Bu tarixi bilmək
lazımdır və ya keçmişin dərsləri
Akademik Ramiz Mehdiyevin “Qriqorian
kilsəsi Səfəvilər dövlətinə qarşı
casusluq aləti kimi” (XVII əsr – XVIII əsrin ilk dörddəbiri)”
kitabı haqqında
Azərbaycan Respublikası
Prezidenti Administrasiyasının rəhbəri, Azərbaycan
Milli Elmlər Akademiyasının həqiqi üzvü Ramiz
Mehdiyevin “Qriqorian kilsəsi Səfəvilər dövlətinə
qarşı casusluq aləti kimi” (XVII əsr – XVIII əsrin ilk
dörddəbiri)” kitabı “Şərq-Qərb” nəşriyyatında
çapdan çıxıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan
tarixinin, onun dövlətçiliyinin təşəkkülünün,
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin
müxtəlif aspektlərinə həsr edilmiş
çoxsaylı sanballı əsərlər akademik Ramiz
Mehdiyevin qələminin məhsullarıdır.
Mübaliğəsiz demək olar ki, bu əsərlərin hər
birinin nəşri respublikanın elmi həyatında əlamətdar
hadisəyə çevrilib, elmi mühitdə və cəmiyyətdə
geniş əks-səda doğurub, qızğın müzakirələrə
səbəb olub. Bu əsərlərin başlıca
xüsusiyyəti şərhin fəlsəfi dərinliyi, elmi
yanaşma, ciddi ardıcıllıq və məntiqilik, habelə
qaldırılan mövzuların yeniliyi və tarixin az öyrənilmiş
səhifələrinə müraciət edilməsidir.
Bu baxımdan, alimin yeni kitabı da istisna deyil. Bu, Qərb
dövlətlərinin, habelə Rusiyanın əlində Səfəvilər
dövlətinə qarşı casusluq, şantaj və
separatizm vasitəsinə çevrilmiş Qriqorian kilsəsinin
kəşfiyyat və siyasi-ideoloji fəaliyyətinin dərk
edilməsi və ətraflı
işıqlandırılması üçün ilk cəhddir.
Məsələyə bir qədər geniş
yanaşsaq, bu, əzəli Azərbaycan torpaqlarının bir
neçə əsr davam edən işğalında Eçmiədzinin
roluna, ermənilərin ərazi iddialarının mənbələrinə
tamamilə yeni baxışdır. Bu proseslərin
dərin təhlili ermənilərin müəllif tərəfindən
tutarlı faktlarla təsvir edilən və regiondakı iri
dövlətlərin tərkibində həmişə
“beşinci kolon” rolu oynamasını şərtləndirən
psixoloji portretinə əsaslanır. Akademik R.Mehdiyev
yazır: “Ermənilərin tarixindəki faktlar sübut edir ki,
satqınlıq, başqa millətdən olan insanları qəbul
etməmək ayrı-ayrı epizodlar deyil, konkret məqsədlərə
nail olmağa yönəlmiş şüurlu hərəkətlərdir...
