Ana
rollarının mahir ifaçısı
(Xalq artisti Nəcibə Məlikovanın
ekran yaradıcılığı haqqında)
...O, Azərbaycan
televiziyasının ilk diktoru kimi 14 fevral 1956-cı ildə
efirə çıxdı. “Göstərir Bakı!” kəlmələri
ilə ekran qarşısına yığılan minlərlə
izləyicini salamladı, Azərbaycan televiziyasının fəaliyyətə
başlaması münasibətilə təbrik etdi. İlk
çıxışından füsunkar gözəlliyi, aydın
diksiyası, məlahətli səsi ilə izləyicilərin
qəlbinə yol tapdı.
Kinoda qazandığı uğurlar isə
yaradıcılığının yeni səhifələrinə
çevrildi, daha da şöhrətləndi, nurlu sənətkar
imzasını tanıtdı. Ekrandakı Ana obrazları
humanizmə, məhəbbətə, ülviyyətə
çağırış notları idi sanki... Hamı onu Ana
rollarının mahir ifaçısı kimi tanıdı.
Əvəzsiz aktyor oyundakı Ananın bədii surətlərini
böyüklər də sevdi, uşaqlar da... “Ögey ana”
filmindəki Dilarə obrazı ona əfsanəvi şöhrət
bəxş etdi.
Yaradıcılığı boyu gərgin əməyi
ilə fərqli rollar yaratdı. Çəkiliş
meydançalarına səhnədən gəlsə də,
realist aktyor oyununda kino poetikasının ahəngi aydın
duyulurdu. Milli kinomuzda üslubu, nəhayətsiz
axtarışları ilə özünəməxsus aktyor məktəbinin
təməlini qoydu. “Fətəli xan”da Xədicə, “Leyli və
Məcnun”da Səlimə, “Əhməd haradadır”da Nərgiz,
“Arşın mal alan”da Cahan xala, “Qanun naminə”də Zərintac
kimi rolları milli kino sənətimizə bəxş etdiyi ən
qiymətli töhfələrdir.
İlk diktoru olduğu Azərbaycan
televiziyası da sənətkar taleyinə yeni bucaqdan
işıq saldı. “Aygün” bədii televiziya filmində
Aygün, “Topal Teymur” televiziya tamaşasında Dilşad kimi
rolları yaradıcılığında silinməz iz qoydu.
Bu sənətkarı indi də xatırlayanlar az deyil... Milli
televiziyamızın ilk diktoru, unudulmaz rollar
ifaçısı Nəcibə Məlikova!..
25 oktyabr 1921-ci ildə Bakının Buzovna kəndində
ziyalı ailəsində dünyaya gəlib. Atası
Haşım bəy Saqib publisist yazıları ilə
dövrünün qəzet və jurnallarında tez-tez
çıxış edib. O, Saqib təxəllüsü ilə
aşiqanə qəzəllər də yazıb. Səməd Mənsur,
Mikayıl Müşfiq, Əliağa Vahidlə yaxın dostluq
münasibətləri olub. Haşım bəy Saqib,
ömür-gün yoldaşı Xoşsima xanım
övladlarının sağlam ruhda böyüməsinə, təlim-tərbiyəsinə
xüsusi önəm veriblər.
Nəcibə Məlikova ilk təhsilini Buzovnada
alır. Məktəbli ikən aktyor olmaq arzusu ilə
yaşayır. Bakıda orta təhsilini bitirdikdən sonra
Bakı Teatr Texnikumuna daxil olur. 1940-1943-cü illərdə
Xalq artisti Fatma Qədrinin kursunda aktyor sənətinin sirlərinə
yiyələnir. Təyinatla Gəncə Dövlət Dram
Teatrında aktyor işləyir. Bu teatrın səhnəsində
peşəkar aktyor kimi ilk sənət addımlarını
atır.
Gəncə teatrında bir neçə il
işlədikdən sonra Bakıya qayıdır. Ali təhsil
almaq üçün Azərbaycan Dövlət Teatr
İnstitutuna daxil olur. Adil İsgəndərov, Rza Təhmasib
kimi sənətkarlardan ustad dərsləri alır. 1951-ci ildə
institutu bitirir.
1952-ci ildən sənət taleyini Milli Dram Teatrına
bağlayır. Müxtəlif illərdə teatrın səhnəsində
klassik və müasir Azərbaycan dramaturqlarının, eyni
zamanda dünya dramaturqlarının əsərlərində
yaddaqalan rollarda çıxış edir. “Şeyx Sənan”da
Xumar, “Səyavuş”da Firəngiz, “Kəndçi
qızı”nda Ayxanım, “Büllur saray”da Qönçə,
“Vaqif”də Xuraman kimi onlarca rollarda maraqlı və yaddaqalan
obrazlar yaradır.
