“Əl Əhram” qəzeti: “Aida İmanquliyeva ömrünü ərəb və Şərq
tədqiqatlarına həsr etmiş Azərbaycan
alimidir”
Misirin ən böyük mətbu orqanlarından olan “Əl Əhram” qəzetində və nüfuzlu “Asiya al Youm” internet nəşrində AZƏRTAC-ın xüsusi müxbiri Asya Hacızadənin görkəmli azərbaycanlı şərqşünas, Azərbaycan və dünya elminə, şərqşünaslığın inkişafına, ərəb mədəniyyəti, ədəbiyyatı və filologiyasının öyrənilməsinə və populyarlaşdırılmasına çox böyük töhfə vermiş Aida İmanquliyevanın həyat və fəaliyyətindən bəhs edən məqalələri dərc olunub.
AZƏRTAC xəbər verir ki, “Aida İmanquliyeva ömrünü ərəb və Şərq tədqiqatlarına həsr etmiş Azərbaycan alimidir” və “Şərqşünas Aida İmanquliyevanın ədəbi irsi Azərbaycanı ərəb dünyası ilə bağlayan körpüdür” sərlövhəli məqalələrdə filologiya elmləri doktoru, professor, pedaqoq Aida İmanquliyevanın ərəb fəlsəfi fikrinin dünya fəlsəfi fikrinə inteqrasiyasının təməlini qoymuş görkəmli şərqşünaslar pleyadasına daxil olmasından bəhs edilir.
Müəllif vurğulayır: “Ərəb ədəbiyyatının tədqiqatçısı, müqəddəs Qurani-Kərimin rus dilinə tərcüməçisi İ.Kraçkovski kimi nəhəng şərqşünaslarla, öz elmi axtarışları ilə dünyanı ərəb poeziyası və nəsri, ərəb filologiyası, müasir ərəb ədəbiyyatı və mədəniyyəti ilə tanış etmiş görkəmli alimlərlə yanaşı, Aida İmanquliyevanın elmi irsi XX əsr şərqşünaslığı tarixində xüsusi yer tutur”.
Məqalədə qeyd edilir ki, istedadlı alim, filologiya elmləri doktoru, professor və ictimai xadim Aida İmanquliyeva Azərbaycan tarixində ilk şərqşünas qadın, Azərbaycan şərqşünaslığında ərəb məhcər ədəbiyyatının ilk tədqiqatçısı, Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun direktoru vəzifəsində çalışmış ilk qadın olub. O, Azərbaycan şərqşünaslıq məktəbinin parlaq nümayəndəsi, elmi ictimaiyyətin nəzərində çox böyük nüfuz sahibi olan görkəmli elm xadimi kimi ərəb ədəbiyyatı və filologiyası tarixi sahəsində tədqiqatların aktual məsələlərinə həsr edilmiş elmi konfranslarda və simpoziumlarda Azərbaycanı təmsil edirdi.
Müəllif vurğulayır ki, yeni ərəb ədəbiyyatı və ərəb ölkələrində mədəni Renessansın tarixi üzrə nüfuzlu mütəxəssis olan Azərbaycan alimi hələ ötən əsrin 70-ci illərinin əvvəlində öz əsərlərində yeni ərəb romantizminin fəlsəfi inkişafı məsələlərini işıqlandırıb, müasir ərəb ədəbiyyatının ən mühüm cəhəti olan humanizmi açıqlayıb. Məqalədə deyilir: “O, ərəb məhcər ədəbiyyatının müxtəlif aspektlərini əsaslı şəkildə öyrənərək öz əsərlərində ənənəvi formalardan kənarlaşma meylini, poeziyada romantizm və nəsrdə tənqidi realizmin bərqərar olmasını, habelə Şərq və Qərb mədəniyyəti ənənələrinin sintezini elmi cəhətdən əsaslandırmağa çalışırdı. Bu, ərəb dünyasının müasir fəlsəfi fikrinin populyarlaşmasında böyük rol oynayıb”.
Oxucuların diqqətinə çatdırılır ki, Aida İmanquliyeva Şərq və Qərb ədəbiyyatlarının qarşılıqlı əlaqəsini və qarşılıqlı təsirini sistemli şəkildə tədqiq etmiş ilk Azərbaycan alimi olub. O, hər iki ədəbiyyata xas olan ümumbəşəri dəyərləri əsas götürürdü. O, çoxsaylı elmi əsərlərində mədəni əlaqələrin sintezini və yeni bədii üslubun formalaşmasını təhlil edib. Bu, təkcə ərəb ədəbiyyatının deyil, Şərq ədəbiyyatında bütün yeni meyillərin müvafiq istiqamətdən təhlil edilməsi üçün çox vacib zəmin yaradır.
