Akademik biliyə malik pedaqoq, görkəmli dövlət xadimiparlaq şəxsiyyət

 

Yaxından tanıdığın, hörmət etdiyin, xidməti işlə bağlı mütəmadi təmasda olduğun insan haqqında keçmiş zaman anlayışı ilə danışmaq həmişə ağır və çətin olur. Digər tərəfdən, nə qədər ağır olsa da, haqq dünyasına qovuşan həmkarını, müəllimini bir daha yad etmək, onun haqqında xoş söz deməklə ruhunu şad etmək insana bir təsəlli və yüngüllük gətirir. Adı ictimai-siyasi tariximizdə əbədiləşən nüfuzlu pedaqoqalim, Azərbaycanın görkəmli dövlət xadimi Murtuz Nəcəf oğlu Ələsgərovun 90 illik yubileyi respublika ictimaiyyəti tərəfindən, çox təəssüf ki, onsuz qeyd olunur.

Vurğulamaq lazımdır ki, son bir neçə onilliklər ərzində hüquq elmi kifayət qədər inkişaf etmişdir. Bu inkişaf təbii olaraq öz-özünə baş verməmiş, əsas etibarı ilə ömrünü-gününü gənc nəslin təlim-tərbiyəsinə, eləcə də hüquqşünas kadrların hazırlanmasına həsr edən Murtuz Ələsgərov kimi görkəmli hüquqşünas alimlərin gərgin əməyi hesabına tərəqqi tapmışdır. Onlardan bir çoxu hazırda da öz bilik və bacarıqlarını gənc nəsildən əsirgəməyərək, elmi axtarışlarını davam etdirməklə hüquq elminə sanballı töhfələrini verməkdədirlər.

Bizim nəsil hüquqşünasların yetişdirilməsində böyük zəhmətləri olmuş müəllimlərdən Vahid Qəhrəmanov, Məmməd Xələfov, Murtuz Ələsgərov, Məmmədxan Rəsulov, İsa Məmmədov, Qara Məmmədov, Əli Əliyev, Cəfər Mövsümov, Məhbubə xanım Qafarzadə, Əziz Əsədov, Yusif Mehdiyev kimi görkəmli hüquqşünas alimlərimiz artıq dünyalarını dəyişib, əbədiyyətə qovuşmuşlar. Ruhları şad olsun. Əfsuslar olsun ki, ömür qısadır. İllər ötdükcə, zaman öz işini görür. Müdriklər əbəs yerə deməmiş ki, “həyat bir pəncərədir, hər gələn baxıb gedir”. Çox təsssüf ki, bu təbiətin qarşısıalınmaz bir qanunudur və əzəldən belə yaranıb bu qoca dünya.

Əbədiyyətə qovuşmuş bu alimlərin hər birinin hüquq ictimaiyyəti arasında özünəməxsus şəxsi nüfuzu, pedaqoji səriştəsi və müəllimlik keyfiyyəti olmasına baxmayaraq, tələbələri olmuş bizlər üçün hər birinin xatirəsi əzizdir - hər birini daim xoş hisslərlə xatırlayıb yad edərək rəhmət diləyirik.

Müəllimlərimizi yada salmaq, onları anmaq hər zaman bizdə xoş duyğular yaradır, çünki onları xatırlayarkən biz xəyalən də olsa, öz gənclik illərimizə, ömrün ən əziz, ən şirin günlərinə — tələbəlik illərinə qayıdırıq və bizlərin elmə yiyələnib kamilləşməmizdə onların hər birinin əməyi danılmaz həqiqətdir.

Yuxarıda adıçəkilən və çəkilməyən müəllimləri mən Bakı Dövlət Universitetinin hüquq fakültəsinin əyani şöbəsinə daxil olduqdan sonra tədricən, kursdan-kursa keçdikcə tanımışam.

Murtuz Nəcəf oğlu Ələsgərov hüquq fakültəsində ən nüfuzlu müəllimlərdən biri olmaqla öz davranışı, intellekt səviyyəsi, gözəl oratorluq qabiliyyəti, özünə və ətrafdakılara (tələbələrə) qarşı tələbkarlığı ilə digərlərindən fərqlənirdi.

Murtuz müəllim bizə xarici ölkələrin dövlət və hüquq nəzəriyyəsi fənnini tədris edirdi. Onun mühazirələrini tələbələr çox diqqətlə dinləyərdi. O öz fikrini elə bir diksiya ilə çatdırırdı ki, onu yazmaq da (konspektləşdirmək) asan olurdu. Keçmiş ittifaqın tərkibində olduğumuz üçün beynəlxalq aləm bizim üçün qapalı olduğundan bu fənn tələbələrdə daha çox maraq doğururdu.