Nəcibə Məlikovanın sənət yolunu kinodan
ayrı təsəvvür etmək çətindir. Ekran
obrazları onun aktyor yaradıcılığının yeni
inkişaf mərhələsidir. Tamaşaların
böyük əksəriyyəti zamanında lentə
köçürülmədiyindən bu gün Nəcibə
Məlikovanın səhnə sənətkarlığını
yalnız tədqiqatlarda, xatirələrdə görmək mümkündür.
Bu baxımdan çəkildiyi filmlər onun
aktyor sənətkarlığını özündə
qoruyan ən qiymətli örnəklərdən biridir.
Nəcibə Məlikova ilk dəfə Yefim Dziqanın “Fətəli
xan” filmində çəkiliş meydançasında
görünür. Oynadığı Xədicə obrazı
gənc aktrisanın çoxyönlü istedadını, sənətkarlıq
səviyyəsini aydın göstərir.
Dövrünün görkəmli aktyorları Ələsgər
Ələkbərov, Leyla Bədirbəyli, Möhsün Sənani,
Sidqi Ruhulla, Rza Təhmasibin çəkildiyi filmdə yadda
qalmaq hər aktyora nəsib olmur. Lakin Nəcibə
Məlikova bu çətin sınaqdan məharətlə
çıxır. O illərdə Bakı sənət
mühitində hələ kifayət qədər tanınmayan
gənc aktrisa ifadəli oyunu ilə ekran uğuru qazanır.
“Ögey ana” filmindəki Dilarə obrazı Nəcibə
Məlikovanın yaradıcılığında ən uca zirvələrdən
biridir. Maraqlıdır ki, “Ögey ana”da
yaşadığı acılar, ağrı və iztirablarla
çox da uzaq olmayan illərdə qarşılaşır.
Belə ki, aktrisa Gəncə teatrında işlədiyi
zaman ömür-gün yoldaşını itirən bir nəfərlə
ailə qurur. Nəcibə Məlikova onu
saf məhəbbətlə sevir, yeganə oğluna doğma
ana münasibəti bəsləyir. Dünyaya
gələn övladına atası Haşım bəyin xatirəsinə
ehtiram kimi Saqib adını verir. Qayınanası
və ömür-gün yoldaşı Nəcibəni
övladlara qarşı ayrı-seçkilik etməsində
günahlandırırlar. Az sonra ailədə
onun səhnəyə çıxmasına qadağa qoyulur. Səhnəni həyatı qədər sevən Nəcibə
qurduğu ailə həyatına son qoyaraq oğlu Saqiblə
Bakıya gəlir.
Nəcibə Məlikovanın ailə faciələrini
Adil İsgəndərov kinorejissor Həbib İsmayılovla
bölüşür. Və bu mövzuda ona film çəkməyi
məsləhət görür. Mövzu Həbib
İsmayılovun da sənətkar marağına səbəb
olur. O, kinodramaturq Anna Yanla Adil İsgəndərovun təklif
etdiyi mövzunu qələmə alır. Və
düşünmədən Dilarə roluna Nəcibə Məlikovanı
çəkməyi qərarlaşdırır. Kinorejissor sərrast seçimində yanılmır.
Nəcibə Məlikova Dilarənin iztirabları ilə
həyatda üz-üzə gəldiyindən bu obraza ruhən
çox yaxın idi. Lakin aktrisa ifa tərzində prototip
çərçivəsində qalmır. Qüvvətli bədii ümumiləşdirmələrlə
ülvi ana obrazını yaradır. Unudulmaz
sənətkar çəkilişlərdə Dilarənin
övlad sevgisini ön plana çəkir. Əlahəzrət
sözün belə ifadəsində aciz qaldığı
hissləri, duyğuları gözlərində,
mimikalarında canlandırır.
O,
İsmayılla yaranan mürəkkəb münasibətlərdə
ana məhəbbətini, ana qürurunu şərəflə
qoruyur. Nəcibə Məlikova—Dilarə ögey
ana kimi deyil, doğma ana timsalında sonsuz tamaşaçı
məhəbbəti qazanır.
İlk dəfə 9 dekabr 1958-ci ildə ekranlara
çıxan “Ögey ana” əsl sənət hadisəsi olur. Qısa
müddətdə filmə 21 milyondan artıq
tamaşaçı baxır. 1959-cu ildə
Kiyevdə keçirilən Ümumittifaq kino festivalında
“Ögey ana” üçüncü mükafata layiq
görülür. Əməkdar incəsənət
xadimi, kinorejissor Həbib İsmayılovun bədii film
janrındakı ekran debütünün uğurunda, heç
şübhəsiz, Nəcibə Məlikovanın xüsusi
yeri, sənətkar əməyi vardı...
