Azərbaycan qadınının siması

 

Hər bir millət üçün fəxr olunası haldır ki, mənsub olduğu millətin tarixində unudulmaz şəxslər yaşayıb, yaradıb. Elm aləmində nadir istedada malik elə şəxsiyyətlər var ki, onların elmə gətirdiyi yenilik və çəkdikləri zəhmət elmi təfəkkür inkişaf edib zənginləşdikcə daha aydın dərk edilir. Elə şəxslər ki, onların xalq qarşısındakı xidmətləri əvəzolunmazdır. Belə insanlar həmin zirvəni qeyri-adi əməksevərliyi, nadir bilik və qabiliyyətləri hesabına fəth edirlər. Azərbaycanın, millətimizin XX yüzillikdə tarixi uğurlarından biri, ictimai-siyasi, mədəni həyatın bütün sahələrində fenomen kimi qərarlaşmış müasir Azərbaycan qadınıdır. Azərbaycanın dünya elminə bəxş etdiyi görkəmli simalardan biri - istedadlı alim, ictimai xadim, gözəl qadın və ana olan Aida İmanquliyeva belə alimlərdən, belə şəxsiyyətlərdəndir.

Dünya şərqşünaslığı tarixində xüsusi yeri olan görkəmli alim, professor Aida İmanquliyevanın həyatı, elmi və yaradıcılıq fəaliyyəti ilə daha yaxından tanış olduqca, haqqında xatirələri oxuduqca gözlərimiz önündə xeyirxah, nəcib və mütəfəkkir bir insan, mədəni-intellektual qadın obrazı canlanır. Aida xanımda Azərbaycan qadınlarına xas olan ən nəcib keyfiyyətlər təcəssüm edirdi. Onun ömür yolu həyatın, varlığın əsasında duran mənəvi bağları qurmağa can atan bir insan idrakının, bir ana, bir qadın ruhunun təcəssümü olub. Çoxşaxəli yaradıcılığa malik, ictimai həyatda da geniş fəaliyyət dairəsinə sahib olan Aida xanım bütün bunların fövqündə ailə ocağının müqəddəsliyini, Şərq qadınına məxsus olan incə ruhu qoruyan gözəl həyat yoldaşı, övlad sevgisi ilə yaşayan mehriban ana, qayğıkeş nənə, əsl xanım, zərif qadın idi. Bəlkə də elə bu xarakterin ifadəsidir ki, xalqımızın tarixində ilk azərbaycanlı qadın - ərəbşünas - elmlər doktoru olan bu böyük alim öz həyatını xalqının tarixinin, ənənələrinin minillik dərin köklərlə bağlı olduğu Şərq mədəniyyətini və ədəbiyyatını öyrənməyə sərf edərək özünün şəxsiyyəti və yaradıcılığı timsalında dünənimizlə bugünümüz arasındakı əlaqə bağlarını bərpa etməyə çalışıb. Azərbaycanın elm tarixində əhəmiyyətli rolu olan görkəmli alim Aida İmanquliyeva istedadlı şəxsiyyət və ictimai xadim kimi ədəbiyyatımızda, eyni zamanda, fəlsəfi təfəkkürdə dərin iz qoyub.

Azərbaycan şərqşünaslığında yeni dövr ərəb ədəbiyyatının ilk tədqiqatçısı olan Aida İmanquliyeva özündən sonra çağdaş ərəb ədəbiyyatının tədqiqində yeni bir səhifə, yeni bir yol açmışdır. Aida xanım İmanquliyeva aktiv bir ərəbşünas - alim, elmi ictimaiyyətin hörmətini qazanmış nüfuzlu elm xadimi idi. O, keçmiş SSRİ-də Ümumittifaq Şərqşünaslar Cəmiyyəti Rəyasət Heyətinin, Şərq ədəbiyyatlarının tədqiqi üzrə Ümumittifaq Koordinasiya Şurasının üzvü olmuş, həmçinin Azərbaycan şərqşünaslar məktəbinin nümayəndəsi kimi Moskvada, Kiyevdə, Sankt-Peterburqda, Poltavada, Düşənbədə, Tbilisidə və başqa şəhərlərdə keçirilən elmi konqreslərdə, simpoziumlarda, sessiyalarda məruzələr etmişdir.