Murtuz müəllim ciddi xarakterə malik olmasına baxmayaraq, tələbələrlə ünsiyyətə girər, onların problemləri ilə maraqlanardı. Bəlkə də bu onun fakültədə tutduğu ictimai vəzifə ilə bağlı idi. Biz oxuyan dövrdə (1966-1971-ci illər) o fakültə ilk partiya təşkilatının katibi, universitet partiya təşkilatının büro üzvü idi. Murtuz müəllim əlaçı tələbələri çox sevər, onlarla fərdi söhbətlər aparmaqla partiya sıralarına qəbul edilməsinə siyasi cəhətdən hazırlayardı.

O dövrün yazılmamış qanunlarına əsasən kommunist partiyasının üzvü olan hüquqşünaslara təyinat vaxtı üstünlük verilirdi. İldə fakültəyə 2-3 yer verilirdi, amma arzu edən çox olurdu.

Təvazökarlıqdan kənar olsa da, deməliyəm ki, oxuduğum 5 ildə əlaçı olmuşam və şəklim fakültənin şərəf lövhəsindən asılmışdır. Fakültə tələbə elmi cəmiyyətinin, universitet tələbə elmi cəmiyyətinin fəal üzvü olmaqla komsomol komitəsinin də büro üzvü seçilmişəm. Xoşbəxtlikdən mənə də partiya sıralarına qəbul edilmək tələbəlik illərində nəsib olub. Əgər belə olmasaydı universiteti bitirdikdən 2 il sonra xalq hakimi göndərilə bilməzdim.

Biz 4-cü kursda oxuyarkən İttifaq miqyasında Leninin anadan olmasının 100 illiyi ilə bağlı ictimai elmlər üzrə tələbə elmi işlərinin müsabiqəsi keçirilirdi. Mən “V.İ.Lenin və Azərbaycanda qadın azadlığı problemimövzusunda elmi yazıb təhvil verdim. Respublikadan 10 nəfər tələbə qalib çıxmışdı. Bunlardan ikisi hüquq fakültəsinin payına düşürdü. Biz, 10 nəfər tələbə müsabiqənin Ulyanovsk şəhərində keçirilən yekun konfransında iştirak etdik. Hamımıza tələbə-elmi işləri üzrə laureat diplomları, medalı və hədiyyələr verildi.

Mənim hədiyyəm V.İ.Leninin 5-ci nəşr əsərlərinin 57 cilddən ibarət bütöv külliyatı idi, lakin mənə orada zərfdə onun dəyərinin “Moskniqaya ödənilməsi barədə qəbzi verildi, kitablar isə bir qədər sonra respublika komsomol komitəsinə mənə çatdırılması üçün göndərilmişdi. Bununla bağlı Murtuz müəllim məni təbrik etdidedi ki, kaş fakültəmizdə belə tələbələrin sayı çox olaydı.

Son kursda təyinat vaxtı (o vaxtlar təyinat bölgüsündə respublika hüquq mühafizə orqanlarının rəhbərlərinin iştirakı ilə tələbələr öz bilik, səriştə və müəyyən dərəcədə arzularına uyğun bölüşdürülürdü) növbə mənə çatanda fakültənin dekanı Məmməd Xələfov bildirdi ki, biz çox istərdik ki, Südabə fakültədə qalsın. Ona bir müddətdən sonra dərs də vermək olaro, öz mövzusunu bir az da işləsə, tez bir vaxtda müdafiə də edə bilər. Lakin o, mənim ürəyimcə olmadığını gördükdə, həmin vaxt ədliyyə nazirinin birinci müavini işləyən və komissiyanın işində iştirak edən Məhərrəm Əliyevə xitabən bildirdi ki, Südabəni sizə bir şərtlə veririk ki, onu nazirliyin aparatında saxlayasınız. Fakültənin partiya rəhbəri kimi Murtuz müəllim bir qayda olaraq bu komissiyanın işində iştirak edirdi və bölgüdə öz münasibətini bildirirdi. O, mənimlə bağlı fikirlərini bildirərək qeyd etdi ki, Südabəni nazirliyin məhkəmə orqanları idarəsində saxlasanız, yaxşı olar. Belə təkliflər hər bir tələbənin həyat yolunun müəyyən edilməsində istiqamətverici rol oynayırdı və bu özünü doğruldurdu. Uşaqlardan kiməsə səndən yaxşı milis rəisi, kiməsə səndən yaxşı prokuror, ya müstəntiq olar deyilirdi (kaş belə bölgülər bu gündə keçirilə idi).

