Hicran Hüseynova: “Əsas məsələ
qadının idarəçiliyi bacarmaması barədə stereotipi aradan
qaldırmaqdır”
Ailə, Qadın
və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin
sədri, Nyu-Yorkda səfərdə olan Hicran Hüseynova BMT-də Davamlı İnkişaf Hədəflərinə
nail olmaq məsələsinə
həsr edilmiş tədbirdə çıxışından
sonra BMT radiosunun rus xidmətinin rəhbəri Yelena Vapniçnayaya
müsahibə verib.
AZƏRTAC müsahibəni təqdim edir:
- Mən BMT-nin qadınların vəziyyətinə
dair komitəsinin tövsiyələrini oxudum. Azərbaycan 2015-ci ildə həmin komitədə
hesabat verib. O vaxt komitə üzvləri qeyd
ediblər ki, bələdiyyələr səviyyəsində
qadınların təmsil olunma göstəricisi
35 faizdir. Bu, çox yaxşı, hətta tövsiyə olunmuş orta kvotadan yuxarı göstəricidir. Lakin qanunvericilik
orqanlarında, hökumətdə, o
cümlədən qərarlar qəbul edilən yüksək vəzifələrdə
qadınlar azdır. O vaxtdan nə isə
dəyişibmi?
- Əlbəttə, dəyişib. Əvvələn, bizim ölkənin Birinci vitse-prezidenti qadındır. İkincisi, nazir müavinləri olan qadınların sayı artıb. Bu gün Azərbaycanın demək olar ki, hər bir rayonunda icra hakimiyyəti başçısının müavini vəzifəsinə hökmən qadın təyin edilir. Bu, Azərbaycanın siyasətidir. Bu vəzifə rayonda rəhbər mövqe sayılır. Azərbaycanın ən iri rayonlarından biri olan Abşeron rayonuna qadın rəhbərlik edir, yəni o, icra hakimiyyətinin başçısıdır.
Bələdiyyələrə gəldikdə isə o vaxt biz işə yenicə başlamışdıq. Buna görə bizim üçün və bütövlükdə MDB məkanı üçün bələdiyyələr yeni hadisə idi. Bundan əlavə, Azərbaycan münaqişə, müharibə vəziyyətində idi. Bir milyon qaçqın və köçkünün yarıdan çoxu qadınlardır. Bu qadınları fəallaşdırmaq üçün onlarla iş aparmaq olardı və lazım idi. Bizim vəzifəmiz, o cümlədən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri kimi mənim vəzifəm ondan ibarət idi ki, biz yalnız problemlər barədə danışan millətə yox, qadınların kişilərlə bərabər ölkənin inkişafında fəal iştirak etdiyi millətə çevrilməliyik. Bizdə inanılmaz “bum” baş verdi. Biz bu işə başlayanda bələdiyyə qurumlarında qadınların sayı cəmi dörd faiz idi. Bu gün isə, sizin düzgün olaraq qeyd etdiyiniz kimi, həmin rəqəm artıq 30 faizdən yuxarıdır. Parlamentdə də eyni hal baş verir: bizdə mövcud olan dinamika belə deməyə əsas vermir ki, qadınlar parlamentə çox yüksək fəallıqla gedirlər, lakin bu sahədə ləngimə də yoxdur. Hər il parlamentdə qadınların sayı azı iki-üç faiz artır.
Başlıca vəzifə qadının idarəçiliyi bacarmaması barədə stereotipi aradan qaldırmaqdır. Bu məsələdə də qadınlara kömək etmək lazımdır. Əvvələn, dövlət uşaqlara qulluq edilməsi probleminə diqqəti artırıb. İlk növbədə, çoxlu uşaq bağçaları tikmək lazım idi. Qadın işə rahat çıxa bilmək üçün öz uşaqlarını kiməsə tapşırmalıdır. Bu gün Azərbaycanda həm özəl sektorda, həm də dövlət sektorunda çoxlu uşaq bağçaları tikilir. Yəni qadın üçün alternativ yaranıb: o, övladlarını uşaq bağçalarına vermək, özü isə işə çıxmaq imkanı əldə edib.
Biz özümüz rayonlarda qadınlarla çox iş aparırıq. Məsələn, bələdiyyələrə seçkilər zamanı qadınlarla görüşürük, onlara izah edirik ki, bu prosesdə daha fəal iştirak etsinlər. Onlar deyirlər: “Biz qorxuruq”. Eyni zamanda, qadınlar öz problemləri barədə danışanda biz deyirik: “Yaxşı, bizdə “qaynar xətt” telefonu olacaq. Əgər siz cüzi də olsa ayrı-seçkilik təzahürləri, müəyyən təzyiq hiss etsəniz, müəyyən problemlərlə üzləşsəniz, həmin “qaynar xətt”ə zəng vurun, biz dərhal sizin problemlərinizi həll edərik”. Beləliklə, böyük bir sıçrayış oldu, çünki qadınlar özlərinə inandılar. Biz bələdiyyələr vasitəsilə biznes sahəsində də qadınlarla iş aparırıq. Bu sahədə də böyük tərəqqi var.