Bədrəftarlıq onların xarakterinin
mühüm cəhətidir”.Müəllif ermənilərin
daha bir səciyyəvi cəhətini – saxtakarlıqlara meyilli
olmasını açıb göstərir. Yalan həmişə ermənilərin əsas
ideoloji silahı olub. Bu, kitabın birinci fəslində
dəqiq göstərilib. Alim faktlara əsaslanaraq
erməni mənbələrinin guya Qriqorian kilsəsinin Səfəvilərə
qarşı fəaliyyətinin həmin ərazilərdə
erməni dövlətinin bərpa edilməsi uğrunda
mübarizə ilə bağlı olduğuna dair yalan
iddialarını ifşa edir. Müəllif
sübut edir ki, həmin ərazilərdə erməni dövləti
heç vaxt mövcud olmayıb. Alim, həmçinin erməni
tarixçiləri tərəfindən guya Səfəvi
hökmdarları arasında “erməni fobiyası”nın mövcud olması, onların erməni əhalini
məhv etməsi, ermənilərə İslam dinini zorla qəbul
etdirməsi və erməni ruhaniləri
sıxışdırması barədə irəli
sürülən tezisin də əsassız olduğunu
göstərir. Bu halda müəllif elə ermənilərin
öz mənbələrinə, o cümlədən orta əsr
salnaməçisi Arakel Davrijetsinin, salnaməçi Zəkəriyyə
Kenakertsinin, habelə Rusiya və Qərb tədqiqatçılarının
əsərlərinə istinad edir. Bu əsərlərdə
göstərilir ki, Səfəvi dövlətinin hökmdarları
erməni əhaliyə tolerant münasibət bəsləyib,
dini etiqad və əmlak münasibətləri məsələlərində
onlara tam sərbəstlik verib, onların ticarətlə məşğul
olmasına maneçilik törətməyib, uzun müddət
Avropa və Rusiya bazarlarına o dövrün ən gəlirli
mallarından biri olmuş Azərbaycan ipəyinin praktiki olaraq
inhisarçı tədarükçüləri olmasına
imkan veriblər. Müəllif yazır: “Bunun müqabilində
onlardan (ermənilərdən) yalnız vergiləri vaxtında
ödəmək, qanunlara riayət etmək və hakimiyyətin
iradəsinə tabe olmaq tələb edilirdi”. Bu
başqa məsələdir ki, ermənilər bu cür
xeyirxah münasibətin müqabilində adətləri
üzrə qədirbilməzlik göstərirdilər.
Kitabın ikinci fəsli çox maraqlı və faktoloji
materiallarla zəngindir. Müəllif bu fəsildə Səfəvilər
dövlətinin ərazisində özlərinin kəşfiyyat
fəaliyyətini dini və diplomatik məqsədlərlə
ört-basdır edən katolik missiyalarının yaranması
tarixini izləyir. Qərbin agentura şəbəkəsinə
cəlb edilən əsas obyektin kim
olmasını güman etmək çətin deyil. Müəllif vurğulayır ki, satılmağa
hazır olan erməniləri satın alırdılar. Eçmiədzindəki riyakar və satqın strateqlər
bu cür əməkdaşlığa xeyir-dua verirdilər.
Alimin yazdığına görə, ermənilər
Vatikan missionerlərinə nə lazım olduğunu tezliklə
anladılar – Səfəvi dövlətinin daxilində əsl
“beşinci kolon” formalaşdırmaq. Lakin
bu, Qriqorian kilsəsinin dəstəyi ilə ermənilərin
qərbli himayədarları ilə ikili oyun oynamalarına mane
olmurdu, nəticədə onların arasında
vaxtaşırı münaqişə və ziddiyyətlər
yaranırdı. Bununla belə, ermənilər
XVII əsrin axırlarında Səfəvilər dövləti
tənəzzülə uğrayana qədər Vatikan
üçün əsas informasiya mənbəyi, Azərbaycan ərazilərinə
soxulmaq üçün təsir vasitəsi kimi
qalırdılar. Müəllif bu qənaətə gəlir
ki, Qriqorian kilsəsinin azərbaycanlılara və türklərə
qarşı düşmən və satqın siyasətinin
kökləri uzaq keçmişə gedib çıxır və
bu nifrətin səhifələrinin çoxu Azərbaycan və
Türkiyə torpaqlarında “böyük Ermənistan” yaratmaq
arzusu ilə bağlıdır. Alim bu nəticəyə gəlir:
“Başqa səbəb yoxdur. Erməni
xalqının bütün bəlaları Qriqorian kilsəsi
başda olmaqla onun siyasi elitasının
satqınlığından irəli gəlir”.Kitabın
üçüncü fəslində Vatikan emissarları və
onların erməni əlaltılarına qarşı
mübarizədə Səfəvilərin strategiyası və
uğurları barədə söhbət açılır.
