Əhməd Cavad poeziyası

 

Əhməd Cavadın poeziyamıza gəlişi iyirminci yüzilliyin ikinci onilliyinə təsadüf edir. Bu, elə bir dövr idi ki, ədəbi-ictimai mühitdə aparıcı qüvvə olan ziyalılar maarifin, mədəniyyətin yüksəlişi uğrunda çalışır, məktəblər açır, mətbuatı inkişaf etdirir, cəmiyyətdə ictimai-siyasi şüurun təkamülünə böyük əhəmiyyət verirdilər.

Əhməd Cavad Gəncədə Ruhani seminariyasında təhsil almışdı, müəllimləri Hüseyn Cavid, Abdulla Sur, İdris Axundzadə onun ədəbi-ictimai görüşlərinin formalaşmasında böyük rol oynamışdılar. Vətənin rus imperializminin əsarətində miskin vəziyyətə düşməsi artıq ilk şeirlərindən onun gələcək yaradıcılıq yolunun ideya-estetik məramnaməsini əks etdirirdi. Vətənin “issız ormanlarının” “ərlər obası” olduğu keçmiş günləri arzulayan şairindi günahımız çox böyükdürdeyir, “Qafqazlısan, sev Qafqazı” şeirində köləlik boyunduruğuna qarşı üsyan açırdı.

Dövrünün M.Ə.Sabir, C.Məmmədquluzadə, M.Hadi, H.Cavid kimi böyük simalarının milləti ayıltmaq, hərəkətə gəlmək çağırışlarına iyirmi yaşlı Əhməd Cavad da öz həyəcanlı haraylarını qatırdı.

Ay qardaşlar, başına! Bizbir görəlim!...

Yoxsa bizim mənliyimiz, varlığımız bitəcək!..

1912-ci ildə “Qafqaz könüllüləri” sırasında bir sıra türk şəhərlərində xeyriyyə işlərində iştirakı Əhməd Cavadda türkçülük, turançılıq amalının sabitləşməsinə təkan vermişdi. Həmin ildə Türkiyənin zirehli gəmisinin yunan hərbi gəmisini məhv etməsindən ilhamlanıb böyük məhəbbətlə yazdığı “Çırpınırdın Qara dəniz, baxıb türkün bayrağına” şeiri bu gün də Türkiyədə bir himn kimi sevə-sevə oxunmaqdadır.

Əhməd Cavad xalqın, vətənin həyatı ilə birgə nəfəs alan ilk realist lirik şairimizdir. Tarixi-siyasi hadisələrlə zəngin 1917-1920-ci illərdə baş verən taleyüklü hadisələr onun dünyasının ən təlatümlü duyğu və həyəcanları şəklində əsərlərində təcəssüm etmişdir. Rus burjuaproletar inqilablarından sonra Azərbaycanın milli istiqlalının tezliklə reallaşa biləcəyi faktı şairin yaradıcılığına böyük ruh yüksəkliyi, mübarizə əzmi gətirdi. İctimai hərəkatda yaxından iştirakı şeirlərində siyasi məzmunu gücləndirirdi. Bu illərdə yazdığı “Mən kiməm” şeiri onun yaradıcılıq məramnaməsini ifadə edirdi:

Mən çeynənən bir millətin,

Haqq bağıran səsiyəm.

Şair “yoxsulların elinə olan haqsız axın”dan qəzəblənir, hürriyyət duyğulu vicdanları “yenilməz qalaolmağa çağırırdı.

Əhməd Cavad ömrünün ən bəxtəvər dövrünü Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı günlərdə yaşamışdır. Bu münasibətlə yazdığı “Can Azərbaycan” şeirində milli azadlığa çatmış vətəni “Torpağına can demişəm”, “Suyuna mərcan demişəm”, “Canımı qurban demişəm” deyə böyük səmimiyyətlə tərənnüm edirdi. Bu şeir həm də poeziyamızda sonralar böyük bir dastana çevriləcək “Azərbaycan” sərlövhəli poetik silsilənin ilk nümunələrindən biridir.

İlk milli Azərbaycan dövlətinin himnini də Əhməd Cavad yazdı və həmin himn bu gün də müstəqil dövlətçiliyimizin əsas atributudur. İllərdən bəri igid oğulların öz canlarını fəda etdikləri bu el azadlığına gedən yolda bütün ağrı-acıları şair qəlbən yaşadığı üçündür ki, himnin hər misrasında “Səndən ötrü can verməyə cümlə hazırız”, “Sənə hər an can qurban” - deyə istiqlal şairinin böyük Vətən sevgisi dil açırdı.