Belə fəallıq sayəsində, rayonların çoxunda pilot layihələrimiz sayəsində həmin rayonların hər birində 30-40 qadın özlərinin kiçik və ya orta müəssisələrini yaradıblar. Həmin tədbirlərin hər biri əlavə beş, on, on beş, iyirmi iş yeri deməkdir, çünki bu müəssisələr insanları işə cəlb edir. Məlum oldu ki, istedadlı insanlar çoxdur, onlar xalça toxuyur, yaxşı bişinti hazırlamağı bacarırlar, rayon üçün zəruri olan müəyyən servis xidmətləri ilə məşğul ola bilərlər.
İşin praktiki cəhətinə gəldikdə demək istərdim ki, bu gün Azərbaycanda qadınlar üçün qadağan olunmuş heç bir peşə yoxdur. Bu gün bizim parlamentin sədrinin müavini qadındır, ölkənin əsas neft şirkətinin vitse-prezidenti qadındır, Milli Təhlükəsizlik Xidmətində, Gömrük Komitəsində, müxtəlif strukturlarda çalışan general qadınlarımız var. Halbuki əvvəllər belə bir stereotip mövcud idi ki, bu peşələr yalnız kişilər üçündür. Hazırda bizdə çox yüksək səviyyəli top-menecer qadınlar var. Onlar innovasiyalar sahəsində, informasiya məkanında çalışırlar. Əlbəttə, istərdik ki, belə qadınların sayı daha çox olsun, lakin ilk addımlarımız da çox pozitivdir.
- Siz düzgün
yoldasınız. Amma hər halda bəzi ağrılı nöqtələrə
toxunmaya bilmərik. Bu
barədə BMT ekspertləri də danışıblar. Belə
heyrətamiz dəyişikliklərə baxmayaraq,
hər halda cəmiyyətdə, elə
KİV-lərdə də patriarxal
stereotiplər mövcuddur. BMT ekspertləri
bunu da qeyd
ediblər. Məsələn, ailədə oğlan
uşaqlarına üstünlük verilməsi
kimi hallar hələ
də mövcuddur. Oğlanlar
daha çox doğulur: 100 qız uşağına 114 oğlan uşağı düşür.
Bu, “gendersid” və ya “femisid” adlanır. Hər
halda belə vəziyyət var, elə deyilmi?
- Mən deyərdim ki, bu, stereotip yox, sosial hadisədir. Özü də təkcə Azərbaycanda yox, prinsip etibarilə bütün ölkələrdə belədir. Obyektiv demək lazımdır ki, bu gün, xüsusən özləri üçün karyera qurmaq istəyən qadınlar az doğmağa başlayıblar. Yəni onlar üçün həmişə seçim var. Əgər müəyyən hallarda ailədə bir uşaq olması məsələsi qarşıda durursa, onda kimlərsə oğlan istəyir. Mən deməzdim ki, bu hal kütləvi xarakter daşıyır. Azərbaycanda belə deyil. Biz azərbaycanlıların mentalitetində qadına böyük hörmət var. Mən dil ilə bağlı sadə bir təhlil aparmışam. Başqa dillərin heç birində “ağsaqqal”, yəni “nəslin başçısı” anlayışı yoxdur, amma bizdə “ağbirçək”, yəni “nəslin başçısı olan qadın” anlayışı var. Yəqin siz də bilirsiniz, bizdə tarixən belə qadınlar çox olub.
Bu il biz Azərbaycanda qadınların səs verməyə başlamasının 100 illiyini qeyd edirik. Qərb ölkələrinin çoxunda qadınlara bu hüquq ötən əsrin 20-ci, 40-cı illərində, bəzi ölkələrdə isə daha gec verilib. Mən qərb auditoriyasında bu barədə danışanda dinləyicilər heyrətlənirlər: bu, necə olub? Ona görə ki, stereotip belədir. Bəs necə olub ki, Şərqdə qızlar üçün ilk məktəb 1901-ci ildə Bakıda açılıb? O vaxt mesenatlardan soruşanda ki, bu məktəb nəyə görə qızlar üçündür, onlar belə cavab verirdilər: “Ona görə ki, savadlı qız - savadlı millət deməkdir”. Bu səbəbdən, yəni mentallıq belə olanda müharibə, münaqişə, dağılmış ailələr, psixoloji stresslər cəmiyyət üçün izsiz ötüb keçə bilməzdi. İndi biz bu problemləri həll edirik və çox uğurla həll edirik. Vəziyyət həmişəkindən qat-qat yaxşıdır. Əlbəttə, ailə zorakılığı problemləri də var. Bu problem bütün dünyada var. Azərbaycanda bu sahədə vəziyyət ildən-ilə yaxşılaşır. Dövlət səviyyəsində çox böyük iş aparılır və bu işi heç vaxt dayandırmaq olmaz. Biz universitetlərdə çox maraqlı gender proqramları həyata keçiririk. Azərbaycanda bəlkə elə qurum yoxdur ki, orada mənim gender focal point (“əlaqələndirmə mərkəzi”) proqramım tətbiq olunmasın. Bütün strukturlarda “bizim nüfuz agentlərimiz” fəaliyyət göstərirlər. Biz hətta həmkarlar ittifaqları kimi geniş auditoriyanı və onun potensialını da əhatə edirik. Biz orada da qadın resurs mərkəzləri yaratmışıq. Həmin mərkəzlər vasitəsilə birlikdə çox böyük iş görürük.