Müəllif qeyd edir ki, Səfəvi hökmdarları onlara
xas olan praqmatizm, incə siyasi duyum sayəsində maraqların
gizli müharibəsində, o cümlədən erməni kilsəsinə
nəzarət məsələsində avropalı strateqləri
üstələməyə nail olub, özlərindən
Osmanlı Türkiyəsinə qarşı alət kimi istifadə
edilməsinə imkan verməyiblər. Müəllif Qriqorian
kilsəsi ilə Moskva dövləti arasında gizli siyasi əlaqələr
məsələsinə xüsusi diqqət yetirir, göstərir
ki, erməni ruhanilər XVII əsrin ikinci yarısından
başlayaraq Qərbdə öz siyasi tədbirləri
uğursuzluğa düçar olacağı halda Moskva dövlətini
alternativ himayədar hesab etməyə başladılar. Həmişə “fərasətli” olmaları ilə
fərqlənən ermənilər Səfəvilər dövlətinin
zəifləməsini və Xəzər regionunda, Qafqazda
öz mövqelərini möhkəmlətməyə
çalışan Rusiyanın güclənməsini hiss edərək
öz prioritetlərini kəskin şəkildə dəyişdilər,
nəzərlərini şimala yönəltdilər. Onlar öz xidmətləri müqabilində ciddi
iqtisadi preferensiyalar, ən başlıcası – özlərinin
ilhaqçı planlarına dəstək alırdılar.
Müəllif qeyd edir ki, Qərb və Rusiya
diplomatiyası tarixində XVII-XVIII əsrlərdə erməni
ruhanilər və erməni icması ilə
qarşılıqlı fəaliyyət regiondakı müsəlman
dövlətini zəiflətmək üçün erməni
kartından separatizm aləti kimi istifadə edilməsi sahəsində
ilk təcrübə olub. Tarixin sonrakı
dövrlərində bu kartdan dəfələrlə istifadə
olunub, o, bu və ya digər konkret maraqlara və məqsədlərə
xidmət edib. Məsələn, XX əsrin
əvvəlində Osmanlı İmperiyasının
süqutunda erməni amili heç də sonuncu rol oynamayıb.
Ermənilər İranı və Azərbaycanı
daxildən zəiflətməklə Çar Rusiyası tərəfindən
həm Azərbaycan xanlıqlarının, həm də
bütün Qafqazın işğal edilməsinə şərait
yaradıblar. Müəllif yazır: “XX əsrin əvvəlində
ermənilər özlərinin satqınlığı və
“beşinci kolon” rolu müqabilində Azərbaycanın tarixi
torpaqları hesabına Cənubi Qafqazda müstəqil dövlət
yaradılması ilə mükafatlandırıldılar”.
Akademik R.Mehdiyevin başqa əsərlərində
olduğu kimi, onun yeni kitabında da müəllifin vətəndaşlıq
mövqeyi aşkar görünür. Alim əmindir ki, əgər
tarixi öyrənməsək və ondan lazımi dərs
almasaq, o, təkrarlanma xassəsinə malikdir. Müəllif
yazır: “Əsla mübaliğə etmədən faktlar belə
deməyə əsas verir ki, həmin dövrdə Səfəvilər
dövlətinin ətrafında baş vermiş bir çox
proseslər bu gün Azərbaycana münasibətdə
müşahidə etdiklərimizlə çox oxşardır.
Bu proseslər əvvəlki əsrlərdə
baş vermiş və ölkəmizin vətəndaşlarının
əksəriyyətinə hətta ümumi şəkildə
də məlum olmayan hadisələrin bir növ
davamıdır. Tarix absurd teatrında
tamaşa şəklində təkrarlanır. Bu, tarixdən
lazımi dərs alanlar üçün gələcək təhlükələrin
və itkilərin qarşısını almağa kömək
edir, bu dərsləri mənimsəmək iqtidarında
olmayanlar üçün isə keçmişin müasir “don
geydirilmiş” hadisələri yeni faciəyə çevrilə
bilər, özü də bu, təkcə Cənubi Qafqaz regionuna
aid deyil”.