Aida İmanquliyeva bir mütəfəkkir alim kimi düşüncə sistemi və təfəkkür tərzi ilə Qərbin və Şərqin mərkəzində yerləşən bir Azərbaycan modelidir. Aida İmanquliyevanın qələmi ilə düşüncələrdə çəkdiyi “İpək Yolu” - dünyanın Qərbi ilə Şərqini birləşdirən ədəbi-fəlsəfi fikir sistemi özlüyündə həm dünya mədəniyyətinin, ümumbəşəri mənəvi dəyərlərin öyrənilməsi və ən başlıcası isə milli özünüdərkin ifadəsi olub. Onun elmi yaradıcılığı olduqca zəngindir. Nəzəri tədqiqat dairəsini ümumiləşdirən “Ərəb filologiyası məsələləri”, “Şərq filologiyası məsələləri”, “Şərqin problemləri: tarixmüasirlik” və onlarca digər məqalə və elmi əsərləri alimin elmi maraq və tədqiqat əhatəsinin çox geniş və müxtəlif sahələrə, yalnız filologiya elminin deyil, digər ictimai-humanitar elmlərin sərhədlərinə də nüfuz etdiyinin göstəricisidir. Aida xanım İmanquliyevanın elmi fəaliyyətinin maraq dairəsi geniş və çoxşaxəlidir. Onun çoxsaylı elmi əsərlərində (3 monoqrafiya (“Mixail Nuayme və “Qələmlər birliyi”, “Cübran Xəlil Cübran”, “Yeni ərəb ədəbiyyatının korifeyləri”) və 70-dən artıq elmi məqalə) Qərb və Şərq mədəni ənənələrinin sintezi, yaradıcı üslubun inkişafı və yeni bədii cərəyanların təşəkkül tapması tədqiq olunur ki, bu da nəinki ərəb ədəbiyyatının, həmçinin bütün yeni Şərq ədəbiyyatlarının gələcəkdə tədqiqi üçün çox mühüm zəmin yaradır. Bu gün dünyanın bütün ölkələri, o cümlədən də ərəb Şərqi ilə geniş əlaqələr yarandığı bir vaxtda, bu ölkələrin həyatının hər bir sahəsi ilə daha yaxından tanış olmaq ehtiyacı duyulurbu ehtiyacı aradan qaldırmaqda Aida xanım İmanquliyevanın elmi əsərlərinin özünəməxsus yeri və əhəmiyyəti vardır.

Aida xanım yalnız yaradıcılığı ilə deyil, həm də təşkilatçılıq bacarığı, rəhbərlik fəaliyyəti ilə öz həyatının missiyasına - yaşadığı mühitrejim çərçivəsində Azərbaycan milli özünüdərkinin qorunub saxlanılması, inkişafı idealına sadiq qalmışdır. İstedadlı gənc alim Aida İmanquliyeva Moskvada namizədlik dissertasiyasını uğurla müdafiə edib filologiya elmləri namizədi alimlik dərəcəsini aldıqdan sonra elmi fəaliyyətini Azərbaycan EA-nın Yaxın və Orta Şərq Xalqları İnstitutunda davam etdirmişdir. O, əvvəlcə “Ərəb ədəbiyyatı” qrupunda kiçik elmi işçi vəzifəsində çalışıb, daha sonra qrupun rəhbəri, 1976-cı ildən isə institutda yenicə yaradılmış “Ərəb filologiyası” şöbəsinin müdiri vəzifələrində işləmişdir. Aida xanım həmin şöbəyə rəhbərlik etdiyi müddətdə on nəfər ərəbşünas namizədlik dissertasiyalarını müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsinə yiyələndi.

Şərqşünaslıq İnstitutunun elmi, ictimai-siyasi həyatında yaxından iştirak edən Aida İmanquliyeva işgüzar fəaliyyətinə görə institutun elmi işlər üzrə direktor müavini vəzifəsinə təyin edildi. Bir il sonra isə uzun illər üzərində işlədiyi doktorluq dissertasiyasını müdafiə edərək filologiya elmləri doktoru adına layiq görülüb.

Elmi işlərlə yanaşı uzun illər pedaqoji fəaliyyətlə də məşğul olan Aida xanım, Sovet İttifaqında və Azərbaycanda yeni ərəb ədəbiyyatı kursunun əsas yaradıcılarından biri olmuşdur. O, Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində ərəb ədəbiyyatından dərs deyirdi. Elə məhz buna görə də SSRİ Nazirlər Soveti yanında fəaliyyət göstərən Ali Attestasiya Komissiyasının qərarı ilə onaXarici AsiyaAfrika xalqları ədəbiyyatı” ixtisası üzrə professor elmi rütbəsi verildi. Beləliklə, Azərbaycanda ərəb ədəbiyyatı üzrə ilk elmlər doktoru, ilk professor - qadın olan Aida İmanquliyeva vəzifə pillələrində irəliləməkdə davam edirdi. Şərqşünaslıq İnstitutunda direktor vəzifəsini icra etməyə başlayan Aida İmanquliyeva həmin il direktor vəzifəsinə təyin olundu.

Aida İmanquliyeva elmi-təşkilati fəaliyyətində yüksəkixtisaslı ərəbşünas kadrların hazırlanmasını daim diqqət mərkəzində saxlayırdı. Onu tanıyanlar son dərəcə zəhmətkeş və özünə qarşı həddindən artıq tələbkar bir alim olduğunu yaxşı bilirdilər. Aida xanımın qələmindən çıxan hər bir əsər gərgin, böyük bir zəhmətin nəticəsi idi. Bütün bu deyilənlərin arxasında yüksək insani keyfiyyətlərə malik, təvazökar, mehriban, xeyirxah, gözəl bir qadın və ana obrazı dururdu. Bu keyfiyyətləri ona bütün həmkarlarının da yüksək ehtiramını və məhəbbətini qazandırmışdır.