1920-ci ildə aprel çevrilişindən sonra vətənin yenidən işğalı şairin şeirlərinə dərin bir kədər, bədbin ruh gətirdi. Bu dövrdə yazdığı: “Yoxsa” şeirində Əhməd Cavadın ictimai-siyasi dəyişikliklə bağlı duyğuları çox aydın ifadə olunurdu:

Göllərdəki ufaq dalğalar kibi,

Bən də böylə çapuk sönecekmiyim?

Yeni çıxmış ikən ömür yoluna,

Yoxsa yarı yoldan dönecekmiyim?

Qarşımda açılıb dərin bir boşluq,

Uzanmış qalacaq qollarım bəlkə,

Mən kimə söyləyim bu bitməz dərdi,

Bilməm ki, dinləyən, anlayan varmı?

1922-1924-cü illərdə yazılmış bu qismdənSən ağlama”, “Unudulmuş sevda”, “Madonna” kimi şeirlərdəki lirik ovqat uzun illər ədəbi tənqiddə, ədəbiyyat tarixi kitablarında xırda-burjua əhval-ruhiyyəsinin təzahürü kimi tənqid atəşinə tutulurdu. Nəhayət, 1990-cı ildə Azərbaycan tam müstəqilliyə çatandan sonra bu simvoliksevgişeirlərinin həqiqi mənasından bəhs oluna bildi. 70 il sonra nəhayət, demək mümkün oldu ki, bu şeirlər ən müqəddəs amalına - Vətənin müstəqilliyinə çathaçatda ikən yenidən buxovlanıb dərin birboşluğa yuvarlanmasıfaciəsini yaşayan şairin böyük kədərinin həqiqi mənasınakam məhəbbət”lə deyil, onun milli azadlıq duyğuları ilə bağlı idi. Həmin illərdə Əhməd Cavadın sevimli həyat yoldaşı Şükriyyə xanım, üç oğlu çox gözəl qızı Almazdan ibarət qibtəediləsi xoşbəxt bir ailəsi var idi. Lakin şairin könül təranələri:

Eşqimin imiş bilməm günahı,

Yıxıldı könlümün istinadgahı,

Nəsibim olsa da dünyanın ahı,

Bir gün göz yaşımı siləcəyəm mən.

- deyə fəryad edirdi. Bu bədbin motivli şeirlər böyük vətənpərvər şairin mənəvi bütövlüyünü, əqidəsinin sarsılmazlığını özündə yaşadırdı. Cümhuriyyətin zorən süqutu ilə şairin dünyasına hakim kəsilən sarsıntının, əzabın səbəbini dərk edəndən sonra onunGöy göl”, “Kür”, “Səsli qızəsərlərini obyektiv dəyərləndirmək olur. Göy gölşeirindəkiQəlbində yer verdin ulduza, Ayamisrasına görə bəhanə edib şairi 1924-1925-ci illərdə iki dəfə həbs etmişdilər. Səsli qızpoemasında keçmiş zamanlarda ölkəyə qonşu padşahın qəfil hücumundan qanlı qələbəsindən bəhs olunsa da, kiçik bir lövhə ilə zamanının faciəsinə işarə edirdi. Qəsbkarın əmri ilə istila günü ümumxalq bayramı kimi şadyanalıq edilməli, xalqın mənliyi tapdanmalı, heysiyyəti alçaldılmalı idi. Sovet dövrünün Oktyabr bayramı, 1 May bayramı təntənələrini yada salaq. Kürpoemasında isə şair Kürə adi bir təbiət lövhəsi kimi baxmır, onda candan artıq sevdiyi Vətəninin bir parçasını görürdü. Əsərin sonunda zahirən öz xeyri üçün Kürün istismarına qalxan insanın qələbə notlarından daha çox hazırda təcavüzə məruz qalmış bu vətən obyektinə qayğı, mərhəmət ovqatı səslənir. Böyük hüznlə, kədərlə KürəƏyil, Kürüm, əyil, keç, Dövran sənin deyil, keçdeyən şair özü əyilməzliyin simvolu oldu, amalı yolundan dönməyib, şəhidliyi uca tutdu.

Əhməd Cavadın 1937-ci ildə sovet dövləti tərəfindən həbs edilib, “xalq düşmənikimi öldürülməsinin bircə səbəbi var idi: o, xalqının azadlıq təşnəsi ilə yanan qeyrətli oğullarından olmuşdur. Dövran onun olmasa da əyilib keçmədi. Ölümü seçib Vətəninin qoynunda, xalqının qəlbində poeziyamızın İstiqlal şairi kimi ədəbi məskən saldı.

 

Safurə QULİYEVA,

Nizami Gəncəvi adına

Ədəbiyyat İnstitutunun

aparıcı elmi işçisi

 

Respublika.- 2018.-11 oktyabr.- S.6.