Murtuz müəllimlə ədliyyə nazirinin birinci müavini işləyərkən də xidməti əlaqələrimiz olurdu. O, həmin dövrdə Ədliyyə Nazirliyi, Ali Məhkəmə və Respublika Prokurorluğunun mətbu orqanı olanQanunçuluq” jurnalında ara-sıra elmi məqalələrlə çıxış edirdi.

Murtuz müəllim çox sadə, təvazökar, öz dövlətini, vətənini, torpağını xalqını sevən bir ziyalı idi. Onun bu şəxsi keyfiyyətləri uzun zaman Azərbaycanın çörəyini yemiş mənfur ermənilərin ölkəmizin dilbər güşəsi Qarabağın istilasından və məlum 20 Yanvar hadisələrindən sonra özünü daha qabarıq büruzə verirdi. O, bir qrup Universitet müəllimi ilə azadlıq mübarizəsinə qoşulmuş, o dövrün çətinliklərinə baxmayaraq, həyatını riskə ataraq tədbirlər keçirər, xalqa düzgün istiqamət verər, mitinqlərdə odlu-alovlu çıxışlar edərdi.

Vəzirov-Mütəllibov, eləcə də, AXC-Müsavat hakimiyyəti dövründə respublikada tüğyan edən özbaşınalıq, anarxiya, dövlət çevrilişlərinə cəhdlər, ölkəni başsız, prezident kürsüsünü isə boş qoyub qaçanlar xalqı zinhara gətirmiş, ölkəmizi parçalanmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Tarixə “91-lər” adı ilə düşmüş bir qrup alim və ziyalılar M.Ələsgərov da daxil olmaqla, ölkəni bu vəziyyətdən çıxaracaq yeni bir partiyanın yaradılmasının zəruriliyi qənaətinə gələrək, o vaxt Naxçıvanda yaşayan və işləyən ulu öndər Heydər Əliyevə müraciət etdilər. Bu ziyalılar kimi xalqın böyük əksəriyyəti də ölkəni düşdüyü vəziyyətdən yalnız Heydər Əliyevin çıxaracağına ümid bəsləyir və təkidlə onun hakimiyyətə qayıdışını tələb edirdi. Bir sözlə, bu gün hakim partiya olanulu öndər Heydər Əliyevin qoyduğu siyasəti uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə dövləti və cəmiyyəti yüksək inkişafa aparan Yeni Azərbaycan Partiyasının yaranmasında Murtuz müəllimin də zəhməti böyük olmuşdur. Mübaliğəsiz demək olar ki, Murtuz Nəcəf oğlu Ələsgərov ulu öndər Heydər Əliyevin ən yaxın və sadiq silahdaşı olmuşdur.

Murtuz müəllim hüquq elmləri doktoru, professor olmaqla yanaşı, həm də geniş ictimai-siyasi fəaliyyətlə məşğul idi. Onun gördüyü işlər ölkəmizlə məhdudlaşmırdı. O, Beynəlxalq Hüquq Assosiasiyasının və bir neçə beynəlxalq təşkilatın üzvü, Yeni Azərbaycan Partiyası sədrinin müavini seçilmişdi, bir müddət Bakı Dövlət Universitetinin rektoru vəzifəsində işləmiş və bu vəzifədə də onun yüksək təşkilatçılıq qabiliyyəti özünü göstərmişdir. M.Ələsgərov 1995-ci ildə Milli Məclisə keçirilən seçkilərdə isə millət vəkili seçilmişdir.

Qeyd olunmalıdır ki, Milli Məclisin 2 may 1995-ci il tarixli qərarı ilə təsdiq olunmuş yeni konstitusiya layihəsini hazırlayan komissiyanın və sonuncunun yaratdığı işçi qrupunun üzvlüyünə Murtuz müəllim bir universitet rektorukonstitusiya hüququnu yaxşı bilən hüquqşünas alim kimi, mən isə ədliyyə nazirinin birinci müavini kimi daxil edilmişdik. Onun konstitusiya layihəsinin hazırlanmasında böyük əməyi olmuşdur.

