İnkişafın böyük üfüqləri qarşısında

Noyabrın 6-da Bakı metrosunun istifadəyə verilməsindən ötən illərin sayı 51-ə çatdı. 51 il bundan əvvəl Bakı metrosunun inşaatçıları yeraltı yolların açarını istismarçılara verdilər. Azərbaycan paytaxtı həm də müsəlman Şərqində yeraltı nəqliyyatı olan ilk şəhər kimi tanındı. Həmin illər əhalisinin sayına görə SSRİ-nin dördüncü şəhəri olsa da, o vaxtlar artıq meqapolislərə çevrilmiş Qahirədən, İstanbuldan, Tehrandan fərqli olaraq, Bakıda metro var idi. Metro Sovet dövründən Bakıya qalan ən qiymətli miras oldu. Bu barədə ümummilli lider Heydər Əliyev daha kəsərli və obrazlı şəkildə belə deyib: “Vətəndaşlarımız, ümumiyyətlə, xalqımız bilməlidir ki, bizim millətimizin əlində nə kimi böyük və nadir bir sərvət var. Bu sərvət müstəqil Azərbaycan dövlətinə yaxın keçmişdən miras qalıbdır. Ancaq eyni zamanda, bu sərvət Azərbaycan xalqının zəhmətkeş insanlarının böyük əməyi, əzmi nəticəsində yaranıbdır və belə bir möcüzəli şəkil alıbdır. Ona görə də Bakı Metropoliteni Azərbaycan xalqının milli sərvətidir. Deyə bilərəm ki, ən dəyərli sərvətidir”.Bakı Metropoliteninin tikintisində böyük canlanma və inkişaf ümummilli liderimiz Heydər Əliyev respublika rəhbərliyinə gəldikdən sonra başlandı. 1970-ci ildə “Ulduz”, 1972-ci ildə “Məşədi Əzizbəyov”, “Qara Qarayev” və “Neftçilər” stansiyaları istismara verildi. 1976-cı ildə “Nizami”, 1979-cu ildə “Bakmil” stansiyaları ilk sərnişinlərini qəbul etdi. 1985-ci ildə “Elmlər Akademiyası”, “İnşaatçılar”, “20 Yanvar”, “Memar Əcəmi” stansiyaları qapılarını ilk sərnişinlərinin üzünə açdı. 1983-1987-ci illərdə ümummilli liderimiz Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini işləyərkən Bakı metrosunun inkişafına xeyli vəsait ayrılmasına etdiyi kömək nəticəsində 1989-cu ildə “Xalqlar dostluğu” və “Əhmədli” stansiyaları təhvil verildi.

Onun 2002-ci il Bakı Metropoliteninin 35 illiyi münasibətilə Respublika sarayında keçirilən təntənəli yığıncaqdakı tarixi çıxışı metropolitenin gələcəyi barədə, sözün həqiqi mənasında, bir proqram sənədi idi: “Biz metro inşaatını davam etdirməliyik... Məndə hələ o illərdən metronun tikintisinin birinci, ikinci, üçüncü növbələrinin cədvəli var. Onu o vaxtdan saxlamışam. İndi onları təzələyəcəyik. İnşallah, qarşıdan gələn 3-4 ildə Azərbaycanın gəlirləri xeyli artacaqdır. Mən sizə bildirmək istəyirəm ki, bu gəlirlərdən Bakı metrosunun inşasının davam etdirilməsi üçün mütləq istifadə etmək lazımdır. Mən bunu edəcəyəm və güman edirəm ki, məndən sonra gələn insanlar da bunu mütləq etməlidirlər”.

Həmin vaxtdan keçən 16 ildə Azərbaycan Prezidenti İlham Əliyev böyük sələfinin ona bəslədiyi ümidləri doğrultdu. Azərbaycanda bütün sahələrdə olduğu kimi, metronun da inkişafında ulu öndərin arzuları həyata keçməyə başladı.