Aida xanım İmanquliyeva anası Gövhər xanıma olan məhəbbəti ilə övladlıq borcuna da sədaqətli olmuşdur. Aida İmanquliyeva bir çox xarici dillərə tərcümə edilmişYeni ərəb ədəbiyyatının korifeyləri” kitabını anasının xatirəsinə həsr etmişdir. Bu əsər onun çoxillik elmi axtarışlarının yekunu, ərəb məhcər ədəbiyyatı barədə yazılmış ən sanballı tədqiqat əsəridir. Bir alim kimi ömrünü həsr etdiyi tədqiqat obyekti ona anasının xatirəsi qədər doğma və əziz olmuşdur.

Aida xanımın atası Nəsir İmanquliyev Azərbaycanın çox məşhur mətbuat nümayəndələrindən biri olmuşdur. Nəsir müəllim uzun illər “Bakı” və “Bakuaxşam qəzetlərinin redaktoru işləmişdir. Aida xanım görkəmli Azərbaycan yazıçısı, alimpedaqoq Mir Cəlal Paşayevin ocağına gəlin köçmüşdür. Boya-başa çatdığı mötəbər ziyalı mühitinin məlum təsirinin nəticəsidir ki, Aida xanımın həyat və yaradıcılığı yüksək dəyərli xüsusiyyətləri ilə seçilirdi.

Aida xanım qısa bir ömür yaşadı. Lakin özündən sonra gözəl övladlar, zəngin ədəbi irs, gözəllik, zənginlik və kübarlıq adlı mənəvi dünyasını qoyub getdi. Əhatəli elmi fəaliyyəti ilə yanaşı, Aida xanımın gözəl, nümunəvi ailəsi olmuş və cəmiyyət üçün ləyaqətli övladlar tərbiyə etmişdir. O, özünün şəxsi nümunəsi ilə övladlarına mübariz olmağı aşılamış, gələcəyə ümid, inam bəsləməyi öyrətmiş, hər zaman hamıya xeyirxah, qayğıkeş münasibətdə olmağı tövsiyə etmişdi. Dövrümüzün gözəl ziyalılarından biri, Azərbaycanda ilk Milli Aviasiya Akademiyasının yaradıcısı Arif Paşayevlə Aida xanım övladları Mehriban xanım və Nərgiz xanım kimi vətənpərvər və xeyirxah insanlar böyütdülər. Biz fəxr edirik ki, ölkəmizin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva bu gün Azərbaycanda qadın hərəkatının öndə gedən ismidir. Mehriban xanım bu hərəkat tarixində ilk şəxsiyyətdir ki, fəaliyyəti təhsildən səhiyyəyə, idmandan mədəniyyətimizin dünya miqyasında təbliğinə, ətraf mühitin qorunmasına qədər geniş bir fəaliyyət arealını əks edir. Onun çoxşaxəli fəaliyyətinin əsasında xalq sevgisi, vətənpərvərlik, bəşəri ideallara sadiqlik və zərif humanizm dayanır.

Azərbaycanın ictimai-siyasi həyatında xüsusi fəaliyyəti ilə seçilən, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru Nərgiz xanım Paşayeva Rusiya-Azərbaycan mədəni əlaqələrinin inkişafına, dostluq və əməkdaşlıq münasibətlərində göstərdiyi xidmətlərə görə “Dostluqda göstərdiyi xidmətlərə görə” nişanı ilə təltif olunmuşdur. Nərgiz xanım, eyni zamanda, Azərbaycanda elm və təhsil sahəsində həyata keçirilmiş mühüm beynəlxalq layihə olan Oksford Universitetində Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin yaradılması və səmərəli fəaliyyətinin təmin edilməsindəki müstəsna xidmətlərinə görə Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Qızıl medalına da layiq görülmüşdür.

Aida xanım xoşbəxtliyini şəxsi səadəti ilə elmi uğurlarının vəhdətində tapmışdı. O, həyatdan vaxtsız getsə də qoyub getdiyi zəngin elmi-ədəbi irsi ilə bu gün də bizimlədir. Onun adı bu gün də Azərbaycanda fəxrlə, sonsuz qürur hissi ilə səslənir, hər zaman, hər kəs tərəfindən sevilir, əziz xatirəsi ehtiramla yad edilir. Bütün mənalı ömrünü Azərbaycan şərqşünaslığının inkişafına həsr etmiş A.İmanquliyevanın yaradıcılığı daim öyrəniləcəkdir. Görkəmli şərqşünas alimin haqqında çox yazılıb və yəqin ki, bundan sonra daha çox yazılacaqdır. O, bir şəxsiyyət kimi hər yazıda yeni bir şəkildə canlanacaq, nəsil-nəsil oxucuların ürəyində, yaddaşında əbədi yaşayacaqdır.

 

Hicran HÜSEYNOVA,

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət

Komitəsinin sədri, siyasi elmlər doktoru, professor

 

Respublika.- 2018.-9 oktyabr.- S.4.