Beynəlxalq forumun iştirakçıları Bakı Dövlət Universitetində olublar

 

Bakıda “Mədəniyyətlər dialoqunda təhsil: rus məktəbi dünyası” mövzusunda keçirilən beynəlxalq elmi-praktik forumun iştirakçıları oktyabrın 5-də Bakı Dövlət Universitetində (BDU) olublar.

AZƏRTAC xəbər verir ki, əvvəlcə BDU-nun rektoru, akademik Abel Məhərrəmov Moskva şəhərinin ictimai və regionlararası əlaqələr komitəsinin sədr müavini, professor Yuriy Qoryaçov və Azərbaycanda Rus İcmasının sədri, Milli Məclisin deputatı Mixail Zabelin ilə görüşüb. Görüşdə BDU-nun beynəlxalq əlaqələrindən danışan A.Məhərrəmov ali təhsil ocağının Rusiyanın bir sıra nüfuzlu universitetləri ilə sıx əməkdaşlıq etdiyini bildirib. Eyni zamanda, uzun illərdir universitetdə Rus Mərkəzinin fəaliyyət göstərdiyini deyən Abel Məhərrəmov rus dili və mədəniyyətinin təbliği, tədrisi istiqamətində görülən layihələrdən danışıb.

Forumun əhəmiyyətindən danışan Yuriy Qoryaçov tədbirdə Azərbaycanla yanaşı, Rusiya, Polşa, Almaniya, Çexiya, Misir, Bolqarıstan və digər ölkələrin təhsil müəssisələrinin rəhbərlərinin və professor-müəllim heyətlərinin iştirakını yüksək dəyərləndirib.

Görüşün sonunda rektor A.Məhərrəmova “Mədəniyyətlər dialoqunda təhsil: rus məktəbi dünyası” forumununRus Dilinə Dəstək Beynəlxalq Pedaqoji Cəmiyyətinin VIII konfransının keçirilməsinə göstərdiyi köməyə görə təşəkkürnamə təqdim olunub.

Sonra forum iştirakçıları BDU-nun nəzdində fəaliyyət göstərən Rus Mərkəzində bu ali təhsil ocağının rus dili kafedralarının müəllimləri ilə görüşüblər. Qonaqlara Rus Mərkəzinin yaranma tarixi, fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, mərkəzdə mütəmadi olaraq rus mədəniyyətinin təbliği ilə bağlı tədbirlər, tələbələr üçün ödənişsiz rus dili kursları təşkil olunur. Tələbələrin mərkəzin Rusiyanın Azərbaycandakı səfirliyi və rus icmaları tərəfindən təmin edilən zəngin kitabxanasından istifadəsinə şərait yaradılır.

 

AZƏRTAC

 

Respublika.- 2018.- 6 oktyabr.- S.4.