Müstəqilliyini yeni tapmış ölkəmizin ilk konstitusiyasının qəbulundan sonra Milli Məclisin qarşısında qanunvericiliyi yeniləmək kimi mühüm və çətin vəzifə dururdu. 1996-cı ilin oktyabrın 16-da Murtuz müəllim Milli Məclisin sədri seçildi və demək olar ki, bu işin ağırlığı onun üzərinə düşdü. Spiker kimi onun elmi biliyi, həyat təcrübəsi, o dövrün ictimai-siyasi hadisələrinə düzgün qiymət verərək münasib qərarlar çıxarması cəmiyyətimizin və dövlətçiliyin inkişafına, müstəqilliyimizin qorunmasına, müstəqil Azərbaycanın qanunvericilik bazasının yaradılmasına, cəmiyyətin saflaşmasına və beynəlxalq münasibətlərin inkişaf etdirilməsinə xidmət edirdi.

Konstitusion bölgüyə əsasən Murtuz müəllim qanunverici hakimiyyət hesab edilən Milli Məclisin rəhbəri, mən isə məhkəmə hakimiyyətinin rəhbəri olduğumdan istər Ədliyyə Nazirliyində, istərsə də Ali Məhkəmədə olarkən bizim çox işgüzar əlaqələrimiz yaranmışdı. Bir qayda olaraq, qanun layihələri müzakirəyə çıxarılmazdan əvvəl bu strukturlara göndərilir və biz də rəy verməklə müzakirələrdə iştirak edirdik.

Qismət elə gətirdi ki, mən müəllim-tələbə və dövləti vəzifələrdən başqa, həm də Murtuz müəllimlə yol yoldaşı oldum. 1995-ci ilin qışında Milli Məclisin bir neçə üzvü Murtuz Ələsgərov, Zəlimxan Yaqub, Yusif Səmədoğlu, Zahid Qaralov, Şamil Qurbanov, Naira Şaxtaxtinskaya və mən də daxil olmaqla bir-iki nazir Gürcüstan dövlətinin dəvəti ilə Tbilisi şəhərinə səfər etməklə orada Parlamentdə və digər dövlət qurumlarında görüşlər keçirdik. Həm görüşlər zamanı, həm də yol boyu onun səmimiyyətinin, dünya görüşünün, yol yoldaşlarına mehriban münasibətinin şahidi oldum.

Murtuz müəllim gözəl ailə başçısı və qayğıkeş ata idi. Onun özünə layiq xanım-xatın, zəngin dünyagörüşlü və gözəl təbib olan həyat yoldaşı və savadlı, ağıllı övladları var. Bir dəfə 5-6 il bundan əvvəl tədbirlərdən birində onun ömür-gün yoldaşı Nabat xanımla yan-yana oturmuşduq. Kef-hal etdikdən sonra nəvələrini soruşdum. Dedi ki, bəs nəvələrindən biri xaricdə təhsil alır, yaşadığı evin eyvanından Azərbaycan bayrağını asıb. Bizim səfirlikdən maraqlanıblar ki, görəsən bu kimdir? Məlum olub ki, bu gənc tələbə Murtuz Ələsgərovdur. Doğrusu, bu xəbər məni sevindirdi. Dedim bu gendən gəlir, dövlətə, onun atributlarına və rəmzlərinə sevgi və məhəbbət ona babası Murtuz müəllimdən keçib. Bunu qeyd etməklə demək istəyirəm ki, nə gözəl ki, bu gün Murtuz müəllimin adını daşıyan davamçısı var. Allah hamısını qorusun!

Murtuz müəllim hazırda aramızda olmasa da, onun işıqlı xatirəsi daim anılır və əziz tutulur. Belə insanlar heç vaxt ölmürlər. Yalnız cismani olaraq müvəqqəti qonağı olduqları dünyalarını dəyişirlər.

Mərhum həmyerlimiz Özbəkistanın Xalq şairi Maqsud Şeyxzadə gözəl yazıb:

Elə dirilər var, min ölünün biridir,

Elə ölülər var ki, ölməyib həmişə diridir.

Hazırda 90 illik yubileyi qeyd olunan, ömrünü müəllim, ictimai-siyasi dövlət xadimi kimi başa vuran parlaq şəxsiyyət, hüquq elmləri doktoru, professor Murtuz Ələsgərovun əziz xatirəsi respublikanın hüquq ictimayyətinin, tələbələrinin onu tanıyanların qəlbində daim yaşayacaqdır. Bizə isə, “məzarınız nurla dolsun, yeriniz cənnət-məkan olsun, Murtuz müəllim!” - demək qalır.

 

Südabə HƏSƏNOVA,

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin

“Şöhrət” ordenli hakimi, Əməkdar hüquqşünas

 

Respublika.- 2018.- 3 oktyabr.- S.4.