Məqalədə yeni ərəb poeziyası və nəsri tarixində bütöv bir epoxa yaratmış gənc ərəb yazıçılarının yaradıcılığını tədqiq etmiş professor Aida İmanquliyevanın elmi maraq dairəsi ətraflı təsvir edilir. “Mixail Nuayme və Qələm Assosiasiyası”, “Cübran Xəlil Cübran”, “Yeni ərəb ədəbiyyatı korifeyləri” monoqrafiyaları, 70-dən çox elmi məqalə, o cümlədən “Ərəb filologiyası məsələləri”, “Şərq filologiyası məsələləri”, “Şərqin problemləri: tarix və müasirlik”, “Yeni ərəb ədəbiyyatının formalaşmasında qarşılıqlı ədəbi əlaqələrin rolu” və başqaları Aida İmanquliyevanın qələminin məhsullarıdır. O, həm də Şərq ədəbiyyatına dair bir sıra kitabların və məqalələrin elmi redaktoru olub, böyük maarifçilik və ictimai fəaliyyətlə məşğul olub, Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) şərqşünaslıq fakültəsində ərəb ədəbiyyatı və filologiyası fənnindən dərs deyib, fəal tərcüməçilik işi ilə məşğul olub. Onun rəhbərliyi ilə onlarca gənc alim elm aləminə qədəm qoyub.
Müəllif yazır: “Aida xanımın yüksək intellekti, təbii şuxluğu, bədii istedadı, məqsədyönlülüyü, prinsipiallığı, öz elmi baxışlarını müdafiə etmək qabiliyyəti, habelə ona xas olan mütləq mükəmməlik və nəcabət aurası onun nəhəng ərəbist alim kimi çox populyarlaşmasına şərait yaradırdı. İnsanlıq, peşəkarlıq və qadın gözəlliyi onun şəxsində ahəngdar şəkildə birləşirdi”.
Məqalədə qeyd edilir ki, Aida İmanquliyevanın dərin savadı, dünyagörüşü və baxışlarının genişliyi ona həm elmi mühitdə, həm də adi insanlar arasında böyük hörmət qazandırmışdı. Aida xanımın istər öz ölkəsində, istərsə də xarici ölkələrdə çoxsaylı həmkarları, dostları və şagirdləri onun lütfkarlığını, səmimiyyətini və xoşniyyətli olmasını qeyd edirlər. Müəllif yazır: “Aida İmanquliyeva elmə hədsiz sədaqət nümunəsi olmaqla yanaşı, həm də nəcabət nümunəsi idi, o, çətin şəraitə düşmüş insanlara həmişə kömək edirdi”.
Ərəb oxucularının diqqətinə çatdırılır ki, tanınmış kübar nəslin parlaq nümayəndəsi, pedaqoqlar, yazıçılar və jurnalistlər ailəsində tərbiyə almış Aida İmanquliyeva qadın hərəkatının tarixində xüsusi yer tutur. Məqalədə vurğulanır: “Aida xanımın hər iki qızı - Azərbaycanın birinci xanımı, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva və Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik Nərgiz Paşayeva onun ideyalarının davamçıları olublar. Onlar bu gün dünyanın mədəni və elmi mühiti ilə qarşılıqlı fəaliyyətə nail olmaq məqsədilə Azərbaycanın mədəni və elmi irsinin qorunub saxlanmasına köməyi davam etdirirlər”.
Məqalədə daha sonra qeyd edilir ki, əsası Aida İmanquliyeva tərəfindən qoyulmuş ərəb ədəbiyyatının tədqiqi məktəbi bu gün də inkişaf edir, onun Azərbaycan və dünya şərqşünaslığını zənginləşdirmiş fundamental tədqiqatları isə bu gün ərəbistikanın klassikasıdır. Məqalədə vurğulanır: “Aida İmanquliyeva haqlı olaraq nəinki Azərbaycanda, hətta onun hüdudlarından uzaqlarda da yeni ərəb ədəbiyyatının ən görkəmli tədqiqatçılarından biri kimi tanınır”.
Məqalənin sonunda qeyd edilir ki, bu azərbaycanlı alim özünün qısa ömrünü bütünlüklə Şərq mədəniyyətinin və ədəbiyyatının öyrənilməsinə həsr edib, keçmişin və müasir dövrün dərin fəlsəfi qatları arasında görünməz əlaqəni aşkar etməyə çalışıb. Aida xanımın intellektual irsi bu gün də Azərbaycanın ərəb ölkələri ilə yaxınlaşmasında, dövlətlərimiz arasında beynəlxalq münasibətlərin inkişafında mühüm rol oynayır. Şübhəsiz, o, həm alim kimi parlaq elmi nəticələrə nail olub, həm də öz xalqının qəlbində mükəmməllik rəmzi kimi həmişəlik qalıb.
AZƏRTAC
Respublika.-
2018.- 10 oktyabr.- S.6.