- Həlli
çətin olan problemlərdən biri də erkən nikahlardır. Bu, təkcə
Azərbaycan üçün
deyil, Orta Asiya ölkələrinin və Rusiya Federasiyasının Şimali
Qafqaz subyektlərinin çoxu üçün
səciyyəvidir. Üstəlik,
belə nikahların çoxu ənənəvi
dini mərasimlər şəklində bağlanır,
yəni Vətəndaşlıq
Vəziyyəti Aktlarının
Qeydiyyatı şöbələrində
və dövlət müəssisələrində qeydiyyata alınmır. Bu isə o deməkdir
ki, qadınların heç bir hüquqi müdafiəsi yoxdur, onlar öz
ərlərinə mənsubdurlar.
Postsovet məkanındakı
müxtəlif ölkələrdən
olan qadınlarla əvvəlki müsahibələrimə
əsasən belə başa düşürəm
ki, adətən onlarla əlaqə saxlamaq çox çətin olur, çünki əksər
hallarda belə hadisələr ucqar kənd rayonlarında, dağlıq rayonlarda baş verir. Bunun öhdəsindən necə
gəlmək olar və siz necə
gəlirsiniz?
- Biz belə halları faktiki olaraq ailə zorakılığına bərabər
tuturuq, çünki belə faktlar əsasən qızın özünün iradəsinə
zidd olaraq baş verir. İkincisi, bunun qarşısını
almaq üçün
biz dini qurumlarla sıx əlaqə saxlayırıq. Bizdə bu
dini mərasimin icrası ən yüksək dini qurumlar səviyyəsində
real şəkildə qadağan
olunub. Əvvələn, nikah bağlanan
qızın 18 yaşı
tamam olmalıdır, ikincisi, rəsmi qeydiyyat sənədi olmasa heç kəsin dini nikah bağlamağa hüququ yoxdur. Əlbəttə, bəzi yerlərdə
belə hallar olur. Bunun qarşısını almaq üçün biz Azərbaycanın bütün
rayonlarının rəhbərliyinə
rəsmi müraciət
etmişik, monitorinq qrupları yaratmışıq.
Bu nə deməkdir?
Monitorinq
qrupu, bir tərəfdən bütün
belə halların və zorakılığın
profilaktikasını aparır,
digər tərəfdən
belə hallara operativ müdaxilə edir. Bu monitorinq
qruplarının hər
birində müvafiq dövlət strukturlarının
nümayəndələri - prokuror, hüquqşünaslar,
hakimlər, mənim rəhbərlik etdiyim komitənin nümayəndələri,
təhsil, mədəniyyət
sahələrinin və
icra hakimiyyətinin təmsilçiləri var.
Toy
olacağı barədə xəbəri rayonda
təbii ki, hamı eşidir.
Rayonda artıq bilirlər ki,
gəlib o adamı həbs edəcəklər,
çünki həmin şəxs qanunu pozur və buna imkan verilməyəcək.
Artıq rəsmi müraciət etməyə
başlayıblar, çünki cəzalandırıla
biləcəklərindən qorxurlar. Bilirsiniz ki, biz 70 il Sovet
İttifaqı adlanan bir
ölkədə birgə yaşamışıq. Sonra hərə öz
küncünə çəkilib. Bu proses bəzi yerlərdə sakit
şəraitdə, bizdə isə ölkəmiz üçün ağlasığmaz
sarsıntılar fonunda keçib.
Ən dəhşətlisi o idi ki, insanların şüurunda boşluq yarana bilərdi. Onlar dəyişmiş
şəraitdə özlərini yetərincə real görmürdülər, nələr baş verə biləcəyini
anlamırdılar. Lakin sonra
ölkəmiz, necə deyərlər, relsə düşdü,
inanılmaz “bum”, iqtisadi
inkişaf dövrü
başlandı və bu gün
Azərbaycan bütövlükdə, hər cəhətdən
dinamik inkişaf edən
ölkədir. Bu fonda
kimsə birdən-birə özünün
15-16 yaşında qızını ərə vermək fikrinə
düşsə... Belə insanlarla iş aparmaq
lazımdır. Əlbəttə, mentallıq nəzərə
alınmaqla.
Respublika.-
2018.-9 oktyabr.- S.4.