Azərbaycanın mədəniyyət naziri Mərakeşdə ISESKO Baş Konfransının 13-cü sessiyasında iştirak edir

 

Oktyabrın 11-də Mərakeş Krallığının Rabat şəhərində ISESKO Baş Konfransının 13-cü sessiyası öz işinə başlayıb. Sessiyada iştirak məqsədilə mədəniyyət naziri Əbülfəs Qarayev Mərakeşdə səfərdədir. Qeyd edək ki, ölkəmiz sessiyada təşkilatın 12-ci Baş Konfransının sədri qismində iştirak edir.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, iclasda Baş Konfransın prosedur qaydaları, 12-ci sessiyada müxtəlif məsələlərə dair qəbul edilmiş qərarların icrası, ISESKO-nun 2019-2021-ci illər üzrə üç illik fəaliyyət planı və büdcəsi, 2019-2027-ci illər üzrə orta müddətli strateji fəaliyyət planı və digər məsələlərin müzakirə edilməsi nəzərdə tutulur.

Nazir Əbülfəs Qarayev sessiyada çıxışı zamanı Azərbaycanla ISESKO arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirib, ölkəmizin mədəniyyət, təhsil və elm sahələrində uğurlarını, cari ildə "Bakı Prosesinin 10-cu ildönümünün qeyd olunduğunu və oktyabrın 25-26-da ölkəmizdə VI Bakı Beynəlxalq Humanitar Forumunun keçiriləcəyini qeyd edib. Nazir həmçinin ölkəmizin sədrliyi dövründə görülən işlər, keçirilən tədbirlər barədə məlumat verib. Azərbaycanın sədrliyi çərçivəsində ISESKO ilə TÜRKSOY arasında əməkdaşlıq sazişi imzalanıb.

Qeyd edək ki, Azərbaycan 2015-ci ilin noyabr ayından etibarən ISESKO Baş Konfransına sədrlik edircari ildə ölkəmizin sədrliyi başa çatır.

 

Respublika.- 2018.- 12 oktyabr.- S.6.