Alim bu baxımdan hər bir xalq üçün öz
tarixini bilməyin vacibliyini vurğulayır. Müəllifin haqlı
olaraq vurğuladığı kimi, öz keçmişini bilməyən,
öz düşmənləri və ənənəvi problemləri
ilə tanış olmayan millət
özünü başa düşmək və müdafiə
etmək iqtidarında olmur. Görkəmli alimin Vətənimizin
tarixində az məlum olan və az
işıqlandırılmış səhifələrə
müraciət etməsi, şübhəsiz, bunu dərindən
duymasından, öz millətinin taleyinə görə məsuliyyət
hissindən irəli gəlir.Akademik Ramiz Mehdiyevin yeni kitabının
məziyyətləri arasında daha bir məqamı xüsusi
qeyd etmək istərdik: yetərincə mürəkkəb elmi
material mükəmməl və anlaşılan üslubda
şərh edilib. Kitabın sırf elmi əsər
olmasına baxmayaraq, o, populyar və sadə dildə
yazılıb. Fikirlərin səlisliyi,
ifadələrin obrazlılığı oxucunu cəlb edir.
Ona görə də kitab, necə deyərlər,
maraqlı bədii əsər kimi, praktiki olaraq birnəfəsə
oxunur.Bu mövzu üzrə xarici arxiv mənbələrindən
istifadə imkanının məhdud olması R.Mehdiyevin həqiqətən
sanballı elmi əsər yaratmasına mane olmayıb. Əminliklə
demək olar ki, bu kitab Azərbaycan
tarixşünaslığında yeni səhifə açacaq.
Həqiqətən, müəllif
özünün yeni kitabı ilə azərbaycanlı
tarixçi alimlərə ölkəmizin uzaq və yaxın
keçmişinin tədqiqinə necə yanaşmaq lazım
olması nümunəsi göstərir, böyük diqqət
tələb edən əsas istiqamətləri müəyyənləşdirir
və problemlərin üzərinə işıq
salır. Sırf elmi materialın şərh
edilməsi ilə kifayətlənməyən alim respublikada
humanitar elmlərin taleyinə görə narahatlıq
keçirir, qeyd edir ki, bu elmlər təhlil, obyektiv tənqid
metoduna keçməli, gərəksiz pafosa,
sözçülüyə son qoyulmalıdır.
Akademik R.Mehdiyev kitaba sözardında yazır: “Hər
hansı xalqın və dövlətin tarixinin yazılması
intellektual və vicdanlı yanaşma tələb edir, bu
prosesdə emosiyalara və şəxsi qənaətlərə
yer yoxdur. Bu baxımdan Azərbaycan tarixi istisna ola bilməz”. O
əmindir ki, tədqiqatçılar ölkəmizin tarixinin ən
mürəkkəb və problemli məsələlərini
qaldırmalı, artıq çeynənilmiş,
özünün praktiki və elmi əhəmiyyətini
çoxdan itirmiş mövzu və problemləri bir kənara
atmalıdırlar. Praktik-alim göstərir ki, bu cür
problemlər təkcə Səfəvilər dövlətinin
deyil, Qafqaz Albaniyasından başlamış Azərbaycan Xalq
Cümhuriyyətinə qədər Azərbaycan ərazisində
mövcud olmuş digər dövlətlərin tarixində də
çoxdur.
Akademik Ramiz Mehdiyev humanitar elm sahələrində
çalışan Azərbaycan alimlərini müasir tədqiqat
metodikasını daha fəal mənimsəməyə
çağırır. O xəbərdarlıq
edir ki, əks halda “elmimizin rəqabətə davam gətirməsi
və Azərbaycan xalqının tarixi və mədəni
irsini yenidən yazmaqda, özlərinin xeyrinə təhrif etməkdə
və mənimsəməkdə maraqlı olan qüvvələrin
güclü, ardıcıl təbliğatına qarşı
dözüb dayanması çox çətin olacaq”. Əgər
müasir terminologiya ilə desək, bu kitab ölkəmizin
tarixini araşdırmaqla məşğul olan Azərbaycanın
humanitar alimləri üçün “Yol xəritəsi” ola bilər.
Ona görə ki, alimin vurğuladığı kimi, tarixin
öyrənilməsinə bu cür münasibət
formalaşmayınca “bizim tarixi yaddaşımız beləcə
qısa və səthi səviyyədə qalacaq”. Bu fikri bundan
yaxşı ifadə etmək mümkün deyile
Respublika.-
2018.- 20 noyabr.- S.4