2006-cı ildə dövlət başçısının Şimal sahəsində yarımçıq qalmış inşaat işlərinin davam etdirilməsi üçün ümumilikdə ayırdığı 16.6 milyon manat vəsait hesabına 2008-ci ilin oktyabrında “Nəsimi”, ondan bir il sonra 2009-cu ilin dekabrında “Azadlıq prospekti” və 2011-ci ilin iyun ayında “Dərnəgül” stansiyalarının tikintisini başa çatdırmaq mümkün oldu. Dövlət başçısının metronun istismarı sahəsində çalışan insanların əməyinə verdiyi qiymət onun Bakı Metropoliteni işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında 2008-ci ilin avqust ayında imzaladığı sənəddə öz əksini tapdı. Həmin sərəncamla metropolitençilərin aylıq əməkhaqqı həmin ilin sentyabrından 25 faiz artırıldı.

Bakının yeraltı yollarının inkişafı üzrə Dövlət Proqramının qəbul olunması, yeraltı yolların konseptual inkişaf sxeminin təsdiq edilməsi ümummilli lider Heydər Əliyevin Bakı Metropoliteninin gələcəyi barədə verdiyi tövsiyələrin həyata keçirilməsi üçün Prezident İlham Əliyev tərəfindən atılan son dərəcə əhəmiyyətli bir addım oldu.

Perspektiv plana əsasən, Bakı metrosunda 84 kilometr yolun, 53 yeni stansiyanın tikintisi nəzərdə tutulurdu və onlardan ikisi - 2016-cı il aprelin 16-da istifadəyə verilən Bənövşəyi xəttin “Avtovağzal” və “Memar Əcəmi” stansiyalarıdır. Onların davamı kimi, layihədə adı “B-3” kimi qeyd edilən stansiyada bu günlər avadanlıqlar quraşdırılır, divar və döşəmələrə üzlüklər vurulur, yolun çəkilişi davam edir. Stansiyanın gələn ilin sonuna kimi istifadəyə verilməsi planlaşdırılır.

Metropolitenin inkişafı sahəsində qarşıya qoyulan nəhəng vəzifələrin icrası ilk növbədə Azərbaycan iqtisadiyyatının müasir inkişaf modellərinə uyğun təməllər üzərində qurulmalı idi. Dövlət başçısının iqtisadiyyatın inkişafında strateji niyyəti, qarşıya qoyduğu vəzifələr onun bu sözlərindən aydın görünür: “Bu gün yeni texnologiyalar tətbiq olunur. Biz Azərbaycanda, Bakıda bu texnologiyalardan istifadə etməliyik. Əvvəlki təcrübə çox qiymətlidir. Ancaq bugünkü təcrübə, əlbəttə ki, həm işlərin daha da böyük səmərə ilə görülməsinə xidmət göstərəcək, həm də maksimum keyfiyyət təmin olunacaqdır”.

Qlobal inkişafın şərtləri və tələbləri daxilində ölkədə aparılan islahatların bir təzahürü də 2014-cü il fevralın 27-də ölkə başçısının sərəncamı ilə Bakı Metropoliteninin və “Azərtunelmetrotikinti” Səhmdar Cəmiyyətinin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması oldu. Yeni rəhbərliyin qarşısında bazar iqtisadiyyatının tələblərinə uyğun, dünya təcrübəsini öyrənməklə müasir standartları tətbiq etmək çevikliyinə, texnoloji yeniləşməni innovativ düşüncə tərzi həddinə çatdırmaq bacarığı ilə idarə olunan müəssisə yaratmaq vəzifəsi qoyuldu. İlk növbədə, müstəqillik dövrünün ən böyük metro layihəsinin yerinə yetirilməsi sahəsində inqilabi dəyişikliklər edilməli idi. Qısa zaman kəsiyindəki fəaliyyəti ilə “Bakı Metropoliteni” QSC-nin rəhbərliyi dövlət başçısının etimadını doğrultdu. Metronun yeni xəttinin ilk iki stansiyası 2 il sonra istifadəyə verildi. Bu, tunelqazma texnikasının ən son nümunələrindən, stansiyaların tikintisində yeni metod və üsullardan, texnologiyalardan, maşın və mexanizmlərdən istifadə etmək nəticəsində mümkün oldu. Bənövşəyi xəttin “Avtovağzal” və “Memar Əcəmi” stansiyaları şəhərin gələcək inkişaf tələblərinə müvafiq olaraq, 7 vaqonluq qatarların daxil olması üçün nəzərdə tutulmuş 144 metrdən az olmayan uzunluqda platformalardan ibarətdir. Əhalinin sosial həssas təbəqəsinin maraqları nəzərə alınmaqla, liftlər və uzun keçidləri olan “Avtovağzal” stansiyasında travolatorlar quraşdırılıb. Gələcəkdə xəttin inşası davam etdirildikcə, idarəetmə sistemində ən müasir SCADA və qatar hərəkətinin təşkilində CBTC sistemləri quraşdırılacaq, bu istiqamətdə işlər bu gün də aparılır.