İlk diktoru olduğu Azərbaycan televiziyası ilə
Nəcibə Məlikova həyatı boyu yaxın
yaradıcılıq münasibətlərində olur. 1960-cı ildə
kinorejissor Kamil Rüstəmbəyovun quruluş verdiyi
“Aygün” bədii televiziya filmində Nəcibə Məlikova
baş qəhrəman — Aygün obrazını ustalıqla
yaradır. Aygünlə aktrisanın həyatında
səsləşən məqamlar olsa da o, bu obrazı bədii
təfəkkürlə yeni yozumda təqdim edir.
Ömür-gün yoldaşının içkiyə
qurşanması ilə Aygünün üzləşdiyi
ağır tale Nəcibə Məlikovanın aktyor
yaradıcılığında orijinal həllini tapır. O, ailə
burulğanlarında çırpınan Aygünü həqiqi
boyalarda əks etdirir. Poetik aktyor ifası ilə
Aygünün saf məhəbbətinə, mərdliyinə, sədaqətinə
izləyiciləri inandırmağı bacarır. Bu inam Nəcibə Məlikovanın yüksək sənətkarlığından,
nəhayətsiz axtarışlarından, gərgin əməyindən
qaynaqlanır.
1963-cü ildə Nəcibə Məlikova sənət
taleyində xüsusi rol oynayan Adil İsgəndərovdan
“Əhməd haradadır” filminə dəvət alır. Aktrisanın
yaradıcılıq imkanlarına yaxşı bələd
olan rejissor ona Nərgiz ananın rolunu həvalə edir. Ekranda, adətən, lirik-dramatik Ana rolları oynayan
Nəcibə Məlikova bu filmdə yeni ampluada
görünür. Yaradıcılıq
üslubunun əsas xüsusiyyətlərindən biri kimi Nəcibə
Məlikova Nərgizi canlı, həyati, realist planda
yaradır. Nəcibə Məlikova
obrazın psixoloji məzmununa, xarakterinə söykənərək
komediya janrında yeni sənətkarlıq zirvəsi fəth
edir. Onun ifasında milli kolorit olduqca
qüvvətlidir.
Adətən, komik rolları oynayan aktyorlar
tamaşaçıda gülüş yaratmaq üçün
müxtəlif qrim ünsürlərinə meyil edirlər. Nəcibə
Məlikova isə, əksinə, bu kimi vasitələrə əl
atmır. Onun yaratdığı
gülüş komik ştamplardan, sınanmış qəliblərdən
çox uzaqdır. Nəcibə Məlikovanın
ifa tərzində aktyor sənətkarlığı ilə
aktyor texnikası eyni nöqtədə birləşir. İfadəli, yaddaqalan cizgilərlə izləyicilərdə
mənalı, incə gülüş yaradır.
Unudulmaz sənətkarın aktyor oyununda diqqətçəkən
cəhətlərdən biri də ekranda son dərəcə
ciddi olmasıdır. Zahiri effektlərə uymayan Nəcibə Məlikova təbii
komizmi ilə ali sənətkar məqsədinə
nail olur.
“Əhməd haradadır” filmi keçmiş SSRİ
Dövlət Kinematoqrafıyasında birmənalı qarşılanmır. Filmin
ünvanına kəskin tənqidlər səslənir. Onun nümayiş sayına, uğuruna şübhə
ilə yanaşırlar. Lakin film ekranlara
çıxandan sonra qısa müddətdə bütün
proqnozları alt-üst edir. “Əhməd
haradadır” keçmiş sovet prokatında ən çox
tamaşaçı toplayan filmlər sırasında yer
alır.
“Əhməd
haradadır” filmində Nəcibə Məlikova ilə tərəf-müqabil
olan Əməkdar artist, kinorejissor Elxan Qasımovdan
aldığım müsahibədən:
“Nəcibə Məlikova deyəndə ilk növbədə
“Əhməd haradadır’’ filmini xatırlayıram. Çünki
onunla 1962-ci ildə bu filmdə bərabər çəkilmişəm.
Mən şofer Əhmədi, Nəcibə
xanım isə Nərgiz xalanı oynayırdı. Nəcibə xanımla tanışlığım
beləcə o filmdə başladı. Və
uzun illər davam etdi. Ailəsi ilə,
oğlu ilə ünsiyyətdə oldum.
