xələflinin
yaradıcılıq yolu” kitabı məhz bu sevginin mahiyyətini
açmaqdan, şair, yazıçı, publisist, alim Ə.R.Xələfli
yaradıcılığının əhatəliliyinin, əzəmətinin
sirlərini bütün tərəfləri ilə geniş Azərbaycan
auditoriyasına çatdırmaqdan ibarətdir. Burada
dilçi alimimiz Mədəd Çobanovun, tədqiqatçı
Müşfiq Çobanlının və şair,
yazıçı, publisist Əli Rza Xələflinin
idealları, düşüncələri bir küll halında
cəmlənir. Bütünlükdə Azərbaycan ədəbi-mədəni
mühitinin məzmunu görünür.
Mahmud ALLAHMANLI,
filologiya elmləri doktoru,
professor.
Respublika.-2018.-
22 mart.- S.6.