Yeni xətlərdə bütünlüklə ən müasir dünya təcrübəsi tətbiq ediləcək yeniliklər çərçivəsində yollar beton bloklar üzərində salınır. Bu məqsədlə metropolitenin mövcud infrastrukturundakı dəmir-beton konstruksiyaları sahəsi tamamilə əsaslı şəkildə yenidən qurulub və müasir standartlara uyğun ən müasir səviyyəyə çatdırılıb. Yeniliyin tunel yollarında tətbiqi praktikasının mənimsənilməsi məqsədilə “Nərimanov” elektrik deposunda qatarların təmirdən sonra sınaqdan keçirilməsi üçün inşa edilən xüsusi təyinatlı yolda bu bloklardan istifadə edilir.

2014-cü il mayın 12-də Fransa Prezidenti Fransua Ollandın Bakıya rəsmi səfəri çərçivəsində hər iki dövlət başçısının iştirak etdiyi biznes-forumda “Bakı Metropoliteni” QSC-nin rəhbərliyi ilə Fransa tərəfdaşları arasında 5 anlaşma memorandumunun imzalanması yeni xətlərin idarə olunmasında, hərəkətin təşkilində ən müasir sistemlərin tətbiqinə geniş imkanlar açdı. Bu, eyni zamanda metropolitenin yeni xətlərinin lokomotiv parkının müasir tələblər səviyyəsinə çatdırılmasını, ən əsası isə insan resurslarının məhz yerli kadrlar əsasında qurulması üçün müasir tədris sistemlərinin tətbiqini də nəzərdə tutur.

2015-ci il aprelin 16-da Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə metropolitendə, xüsusən də yeni xətlərdə istismar olunacaq üç yeni nəsil qatarlarının istismara verilməsi bu layihələrin ilk uğurları oldu. Avtoidarəetməyə keçid imkanına malik olan bu qatarlar kondisionerləşdirmə, mikroiqlim tələblərinə cavab vermə, müasir elektron və informasiya sistemləri və kompüter idarəetməsinin təchizatı ilə yanaşı, “Bakı Metropoliteni” QSC-nin texniki-iqtisadi əsaslandırmalarla irəli sürdüyü bir sıra təklifləri nəzərə alınaraq istehsal olunmuşdu. Bu tələblər sırasında vaqonlarda bir-birinə keçid imkanlarının olmasını, tutacaqların yerli şəraitin tələblərinə uyğun quraşdırılmasını diqqətçəkən amil kimi qeyd etmək olar.

Fransanın “Thales” şirkəti ilə əməkdaşlıq inkişaf etdirilir. Gələcəkdə yeni xətlərdə tətbiq olunacaq SCADA idarəetmə sistemləri və dispetçer mərkəzləşməsi, eləcə də qatarların hərəkətinin müasir radiokanal idarəetməsi olan CBTC sistemləri ilə təşkili baxımından əhəmiyyətli layihələr işlənir. Eyni zamanda yeni sistemlərlə işləyə biləcək kadrların hazırlığı məsələsi də nəzərə alınıb. Bağlanmış müqaviləyə əsasən bu şirkətin İstanbulda və Kanadanın Toronto şəhərindəki tədris mərkəzində təlim-tədris və təcrübə prosesinə cəlb edilmiş metropolitençilər orada öyrəndiklərini yerli mütəxəssislərlə bölüşürlər.