55 il keçməsinə baxmayaraq, sənət
taleyimə minnətdaram ki, nə yaxşı həmin rolu
oynadım. Nəcibə xanım kimi gözəl
bir aktrisa ilə tərəf-müqabil oldum. Filmin çəkilişlərində sanki
nağıllar dünyasında idim. Bu dünya mənə
ruh verdi. Nəcibə Məlikova tək
deyildi axı... Məmmədrza Şeyxzamanov, Mustafa Mərdanov,
Lütfəli Abdullayev, Ağahüseyn Cavadov, rejissor Adil
İsgəndərov, bəstəkar Rauf Hacıyev, Sabit Rəhman
kimi dramaturqla yaxın ünsiyyətdə oldum. Çəkilişlər
ətrafındakı maraqlı söhbətlərimizi indi də
unutmamışam. Nəcibə xanımla
bağlı xatirələr çoxdur.
Heç kim onun 42 yaşında olmağına
inanmırdı. Nəcibə xanımın
çəkildiyi epizodlarda həmişə
tamaşaçılar yığılardı. Hamı onu “Ögey ana” filmindəki Dilarə
obrazı ilə çox yaxşı tanıyırdı.
Maraqla kamera qarşısındakı məharətli
aktyor oyununa baxırdılar. Təbii ki, hələ
onu Nərgiz xala kimi tanımırdılar. Çəkilişləri izləyən yerli sakinlərin
“Dilarə!”, “Ögey ana!”, “Nəcibə xanım!” kimi
nidaları tez-tez eşidilirdi.
Əlbəttə, çəkilişlər zamanı
gözlənilməz hadisələr də baş verirdi. Nəcibə xanım
maşını sürərkən az
qaldı qəza baş versin. Mən hadisənin
qarşısını aldım...
Xatirələr
çoxdur... Bu gün də fərəh duyuram ki, 55 il öncə Nəcibə xanımla bir filmdə
çiyin-çiynə işləmişəm. O indi haqq
dünyasındadır, amma sənəti yaşayır...”.
1965-ci ildə
Xalq artisti, kinorejissor Tofiq Tağızadənin lentə
aldığı “Arşın mal alan”da Nəcibə
Məlikova Cahan xala roluna çəkilir. 20 il
öncə ekranlaşdırılan bu əsərdə həmin
rolu yüksək ustalıqla oynayan Münəvvər Kələntərli
filmin bir qrup yaradıcı heyətilə birgə
dövrünün ən yüksək ali mükafatına - SSRİ
Dövlət mükafatına layiq
görülmüşdü.
Özünəməxsus üslubda Nəcibə
Məlikova Cahan xalanı zəngin xarakterik çalarlarla
yaratmağa müvəffəq olur. Bu rolda Nəcibə Məlikovanın
qazandığı uğurun başlıca səbəbi təqlidçilikdən
uzaq olması, obrazı öz yozumunda təqdim edə bilməsidir.
Nəcibə Məlikovanın “Arşın mal
alan” filmindəki Cahan xala obrazı nüfuzlu sənətşünasların
rəylərində layiqli qiymətini tapır. Bu
kimi rəylərdə Nəcibə Məlikovanın yüksək
səviyyəsi, təbii ifası yeni ekran uğuruna
çevrilir, “Arşın mal alan” filmi 1967-ci ildə Tbilisidə
I Zaqafqaziya və Ukrayna respublikaları filmlərinin
“Prometey-67” zona kinofestivalında “Ən yaxşı musiqili filmə
görə” Gürcüstan SSR Bəstəkarlar
İttifaqının Prizinə layiq görülür.
Unudulmaz sənətkar 10 iyun 1959-cu ildə Azərbaycan
Respublikasının Əməkdar artisti, 1 iyun 1974-cü ildə
Xalq artisti fəxri adlarına layiq görülüb.
Nəcibə Məlikova 27 iyul 1992-ci ildə vəfat
edib. Məzarı ikinci Fəxri xiyabandadır.
İllər keçsə də Nəcibə Məlikovanın
özünəməxsus yeri milli kino tariximizdə aydın
görünür. İştirakı ilə çəkilən
filmlərə izləyicilər maraqla baxır. Onun misilsiz
aktyor oyunu, ifadə boyaları gözəlliyinə, təravətinə
xüsusi bir rəng qatır. Nəcibə xanıma
unudulmazlıqla, əbədi sevgi bəxş edir.
Nəcibə Məlikova sənətinin ənənələri
bu gün də yeni bir məzmunda yaşayır. Milli kinomuzun
sabahına uzanan enişli-yoxuşlu yollarda
işığını, nurunu əsirgəmir...
Hatəm
ƏSGƏROV
Respublika.-
2018.- 27 noyabr.- S.6.