Metropolitenin perspektiv inkişafı planında mövcud xətlərin də müasir texnologiyalarla təmin edilməsi, hərəkətin təşkilinin təkmilləşdirilməsi, stansiyalarda təmir-bərpa işlərinin aparılması da nəzərdə tutulmuşdur. Metropolitendə həyata keçirilən yeniliklərin böyük bir hissəsi də bu sahəyə aiddir. 2015-ci il dekabrın 28-də Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə daha bir dərin özüllü stansiyanın - “Elmlər Akademiyası”nın ikinci giriş-çıxışı açılıb. Bu müddətdə “28 May” stansiyası da tamamilə yenidən qurulub. “Elmlər Akademiyası” stansiyasının, eləcə də “20 Yanvar”, “İnşaatçılar” stansiyalarında eskalatorların yeni nəsil analoqları ilə dəyişdirilməsi zamanı vestibüllərdə yenidənqurma işləri aparılıb. “Neftçilər” və “Qara Qarayev” stansiyalarının keçidləri və vestibülləri, “İnşaatçılar”, “Nəriman Nərimanov”, “Gənclik”, “Xalqlar dostluğu” stansiyalarının keçidləri büsbütün yenilənib. “Nizami” stansiyasının orta zalı və platformaları da görkəmini tamamilə dəyişib. Stansiya pilonları davamlı inşaat materiallarından istifadə olunmaqla təmir olunub, Nizaminin ölməz “Xəmsə”si mövzusunda işlənmiş pannolar bərpa edilərək, yenidən ilkin görkəminə qaytarılıb.

Bu il iyun ayının 7-də “Sahil” stansiyası əsaslı şəkildə təmirdən sonra, yenilənmiş eskalatorlarla istismara qaytarılıb. Orada müddəti başa çatmış 3 eskalatorun əvəzinə 4 ədəd yenisi quraşdırılıb. Hazırda genişmiqyaslı təmir işləri “Xətai” stansiyasında aparılır. Orada da eynilə 3 köhnə eskalator 4 ədəd yenisilə əvəzlənəcək.

İndi yeraltı saraylar, onların keçidləri 5 il əvvəl gördüyümüz bazar lövhələrindən uzaqdır. Bir vaxtlar ticarət köşkləri ilə zəbt edilmiş keçidlər sərgi qalereyalarına çevrilib. “Nəriman Nərimanov”, “Gənclik”, “Memar Əcəmi” stansiyalarında müxtəlif mövzulara həsr olunmuş fotosərgilər nümayiş etdirilir.

Lokomotiv təsərrüfatında aparılan yeniliklərin nəticəsi isə özünü qatarların texniki vəziyyətində göstərir. Son illərdə qatarların xəttə öz işini sona qədər başa vurmadan nasazlığa görə depoya qayıtması hallarının sayı 4 dəfə azalıb.

Yeniliklərdən bəhs edərkən, diaqnostika kompleksini, onun metro infrastrukturunun yoxlanılmasına gətirdiyi yeniliyi qeyd etməmək mümkün deyil. 2015-ci ildə Azərbaycan Prezidentinin iştirakı ilə təqdim olunan kompleks həmin ilin dekabrında Moskvada mötəbər beynəlxalq konfransda “dünyada analoqu olmayan” kimi qiymətləndirilib və bir çox dünya metropolitenlərinin diqqətini cəlb edib.

Bakı metrosu son 4 ildə böyük miqyaslı yeniliklərin məkanına çevrilib. Bu, çoxminli əmək kollektivinin fədakar əməyi sayəsində əldə edilən çox böyük uğurdur. Paytaxt metrosu inkişafın böyük üfüqləri qarşısındadır, yaxın gələcəkdə yeraltı yollarımızdan daha böyük uğurların, zəfər sədalarının şahidi olacağıq.

Respublik.- 2018.- 7 noyabr.- S.3.